Məhkəmə qərarları › İş №8(078)-169/2023

Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qərardad — İş №8(078)-169/2023

13.12.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № 8(078)-169/2023 13.12.2023 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Mən, Naxçıvan Şəhər Məhkəməsinin hakimi Əliyeva Gülsüm Kamal qızı X1 borcun hissə-hissə ödənilməsi və ya möhlət verilməsi tələbinə dair ərizəsini nəzərdən keçirərək, müəyyən etdim: X3 ərizə ilə Naxçıvan Şəhər Məhkəməsinə müraciət edərək Naxçıvan Şəhər Məhkəməsinin 07 sentyabr 2023-cü il tarixli, 2(078)-918/2023 nömrəli qətnaməsinin 6 ay ərzində icra olunması və ya hissə-hissə icra olunması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Ərizəni və ona əlavə edilmiş sənədləri qanunvericiliyin tələbləri daxilində nəzərdən keçirən məhkəmə aşağıdakıları qeyd edir: Ərizənin giriş hissəsində X3 özünün prosessual statusunu qeyd etməmişdir. Eyni zamanda tələbkarın adı, yerləşdiyi ünvanı da ərizədə göstərilməmişdir. Bununla bağlı məhkəmə hesab edir ki, ərizədə borclunun və tələbkarın yuxarıda qeyd olunan məlumatlarının göstərilməməsi onların məhkəmə iclasında iştiraklarının təmin olunması və qanunvericiliklə müəyyən edilmiş hüquqlardan istifadə edilməsinin təmin olunmasına çətinlik yaradır. Həmçinin məhkəmə qeyd edir ki, borclu X3 tərəfindən məhkəməyə təqdim olunmuş ərizənin xahiş hissəsində ərizəçinin konkret tələbinin nədən ibarət olması, yəni borcun hansı miqdarda hissə-hissə ödənilməsi tələbini konkret ifadə etməmişdir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 1.1-ci maddəsinə əsasən, icra haqqında Azərbaycan Respublikasının qanunvericiliyi Azərbaycan Respublikası Konstitusiyasından, bu Qanundan, “İcra məmurları haqqında” Azərbaycan Respublikası Qanunundan, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsindən, habelə digər qanunvericilik aktlarından ibarətdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 13.4-cü maddəsinə əsasən mübahisə edilən hüquq münasibətlərini tənzimləyən hüquq norması olmadıqda, məhkəmə analoji münasibətləri tənzimləyən hüquq normalarına müraciət edir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 149.2 və 149.2.2-ci maddələrinə əsasən ərizədə iddiaçının, onun nümayəndəsinin (əgər iddia ərizəsini nümayəndə təqdim edirsə), cavabdehin və işdə iştirak edən digər şəxslərin, şahidin və məhkəmə iclasına dəvət etmək istədiyi digər şəxslərin soyadı, adı, atasının adı (hüquqi şəxsə münasibətdə adı), şəxsiyyəti eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, olduğu halda – iş yerinin ünvanı, telefon nömrələri, o cümlədən mobil telefon nömrələri, elektron poçt ünvanı, cavabdehin və işdə iştirak edən digər şəxslərin eyniləşdirmə məlumatları (şəxsiyyət vəsiqəsinin seriya nömrəsi və ya VÖEN, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, xarici hüquqi şəxslərin və ya onların nümayəndəsinin eyniləşdirmə məlumatları) göstərilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149.2 və 149.2.3-cü maddələrin tələbinə əsasən ərizədə iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb göstərilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 151.1-ci maddəsinə əsasən iddia ərizəsi Bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 152.1 və 152.1.1-ci maddələrinə müvafiq olaraq, iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Beləliklə, məhkəmə ərizəni araşdırıb hesab edir ki, X1 Naxçıvan Şəhər Məhkəməsinin 07 sentyabr 2023-cü il tarixli, 2(078)-918/2023 nömrəli qətnaməsi üzrə borcun hissə-hissə ödənilməsi və ya möhlət verilməsi tələbi barədə ərizəsi qanunvericiliyin tələblərinə əməl edilmədən verildiyi üçün geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 152.2, 152.3, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, q ə r a r a a l d ı m: X1 Naxçıvan Şəhər Məhkəməsinin 07 sentyabr 2023-cü il tarixli, 2(078)-918/2023 nömrəli qətnaməsi üzrə borcun hissə-hissə ödənilməsi və ya möhlət verilməsi tələbi barədə ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Qərardaddan o, tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Naxçıvan Şəhər Məhkəməsinə şikayət verilə bilər. Hakim: Gülsüm Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar