Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № 8(078)-176/2025 22.07.2025 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hаkim Heydarov Aslan Nazim оğlunun sədrliyi, X1 iclas kаtibliyi ilə, Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsinin icra məmuru X6 oğlunun iştirakı ilə, Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsinin icra məmuru X3 Naxçıvan Şəhər Məhkəməsinin e-2(078)-444/2025 saylı, xx.xx.2025-ci il tarixli icra sənədi üzrə borclunun məcburi qaydada gətirilməsinə dair təqdimatına açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ:
1. Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsinin icra məmuru X6 məhkəməyə təqdimatla müraciət edərək Naxçıvan Şəhər Məhkəməsinin e-2(078)-444/2025 saylı, xx.xx.2025-ci il tarixli icra sənədi üzrə Borclu məcburi qaydada gətirilməsini xahiş etmişdir.
2. Təqdimat onunla əsaslandırılmışdır ki, Naxçıvan Şəhər Məhkəməsinin e-2(078)- 444/2025-010 nömrəli, xx.xx.2025-ci-il tarixli icra sənədi üzrə Borclu 564.14 manat pul vəsait tutularaq tələbkar "xxxx" MMC-nin xeyrinə ödənilməlidir. İcra sənədi xx.xx.2025-ci il tarixdə icraatına daxil olduqdan sonra icraata başlamaq haqqında qərar qəbul edilmiş və qanunla müəyyən edilmiş 10 gün müddətində icra sənədi üzrə tələbin könüllü icra edilməsi üçün müvafiq qaydada qərarın surəti bildirişlə bərabər Borclu icra sənədində göstərilən qeydiyyat ünvanına göndərilmişdir. Borclu icraata başlamaq haqqında qərarın surətini və bildirişi qəbul etmiş, lakin tələbi bu günədək təmin etməmiş və edilən xəbərdarlıqlara baxmayaraq icra şöbəsinə gəlməkdən boyun qaçırmışdır.
3. Məhkəmə iclasının vaxtı və yeri barədə Borclu və Tələbkar MMC-nə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər. Məhkəmə işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etdi.
4. Məhkəmə iclasında iştirak edən Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsinin icra məmuru X6 oğlu təqdimatı müdafiə etdiyini bildirərək, izahatında göstərdi ki, iş 16 aprel 2025-ci ildə daxil olmuş və onun icraatına verilmişdir. Şəxsə tələbin könüllü icrası barədə bildiriş göndərilmişdir. Bildirmişdir ki, 23 aprel tarixində şəxs şöbəyə dəvət olunmasına baxmayaraq gəlməmişdir. Könüllü olaraq ödəniş də etməmişdir. Əlavə olaraq, xəbərdarlıq olunduğunu da bildirdi. Təkrar şöbəyə də dəvət olunmuşdur. Daha sonra məcburi gətirilməsi barədə qərar qəbul olunmuşdur. Bununla bağlı təqdimat tərtib olunmuşdur.
5. Məhkəmə təqdimatı ona əlavə edilmiş materialları və icra işini araşdıraraq hesab edir ki, təqdimat təmin edilməlidir.
6. Belə ki, Azərbaycan Respublikasının Konstitusiyasının 129-cu maddəsinin, İ bəndinə əsasən, məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir.
7. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM) 15.2-ci maddəsinə əsasən, məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır.
8. “İcra haqqında” Qanunun 3.1-ci maddəsinə görə, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir.
9. “İcra haqqında” Qanunun 12.1-ci maddəsinə görə, bu Qanunun 8.2-ci maddəsinin üçüncü bəndində nəzərdə tutulmuş hal istisna olmaqla, icra məmuru icra sənədini aldığı gündən iki ay müddətində bütün zəruri icra hərəkətlərini həyata keçirməlidir.
10. Həmin Qanunun 12.3-cü maddəsinə əsasən, Azərbaycan Respublikasının qanunvericiliyi ilə və ya icra sənədi ilə icrası dərhal nəzərdə tutulmuş tələblər təxirəsalınmadan icra olunur.
11. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi də özünün bir çox qərarlarında məhkəmənin yekun qərarlarının icrasının ədalətli məhkəmə araşdırması hüququnun ayrılmaz tərkib hissəsi olduğunu və Konvensiyanın 6-cı maddəsi ilə təminat altına alındığını vurğulamışdır. "Cəfərov Azərbaycana qarşı" iş üzrə 11 fevral 2010-cu il tarixli və "Cəfərli və digərləri Azərbaycana qarşı" 29 iyul 2010-cu il tarixli qərarlarında Avropa Məhkəməsi göstərmişdir ki, Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi hər kəsin hüquq və vəzifələrinə aid iddiasının məhkəmə və ya tribunal qarşısına çıxarılması hüququnu təmin edir; bu mənada, o, «məhkəmə hüququnu» ehtiva edir ki, mülki məsələlərdə icraatı başlamaq hüququ olan məhkəməyə müraciət etmək hüququ onun bir aspektidir. Lakin Razılığa gələn Yüksək Tərəflərin daxili hüquq sistemləri yekun məcburi məhkəmə qərarının bir tərəfin zərərinə hərəkətsiz qalmasını mümkün edərsə, bu hüquq xəyali olar. Bu ağlasığmaz olar, əgər Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi tərəflərə verilən prosessual təminatları təfsilatı ilə izah etsin - ədalətli, açıq və sürətli məhkəməaraşdırmaları - lakin məhkəmə qərarlarının icrası qorunmasın; Konvensiyanın 6cı maddəsini yalnız məhkəməyə müraciət etmək və araşdırmaların nəticələnməsi hüququnu verən kimi şərh etmək, Razılığa gələn X2 ratifikasiya edərkən üzərlərinə götürdükləri qanunun aliliyi prinsipi ilə zidd olan vəziyyətlərə gətirib çıxarmaqkimi olar. Buna görə, Konvensiyanın 6-cı maddəsinin məqsədləri üçün məhkəmə qərarının icra olunması «araşdırmanın» ayrılmaz hissəsi kimi qiymətləndirilməlidir (bax, Hornsbi Yunanıstana qarşı, 19 aprel 1997-ci il, § 40, Qərar və Qərardadların Hesabatı, 1997-11).
12. Beləliklə, qanunvericiliyin sadalanmış müddəalarının mənasına və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedent hüququna görə qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının icrası məhkəmə müdafiəsi hüququnun ayrılmaz tərkib hissəsidir. Məhkəmə tərəfindən çıxarılmış yekun və məcburi qərarın icra olunmaması pozulmuş hüquqların səmərəli şəkildə bərpa olunmasına xidmət etməli olan ədalət mühakiməsinin mahiyyətinə xələl gətirmiş olur. Nəzərə almaq lazımdır ki, qanunverici qüvvəyə minmiş məhkəmə aktlarının icrası müddətlərini və bununla bağlı edilməli hərəkətlərin ardıcıllığını, icra etməməyə görə məsuliyyət məsələsini, eləcə də icra sənədinin icrasının mümkün olmaması zamanı qəbul edilməli qərarlarla bağlı məsələləri hərtərəfli tənzimləyir. Bu mənada, icra tədbirləri təsirli və qanunvericilikdəki ardıcıllığa uyğun olmalıdır. Hər bir halda, qətnamə xeyrinə çıxarılmış tərəf onun icrası ilə bağlı ağlabatan müddətləri keçəcək həddə qeyri-müəyyən vəziyyətdə saxlanılmamalıdır. Belə hallar ümumən ədalət mühakiməsinə inamı sarsıda bilər.
13. "İcra haqqında" Qanunun 84.2-ci maddəsinə görə, icra məmurunun çağırışı ilə gəlməkdən və ya icra hərəkətlərinin həyata keçirildiyi yerə gəlməkdən üzrsüz səbəbdən yayınan şəxslər barəsində məhkəmənin qərarı əsasında məcburi gətirilmə tədbiri tətbiq olunur.
14. Həmin Qanunun 84.3-cü maddəsinə görə, bu Qanunun 84.2-ci maddəsində nəzərdə tutulmuş hallarda icra məmuru müvafiq qərar qəbul edir. Həmin qərar icra qurumunun rəhbəri tərəfindən yoxlanılaraq təsdiq olunur. Tərəflər həmin qərarın surətini aldıqdan sonra 10 gün müddətində müvafiq məhkəməyə şikayət verə bilərlər.
15. Məhkəmə qeyd edir ki, “İcra haqqında” qanun, borclunun məcburi gətirilməsi icra sənədinin onun tərəfindən üzrsüz səbəbdən könüllü icra üçün müəyyənləşdirilmiş vaxt ərzində icra edilməməsi ilə şərtləndirmişdir, bu isə о deməkdir ki, icra sənədi haqqında borclunun məlumatı olmalı, ona könüllü icra üçün vaxt verilməli və bu müddət ərzində o, heç bir üzrlü səbəb göstərmədən icranı həyata keçirməməli, həmçinin, icra məmurunun çağırışı ilə gəlməkdən və ya icra hərəkətlərinin həyata keçirildiyi yerə gəlməkdən üzrsüz səbəbdən yayınmamlıdır.
16. Məhkəmə həmçinin qeyd edir ki, məhkəməyə təqdim edilmiş sənədlərdən və icra işinin materiallarından görünür ki, Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsinin icra məmuru X6 tərəfindən xx.xx.2025-ci il tarixində boclunun məcburi gətirilməsi barədə qərar qəbul edilmiş, həmin qərar barədə Borclu məlumat verilmişdir. Lakin, borclu bundan sonra da icra məmurunun çağırışlarına hər hansı üzürlü səbəb olmadan gəlməmişdir.
17. Beləliklə məhkəmə hesab edir ki, məhkəmənin qərarı əsasında məcburi gətirilmə tədbiri «İcra haqqında» Azərbaycan Respublikasının Qanununun tələbləri baxımından icra məmurunun çağırışı ilə gəlməkdən və ya icra hərəkətlərinin həyata keçirildiyi yerə gəlməkdən üzrsüz səbəbdən yayınan şəxslər barəsində tətbiq olunduğundan, Borclu məcburi gətirilməsi üçün əsaslar mövcuddur və bu barədə Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsinin icra sənədi üzrə borclunun məcburi gətirilməsinə dair təqdimatı təmin edilməlidir.
18. Göstərilənlərə əsasən və MPM-nin 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏRARAALDİ: Təqdimat təmin edilsin. ünvan 1 ünvanında yaşayan Həsənov X5 Şəhər İcra və Probasiya Şöbəsinə məcburi qaydada gətirilsin. Qərardadın icrası Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Naxçıvan MR Daxili İşlər Nazirliyinin Naxçıvan Şəhər Polis İdarəsinə həvalə olunsun. Qərardaddan, rəsmi qaydada verildiyi (və ya alındığı) gündən 10 gün müddətinə Naxçıvan Şəhər Məhkəməsinə şikayət verilə bilər.
Hаkim: Aslan Heydarov