Məhkəmə qərarları › İş №8(078)-178/2024

Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qərardad — İş №8(078)-178/2024

06.11.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № 8(078)-178/2024 06.11.2024 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Səfərəliyeva Gülnar Xanlar qızının sədrliyi, Bağırova Nigar Ənvər qızının katibliyi, X1 və X2 iştirakı ilə, Naxçıvan Şəhər Məhkəməsinin binasında Naxçıvan Şəhər Məhkəməsinin 23 iyul 2024-cü il tarixli 2(078)-94/2024 nömrəli qətnaməsinin hissə-hissə ödənilməsinə dair X4 tərəfindən verilmiş ərizəyə açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: X4 ərizə ilə müraciət edərək Naxçıvan Şəhər Məhkəməsinin 23 iyul 2024-cü il tarixli 2(078)-94/2024 nömrəli qətnaməsinin hissə-hissə ödənilməsi barədə qərardad çıxarılmasını xahiş etmişdir. X4 ərizəsində bildirmişdir ki, Naxçıvan şəhər Məhkəməsinin 23 iyul 2024-cü il tarixli, 2(078)-94/2024 nömrəli qətnaməsi üzrə iddiaçı X6 ona qarşı zəbt olunmuş torpaq sahəsinə görə kompensasiya ödənilməsi tələbinə dair iddia qismən təmin edilmiş və ondan 13450 (on üç min dörd yüz əlli) manat alınaraq iddiaçı X8 ödənilməsi qət edilmişdir. Heç bir yerdə işləmir, öhdəliyində yetkinlik yaşına çatmayan qız övladı var və yeganə gəliri ailə başçısını itirməyə görə aldığı 120 (bir yüz iyirmi) manat miqdarında müavinətdir. Övladının maddi tələbatını belə ödəməkdə çətinlik çəkir. Hazırda işsiz olduğu üçün maddi vəziyyəti çox çətindir. Onun yalnız hər ay 100 (bir yüz) manat ödəməyə imkanı çatar. İşlə bağlı müvafiq qurumlara müraciət etedib. İşə başlayan kimi borcunu tamamilə bağlayacaq. Ona görə də məhkəmədən xahiş edir ki, 13450 (on üç min dörd yüz əlli) manat borcun hissə-hissə hər ay davamlı olaraq 100 (bir yüz) manat və işlədiyi halda isə tamamilə bağlamaq şərti ilə hissə-hissə icra olunması barədə qərar qəbul edilsin. X4 məhkəmə baxışı iclasında ərizəni müdafiə edərək bildirmişdir ki, əmlak vəziyyəti ağırdır. Xalça dükanında satıcı işləyir. Yarım aklad üçün 172 manat əmək haqqı və yeganə gəliri ailə başçısını itirməyə görə aldığı 120 (bir yüz iyirmi) manat miqdarında müavinət alır. Tələbkar borcun hissə-hissə ödənilməsini qəbul etmir. Ərizəni müdafiə edir və təmin olunması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. X3 məhkəmə baxışı iclasında ərizəni rədd edərək bildirmişdir ki, o borcun hissəhissə hissə ödənilməsinin qəti əleyhinədir. Borc 13450 manatdır və əgər bu borc Ə.Quliyevanın istədiyi kimi ayda 100 manat olmaqla ödənilsə bu borcun bağlanmasına ömür yetməz. Məhkəmə iş materiallarını və ərizənin dəlillərini araşdıraraq hesab edir ki, ərizə təmin edilməməlidir. İş materiallarından müəyyən edilir ki, Naxçıvan Şəhər Məhkəməsinin 23 iyul 2024cü il tarixli, 2(078)-94/2024 nömrəli qətnaməsi ilə iddiaçı X6 cavabdehlər X9, X10 və X11 qarşı zəbt olunmuş torpaq sahəsinə görə kompensasiya ödənilməsi tələbinə dair iddiası qismən təmin edilərək cavabdeh X5 13450 (on üç min dörd yüz əlli) manat alınaraq iddiaçı X8 verilməsi, iddia tələbinin qalan hissədə və cavabdehlər X9 və X11 münasibətdə rədd edilməsi, iddiaçı X13 tərəfindən "xxxx" ASC-nin Naxçıvan filialına xx.xx.2023-cü il tarixli 14919 nömrəli qəbzlə ödənilmiş 165 (bir yüz altmış beş) manat dövlət rüsumunun 88.80 (səksən səkkiz manat səksən qəpik) manat hissəsi cavabdeh X5 alınaraq iddiaçıya qaytarılması qət edilmişdir. Məhkəmə aşağıda qeyd olunanlara əsasən borcun hissə-hissə ödənilməsi barədə ərizəni təmin edilməməsi qənaətinə gəlir və gəldiyi nəticəni aşağıdakılarla əsaslandırır. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinə əsasən məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Qanunvericilik, məhkəmə icraatı tərəflərinin hüquqlarını və qanuni maraqlarını nəzərə alaraq məhkəmə aktlarının icrasının hissə-hissə həyata keçirilməsi, həmçinin onların icrasına möhlət verilməsi institutlarını nəzərdə tutmuşdur. “İcra haqqında” Azərbaycan Respublikası Qanunun 15-ci maddəsinə əsasən tərəflər icra sənədinin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icrası, yaxud icra sənədinin icrası üsulunun və qaydasının dəyişdirilməsi haqqında işə baxmış məhkəməyə müraciət edə bilərlər. Borclunun əmlak vəziyyətini və digər hallarını nəzərə alaraq məhkəmə həmin müraciətlərə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231-ci maddəsi ilə müəyyən edilmiş qaydada baxır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.1-ci maddəsinə əsasən işə baxmış hakim, işdə iştirak edən şəxslərin ərizəsi üzrə tərəflərin əmlak vəziyyətinə və digər hallara əsasən qətnamənin icrasına möhlət verməyə və ya qətnaməni hissə-hissə icra etdirməyə, habelə onun icra üsulunu və qaydasını dəyişdirməyə haqlıdır. Göründüyü kimi, qanunvericilik işdə iştirak edən şəxslərin ərizəsi əsasında qətnamənin hissə-hissə icra olunmasının mümkünlüyünü müəyyən etməklə yanaşı bunu ilk növbədə tərəflərin əmlak vəziyyətindən, eləcə də işin digər diqqətə layiq hallarından asılı etmişdir. Məhkəmə ilk növbədə borclunun əmlak vəziyyətinin ağırlığını nəzərə almalı, bu zaman həm də tələbkarın əmlak mənafelərini də nəzərdən qaçırmamalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun «Məhkəmə qətnaməsi haqqında» 04 noyabr 2005-ci il tarixli 4 saylı qərarının 12-ci bəndinə əsasən qətnamənin icrasına möhlət verilməsi, və ya onun hissə-hissə icra edilməsi, qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsi müstəsna hal olub, qətnamənin icrası üçün çətinlik törədən və yaxud borclu üçün yaranmış əlverişsiz hallarda tətbiq oluna bilər. Məhkəmələr bu məsələləri həll etdikdə təkcə borclunun deyil, tələbkarın mənafeyini də nəzərə almalıdırlar. "Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı "İnsan hüquqlannın və əsas azadlıqların müdafıəsi haqqında" Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 30 mart 2006-cı il tarixli qərarının 6-cı bəndində deyilir ki, mülki işlər üzrə məhkəmə baxışı müddəti iddia ərizəsinin məhkəməyə daxil olduğu vaxtdan başlayır və məhkəmə qərarının icrasının başa çatmasına kimi davam edir. Hər bir iş üzrə “ağlabatan müddət” konkret işin xarakterindən, mürəkkəbliyindən, ərizəçinin proseslə bağlı davranışından asılı olaraq müəyyənləşdirilməlidir. Konvensiyanın 6-cı maddəsinə əsasən məhkəmə qətnaməsinin icrası müddəti məhkəmə baxışının tərkib hissəsi kimi qiymətləndirilir. Məhkəmələr məhkəmə aktlarının icrasına möhlət verilməsi, icranın dayandırılması, icra üsulunun dəyişdirilməsi, həmçinin məhkəmə icraçılarının hərəkətlərindən verilən şikayətlərlə əlaqədar məsələlərə baxarkən Konvensiyanın məhkəmə qətnamələrinin ağlabatan müddətdə icra olunması tələbini nəzərə almalıdırlar. Qeyd edilməlidir ki, Avropa İnsan Hüquqları Məhkəməsi özünün bir çox qərarlarında məhkəmə aktlarının vaxtında icra edilməməsini ədalətli məhkəmə araşdırmasının həyata keçirilməsinin təmin edilməməsi kimi qiymətləndirmişdir. Məhkəmə nəzərə alır ki, borclu qətnamənin hissə-hissə icrasına dair ərizə ilə müraciət edərkən bunun səbəbi kimi maddi vəziyyətinin ağır olduğunu göstərmiş, lakin məhkəmə qərarı icra olunduğu gündən bu günə qədər heç bir icra ödənişi həyata keçirilməmişdir. Ümumi ödənilməli olan pul məbləği çox miqdardadır və həmin məbləğin hər ay 100 manat olaraq ödənilməsi uzun illəri əhatə edir ki, tələbkarın yaşı nəzərə alındıqda bu hal onun mənafeyinə açıq-aşkar ziddir. Məhkəmə həmçinin qeyd edir ki, tərəflərin əmlak vəziyyəti ilə bağlı olmayan hallarla əlaqədar qətnamənin hissə-hissə icra olunmasını təmin etmək həm də o zaman mümkündür ki, borclu ilə bağlı yaranmış və qətnamənin icrasını mümkünsüz edən ciddi əlverişsiz halların mövcudluğu mötəbər sübutlarla təsdiq olunsun. Bu mənada nəzərə alınmalıdır ki, borclu məhkəməyə qətnamənin icrasını mümkünsüz edən əlverişsiz hallar hazırki vəziyyətdə mövcud deyildir. Beləliklə, qeyd edilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, X2 qətnamənin hissə-hissə ödənilməsi barədə ərizəsi təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231, 267-269-cü maddələrini rəhbər tutaraq məhkəmə q ə r a r a a l d ı: X2 Naxçıvan Şəhər Məhkəməsinin 23 iyul 2024-cü il tarixli 2(078)-94/2024 nömrəli qətnaməsinin hissə-hissə ödənilməsi barədə ərizəsi təmin edilməsin. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində qərardadı qəbul edən məhkəməyə şikayət verilə bilər. Sədrlik edən: Gülnar Səfərəliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar