Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № 8(078)-186/2024 18.11.2024 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Səfərəliyeva Gülnar Xanlar qızının sədrliyi, Bağırova Nigar Ənvər qızının katibliyi, X1 nümayəndəsi X2 iştirakı ilə, Naxçıvan Şəhər Məhkəməsinin binasında Naxçıvan Şəhər Məhkəməsinin 05 sentyabr 2024-cü il tarixli e-2(078)-1140/2024 nömrəli qətnaməsinin hissə-hissə ödənilməsinə dair X1 nümayəndəsi X3 tərəfindən verilmiş ərizəyə açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: X1 nümayəndəsi X3 ərizə ilə müraciət edərək Naxçıvan Şəhər Məhkəməsinin 05 sentyabr 2024-cü il tarixli e-2(078)-1140/2024 nömrəli qətnaməsinin hissə-hissə olmaqla hər ay 150 manat ödənilməsi barədə qərardad çıxarılmasını xahiş etmişdir. X1 nümayəndəsi X3 ərizəsində bildirmişdir ki, Naxçıvan Şəhər Məhkəməsinin 05 sentyabr 2024-cü il tarixli, 2(078)-1140/2024 nömrəli qətnaməsi üzrə oğlu cavabdeh X4 UNİBANK KB Açıq Səhmdar Cəmiyyətinin xeyrinə 6276.10 əsas borc 886.68 manat faiz 117.98 manat cərimə 0 manat komisyon haqqı borcu olmaqla cəmi 7280.76 manat borcun və dövlət rüsumu olaraq ödənilmiş 92.81 manat məbləğində vəsaitin tutulması qət edilmişdir. Oğlunun qeyd olunan borcu hazırda tam şəkildə ödəmək imkanı yoxdur. Yalnız onun köməkliyi ilə hər ay 150 (bir yüz əlli) manat ödəməyə imkanı çatar. Həmçinin oğlu iki uşağın saxlanması üçün 240 manat aliment ödəyir. Maddi vəziyyəti düzələnə kimi vaxt verilməsini xahiş edir. Çalışacaqlar ki, növbəti ödənişləri artıqlaması ilə ödəsinlər. Buna görə də 7280.76 manat borcun hissə-hissə hər ay davamlı olaraq 150 (bir yüz əlli) manat ödəməklə icra olunması barədə qərar qəbul edilməsini xahiş edir. Məhkəmə iclaslarının vaxtı və yeri barədə borclu X7 rəsmi qaydada məlumat verilməsinə baxmayaraq gəlməmiş, məhkəmədə nümayəndə vasitəsilə təmsil olunmuşdur. Bunu nəzərə alan məhkəmə işə borclu X6 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. X1 nümayəndəsi X3 məhkəmə baxışı iclasında ərizəni müdafiə edərək bildirmişdir ki, oğlunun maddi vəziyyəti ağırdır və aldığı 445 manat əmək haqqının 240 manatını aliment olaraq ödəyir. Pulun hissə-hissə hər ay 150 manat olmaqla ödənilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş tələbkar məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.2-ci maddəsinə əsasən işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş bu maddədə qeyd olunan şəxslərin gəlməməsi məhkəmə qarşısında qoyulmuş məsələnin həll edilməsinə mane olmur. Məhkəmə işə tələbkar təşkilatın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir Məhkəmə iş materiallarını və ərizənin dəlillərini araşdıraraq hesab edir ki, ərizə təmin edilməməlidir. İş materiallarından müəyyən edilir ki, Naxçıvan Şəhər Məhkəməsinin 05 sentyabr 2024-cü il tarixli e-2(078)-1140/2024 nömrəli qətnaməsi ilə iddiaçı "xxxx" KB Açıq Səhmdar Cəmiyyətinin cavabdeh X8 qarşı borc tələbinə tələbi barədə iddiası təmin olunaraq cavabdeh X4 6276.10 (altı min iki yüz yetmiş altı manat on qəpik) manat əsas, 886.68 (səkkiz yüz səksən altı manat altmış səkkiz qəpik) manat faiz və 117.98 (yüz on yeddi manat doxsan səkkiz qəpik) manat cərimə borcu olmaqla, cəmi 7280.76 (yeddi min iki yüz səksən manat yetmiş altı qəpik) manat məbləğində pul tutularaq iddiaçı "xxxx" KB ASC-nin xeyrinə ödənilməsi, iddiaçı "xxxx" KB ASC tərəfindən 16 iyul 2024-cü il tarixli, ********** nömrəli qəbzlə ödənilmiş 92.81 (doxsan iki manat səksən bir qəpik) manat dövlət rüsumunun cavabdeh X4 alınaraq iddiaçı təşkilata qaytarılması qət edilmişdir. Qətnamədən qanunvericilikdə nəzərdə tutulmuş müddət ərzində şikayət verilmədiyindən qətnamə 14 oktyabr 2024-cü il tarixdə qanuni qüvvəsini almış və icra vərəqəsi həmin tarixdə icra olunması üçün Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsinə göndərilmişdir. Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsinin xx.xx.2024-cü il tarixli icraata başlamaq haqqında qərarının surətindən məlum olur ki, həmin qərarla iş üzrə icraat başlanmışdır. Məhkəmə aşağıda qeyd olunanlara əsasən borcun hissə-hissə ödənilməsi barədə ərizəni təmin edilməməsi qənaətinə gəlir və gəldiyi nəticəni aşağıdakılarla əsaslandırır. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinə əsasən məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Qanunvericilik, məhkəmə icraatı tərəflərinin hüquqlarını və qanuni maraqlarını nəzərə alaraq məhkəmə aktlarının icrasının hissə-hissə həyata keçirilməsi, həmçinin onların icrasına möhlət verilməsi institutlarını nəzərdə tutmuşdur. “İcra haqqında” Azərbaycan Respublikası Qanunun 15-ci maddəsinə əsasən tərəflər icra sənədinin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icrası, yaxud icra sənədinin icrası üsulunun və qaydasının dəyişdirilməsi haqqında işə baxmış məhkəməyə müraciət edə bilərlər. Borclunun əmlak vəziyyətini və digər hallarını nəzərə alaraq məhkəmə həmin müraciətlərə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231-ci maddəsi ilə müəyyən edilmiş qaydada baxır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.1-ci maddəsinə əsasən işə baxmış hakim, işdə iştirak edən şəxslərin ərizəsi üzrə tərəflərin əmlak vəziyyətinə və digər hallara əsasən qətnamənin icrasına möhlət verməyə və ya qətnaməni hissə-hissə icra etdirməyə, habelə onun icra üsulunu və qaydasını dəyişdirməyə haqlıdır. Göründüyü kimi, qanunvericilik işdə iştirak edən şəxslərin ərizəsi əsasında qətnamənin hissə-hissə icra olunmasının mümkünlüyünü müəyyən etməklə yanaşı bunu ilk növbədə tərəflərin əmlak vəziyyətindən, eləcə də işin digər diqqətə layiq hallarından asılı etmişdir. Məhkəmə ilk növbədə borclunun əmlak vəziyyətinin ağırlığını nəzərə almalı, bu zaman həm də tələbkarın əmlak mənafelərini də nəzərdən qaçırmamalıdır. Elektron portaldan alınmış məlumatda qeyd olunmuşdur ki, borclu X9 ********** VÖEN-lə "xxxx" MMC-də ixtisassız fəhlə, detalların yüklənməsi və boşaldılması vəzifəsində işləyir və 445 manat əmək haqqı alır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun «Məhkəmə qətnaməsi haqqında» 04 noyabr 2005-ci il tarixli 4 saylı qərarının 12-ci bəndinə əsasən qətnamənin icrasına möhlət verilməsi, və ya onun hissə-hissə icra edilməsi, qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsi müstəsna hal olub, qətnamənin icrası üçün çətinlik törədən və yaxud borclu üçün yaranmış əlverişsiz hallarda tətbiq oluna bilər. Məhkəmələr bu məsələləri həll etdikdə təkcə borclunun deyil, tələbkarın mənafeyini də nəzərə almalıdırlar. "Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı "İnsan hüquqlannın və əsas azadlıqların müdafıəsi haqqında" Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 30 mart 2006-cı il tarixli qərarının 6-cı bəndində deyilir ki, mülki işlər üzrə məhkəmə baxışı müddəti iddia ərizəsinin məhkəməyə daxil olduğu vaxtdan başlayır və məhkəmə qərarının icrasının başa çatmasına kimi davam edir. Hər bir iş üzrə “ağlabatan müddət” konkret işin xarakterindən, mürəkkəbliyindən, ərizəçinin proseslə bağlı davranışından asılı olaraq müəyyənləşdirilməlidir. Konvensiyanın 6-cı maddəsinə əsasən məhkəmə qətnaməsinin icrası müddəti məhkəmə baxışının tərkib hissəsi kimi qiymətləndirilir. Məhkəmələr məhkəmə aktlarının icrasına möhlət verilməsi, icranın dayandırılması, icra üsulunun dəyişdirilməsi, həmçinin məhkəmə icraçılarının hərəkətlərindən verilən şikayətlərlə əlaqədar məsələlərə baxarkən Konvensiyanın məhkəmə qətnamələrinin ağlabatan müddətdə icra olunması tələbini nəzərə almalıdırlar. Qeyd edilməlidir ki, Avropa İnsan Hüquqları Məhkəməsi özünün bir çox qərarlarında məhkəmə aktlarının vaxtında icra edilməməsini ədalətli məhkəmə araşdırmasının həyata keçirilməsinin təmin edilməməsi kimi qiymətləndirmişdir. Məhkəmə nəzərə alır ki, borclu qətnamənin hissə-hissə icrasına dair ərizə ilə müraciət edərkən bunun səbəbi kimi maddi vəziyyətinin ağır olduğunu göstərmiş, lakin Elektron portaldan alınmış məlumatdan göründüyü kimi borclu X9 ********** VÖEN-lə "xxxx" MMC-də ixtisassız fəhlə, detalların yüklənməsi və boşaldılması vəzifəsində işləyir və 445 manat əmək haqqı alır. İcra hərəkətlərindən biri icra sənədinin borclunun əmək haqqısına yönəldilməsidir və bu halda əmək haqqının 50% çox olmamaqla tutulma tətbiq edilə bilər. Bu hal özündə qətnamənin hissə-hissə icrasını ehtiva etdiyindən əlavə olaraq qətnamənin hissə-hissə icra edilməsi barədə qərar qəbul edilməsini qanunauyğun hesab edilmir. Beləliklə, qeyd edilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, X1 nümayəndəsi X2 qətnamənin hissə-hissə ödənilməsi barədə ərizəsi təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231, 267-269-cü maddələrini rəhbər tutaraq məhkəmə q ə r a r a a l d ı: X1 nümayəndəsi X2 Naxçıvan Şəhər Məhkəməsinin 05 sentyabr 2024-cü il tarixli e- 2(078)-1140/2024 nömrəli qətnaməsinin hissə-hissə ödənilməsi barədə ərizəsi təmin edilməsin. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində qərardadı qəbul edən məhkəməyə şikayət verilə bilər. Sədrlik edən: Gülnar Səfərəliyeva
Məhkəmə qərarları › İş №8(078)-186/2024
Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qərardad — İş №8(078)-186/2024
18.11.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver