Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № 8(078)-188/2025 18.08.2025 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hаkim Heydarov Aslan Nazim оğlunun sədrliyi, X1 iclas kаtibliyi ilə, Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsinin icra məmuru X9 Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə təqdimatına məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ :
1. Naxçıvan Şəhər Məhkəməsinin 2(078)-196/2020 saylı, xx.xx.2020-ci il tarixli icra vərəqəsinə əsasən Borclu xx.xx.2020-ci il tarixdən başlayaraq xx.xx.2007-ci il təvəllüdlü X7 və xx.xx.2008-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün hər ay əmək haqqının 1/3 hissəsi miqdarında aliment tutularaq tələbkar X3 ödənilməsi qərara alınmışdır.
2. Qeyd olunan icra sənədi icraya yönəldilmişdir. xx.xx.2025-ci il tarixdə Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsinin icra məmuru təqdimatla məhkəməyə müraciət edərək, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 84-1-ci maddəsini rəhbər tutaraq, Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasını xahiş etmişdir.
3. Təqdimat onunla əsaslandırılmışdır ki, Naxçıvan Şəhər Məhkəməsinin 2(078)- 196/2020 saylı, xx.xx.2020-ci il tarixli icra vərəqəsinə əsasən Borclu 23 yanvar 2020-ci il tarixdən başlayaraq 08 aprel 2007-ci il təvəllüdlü X5 və 05 dekabr 2008-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması tələbkar üçün hər ay əmək haqqının 1/3 hissəsi miqdarında aliment tutularaq X2 xeyrinə ödənilməlidir.
4. Yuxarıda qeyd olunan icra sənədi xx.xx.2020-ci il tarixdə Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsinə daxil olmuş, qanunamüvafiq qaydada icraya yönəldilmiş, icraata başlamaq haqqında qərar qəbul edilərək, qərarın surəti bildirişlə icra sənədi üzrə Borclu göndərilmiş, ona icra sənədində olan tələbi könüllü olaraq təmin edilməsi üçün dərhal icranı könüllü olaraq təmin edilməsi bildirilmişdir. Lakin bu müddət ərzində Borclu tərəfindən icra sənədində olan tələb könüllü təmin edilmədiyi üçün tərəflərindən borclunun əmlak vəziyyətini yoxlamaq üçün aidiyyəti təşkilatlara sorğular göndərilmiş, həmin tarixdən bu vaxta kimi icra sənədinin icrasının tam təmin olunmadığından, icra sənədinin icrasını təmin etmək məqsədilə, borclunun ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmalıdır.
5. Yuxarıda qeyd olunanları nəzərə alaraq icra məmuru Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
6. Məhkəmə iclasının yeri və vaxtı barədə Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsinin icra məmuru X10, tələbkar X3 və Borclu lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak etmədilər.
7. Məhkəmə MPM-nin 231.2-ci maddəsinə əsasən təqdimata həmin şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etdi.
8. Məhkəmə təqdimatı ona əlavə edilmiş materialları və icra işini araşdıraraq hesab edir ki, təqdimat əsassız olduğundan rədd edilməlidir.
9. Belə ki, «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 8.2-ci maddəsinə əsasən, icra məmuru icra sənədini aldığı vaxtdan üç gün müddətində icraata başlamaq haqqında qərar qəbul edir. Həmin qərarda icra məmuru icra sənədində göstərilmiş tələblərin borclu tərəfindən könüllü icrası üçün məhkəmənin qərarında digər icra müddəti müəyyən edilməyibsə, həmçinin bu maddənin üçüncü və dördüncü abzaslarında müəyyən edilmiş icra müddəti istisna olmaqla, icraata başlanıldığı vaxtdan ən çoxu on gün müddət təyin edir və bu barədə borcluya bildiriş verir. Bildirişdə həmin müddət başa çatdıqdan sonra göstərilən tələblərin məcburi qaydada icra ediləcəyi və bu Qanunla nəzərdə tutulmuş icra ödənişinin və icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclərin ondan tutulacağı göstərilir.
10. Həmin Qanunun 84-1.1-ci maddəsinə əsasən, icra sənədləri könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu fiziki şəxs və ya borclu hüquqi şəxsin icra orqanının rəhbəri tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, onların ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırıla bilər.
11. Göründüyü kimi, qeyd edilən normada borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasının əsası kimi icra sənədinin könüllü icra üçün müəyyən edilmiş vaxtda üzrsüz səbəbdən icra edilməməsi nəzərdə tutulsa da, icra sənədinin borclu tərəfindən üzrsüz səbəbdən icra edilməməsi, icra sənədinin icra olunması üçün görülmüş digər məcburi icra tədbirlərinin nəticə verməməsi, icra sənədinin icra olunması üçün borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasının zəruriliyi əsaslandırılmamış və həmin halları təsdiq edən sənədlər əlavə edilməmişdir.
12. Məhkəmə qeyd edir ki, təqimata əlavə edilmiş Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N sayılı hərbi hissəsindən Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsinə ünvanlanmış xx.xx.2025-ci il tarixli məktubdan aydın olur ki, Borclu ehtiyyata buraxıldığı(işdən çıxdığı) üçün sənədlər müvafiq qərar qəbul edilməsi üçün geri qaytarılmış, həmin məktubda borclunun qalıq borcunun olmadığı qeyd olunmuşdur.
13. Həmçinin İcra işinin içərisində olan tələbkar tərəfindən yazılmış xx.xx.2025-ci il tarixli ərizədən aydın olur ki, borclunun əmək haqqından tutulmalar aybaay tələbəkara ödənilmiş, xx.xx.2025-ci il tarixədək aliment vaxtında ödənilmiş və heç bir borcu olmamışdır.
14. Göründüyü kimi sabit məbləğdə deyil, əmək haqqının 1/3 hissəsinə yönəldilən aliment üzrə borclar borclunun hərbi hissədə ehtiyyata buraxıldığı vaxtadək vaxtında ödənilmiş, həmin vaxta hər hansı borc məbləği mövcud olmamışdır. Sonrakı ödəmələrin dayanması borclunun qərəzi səbəbindən deyil, üzürlü səbəbdən, yəni, işdən çıxdığından icra olumamışdır.
15. Ailə Məcəlləsinin 106.4-cü maddəsinə əsasən, bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq yetkinlik yaşına çatmayanlara ödənilən aliment üzrə borcların miqdarı aliment ödəməli olan şəxsin onu ödəmədiyi dövr ərzindəki qazancına və başqa gəlirlərinə görə müəyyən edilir. Həmin şəxs göstərilən dövrdə işləmədikdə və ya onun əmək haqqının və (və ya) başqa gəlirlərini təsdiqləyən sənəd təqdim edilmədikdə, aliment üzrə borcların miqdarı borc tutulduğu vaxtda Azərbaycan Respublikası üzrə orta əmək haqqına görə müəyyən edilir. Borcların bu cür müəyyən edilməsi tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozarsa, həmin tərəf məhkəməyə müraciət edə bilər. Bu halda məhkəmə tərəflərin maddi və ailə vəziyyətini və diqqətəlayiq olan digər halları nəzərə alaraq aliment üzrə borcları sabit pul məbləğində müəyyən edə bilər.
16. Qeyd edilən normadan göründüyü kimi, Qanunverici alimentin borclunun işləmədiyi dövrdə ödənilməsini tənzimləmiş, həmin tənzimləməyə əsasən, əgər borclu göstərilən dövrdə işləmirsə və ya onun əmək haqqının və (və ya) başqa gəlirlərini təsdiqləyən sənəd təqdim edilmirsə, aliment üzrə borcların miqdarı, borc tutulduğu vaxtda Azərbaycan Respublikası üzrə orta əmək haqqına görə müəyyən edilir.
17. Lakin, nə təqdimata əlavə edilmiş sənədlərdə nə də ki, icra işində icra məmuru tərəfindən aliment üzrə borcun miqdarının borc tutulduğu vaxtda Azərbaycan Respublikası üzrə orta əmək haqqına görə müəyyən edilməsi barədə hər hansı qərar mövcud olmamışdır.
18. Halbu ki, belə bir hesablama aparılmasını Qanunverici İcra məmurunun vəzifəsi kimi müəyyən etmiş və Ali Məcəlləsinin 106.5-ci maddəsində icra məmuru tərəfindən aliment üzrə borcun müəyyən edilməsi ilə razılaşmayan tərəflərdən hər birinin onun hərəkətlərindən mülki prosessual qanunvericiliklə müəyyən olunmuş qaydada şikayət edə biləcəyini təsbit etmişdir.
19. Məhkəmə qeyd edir ki, şəxsin ölkədən getmək hüququnun məhdudlaşdırılması qarşıya qoyulan məqsədə mütənasib (demokratik cəmiyyətdə zərurilik testi) olmalı, təxirəsalınmaz (sıxıcı) sosial ehtiyaca cavab verməlidir.
20. Azərbaycan Respublikasının Konstitusiyasının 28-ci maddəsinin İİİ hissəsinə əsasən, qanuni surətdə Azərbaycan Respublikasının ərazisində olan hər kəs sərbəst hərəkət edə bilər, özünə yaşayış yeri seçə bilər və Azərbaycan Respublikasının ərazisindən kənara gedə bilər.
21. Eyni zamanda Azərbaycan Respublikası Konstitusiyası Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsinin şərh edilməsinə dair” xx.xx.2012-ci il tarixli qərarına əsasən borclunun əmlak vəziyyəti, maddi durumu və digər hallar icra məmuru tərəfindən məcburi icra tədbirləri vasitəsilə də icra sənədinin icrasını mümkün etmədikdə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231-ci maddəsinə əsasən qətnamənin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icra edilməsi, qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsi barədə işdə iştirak edən şəxslər tərəfindən ərizə verilməsi istisna edilməməlidir. Məhkəmə aktını icra etməmə yalnız o halda qərəzli hesab olunur ki, təqsirkar şəxsə yazılı xəbərdarlıq edildikdən sonra da o, məhkəmə aktının tələbini icra etmir və ya məhkəmə aktlarının icrasını mümkünsüz etməyə yönələn hərəkətlərini davam etdirir. Məhkəmə aktlarının qərəzli icra edilməməsini aşağıdakılara əsasən müəyyən etmək olar: məhkəmə qərarında nəzərdə tutulmuş tələblərin həmin qərarda müəyyən edilmiş müddət ərzində icra edilməməsi, borcluya məhkəmə qərarlarının icra edilməsi ilə bağlı dəfələrlə rəsmi xəbərdarlıq edilməsi, borclu tərəfindən məhkəmə qərarının icrası üçün yetərli tədbirlərin görülməməsi, borclunun məhkəmə qərarlarının icrası üçün faktiki imkanlarının olmaması.
22. Konstitusiya Məhkəməsinin qərarında qeyd edilən hallar məhkəmə qərarının üzrsüz səbəbdən icra edilməməsinə də şamil oluna bilər.
23. Göründüyü kimi borclu tərəfindən məhkəmə qərarının qərəzli şəkildə icra edilməməsi halı məhkəmə iclasında tədqiq olunan sübutlarla öz təsdiqini tapmamışdır.
24. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Kollegiyasının 2013-cü il 22 aprel tarixli 2-N nömrəli Qərarı ilə təsdiq edilmiş, şəxsin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasının icra və probasiya qurumları tərəfindən tətbiqi qaydaları haqqında Təlimatın 2.2-ci bəndinə əsasən borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması zərurəti yarandıqda icra məmuru təqdimatla məhkəməyə müraciət etməzdən əvvəl icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi səbəblərini müəyyənləşdirir (2.2.2); borcun ödənilməsi tələbinə dair icra sənədlərinin icrası zamanı borclunun əmlakının axtarılması üçün bütün tədbirləri həyata keçirir, o cümlədən onun yaşadığı mənzildə tələbin yönəldilə biləcəyi əmlakların olub-olmamasını yoxlayır(2.2.3).
25. Məhkəmə qeyd edir ki, nə təqdimata əlavə edilmiş sənədlərdə nə də ki, icra işində, icra məmuru tərəfindən qeyd edilən Təlimatın tələblərinə riayət olunmasına yəni, icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi səbəblərinin müəyyənləşdirilməsinə, borclunun əmlakının axtarılması üçün bütün tədbirlərin həyata keçirilməsinə, o cümlədən onun yaşadığı mənzildə tələbin yönəldilə biləcəyi əmlakların olub-olmamasına dair hər hansı sübut mövcud deyildir.
26. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 4 saylı Protokolunun 2-ci maddəsinə əsasən: Qanuni əsaslarla hər hansı dövlətin ərazisində olan hər kəsin həmin ərazidə sərbəst hərəkət etmək və özünə yaşayış yeri seçmək hüququ vardır; Hər kəs öz ölkəsi də daxil olmaqla hər hansı ölkəni tərk etməkdə azaddır; Bu hüquqların həyata keçirilməsinə milli təhlükəsizlik və ictimai asayiş maraqları naminə, ictimai qaydanı qorumaq, cinayətlərin qarşısını almaq, sağlamlığın və mənəziyyatın qorunması və ya digər şəxslərin hüquq və azadlıqlarının müdafiəsi üçün qanunla nəzərdə tutulmuş və demokratik cəmiyyətdə zəruri olanlardan başqa heç bir məhdudiyyətlər qoyula bilməz; Birinci bənddə təsbit edilmiş hüquqlar müəyyən ərazilərdə qanuna müvafiq olaraq tətbiq ediləndə və demokratik cəmiyyətdə ictimai maraqlara əsaslandırılmış məhdudiyyətlərə məruz qala bilər.
27. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Vlasov və Benyaş Rusiya Federasiyasına qarşı” iş üzrə xx.xx.2016-cı il tarixli qərarında qeyd edilmişdir ki, şəxsin ölkədən getməsinin məhdudlaşdırılması ümumi və qeyri-müəyyən xarakterli olmamalıdır. Konvensiyanın 4 saylı Protokolunun 2-ci maddəsinin 2-ci bəndi hər kəsə hər hansı ərazini tərk etmək və şəxsin istədiyi hər hansı ölkəyə daxil olmaq hüququnu təmin edir. Şəxsə ölkəni tərk etməyə imkan yaradan sənədlərdən istifadə etməkdən imtina edilməsi üçün görülən tədbir Konvensiyanın 4 saylı Protokolun 2-ci maddəsinin 3-cü bəndinə əsasən müdaxiləni təşkil edir və bu müdaxilə 3-cü bənddə nəzərdə tutulan şərtlərə cavab verməlidir (bax Bartik v. Russia, no. 55565/00, § 36, ECHR 2006-XV, və Napijalo v. Croatia, no. 66485/01, § 68, 13 November 2003).
28. «Battista İtaliyaya qarşı» işdə (2 dekabr 2014-cü il) Avropa Məhkəməsi bildirmişdirki, Konvensiyanın 4 saylı Protokolun 2-ci maddəsinin 2-ci bəndi hər kəsin qəbul edilə biləcəyi istədiyi hər hansı başqa bir ölkəyə getmək üçün hər hansı ölkəni tərk etmək hüququnu təmin edir. Bu hüquqa məhdudiyyət isə ilk növbədə «qanunla nəzərdə tutulmuş» olmalı, 4 saylı Protokolun 2-ci maddəsinin 3-cü bəndində təsbit olunmuş bir və ya bir neçə legitim məqsədə uyğun gəlməli və ən əsası həmin məqsəd və ya məqsədlərə nail olunmasında bu məhdudiyyətin «demokratik cəmiyyətdə zəruri» olmalıdır.
29. Konvensiya konteksində «zəruri» sözu «faydalı», «ağlabatan» və ya «rahat» sözləriqədər geniş məna daşımır, o, sözügedən müdaxilənin həyata keçirilməsi üçün «təxirəsalınmaz sosial tələbatın» mövcudluğunu nəzərdə tutur. Zəruri anlayışı beləbir tələbi doğurur ki, məhdudiyyət qanuni məqsədə mütənasib olmalıdır (HəndisaydBirləşmiş Krallığa qarşı).
30. Beləliklə məhkəmə hesab edir ki, Borclu ölkədən getmək hüquqlarının müvəqqəti məhdudlaşdırılması barədə təqdimat əsaslı olmadığına görə təmin edilməməlidir.
31. Qeyd olunanlara əsasən və MPM-nin 231, 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ:
Naxçıvan Şəhər İcra və Probasiya şöbəsinin icra məmuru X9 Borclu “ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması” barədə təqdimatı təmin edilməsin. Qərardaddan, rəsmi qaydada verildiyi (və ya alındığı) gündən 10 gün müddətinə Naxçıvan Şəhər Məhkəməsinə şikayət verilə bilər.
Hаkim: Aslan Heydarov.