Məhkəmə qərarları › İş №8(078)-196/2025

Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qərardad — İş №8(078)-196/2025

25.08.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № 8(078)-196/2025 25.08.2025 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hаkim Heydarov Aslan Nazim оğlunun sədrliyi, X1 iclas kаtibliyi, Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsinin icra məmuru X3 və Tələbkar iştirakları ilə, Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsinin icra məmuru, X3 Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə təqdimatına məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ :

1. Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsinin icra məmuru X6 təqdimatla məhkəmə müraciət edərək, Naxçıvan Şəhər Məhkəməsinin 2(078)-552/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədi üzrə borclu xx.xx.1987-ci ildə Naxçıvan şəhəri, ünvan 1 ünvanında qeydiyyatda olan Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

2. Təqdimat onunla əsaslandırılmışdır ki, 25 may 2023-cü il tarixli qərarla icraata başlanılmış, Naxçıvan Şəhər Məhkəməsinin 2(078)-552/2023 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən borclu, Borclu 27 mart 2023-cü il tarixdən başlayaraq hər ay sabit məbləğdə bir uşaq üçün 150 manat olmaqla, iki uşaq üçün ümumilikdə 300 manat miqdarında aliment tutularaq 22 noyabr 2010-cu il təvəllüdlü X2 və 28 avqust 2013-cü il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün tələbkar X5 xeyrinə ödənilməlidir. Yuxarıda qeyd olunan icra sənədi xx.xx.2023-cü il tarixində Naxçıvan Şəhər İcra va Probasiya Şöbəsinə daxil olmuş və qanuna müvafiq qaydada icraya yönəldilmişdir. İcraata başlamaq haqqında qərar qəbul edilərək, qərarın surəti bildirişlə icra sənədi üzrə Borclu göndərilmiş, icra sənədində qeyd olunan tələbin dərhal könüllü təmin edilməsi təklif edilmişdir. Lakin bu müddət ərzində borclu tərəfindən icra sənədində olan tələb könüllü təmin edilməmiş, borclunun adına tələbin yönəldilə biləcəyi gəlir və ya əmlak müəyyən edilməmişdir. İcra sənədi üzrə Borclu 2025-ci ilin iyul ayı daxil olmaqla aliment borcu 2300 manat təşkil edir. İcra hərəkətləri həyata keçirilən zaman borclunun pul vəsaitləri və başqa əmlakı aşkar edilməmişdir. İcra sənədinin icrasını təmin etmək məqsədilə, borclunun ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmalıdır. Göstərilənlərə əsasən və "İcra haqqında" Azərbaycan Respublikası Qanununun 84-1-ci maddəsini rəhbər tutaraq, Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qərar qəbul edilməsi məsələsina baxılmasını məhkəmədən xahiş edir.

3. Məhkəmə iclasında Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsinin icra məmuru X6 izahatında, qeyd edilən icra sənədinin 24 may 2023-cü ildə icraatlarına daxil olduğunu, borclunun ölkədən getmək hüququna məhdudiyyət qoyulmasının daha məqsədəuyğun olduğunu, çünki borclunun heç bir əmlakının və gəlirlərinin olmadığını, həmçinin borclunun dəfələrlə ölkə xaricinə gedib qayıtdığını, bundan əlavə 2300 manat məbləğində aliment borcunun olduğunu və alimentdən ödənişləri çox az miqdarda etdiyini, əlavə olaraq borclunun aliment ödənişini ödəməsi ilə bağlı dəfələrlə şöbəyə çağırmaqlarına baxmayaraq şöbəyə gəlmədiyini və icra sənədinin icrasından yayındığını bildirdi.

4. Məhkəmə iclasında Tələbkar izahatında, borclunun uşaqları ilə əlaqə saxladığını, 50-100 manat məbləğində ödənişlər etdiyini, sonuncu dəfə 18 avqusta 50 manat göndərdiyini, iyul ayında isə 100 manat göndərdiyini və hal-hazırda 2300 manat məbləğində aliment borcunun yarandığını bildirdi.

5. Məhkəmə iclasının vaxtı və yeri barədə Borclu və lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə borclunun iştirakı olmadan baxılmasını mümkün hesab etdi.

6. Məhkəmə iş materiallarını və icra işini tədqiq edərək hesab edir ki, təqdimat əsaslı olduğuna görə təmin edilməlidir.

7. İş materiallarında olan Naxçıvan Şəhər Məhkəməsinin 8(078)-149/2023 saylı, xx.xx.2023-cü il tarixli Qərardadından görünür ki, Borclu Naxçıvan Şəhər Məhkəməsinin 2(078)-552/2023 nömrəli 24 may 2023-cü il tarixli qətnaməsi əsasında 24 may 2023-cü il tarixdə verilmiş icra vərəqəsinin icrasını təmin etmək məqsədi ilə ölkədən getmək hüququ məhdudlaşdırılmışdır.

8. İş materiallarında olan 13 mart 2024-cü il tarixli borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasının götürülməsi barədə qərardan görünür ki, qeyd edilə icra sənədi üzrə Borclu tərəfindən 13 mart 2024-cü il tarixədək tam təmin edildiyindən, üzərindən həmin məhdudlaşdırma götürülmüşdür.

9. İş materiallarında olan, xx.xx.2025-ci il tarixli, 1-375790359 nömrəli qəbz ilə 100 manat, xx.xx.2025-ci il tarixli, 1-391989375 nömrəli qəbz ilə 50 manat, xx.xx.2025-ci il tarixli, 1-407487321 nömrəli qəbz ilə 50 manat, xx.xx.2025-ci il tarixli, 1-436851645 nömrəli qəbz ilə 50 manat, xx.xx.2025-ci il tarixli, 1-444649266 nömrəli qəbz ilə 50 manat məbləğində ödənişlər etmişdir.

10. Məhkəmə ilk növbədə qeyd edir ki, aliment uşaqların maddi qayğılardan uzaq, əvvəlki yaşayış təminatının maksimum dərəcədə təmin edilməsinə yönəlmiş pul təminatıdır. Alimentin vaxtında və müəyyən edilmiş miqdarında ödənilməməsi, uşaqların əvvəlki yaşam şəraitini, maddi təlabatını risk altına salır. Borclunun məhkəmə qərarı ilə müəyyən edilmiş 300 manat alimentdən 50 və yaxud 100 manat ödəməsi, onun məhkəmə qərarı ilə müəyyən edən öhdəliyini lazımi qaydada yerinə yetirməsi hesab edilir.

11. Həmçinin, ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması borclunun öhdəliyini yerinə yetirməyə məcbur edən prosessual məcburiyyət tədbirlərindən biridir. Məhz bu tədbirin effektivliyi sayəsində həmin məcburiyyət tədbiri tətbiq edildikdən bir neçə ay sonra borclu aliment borcunu tam şəkildə ödəmiş və üzərindən məhdudiyyət götürülmüşdür.

12. Azərbaycan Respublikasının Konstitusiyasının 129-cu maddəsinin 1-ci hissəsinə əsasən məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir.

13. Azərbaycan Respublikası MPM-nin 15.2-ci maddəsinə əsasən, məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır.

14. «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 6-cı maddəsi (ədalətli məhkəmə araşdırması hüququ) məhkəmə qərarlarının icrası prosedurunu da əhatə edir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi «Hornsbi Yunanıstana qarşı» işdə bu prinsipi belə vurğulamışdır: «....Razılığa gələn Dövlətlərin daxili hüquq sistemləri məcburi qüvvəyə malik yekun məhkəmə qərarının tərəflərdən birinin ziyanına olaraq icra olunmadan qalmasına yol versəydi, 6-cı maddə ilə təmin olunan məhkəməyə müraciət hüququ xəyali hüquq olardı».

15. “İcra Haqqında” Azərbaycan Respublikası Qanunun 2.1-ci maddəsinə görə Azərbaycan Respublikasında məhkəmə və digər orqanların qərarlarının məcburi icrası icra məmurları tərəfindən həyata keçirilir.

16. Həmin Qanunun 3.1-ci mаddəsinin tələbinə görə, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunın tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir.

17. Həmin Qanunun 84-1.1-ci maddəsinə əsasən, İcra sənədləri könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu fiziki şəxs və ya borclu hüquqi şəxsin icra orqanının rəhbəri tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, onların ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırıla bilər. Borclu fiziki şəxsin və ya borclu hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məhkəmə qərarı dərhal “Elektron məhkəmə” informasiya sistemindən “Elektron icra” informasiya sisteminə ötürülür. “Elektron icra” informasiya sistemi vasitəsilə bu barədə dərhal “Girişçıxış və qeydiyyat” idarələrarası avtomatlaşdırılmış məlumat-axtarış sisteminə məlumat ötürülür və həmin məlumat-axtarış sistemində borclu fiziki şəxs və ya borclu hüquqi şəxsin icra orqanının rəhbəri barədə məhdudiyyət tətbiq edilir, bununla bağlı “Elektron icra” informasiya sistemi vasitəsilə borclu fiziki şəxsə və ya borclu hüquqi şəxsin icra orqanının rəhbərinə və tələbkara məlumat verilir, o cümlədən borclu fiziki şəxsin və ya borclu hüquqi şəxsin icra orqanının rəhbərinin adına qeydə alınmış mobil telefon nömrəsinə (nömrələrinə) SMS göndərilir.

18. Azərbaycan Respublikası Miqrasiya Məcəlləsinin 9.3.6-cı maddəsinə əsasən, vətəndaşın ölkədən getmək hüququ yalnız məhkəmə qərarları, əmrləri və vergi orqanlarının pul tələblərinin ödənilməsi ilə bağlı inzibati aktları əsasında verilmiş icra sənədinin könüllü icra üçün müəyyən olunmuş vaxtda üzrsüz səbəbdən icra edilməməsinə görə vətəndaşın ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məhkəmənin qanuni qüvvəyə minmiş qərarı olduqda – məhdudlaşdırmanın götürülməsi barədə qərar qəbul edilənədək məhdudlaşdırıla bilər.

19. Azərbaycan Respublikası MPM-nin 231.3-cü maddəsinə əsasən, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 21.2-ci maddəsi ilə müəyyən edilmiş əsaslara uyğun olaraq icra sənədi üzrə icraatın məhkəmələr tərəfindən dayandırılmalı olduğu hallarda icra üzrə icraatın dayandırılması (bundan sonra - icra üzrə icraatın dayandırılması), borclu fiziki şəxsin, borclu hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması, borclunun əmlakı üzərinə həbs qoyulması məsələləri icra məmurunun təqdimatına əsasən həll edilir. Məhkəmələrin verdiyi icra sənədinə əsasən başlanmış icraat icra məmurunun olduğu yer üzrə məhkəmə tərəfindən, kommersiya məhkəməsinin verdiyi icra sənədinə əsasən başlanmış icraat isə həmin kommersiya məhkəməsi və ya icra məmurunun olduğu yer üzrə müvafiq kommersiya məhkəməsi tərəfindən dayandırılır. Borclu fiziki şəxsin, borclu hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması, borclunun əmlakı üzərinə həbs qoyulması məsələlərinə icra məmurunun olduğu yer üzrə məhkəmə tərəfindən baxılır. İcra üzrə icraatın dayandırılması , habelə borclu fiziki şəxsin, borclu hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti, borclunun əmlakı üzərinə həbs qoyulması haqqında təqdimatlara bu Məcəllənin 231.2-ci maddəsi ilə nəzərdə tutulmuş qaydada baxılır.

20. Məhkəmə belə nəticəyə gəlir ki, borclunun ölkədən çıxması icra sənədinin icrasını mümkünsüz edər. Qanunvericilikdə göstərilən məhdudiyyətin qoyulması isə icra sənədinin icrasının təmin edilməsi üçün əsas yarada bilər.

21. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 231, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏRARA ALDİ: Təqdimat təmin edilsin. xx.xx.1987-ci ildə Naxçıvan şəhərində doğulmuş, Naxçıvan şəhəri, ünvan 1 ünvanında qeydiyyatda olan Borclu ölkədən getmək hüququ həmin icra sənədi tam icra olunana qədər müvəqqəti məhdudlaşdırılsın. Qərardad dərhal icra edilsin. Qərardaddan, rəsmi qaydada verildiyi (və ya alındığı) gündən 10 gün müddətinə Naxçıvan Şəhər Məhkəməsinə şikayət verilə bilər.

Hаkim: Aslan Heydarov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar