Məhkəmə qərarları › İş №8(078)-198/2025

Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qərardad — İş №8(078)-198/2025

26.08.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № 8(078)-198/2025 26.08.2025 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əliyeva Gülsüm Kamal qızının sədrliyi, X2 məhkəmə iclas katibliyi ilə Borclu məhkəmə qətnaməsinin hissə-hissə icra olunmasına dair ərizəsinə Naxçıvan Şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə baxış iclasında baxaraq müəyyənetdi: Borclu ərizə ilə Naxçıvan Şəhər Məhkəməsinə müraciət edərək, Naxçıvan Şəhər Məhkəməsinin 2(078)-437/2025 saylı, xx.xx.2025-ci il tarixli icra vərəqəsi üzrə ondan "xxxx" ASC-nin xeyrinə tutulmalı olan pulun hər ay 300 manat olmaqla hissə-hissə icra olunması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Borclu ərizəsini onunla əsaslandırmışdır ki, Naxçıvan Şəhər Məhkəməsinin 2(078)- 437/2025 saylı, 03 iyun 2025-ci il tarixli qətnaməsinə əsasən iddiaçı "xxxx" ASC-nin ona qarşı "kredit müqaviləsi üzrə borcun ödənilməsi tələbinə dair" iddiası qismən təmin edilərək cavabdeh Borclu 11276.88 manat məbləğində pul vəsaiti və 123.83 manat məbləğində dövlət rüsumu olmaqla, ümumilikdə 11400.71 manat məbləğində tutularaq "xxxx" ASC-nin xeyrinə ödənilməsi qət edilmişdir. Artıq Naxçıvan Şəhər Məhkəməsinin 2(078)-437/2025 saylı, 03 iyun 2025-ci il tarixli qətnaməsi icra olunmaq üçün Naxçıvan Şəhər İcra və Probasiya şöbəsinə göndərilmişdir. O, borcu inkar etmir və onun ödənilməsindən boyun qaçırtmır. Lakin onun sabit və davamlı gəlirlərinin olmaması, məhkəmə qətnaməsilə 3 uşaq üçün hər ay 300 manat məbləğində aliment ödəməyi, işsizliyi və himayəsində xəstə anasının olması, onun bütün müalicə xərclərinin onun tərəfindən ödənilməsi, hazırki məhkəmə qətnaməsində nəzərdə tutulan məbləğin tam şəkildə birdəfəlik ödənməsinə mane olan ciddi sosial - iqtisadi faktlardır. Təbii ki, onun maddi imkanı yetərli olsaydı və sabit davamlı gəlirləri, yaxud əmək haqqı olsaydı o, borcun nizamlı qaydada ödənməsini heç vaxt gecikdirməzdi. Amma bu imkanlar onda olmadığı üçün borcun tam şəkildə birdəfəlik ödənməsi haliyədə imkanı xaricindədir. "İcra haqqında” AR Qanunun 1-1-ci maddəsində də qeyd edilmişdir ki, icra qanunvericiliyi qanunun aliliyinin təmin olunması və hamının qanun qarşısında bərabərliyi, obyektivlik, ədalətlilik prinsiplərinə əsaslanır. Bir daha bildirir ki, borcu ödəməkdən imtina etmir. Lakin həmin pulu bütöv şəkildə ödəmək onun maddi vəziyyəti ilə əlaqədar imkansızdır. Belə ki, onun digər ailə ehtiyacları və gündəlik məişət tələbatları da vardır. Buna baxmayaraq bir daha bildirir ki, məhkəmə qətnaməsi ilə müəyyən edilmiş olan borcun ödənilməsindən də imtina etmir. Ona imkan yaradılacağı təqdirdə həmin pulu hər ay 300 manat olmaqla hissə-hissə ödəyəcəyinə söz verir. Məhkəmə iclasının vaxtı və yeri barədə tələbkar "xxxx" ASC-yə və Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsinə məlumat verilməsinə baxmayaraq onlar məhkəmə iclasında nümayəndələrinin iştirakını təmin etməmiş və məhkəmə iclasında nümayəndələrinin iştirakını təmin etməmələrinin səbəbi barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə tələbkar "xxxx" ASC-nin və Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsinin nümayəndələrinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə Borclu məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmiş və məhkəmə iclasında iştirak etməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Borclu iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Naxçıvan Şəhər Məhkəməsinin e-2(078)-437/2025 saylı, 03 iyun 2025-ci il tarixli qətnaməsindən görünür ki, xx.xx.2021-ci il tarixli, RGTK4427670A121 saylı kredit müqaviləsi üzrə 10256.55 (on min iki yüz əlli altı manat əlli beş qəpik) manat əsas borc, 1020.33 (bir min iyirmi manat otuz üç qəpik) manat faiz borcu olmaqla, cəmi 11276.88 (on bir min iki yüz yetmiş altı manat səksən səkkiz qəpik) manat məbləğində pulun Borclu tutularaq Tələbkar Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi və 123.83 (bir yüz iyirmi üç manat səksən üç qəpik) manat məbləğində dövlət rüsumunun Borclu tutularaq Tələbkar Açıq Səhmdar Cəmiyyətinə verilməsi qət edilmişdir. İş materiallarında olan Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsinin 15 iyul 2025-ci il tarixli icraata başlamaq haqqında qərarından məlum olur ki, həmin qərarla Naxçıvan Şəhər Məhkəməsinin e-2(078)-437/2025 saylı, xx.xx.2025-ci il tarixli icra sənədi üzrə icraata başlanmışdır. İş materiallarından aydın olur ki, Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsi tərəfindən Borclu 15 iyul 2025-ci il tarixdə tələbin könüllü icrası haqqında bildiriş göndərilmişdir. İş materiallarında olan Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində "Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" publik hüquqi şəxsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli daşınmaz əmlakın dövlət reyestrindən arayışdan görünür ki, Borclu adına Muxtar Respublika ərazisi üzrə daşınmaz əmlakın mövcudluğuna dair xx.xx.2025-ci il tarixli, ********** qeydiyyat nömrəli müraciətinə əsasən daşınmaz əmlak aşkar edilməmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində X3 tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli arayışdan görünür ki, Borclu (FİN:xxxxxxx) Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin "Əmək və məşğulluq" altsistemindən əldə edilmiş məlumata əsasən 21 iyul 2025-ci il tarixinə aktiv əmək müqaviləsi aşkar edilməmişdir. İş materiallarında olan Bakı şəhər Nərimanov Rayon Məhkəməsinin 01 dekabr 2022-ci il tarixli, 2(005)-3456/2022 nömrəli qətnaməsindən görünür ki, xx.xx.2009-cu il təvəllüdlü X4, xx.xx.2013-cü il təvəllüdlü X5 və xx.xx.2020-ci il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanılması üçün Borclu hər ay hər biri üçün 193 manat, ümumilikdə 579 manat sabit pul məbləğində aliment X1 xeyrinə tutulması qət edilmişdir. Ərizəni araşdıran məhkəmə belə nəticəyə gəlir ki, ərizə təmin edilməlidir. Məhkəmə bununla bağlı aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin İ hissəsinə görə məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında məhkəmə və digər orqanların qərarlarının məcburi icrası icra məmurları tərəfindən həyata keçirilir. Həmin Qanunun 8.2-ci maddəsinə əsasən icra məmuru icra sənədini aldığı vaxtdan üç gün müddətində icraata başlamaq haqqında qərar qəbul edir. Həmin qərarda icra məmuru icra sənədində göstərilmiş tələblərin borclu tərəfindən könüllü icrası üçün məhkəmənin qərarında digər icra müddəti müəyyən edilməyibsə, həmçinin bu maddənin üçüncü və dördüncü abzaslarında müəyyən edilmiş icra müddəti istisna olmaqla, icraata başlanıldığı vaxtdan ən çoxu on gün müddət təyin edir və bu barədə borcluya bildiriş verir. Bildirişdə həmin müddət başa çatdıqdan sonra göstərilən tələblərin məcburi qaydada icra ediləcəyi və bu Qanunla nəzərdə tutulmuş icra ödənişinin və icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclərin ondan tutulacağı göstərilir. Məhkəmə qərarlarının icrasının məcburiliyi «Məhkəmələr və hakimlər haqqında» Azərbaycan Respublikası Qanununun 5-ci maddəsində də əks olunmuşdur. Həmin maddəyə əsasən, məhkəmələr baxılmış işlər üzrə Azərbaycan Respublikası adından qətnamələr, hökmlər, qərardadlar və qərarlar çıxarırlar. Məhkəmələrin bütün qərarları qəbul olunduğu gündən bir aydan gec olmayaraq anonimləşdirilməklə elektron qaydada yayılmalıdır. Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada qanuni qüvvəyə minmiş bu qərarlar Azərbaycan Respublikası ərazisində bütün fiziki və hüquqi şəxslər tərəfindən mütləq, vaxtında və dəqiq icra olunmalıdır. Qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının icra edilməməsi Azərbaycan Respublikası qanunvericiliyi ilə nəzərdə tutulmuş məsuliyyətə səbəb olur. Azərbaycan Respublikasının da qoşulduğu «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 6-cı maddəsi (ədalətli məhkəmə araşdırması hüququ) məhkəmə qərarlarının icrası prosedurunu da əhatə edir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi «Əfəndiyeva Azərbaycana qarşı», “Tarıverdiyev Azərbaycana qarşı”, “Cəfərov Azərbaycana qarşı” və s. qərarları məhz məhkəmə qərarlarının icra edilməməsi ilə bağlı qəbul edilmiş və həmin qərarlarında Məhkəmə qeyd etmişdir ki, məhkəmə qərarının icra olunması İnsan hüquqları haqqında Avropa Konvensiyasının 6-cı maddəsində təsbit olunmuş ədalətli məhkəmə araşdırması hüququnun ayrılmaz tərkib hissəsi kimi nəzərdən keçirilməlidir. Məhkəmənin mövqeyi belə olmuşdur ki, dövlətin daxili hüquq sistemi qüvvəyə minmiş və hüquqi cəhətdən məcburi olan məhkəmə qərarlarının tərəflərdən birinin ziyanına icra olunmamış qalmasına imkan verirsə, o halda ədalətli məhkəmə araşdırması hüququ yalnız kağız üzərində qalır”. Məhkəmə qətnaməsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli qərarının 12-ci maddəsində göstərilmişdir ki, məhkəmələr nəzərə almalıdırlar ki, qətnamənin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icra edilməsi, qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsi müstəsna hal olub, qətnamənin icrası üçün çətinlik törədən və yaxud borclu üçün yaranmış əlverişsiz hallarda tətbiq oluna bilər. Məhkəmələr bu məsələləri həll etdikdə təkcə borclunun deyil, tələbkarın mənafeyini də nəzərə almalıdırlar. “İcra haqqında” Azərbaycan Respublikası Qanunun 15-ci maddəsinə əsasən tərəflər icra sənədinin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icrası yaxud icra sənədinin icrası üsulunun və qaydasının dəyişdirilməsi haqqında işə baxmış məhkəməyə müraciət edə bilərlər. Borclunun əmlak vəziyyətini və digər halları nəzərə alaraq, məhkəmə həmin müraciətlərə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 231-ci maddəsi ilə müəyyən edilmiş qaydada baxır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.1-ci maddəsinə əsasən işə baxmış hakim, işdə iştirak edən şəxslərin ərizəsi üzrə tərəflərin əmlak vəziyyətinə və digər hallara əsasən qətnamənin icrasına möhlət verməyə və ya qətnaməni hissə-hissə icra etdirməyə, habelə onun icra üsulunu və qaydasını dəyişdirməyə haqlıdır. Həmin Məcəllənin 231.2-ci maddəsinə əsasən həmin ərizələrə məhkəmə iclasında baxılır. İşdə iştirak edən şəxslər iclasın vaxtı və yeri haqqında xəbərdar edilirlər, lakin onların gəlməməsi məhkəmə qarşısında qoyulmuş məsələnin həll edilməsinə mane olmur. Həmin Məcəllənin 231.3-1-ci maddəsinə əsasən məhkəmə borclunun əmlakı üzərinə həbs qoyulması haqqında təqdimata onun daxil olduğu vaxtdan 5 iş günü müddətində, qətnamənin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icra edilməsi, qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsi haqqında ərizələrə və icra üzrə icraatın dayandırılması, borclu fiziki şəxsin, borclu hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında təqdimatlara onların daxil olduğu vaxtdan 10 iş günü müddətində baxır. Məhkəmə qeyd edir ki, qərarların hissə-hissə icra olunmasını təmin etmək o zaman mümkün olar ki, borclu ilə bağlı yaranmış və qərarların icrasını mümkünsüz edən ciddi əlverişsiz halların mövcudluğu mötəbər sübutlarla təsdiq olunsun. Borclu tərəfindən məhkəməyə ünvanlanmış ərizədən və təqdim edilmiş sənədlərdən görünür ki, həqiqətən də borclunun əmlak vəziyyətində borcunu bütövlükdə icra etməsi üçün maneələr yaradacaq əlverişsiz hallar mövcuddur. Məhkəmə borclunun ərizəsini təmin edərkən həmçinin heç bir yerdə işləməməsini, 3 uşaq üçün aliment ödəməsini, heç bir əmlakı olmamasını nəzərə alır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Borclu tərəfindən Naxçıvan Şəhər Məhkəməsinin e-2(078)-437/2025 saylı, 03 iyun 2025-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş borcun hər ay 300 manat olmaqla hissə-hissə icra olunması həmin qətnamənin icrası baxımından məqsədəuyğundur. Yuxarıda qeyd olunanları, İcra haqqında qanunun 15-ci maddəsini və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq məhkəmə qəraraaldı: Ərizə təmin edilsin. Naxçıvan Şəhər Məhkəməsinin e-2(078)-437/2025 saylı, 03 iyun 2025-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş 11276.88 (on bir min iki yüz yetmiş altı manat səksən səkkiz qəpik) manat məbləğində borc Borclu tərəfindən hər ay 300 (üç yüz) manat olmaqla hissə-hissə icra olunsun. Qərardaddan o, tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Naxçıvan Şəhər Məhkəməsinə şikayət verilə bilər. Hakim: Gülsüm Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar