Məhkəmə qərarları › İş №8(078)-204/2025

Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qərardad — İş №8(078)-204/2025

01.09.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № 8(078)-204/2025 01.09.2025 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hаkim Heydarov Aslan Nazim оğlunun sədrliyi, X1 iclas kаtibliyi ilə, Ərizəçi Tələbkar iştirakı ilə, Naxçıvan Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(078)-724/2019 saylı qüvvəyə minmiş qətnaməsi ilə qət edilmiş sabit pul məbləğində alimentin indeksasiya olunması barədə Tələbkar ərizəsinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ:

1. Tələbkar Borclu qarşı ərizə ilə məhkəməyə müraciət edərək, Naxçıvan Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(078)-724/2024 nömrəli qətnaməsinə əsasən Borclu ilə birgə nikahlarından doğulmuş xx.xx.2008-ci il təvəllüdlü X4, xx.xx.2009-cu il təvəllüdlü X5 və xx.xx.2013-cü il təvəllüdlü X2 yetkinlik yaşlarına çatana kimi saxlanılmaları üçün tutulan 405 manat qət edilmiş alimentin icra icraatı qaydasında 2025ci il üzrə minimum əmək haqqına indeksasiya olunması barədə qərardad qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

2. Ərizə onunla əsaslandırılmışdır ki, keçmiş həyat yoldaşı Borclu ilə 29 iyun 2006-cı il tarixində Babək Rayonu, X10 Ərazi Dairəsi üzrə Nümayəndəliyində 04 saylı nikah qeydi ilə nikaha daxil olublar. Birgə nikahlarından 3 övladları xx.xx.2008-ci il təvəllüdlü X4, xx.xx.2009-cu il təvəllüdlü X5 və xx.xx.2013-cü il təvəllüdlü X6 dünyaya gəlmişdir. Aralarında yaranmış münaqişələr nəticəsində nikahları Naxçıvan Şəhər Məhkəməsinin 2(078)-456/2017 saylı, 20 sentyabr 2017-ci il tarixli qətnaməsi ilə pozulmuşdur. Nikahları pozulduqdan sonra övladlarının ananın yanında saxlanılması qət edilmiş və yetkinlik yaşına çatmayan övladlarının saxlanılması üçün Borclu hər ay 210 manat məbləğində alimentin alınıb onun xeyrinə ödənilməsi qət edilmiş, Naxçıvan Şəhər Məhkəməsinin 2(078)-724/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə aliment miqdarı dəyişdirilərək bir uşaq üçün 135 manat olmaqla, 405 manat müəyyən edilmişdir.

3. Tələbkar ərizəsinin hüquqi əsası kimi Azərbaycan Respublikası Ali Məhkəməsinin 20 dekabr 2024-cü il tarixli Plenumum Qərarına istinad edərək ərizənin təmin olunmasını xahiş etmişdir.

4. Məhkəmə iclasında ərizəçi Tələbkar izahatında, alimenti almadığı üçün müraciət etdiyini, məcbur qaldığını və hüquqi yolla həll etmək istədiyini buna görə də məhkəməyə müraciət etdiyini bildirdi. Ərizənin təmin edilməsini məhkəmədən xahiş etdi.

5. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq iş üzrə Borclu məhkəmə iclaslarına gəlməmiş və gəlməməsinin səbəbi barədə heç bir məlumat verməmişdir.

6. Məhkəmə işə Borclu iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

7. Məhkəmə, ərizəçini dinləyib, iş üzrə toplanmış sənədləri araşdıraraq, hesab edir ki, ərizə təmin olunmalıdır.

8. İş materiallarında olan Naxçıvan Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(078)-724/2024 nömrəli qətnaməsinə əsasən tərəflərin birgə nikahlarından doğulmuş xx.xx.2008-ci il təvəllüdlü X4, xx.xx.2009-cu il təvəllüdlü X5 və xx.xx.2013-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün cavabdeh Borclu hər ay hər uşağa görə 135 manat olmaqla, üç uşaq üçün ümumilikdə 405 manat məbləğində alimentin alınıb ona verilməsi qət edilmişdir.

9. Hazırki mülki işin mübahisəsiz halları ondan ibarətdir ki, Tələbkar ilə Borclu birgə nikahlarından xx.xx.2008-ci il təvəllüdlü X4, xx.xx.2009-cu il təvəllüdlü X5 və xx.xx.2013cü il təvəllüdlü X6 adlı üç uşaqları doğulmuşdur.

10. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 232.2-ci maddəsinə görə ödənilməli pul məbləğlərinin indeksasiyası barədə ərizəyə məhkəmə iclasında baxılır. İşdə iştirak edən şəxslər məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilirlər, lakin onların gəlməməsi məhkəmə qarşısında qoyulmuş məsələnin həll edilməsinə mane olmur.

11. Həmin Məcəllənin 231.1-ci maddəsinin mənasına görə işə baxmış hakim, işdə iştirak edən şəxslərin ərizəsi üzrə tərəflərin əmlak vəziyyətinə və digər hallara əsasən qətnamənin icrasına möhlət verməyə və ya qətnaməni hissə-hissə icra etdirməyə, habelə onun icra üsulunu və qaydasını dəyişdirməyə haqlıdır.

12. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir.

13. “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 20 dekabr 2024-cü il tarixli, 15 nömrəli Qərarının “8.4-1-ci bəndində qeyd edilmişdir ki, Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. İstinad edilən maddənin tələbindən göründüyü kimi məhkəmələr sabit pul məbləğində aliment təyin edərkən onun miqdarını ölkə üzrə minimum əmək haqqı məbləğinin müvafiq misli həddində müəyyən etməlidirlər (məsələn, Məhkəmə 2024-cü ildə bir uşağın saxlanmasına görə alimentin tutulması barədə iddiaya baxarkən alimenti 100 manat həddində müəyyən etmək istəyirsə, (bu iddiaya baxılarkən) həmin il üzrə minimum əmək haqqı məbləğinin 0,25 mislində (400 x 0,25 = 100 manat) alimentin tutulması barədə qətnamə qəbul etməklə, qətnamənin nəticə hissəsini “xx.xx.xxxx tarixindən başlayaraq yetkinlik yaşına çatmayan A-nın saxlanılması üçün B-dən C-nin xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,25 misli həddində sabit pul məbləğində aliment tutulsun” məzmununda ifadə etməlidir.)

14. Məhkəmə hesab edir ki, Naxçıvan Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(078)-724/2024 nömrəli qətnaməsi ilə müəyyən edilmiş hər ay sabit məbləğdə bir uşaq üçün tutulmalı olan 135 manat məbləğində aliment indeksasiya olunmalı, xx.xx.2008-ci il təvəllüdlü X4, xx.xx.2009-cu il təvəllüdlü X5 və xx.xx.2013-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün Borclu Tələbkar xeyrinə 21 avqust 2025-ci il tarixindən sonrakı artımlar nəzərə alınmaqla, hər ay, hər uşaq üçün ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0.3375 misli həddində sabit pul məbləğində aliment tutulmalıdır.

15. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə görə aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur.

16. «Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 8- 2/2016 nömrəli Qərarının 8.11-1-ci bəndində məhkəmələrə izah edilmişdir ki, alimentin məhkəməyə müraciət edildiyi vaxtdan tutulmasına dair Ailə Məcəlləsinin 100.2-ci maddəsində nəzərdə tutulmuş qayda həmin Məcəllənin 112-ci maddəsinə əsasən artırılmış aliment məbləğinin tutulmasına da şamil edilir. Lakin nəzərə alınmalıdır ki, alimentin artırılmasına dair qətnamələr MPM-nin 234.2.1-ci maddəsində nəzərdə tutulmuş dərhal icra edilən qətnamələrin sırasına aid edilməmişdir.

17. Buna görə də, Azərbaycan Respublikası ailə qanunvericiliyinin tələblərini və Azərbaycan Respublikası Ali Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeni nəzərə alaraq, məhkəmə hesab edir ki, indeksasiya olunmuş aliment ərizənin məhkəməyə daxil olduğu xx.xx.2025-ci il tarixdən hesablanmalıdır.

1. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 231, 232, 263, 264, 267 və 268-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ:

Tələbkar ərizəsi təmin edilsin. Naxçıvan Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(078)-724/2024 nömrəli qətnaməsi ilə müəyyən edilmiş aliment indeksasiya olunsun. xx.xx.2008-ci il təvəllüdlü X4, xx.xx.2009-cu il təvəllüdlü X5 və xx.xx.2013-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün Borclu Tələbkar xeyrinə 21 avqust 2025-ci il tarixindən başlayaraq, sonrakı artımlar nəzərə alınmaqla, hər ay, hər uşaq üçün ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0.3375 misli həddində sabit pul məbləğində aliment tutulsun. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan «Elektron məhkəmə» informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə Naxçıvan Şəhər Məhkəməsinə şikayət verilə bilər.

Hakim Aslan Heydarov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar