Məhkəmə qərarları › İş №8(078)-268/2025

Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qərardad — İş №8(078)-268/2025

01.12.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № 8(078)-268/2025 01.12.2025 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hаkim Heydarov Aslan Nazim оğlunun sədrliyi, X6 kаtibliyi, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(008)-6269/2017 saylı və Naxçıvan Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(078)-1496/2025 saylı icra sənədlərinin icra üsulunun və qaydasının dəyişdirilməsi barədə Borclu ərizəsinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ:

1. Bakı şəhəri, Sabunçu Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(008)- 6269/2017 saylı qətnaməsinə əsasən Borclu ilə X5 arasında Bakı şəhəri, Nizami rayon Qeydiyyat çöbəsində xx.xx.2006-cı il tarixdə bağlanmış və 513 nömrə ilə qeyd edilmiş nikahın pozulması, qarşılıqlı iddianın qismən təmin edilməsi, Borclu ilə X2 birgə nikahından doğulmuş xx.xx.2008-ci il təvəllüdlü X11, xx.xx.2011-ci il təvəllüdlü X13 və xx.xx.2015-ci il təvəllüdlü X8 boşanmadan sonra anası X2 yanında saxlanılması, Borclu 08 iyun 2017-ci il tarixdən başlayaraq, xx.xx.2008-ci il təvəllüdlü X11, xx.xx.2011-ci il təvəllüdlü X13 və xx.xx.2015-ci il təvəllüdlü X8 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay aylıq qazancının (başqa gəlirlərinin) ikidə bir hissəsi miqdarında aliment və xx.xx.2015-ci il təvəllüdlü X8 3(üç) yaşına çatana kimi hər ay 50 manat sabit pul məbləğində aliment alınaraq X2 xeyrinə tutulması qət edilmişdir.

2. Naxçıvan Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(078)-1496/2025 saylı məhkəmə əmrinə əsasən, Kreditor X4 Borclu ilə birgə nikahdan doğulmuş uşaqları xx.xx.2019-cu il təvəllüdlü X14 və xx.xx.2019-cu il təvəllüdlü X9 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün 14 oktyabr 2025-ci il tarixdən hesablanmaqla Borclu hər ay qazancının (başqa gəlirlərinin) üçdə bir hissəsi miqdarında aliment tutularaq X4 xeyrinə ödənilməsi və Borclu 100 (bir) manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə keçirilməsi əmr edilmişdir.

3. Borclu 19 noyabr 2025-ci il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək barəsində olan hər iki icra sənədi üzrə icra üsulu və qaydası dəyişdirilərək qazancının 50 faizi özündə qalmaqla, digər 50 faizinin hər iki icra sənədi üzrə bərabər şəkildə bölünməsi barədə qərardad qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

4. Ərizə onunla əsaslandırılmışdır ki, borclu 2120 manat əmək haqqı alır. Əmək haqqının 1060 manatı hər iki icra sənədi üzrə bərabər bölünməli olduğu halda qeyribərabər, yəni 710 manat tutularaq Tələbkar2, 350 manat isə Tələbkar1 hesabına ödənilmişdir. Belə ki, birinci nikahdan olan oğlu xx.xx.2008-ci il təvəllüdlü X1 Dövlət Univesitetində melorasiya mühəndisliyi ixtisası üzrə ödənişli əsaslarla təhsil alır və haliyədə Naxçıvan şəhərində onunla yaşayır. Ona illik 1400 manat təhsil haqqı ödəməklə yanaşı, əlavə olaraq onun bütün zəruri xərclərini də o ödəyir. Ona görə də onun barəsində iki icra sənədi üzrə icra üsulu və qaydası dəyişdirilərək, qazancının 50 faizi onda qalmaqla, digər 50 faizi isə hər iki icra sənədi üzrə bərabər şəkildə bölünməlidir.

5. Məhkəmə iclasının vaxtı və yeri barədə Borclu, tələbkarlar Tələbkar1 və Tələbkar2 lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişlər və gəlməmələri barədə məlumat verməmişdirlər.

6. Məhkəmə işə borclu və tələbkarların iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir.

7. Məhkəmə işdə olan sənədləri tədqiq edərək hesab edir ki, ərizə üzrə xitam verilməlidir.

8. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin İ bəndinə əsasən, məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir.

9. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin, İİ bəndinə əsasən məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur.

10. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumu da «Məhkəmə qətnaməsi haqqında» xx.xx.2005-ci il tarixli 4 nömrəli Qərarının 12-ci bəndində göstərmişdir ki, qətnamənin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icra edilməsi, qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsi müstəsna hal olub, qətnamənin icrası üçün çətinlik törədən və yaxud borclu üçün yaranmış əlverişsiz hallarda tətbiq oluna bilər. Məhkəmələr bu məsələləri həll etdikdə təkcə borclunun deyil, tələbkarın mənafeyini də nəzərə almalıdırlar.

11. İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsinə əsasən hər kəs onun mülki hüquq və vəzifələri müəyyən edilərkən qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir.

12. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli 4 saylı qərarının 12-ci bəndinə görə qətnamənin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icra edilməsi, qətnamənin icra üsulununvə qaydasının dəyişdirilməsi müstəsna hal olub, qətnamənin icrası üçün çətinlik törədən və yaxud borclu üçün yaranmış əlverişsiz hallarda tətbiq oluna bilər. Məhkəmələr bu məsələləri həll etdikdə təkcə borclunun deyil, tələbkarın mənafeyini də nəzərə almalıdırlar.

13. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 15.2-ci maddəsinə əsasən, məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır.

14. Həmin Məcəllənin 231.1-ci maddəsinə əsasən, işə baxmış hakim, işdə iştirak edən şəxslərin ərizəsi üzrə tərəflərin əmlak vəziyyətinə və digər hallara əsasən qətnamənin icrasına möhlət verməyə və ya qətnaməni hissə-hissə icra etdirməyə, habelə onun icra üsulunu və qaydasını dəyişdirməyə haqlıdır.

15. Həmin Məcəllənin 231.2-ci maddəsinə əsasən, həmin ərizələrə məhkəmə iclasında baxılır. İşdə iştirak edən şəxslər iclasın vaxtı və yeri haqqında xəbərdar edilirlər, lakin onların gəlməməsi məhkəmə qarşısında qoyulmuş məsələnin həll edilməsinə mane olmur.

16. “İcra haqqında” Azərbaycan Respublikası Qanunun 12.1-ci maddəsinə əsasən, bu Qanunun 8.2-ci maddəsinin üçüncü və beşinci abzaslarında nəzərdə tutulmuş hallar istisna olmaqla, icra məmuru icra sənədini aldığı gündən iki ay müddətində bütün zəruri icra hərəkətlərini həyata keçirməlidir.

17. Həmin qanunun 15-ci maddəsinə əsasən, tərəflər icra sənədinin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icrası yaxud icra sənədinin icrası üsulunun və qaydasının dəyişdirilməsi haqqında işə baxmış məhkəməyə müraciət edə bilərlər. Borclunun əmlak vəziyyətini və digər halları nəzərə alaraq, məhkəmə həmin müraciətlərə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 231-ci maddəsi ilə müəyyən edilmiş qaydada baxır.

18. Məhkəmə ilk növbədə qeyd edir ki, ərizəçinin tələbindən görünür ki, borclu xx.xx.2008-ci il təvəllüdlü övladı X7 onunyanında qalması səbəbindən Bakı şəhəri, Sabunçu Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(008)-6269/2017 saylı qətnaməsinə əsasən X4 xeyrinə ödənilən alimentin azaldılmasınə və iki icra sənədi üzrə tələbkarlara əmək haqqının 50 faizinin bərabər şəkildə bölünməsini xahiş edir.

19. Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən, aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər.

20. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016cı il tarixli qərarının 8.4-3-cü bəndinə əsasən, Alimentin indeksasiyasından fərqli olaraq, Ailə Məcəlləsinin 112-ci maddəsində nəzərdə tutulmuş halların mövcudluğu məhkəmənin müəyyən etdiyi alimentin miqdarının (minimum əmək haqqına münasibətdə müəyyən edilmiş mislinin) dəyişdirilməsi barədə müstəqil iddianın qaldırılması üçün əsasdır. Əgər iddia minimum əmək haqqı məbləğinin artımına əsaslanırsa, başqa sözlə, iddianın mahiyyəti indeksasiya xarakteri daşıyırsa, bu məsələnin icra icraatı qaydasında (Ailə Məcəlləsinin 110-cu və MPM-in 232-ci maddələri) həll edilməli olması nəzərə alınmalı və MPM-in 153.2.1-ci maddəsinə əsasən iddianın yolverilməzliyinə görə iddia ərizəsinin icraata qəbul edilməsindən imtina edilməli, əgər iddia ərizəsi artıq icraata qəbul edilmişsə, MPM-in 261.0.1-ci maddəsinə əsasən mülki iş üzrə icraata xitam verilməlidir.

21. Məhkəmə hesab edir ki, borclunun hazırki tələbi Ailə Məcəlləsinin 112.1-ci maddəsinin tələbləri çərçivəsində alimentin azaldılması barədə tələb olduğundan, həmin tələbə İcra icraatı çərçivəsində baxıla bilməz və borclu iddia icraatı qaydasında alimentin miqdarının dəyişdirilməsi barədə müstəqil iddia qaldırmaq hüququna malikdir.

22. MPM-nin 261.0.1-ci maddəsinə əsasən, iş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə hakim iş üzrə icraata xitam verir.

23. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231, 261, 263-264-cü maddələrini rəhbər tutaraq, məhkəmə

QƏRARA ALDİ:

Borclu Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 29 iyun 2017-ci il tarixli, 2(008)- 6269/2017 nömrəli və Naxçıvan Şəhər Məhkəməsinin 16 oktyabr 2025-ci il tarixli, 2(078)- 1496/2025 saylı icra sənədlərinin icra üsulunun və qaydasının dəyişdirilməsinə dair iş üzrə icraata xitam verilsin. Borcluya Ailə Məcəlləsinin 112.1-ci maddəsinin tələbləri çərçivəsində alimentin miqdarının dəyişdirilməsi barədə müstəqil iddia qaldırmaq hüququ izah edilsin Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan «Elektron məhkəmə» informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə Naxçıvan Şəhər Məhkəməsinə şikayət verilə bilər.

Hakim: Aslan Heydarov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar