Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № 8(078)-31/2025 31.01.2025 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Mən, Naxçıvan Şəhər Məhkəməsinin hakimi Əliyeva Gülsüm Kamal qızı X2nın alimentin icra icraatı qaydasında indeksasiya olunması tələbinə dair ərizəsini nəzərdən keçirərək, müəyyənetdim: X2 ərizə ilə Naxçıvan Şəhər Məhkəməsinə müraciət edərək, Naxçıvan şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(078)-437/2023 nömrəli qətnaməsi ilə yetkinlik yaşına çatmamış 21 iyul 2009-cu il təvəllüdlü X1 üçün qət edilmiş sabit məbləğdə 170 manat alimentin icra icraatı qaydasında 2025-ci il üzrə yaşayış minumumuna indeksasiya olunmasını məhkəmədən xahiş etmişdir. Ərizəni və ona əlavə edilmiş sənədləri qanunvericiliyin tələbləri daxilində nəzərdən keçirən məhkəmə aşağıdakıları qeyd edir: “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 1.1-ci maddəsinə əsasən, icra haqqında Azərbaycan Respublikasının qanunvericiliyi Azərbaycan Respublikası Konstitusiyasından, bu Qanundan, “İcra məmurları haqqında” Azərbaycan Respublikası Qanunundan, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsindən, habelə digər qanunvericilik aktlarından ibarətdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 13.4-cü maddəsinə əsasən, mübahisə edilən hüquq münasibətlərini tənzimləyən hüquq norması olmadıqda, məhkəmə analoji münasibətləri tənzimləyən hüquq normalarına müraciət edir. Məhkəmə qeyd edir ki, icra icraatı qaydasında verilmiş ərizənin geri qaytarılmasının hüquqi həlli ilə bağlı Azərbaycan Respublikası “İcra haqqında” Qanunu və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsində müvafiq prosessual hüquq norması olmadığından, həmin Qanunun 1.1-ci və Mülki-Prosessual Məcəllənin 13.4-cü maddələrinin tələbini nəzərə almaqla həmin Məcəllənin iddia ərizəsinin geri qaytarılmasını nizamlayan hüquq normaları tətbiq olunmalıdır. Ərizənin giriş hissəsində X2 özünün prosessual statusunu qeyd etməmişdir. Eyni zamanda borclunun soyadı, adı, atasının adı, şəxsiyyəti eyniləşdirməyə imkan verən digər məlumatları, yaşayış yeri və ya olduğu yer də ərizədə göstərilməmişdir. Bununla bağlı məhkəmə hesab edir ki, ərizədə borclunun və tələbkarın yuxarıda qeyd olunan məlumatlarının göstərilməməsi onların məhkəmə iclasında iştiraklarının təmin olunması və qanunvericiliklə müəyyən edilmiş hüquqlardan istifadə edilməsinin təmin olunmasına çətinlik yaradır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 149.2 və 149.2.2-ci maddələrinə əsasən ərizədə iddiaçının, onun nümayəndəsinin (əgər iddia ərizəsini nümayəndə təqdim edirsə), cavabdehin və işdə iştirak edən digər şəxslərin, şahidin və məhkəmə iclasına dəvət etmək istədiyi digər şəxslərin soyadı, adı, atasının adı (hüquqi şəxsə münasibətdə adı), şəxsiyyəti eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, olduğu halda – iş yerinin ünvanı, telefon nömrələri, o cümlədən mobil telefon nömrələri, elektron poçt ünvanı, cavabdehin və işdə iştirak edən digər şəxslərin eyniləşdirmə məlumatları (şəxsiyyət vəsiqəsinin seriya nömrəsi və ya VÖEN, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, xarici hüquqi şəxslərin və ya onların nümayəndəsinin eyniləşdirmə məlumatları) göstərilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 151.1-ci maddəsinə əsasən, iddia ərizəsi Bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 152.1 və 152.1.1-ci maddələrinə müvafiq olaraq, iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 152.2-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır. “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “20” dekabr 2024cü il tarixli, 15 nömrəli qərarının 1, 1.2 və 1.2.1.-ci bəndlərindən görünür ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 2016-cı il 28 mart tarixli 8-2/2016 nömrəli Qərarında 8-ci bənd üzrə 8.4-cü bəndə “8.4-2. Nəzərə alınmalıdır ki, Ailə Məcəlləsinin 110.1-ci maddəsinə əsasən bu Qərarın 8.4-1-ci bəndində göstərilən qaydada tutulan alimentin indeksasiyası ölkə üzrə müəyyən edilən minimum əmək haqqı məbləğinin artımına mütənasib olaraq alimentin tutulmasını həyata keçirən təşkilatın müdiriyyəti (borclunun rəsmi iş yerinin olduğu halda işəgötürən, rəsmi iş yerinin olmadığı halda isə icra qurumunun rəhbəri) tərəfindən müəyyən edilməlidir. Qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində sabit pul məbləğində tutulan alimentin konkret məbləğlə ifadə edildiyi hallarda, indeksasiya maraqlı tərəfin ərizəsi əsasında icraya nəzarət edən məhkəmə tərəfindən MPM-in 232-ci maddəsində nəzərdə tutulmuş qaydada qərardadın qəbul edilməsi yolu ilə həyata keçirilməlidir. Qərardad qəbul edilərkən indeksasiyanın bu Qərarın 8.4-1-ci bəndində göstərilən qaydada aparılmalı olması, habelə qanunvericilikdə alimentin indeksasiyasının yeganə meyar kimi ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqı məbləğinin artımı ilə şərtləndirildiyi nəzərə alınmalıdır (məsələn, 2019-cu ildə qəbul edilmiş qətnamə ilə bir uşağın saxlanılması üçün 125 manat sabit pul məbləğində alimentin tutulması qət edilibsə, məhkəmə 2024-cü ildə indeksasiyanı həyata keçirən zaman qüvvədə olan qətnamə ilə tutulmuş alimentin miqdarının 2019-cu il üzrə müəyyən edilmiş 250 manat məbləğində minimum əmək haqqının 0,5 mislini təşkil etdiyini nəzərə alaraq, qərardadın nəticə hissəsində tutulan alimentin məbləğinin ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,5 misli həddində indeksasiya olunması şəklində göstərməlidir).” məzmununda 8.4-2-ci yarımbəndin əlavə edilməsi qərara alınmışdır. Plenum qərarın yuxarıda qeyd edilən bəndinin məzmunundan görünür ki, alimentin minumum əmək haqqına münasibətdə indeksasiya olunması nəzərdə tutulmuşdur. Ərizəçi isə ərizəsində alimentin 2025-ci il üzrə yaşayış minumumuna indeksasiya olunmasını xahiş etmişdir. Beləliklə, məhkəmə ərizəni araşdırıb hesab edir ki, X2nın alimentin icra icraatı qaydasında indeksasiya olunması tələbi barədə ərizəsi qanunvericiliyin tələblərinə əməl edilmədən verildiyi üçün geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 152.2, 152.3, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, q ə r a r a a l d ı m: X3 alimentin icra icraatı qaydasında indeksasiya olunması tələbinə dair ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Qərardaddan, o tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Naxçıvan Şəhər Məhkəməsinə şikayət verilə bilər. Hakim: Gülsüm Əliyeva.
Məhkəmə qərarları › İş №8(078)-31/2025
Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qərardad — İş №8(078)-31/2025
31.01.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver