Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № 8(078)-41/2023 07.04.2023 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Səfərəliyeva Gülnar Xanlar qızının sədrliyi, Bağırova Nigar Ənvər qızının katibliyi ilə, Naxçıvan Şəhər Məhkəməsinin binasında Naxçıvan Şəhər Məhkəməsinin 15 noyabr 2022-ci il tarixli e-2(078)-1083/2022 nömrəli qətnaməsinin hissə-hissə icra edilməsinə dair X3 tərəfindən verilmiş ərizəyə açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: X3 ərizə ilə müraciət edərək Naxçıvan Şəhər Məhkəməsinin 15 noyabr 2022-ci il tarixli e-2(078)-1083/2022 nömrəli qətnaməsinin hissə-hissə (aylıq əmək haqqısından hər ay 100 manat) tutulmaqla icra edilməsi barədə qərardad çıxarılmasını xahiş etmişdir. X3 ərizəsində bidlirmişdir ki, Naxçıvan Şəhər Məhkəməsinin 15 noyabr 2022-ci il tarixli e-2(078)-1083/2022 nömrəli qətnaməsi ilə ondan və digər cavabdeh X2 birgə qaydada 24 sentyabr 2020-ci il tarixli İK2409/04 saylı kredit müqaviləsinə əsasən xx.xx.2022-ci il tarixə 3738.57 (üç min yeddi yüz otuz səkkiz manat əlli yeddi qəpik) manat əsas, 810.89 (səkkiz yüz on manat səksən doqquz qəpik) manat faiz, 476.99 (dörd yüz yetmiş altı manat doxsan doqquz qəpik) manat cərimə borcu olmaqla ümumilikdə 5026.45 (beş min iyirmi altı manat qırx beş qəpik) manat məbləğində kredit borcunun tutularaq iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməsi qət edilmişdir. O, sözügedən qətnamə icraya yönəldiyi tarixdən bəri cəmi 100 manat ödəniş edib. O, hazırda Bakı şəhərində Bakı Konqres Mərkəzində təhlükəsizlik işində işləyir, aylıq əmək haqqısı 700 manatdır. Bakı şəhərində aylıq 300 manata kirayə yaşayır, ailəlidir, 1 azyaşlı övladı var, həyat yoldaşı heç bir yerdə işləmir. Əmək haqqısından 300 manat kirayə və 152 manat "xxxx" ASC-nə olan borcunu ödədikdən sonra 298 manat pulu qalır ki, bu da ailəsinin aylıq təminatını ödəmir. Sözügedən qətnamənin icrası onun iş yerinə yönəldilmiş və hər ay əməkhaqqısının 50 %-i kredit borcu üçün tutulur. Maddi vəziyyəti pis olduğundan o, borcunu əmək haqqısından deyil, hər ay 100 manat olmaqla ödəyə bilər. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş tərəflər məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.2-ci maddəsinə əsasən işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş bu maddədə qeyd olunan şəxslərin gəlməməsi məhkəmə qarşısında qoyulmuş məsələnin həll edilməsinə mane olmur. Məhkəmə işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını və ərizənin dəlillərini araşdıraraq hesab edir ki, ərizə təmin edilməməlidir. İş materiallarından müəyyən edilir ki, Naxçıvan Şəhər Məhkəməsinin 15 noyabr 2022-ci il tarixli e-2(078)-1083/2022 nömrəli qətnaməsi ilə iddiaçı "xxxx" ASC-nin cavabdehlər X7 və X4 qarşı kredit üzrə borcun ödənilməsi tələbinə dair iddiası təmin olunaraq cavabdehlər X5 və X2 birgə qaydada 24 sentyabr 2020-ci il tarixli İK2409/04 saylı kredit müqaviləsinə əsasən xx.xx.2022-ci il tarixə 3738.57 (üç min yeddi yüz otuz səkkiz manat əlli yeddi qəpik) manat əsas, 810.89 (səkkiz yüz on manat səksən doqquz qəpik) manat faiz, 476.99 (dörd yüz yetmiş altı manat doxsan doqquz qəpik) manat cərimə borcu olmaqla ümumilikdə 5026.45 (beş min iyirmi altı manat qırx beş qəpik) manat məbləğində kredit borcu tutularaq iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməsi, iddiaçı "xxxx" ASC tərəfindən iddia qaldırılması üçün xx.xx.2022-ci il tarixdə Hökümət ödəniş portalında və ya AsanPay vasitəsilə ********* qəbz nömrəsi ilə ödənilmiş 70.26 (yetmiş manat iyirmi altı qəpik) manat dövlət rüsumunun cavabdehlər X5 və X2 müştərək qaydada alınaraq iddiaçı təşkilata qaytarılması qət edilmişdir. Məhkəmə aşağıda qeyd olunanlara əsasən borcun hissə-hissə ödənilməsi barədə ərizəni təmin edilməməsi qənaətinə gəlir və gəldiyi nəticəni aşağıdakılarla əsaslandırır. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinə əsasən məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Qanunvericilik, məhkəmə icraatı tərəflərinin hüquqlarını və qanuni maraqlarını nəzərə alaraq məhkəmə aktlarının icrasının hissə-hissə həyata keçirilməsi, həmçinin onların icrasına möhlət verilməsi institutlarını nəzərdə tutmuşdur. “İcra haqqında” Azərbaycan Respublikası Qanunun 15-ci maddəsinə əsasən tərəflər icra sənədinin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icrası, yaxud icra sənədinin icrası üsulunun və qaydasının dəyişdirilməsi haqqında işə baxmış məhkəməyə müraciət edə bilərlər. Borclunun əmlak vəziyyətini və digər hallarını nəzərə alaraq məhkəmə həmin müraciətlərə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231-ci maddəsi ilə müəyyən edilmiş qaydada baxır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.1-ci maddəsinə əsasən işə baxmış hakim, işdə iştirak edən şəxslərin ərizəsi üzrə tərəflərin əmlak vəziyyətinə və digər hallara əsasən qətnamənin icrasına möhlət verməyə və ya qətnaməni hissə-hissə icra etdirməyə, habelə onun icra üsulunu və qaydasını dəyişdirməyə haqlıdır. Göründüyü kimi, qanunvericilik işdə iştirak edən şəxslərin ərizəsi əsasında qətnamənin hissə-hissə icra olunmasının mümkünlüyünü müəyyən etməklə yanaşı bunu ilk növbədə tərəflərin əmlak vəziyyətindən, eləcə də işin digər diqqətə layiq hallarından asılı etmişdir. Məhkəmə ilk növbədə borclunun əmlak vəziyyətinin ağırlığını nəzərə almalı, bu zaman həm də tələbkarın əmlak mənafelərini də nəzərdən qaçırmamalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun «Məhkəmə qətnaməsi haqqında» 04 noyabr 2005-ci il tarixli 4 saylı qərarının 12-ci bəndinə əsasən qətnamənin icrasına möhlət verilməsi, və ya onun hissə-hissə icra edilməsi, qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsi müstəsna hal olub, qətnamənin icrası üçün çətinlik törədən və yaxud borclu üçün yaranmış əlverişsiz hallarda tətbiq oluna bilər. Məhkəmələr bu məsələləri həll etdikdə təkcə borclunun deyil, tələbkarın mənafeyini də nəzərə almalıdırlar. "Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı "İnsan hüquqlannın və əsas azadlıqların müdafıəsi haqqında" Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 30 mart 2006-cı il tarixli qərarının 6-cı bəndində deyilir ki, mülki işlər üzrə məhkəmə baxışı müddəti iddia ərizəsinin məhkəməyə daxil olduğu vaxtdan başlayır və məhkəmə qərarının icrasının başa çatmasına kimi davam edir. Hər bir iş üzrə “ağlabatan müddət” konkret işin xarakterindən, mürəkkəbliyindən, ərizəçinin proseslə bağlı davranışından asılı olaraq müəyyənləşdirilməlidir. Konvensiyanın 6-cı maddəsinə əsasən məhkəmə qətnaməsinin icrası müddəti məhkəmə baxışının tərkib hissəsi kimi qiymətləndirilir. Məhkəmələr məhkəmə aktlarının icrasına möhlət verilməsi, icranın dayandırılması, icra üsulunun dəyişdirilməsi, həmçinin məhkəmə icraçılarının hərəkətlərindən verilən şikayətlərlə əlaqədar məsələlərə baxarkən Konvensiyanın məhkəmə qətnamələrinin ağlabatan müddətdə icra olunması tələbini nəzərə almalıdırlar. Qeyd edilməlidir ki, Avropa İnsan Hüquqları Məhkəməsi özünün bir çox qərarlarında məhkəmə aktlarının vaxtında icra edilməməsini ədalətli məhkəmə araşdırmasının həyata keçirilməsinin təmin edilməməsi kimi qiymətləndirmişdir. Məhkəmə nəzərə alır ki, borclu qətnamənin hissə-hissə icrasına dair ərizə ilə müraciət edərkən bunun səbəbi kimi maddi vəziyyətinin əvvəlki dövrlərdən fərqli olaraq ağır olduğunu göstərsə də, əmlak vəziyyətinin ağırlığını təsdiq edən hər hansı mötəbər sübutu məhkəməyə təqdim etməmişdir. Məhkəmə hesab edir ki, qətnamənin icrasını mümkünsüz edə bilən borclunun əmlak vəziyyətinin ağırlığı ilə bağlı hallar sübuta yetirilmədiyinə görə, həmçinin tələbkarın və digər borclunun da mənafeyi nəzərə alınmaqla ərizə təmin oluna bilməz. Məhkəmə həmçinin qeyd edir ki, tərəflərin əmlak vəziyyəti ilə bağlı olmayan hallarla əlaqədar qətnamənin hissə-hissə icra olunmasını təmin etmək həm də o zaman mümkündür ki, borclu ilə bağlı yaranmış və qətnamənin icrasını mümkünsüz edən ciddi əlverişsiz halların mövcudluğu mötəbər sübutlarla təsdiq olunsun. Bu mənada nəzərə alınmalıdır ki, borclu məhkəməyə qətnamənin icrasını mümkünsüz edən əlverişsiz halların mövcudluğunu sübut edən sübutları məhkəməyə təqdim edə bilməmişdir. Bundan başqa, məhkəmə həmçinin borcludan tutulmalı olan məbləğin miqdarını, borclu tərəfindən qətnamə icraya yönəldiyi vaxtdan tələbkara ödəməli olduğu 5026.45 (beş min iyirmi altı manat qırx beş qəpik) manatın ödənilməsi üçün ərizədə ödənilməsi təklif olunan məbləğin (100 manat) kifayət qədər az olmasını və həmin məbləğlə borcun hissə-hissə ödənilməsi təmin ediləcəyi təqdirdə tələbkara olan borcun 5 ilə yaxın müddət ərzində ödənilməli olmasını, bunun isə icra işi üzrə tələbkarın və digər borclunun maraqlarına və mənafeyinə uyğun olmamasını nəzərə almaqla ərizənin təmin edilməsini ədalətli və ağlabatan hesab etmir. Beləliklə, qeyd edilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, X1 borcun hissəhissə icra edilməsi barədə ərizəsi təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231, 267-269-cü maddələrini rəhbər tutaraq məhkəmə q ə r a r a a l d ı: X1 borcun hissə-hissə icra edilməsi barədə ərizəsi təmin edilməsin. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində qərardadı qəbul edən məhkəməyə şikayət verilə bilər. Hakim: Gülnar Səfərəliyeva
Məhkəmə qərarları › İş №8(078)-41/2023
Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qərardad — İş №8(078)-41/2023
07.04.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver