Azərbaycan Respublikası adından QƏRARDAD Ordubad şəhəri İş № 8(080)-64/2025 19.12.2025 NAXÇIVAN MR ORDUBAD RAYON MƏHKƏMƏSİ Hakim Haqverdiyev Tural Ziyat oğlunun sədrliyi, Seyidli Fizzə Elşad qızının katibliyi, Ərizəçi Tələbkar, Borclu iştirakları ilə, Ordubad Rayon Məhkəməsinin 22 iyun 2017-ci il tarixli 2(080)-98/2017 saylı qətnaməsi üzrə “alimentin məbləğinin indeksasiyası”na dair ərizəçi (tələbkar) Tələbkar ərizəsinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi: Tələb:
1. Ərizəçi Tələbkar maraqlı şəxs (borclu) Borclu qarşı “alimentin məbləğinin indeksasiyası” tələbinə dair ərizə ilə Ordubad rayon Məhkəməsinə müraciət edərək, məhkəmədən Ordubad Rayon Məhkəməsinin 2(080)-98/2017 saylı mülki iş üzrə 22 iyun 2017-ci il tarixli qətnaməsi ilə 31 may 2016-cı il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün qət edilmiş aliment məbləğinin indeksasiyasını aparmaqla minimum əmək haqqı (400 manat) məbləğinin 0.96 mislində müəyyən olunması barədə qərardad qəbul edilməsini xahiş etmişdir.
Tələbin əsaslandığı hallar:
2. Ordubad Rayon Məhkəməsinin 2(080)-18/2020 saylı mülki iş üzrə 12 iyun 2020-ci il tarixli qətnaməsi ilə cavabdehlə arasında olan nikah pozulmuş, nikah pozulduqdan sonra birgə nikahlarından anadan olmuş 31 may 2016-cı il tarixdə X3 onun yanında saxlanılmışdır, Ordubad Rayon Məhkəməsinin 2(080)-98/2017 saylı mülki iş üzrə 22 iyun 2017-ci il tarixli qətnaməsi ilə 31 may 2016-cı il tarixdə X1 üçün Borclu hər ay 150 manat alimnet pulunun tutularaq ona verilməsi qət edilmişdir. Hazırda alimentin məbləğinin artırılmasına ehtiyacının olmasını nəzərə alaraq ölkə ərazisində minimum əmək haqqına nisbətdə alimentin məbləğinin artırılmasını zəruri hesab edir.
Tərəflərin mövqeləri:
3. Məhkəmə iclasında iştirak edən ərizəçi Tələbkar alimentin indeksasiya edilməsi barədə qərardad qəbul edilməsini xahiş etdi.
4. Məhkəmə iclasında iştirak edən Borclu alimentin indeksasiya edilməsinə etiraz edərək, himayəsində yaşlı anasının olduğunu 386 manat əmək haqqı aldığını, maddi vəziyyətinin aşağı olduğunu bildirdi.
İş materialları :
5. Ordubad Rayon Məhkəməsinin 2(080)-18/2020 saylı mülki iş üzrə 12 iyun 2020-ci il tarixli qətnaməsindən görünür ki, iddiaçı Tələbkar və cavabdeh Borclu arasında Ordubad rayon Qeydiyyat Şöbəsində 15 aprel 2015-ci il tarixdə bağlanmış, həmin tarixdə nikahın bağlanması haqqında akt qeydləri kitabında 02 nömrə ilə qeyd edilmiş nikah pozulması, Nikahın pozulmasından sonra xx.xx.2016-cı il təvəllüdlü X2 Qumru Vahid qızının yanında saxlanılsı qət edilmişdir. Ordubad Rayon Məhkəməsinin 2(080)-98/2017 saylı mülki iş üzrə 22 iyun 2017-ci il tarixli qətnaməsindən görünür ki, Ordubad Rayonu Vələver kəndində xx.xx.1984-cü ildə anadan olmuş və həmin kənddə qeydiyyatda olan Borclu xx.xx.2017-ci il başlayaraq hər ay 150 (bir yüz əlli) manat sabit pul məbləğin tutularaq xx.xx.2016-cı il tarixdə anadan olmuş X3 yetkinlik yaşma çatanadək saxlanması üçün anası Tələbkar xeyrinə ödənilməsi qət edilmişdir.
Tətbiq edilən hüquq :
6. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi:
232.1. Tərəflərin ərizəsi üzrə işə baxmış məhkəmə qətnamənin icrası zamanı tutulmalı pul məbləğlərinin müvafiq indeksasiyasını həyata keçirə bilər. 232.2. Ödənilməli pul məbləğlərinin indeksasiyası barədə ərizəyə məhkəmə iclasında baxılır. İşdə iştirak edən şəxslər məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilirlər, lakin onların gəlməməsi məhkəmə qarşısında qoyulmuş məsələnin həll edilməsinə mane olmur. 232.3. Ödənilməli pul məbləğlərinin indeksasiyası barədə məhkəmə qərardadından şikayət verilə bilər.
7. Azərbaycan Respublikası Ailə Məcəlləsi:
110.1. Məhkəmə qətnaməsi ilə sabit pul məbləğində tutulan alimentin indeksasiyası aliment tutan təşkilatın müdiriyyəti tərəfindən müəyyən olunmuş minimum əmək haqqı məbləğinin artımına mütənasib olaraq müəyyən edilir. 110.2. Alimentin indeksiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir.
8. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 2016-cı il 28 mart tarixli 8-2/2016 nömrəli Qərarının 8.4-2-ci bəndi:
Nəzərə alınmalıdır ki, Ailə Məcəlləsinin 110.1-ci maddəsinə əsasən bu Qərarın 8.4-1-ci bəndində göstərilən qaydada tutulan alimentin indeksasiyası ölkə üzrə müəyyən edilən minimum əmək haqqı məbləğinin artımına mütənasib olaraq alimentin tutulmasını həyata keçirən təşkilatın müdiriyyəti (borclunun rəsmi iş yerinin olduğu halda işəgötürən, rəsmi iş yerinin olmadığı halda isə icra qurumunun rəhbəri) tərəfindən müəyyən edilməlidir. Qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində sabit pul məbləğində tutulan alimentin konkret məbləğlə ifadə edildiyi hallarda, indeksasiya maraqlı tərəfin ərizəsi əsasında icraya nəzarət edən məhkəmə tərəfindən MPM-in 232- ci maddəsində nəzərdə tutulmuş qaydada qərardadın qəbul edilməsi yolu ilə həyata keçirilməlidir. Qərardad qəbul edilərkən indeksasiyanın bu Qərarın 8.4-1-ci bəndində göstərilən qaydada aparılmalı olması, habelə qanunvericilikdə alimentin indeksasiyasının yeganə meyar kimi ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqı məbləğinin artımı ilə şərtləndirildiyi nəzərə alınmalıdır (məsələn, 2019-cu ildə qəbul edilmiş qətnamə ilə bir uşağın saxlanılması üçün 125 manat sabit pul məbləğində alimentin tutulması qət edilibsə, məhkəmə 2024-cü ildə indeksasiyanı həyata keçirən zaman qüvvədə olan qətnamə ilə tutulmuş alimentin miqdarının 2019-cu il üzrə müəyyən edilmiş 250 manat məbləğində minimum əmək haqqının 0,5 mislini təşkil etdiyini nəzərə alaraq, qərardadın nəticə hissəsində tutulan alimentin məbləğinin ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,5 misli həddində indeksasiya olunması şəklində göstərməlidir).
9. “Azərbaycan Respublikasında vətəndaşların pul gəlirlərinin və əmanətlərinin indeksləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanunu:
1-ci maddə. İndeksləşdirmə Azərbaycan Respublikasının ərazisində istehlak qiymətlərinin artması ilə əlaqədar olaraq əhalinin alıcılıq qabiliyyətini qorumaq məqsədilə vətəndaşların pul gəlirlərini və əmanətlərini artırmağın dövlət tərəfindən müəyyən edilmiş mexanizmdir. 3-cü maddə. Aliment indeksləşdirmənin obyektlərindən biridir
Məhkəmənin mövqeyi :
10. Məhkəmə ərizəni və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib, iş materiallarını araşdıraraq qeyd edir ki, aşağıda göstərilənlərə əsasən ərizə təmin edilməlidir.
11. Ərizəçi Tələbkar Borclu qarşı “alimentin məbləğinin indeksasiyası” na dair ərizəsini Ordubad Rayon Məhkəməsinin 2(080)-98/2017 saylı mülki iş üzrə 22 iyun 2017-ci il tarixli qətnaməsi ilə aliment təyin edildikdən sonra ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqı məbləğinin artması ilə əsaslandırmışdır.
12. Ordubad Rayon Məhkəməsinin 2(080)-98/2017 saylı mülki iş üzrə 22 iyun 2017-ci il tarixli qətnaməsinə əsasən Borclu hər ay 150 (bir yüz əlli) manat sabit pul məbləğində aliment tutularaq xx.xx.2016-cı il tarixdə anadan olmuş X3 yetkinlik yaşma çatanadək saxlanması üçün anası Tələbkar xeyrinə tutulması qət edilmişdir.
13. Məhkəmə qeyd edir ki, müvafiq qətnamə ilə alimentin məbləği müəyyən edildikdən sonra ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqı məbləği artdığından ərizəçi (tələbkar) məhkəmə tərəfindən təyin edilmiş alimentin miqdarının indeksasiya olunmasını tələb etməkdə haqlıdır.
14. Belə ki, “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2024-cü il tarixli Qərarı ilə Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 2016-cı il 28 mart tarixli 8-2/2016 nömrəli Qərarının 8.4-cü bəndinə aşağıdakı məzmunda 8.4-1-ci yarımbənd əlavə edilmişdir: - Nəzərə alınmalıdır ki, Ailə Məcəlləsinin 110.1-ci maddəsinə əsasən bu Qərarın 8.4-1ci bəndində göstərilən qaydada tutulan alimentin indeksasiyası ölkə üzrə müəyyən edilən minimum əmək haqqı məbləğinin artımına mütənasib olaraq alimentin tutulmasını həyata keçirən təşkilatın müdiriyyəti (borclunun rəsmi iş yerinin olduğu halda işəgötürən, rəsmi iş yerinin olmadığı halda isə icra qurumunun rəhbəri) tərəfindən müəyyən edilməlidir. Qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində sabit pul məbləğində tutulan alimentin konkret məbləğlə ifadə edildiyi hallarda, indeksasiya maraqlı tərəfin ərizəsi əsasında icraya nəzarət edən məhkəmə tərəfindən MPM-in 232-ci maddəsində nəzərdə tutulmuş qaydada qərardadın qəbul edilməsi yolu ilə həyata keçirilməlidir. Qərardad qəbul edilərkən indeksasiyanın bu Qərarın 8.4-1-ci bəndində göstərilən qaydada aparılmalı olması, habelə qanunvericilikdə alimentin indeksasiyasının yeganə meyar kimi ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqı məbləğinin artımı ilə şərtləndirildiyi nəzərə alınmalıdır.
15. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2024-cü il tarixli Sərəncamına əsasən minimum aylıq əmək haqqının məbləği 400 manat olaraq müəyyən edilmişdir.
16. Belə olan halda məhkəmə Ali Məhkəmənin formalaşdırdığı hüquqi mövqeyə əsasən qeyd edir ki, hazır ki ərizə alimentin ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqı məbləğinin artımı ilə şərtləndirildiyindən və ölkə üzrə minimum əmək haqqının miqdarı artdığından məhkəmə qətnaməsi ilə cavabdehdən iddiaçının xeyrinə tutulan aliment məbləği 2017-ci ilin ayında aliment müəyyən edilən zaman həmin il üzrə müəyyən edilmiş minimum əmək haqqı məbləğinə uyğun olaraq indeksasiya edilməlidir.
17. Məhkəmə həmçinin qeyd etməyi zəruri hesab edir ki, qanunverici tərəfindən ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqı məbləğinin artımı ilə əsaslandırılan alimentin indeksasiyası barədə ərizələrə baxılarkən əvvəlki alimentə dair məhkəmə aktı ilə müəyyən edilmiş aliment məbləğinin müvafiq indeksasiyanın həyata keçirilməsi məhkəmənin vəzifəsi olaraq müəyyən edilmişdir. Hazırki ərizələrə baxılan zaman məhkəmə əvvəlki alimentə dair məhkəmə aktı ilə müəyyən edilmiş aliment məbləğinin müvafiq qaydada indeksasiyasını həyata keçirir, yeni məbləğ müəyyən etmir. Eyni zamanda Məhkəmə hesab edir ki, aliment öhdəliyi valideynin uşağa münasibətdə daşıdığı hüquqi və mənəvi məsuliyyətin ayrılmaz tərkib hissəsidir. Uşağın layiqli həyat səviyyəsinin təmin edilməsi, onun fiziki, mənəvi və sosial inkişafı Azərbaycan Respublikasının Konstitusiyasının 17-ci maddəsinə, habelə Azərbaycan Respublikası Ailə Məcəlləsinin müvafiq normalarına əsasən dövlətin xüsusi himayəsi altındadır. Hazırkı mübahisə üzrə məhkəmə tərəfindən yeni aliment məbləğinin müəyyən edilməsi və ya cavabdehin maddi vəziyyətinin yenidən qiymətləndirilməsi həyata keçirilmir. Məhkəmə yalnız əvvəl çıxarılmış və qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə müəyyən edilmiş 150 manat aliment məbləğinin iqtisadi proseslər və pul vahidinin alıcılıq qabiliyyətinin dəyişməsi nəzərə alınmaqla indeksasiya edilməsini təmin edir. Bu isə qanunvericiliyin tələblərindən irəli gələn obyektiv hüquqi mexanizmdir. Məhkəmə qeyd edir ki, aliment öhdəliyinin indeksasiyası cavabdeh üçün yeni və əlavə öhdəlik yaratmır, əksinə, əvvəl müəyyən edilmiş məbləğin real dəyərinin saxlanılmasına, uşağın gündəlik və zəruri tələbatlarının adekvat şəkildə ödənilməsinə xidmət edir. Uşağın ehtiyacları zaman keçdikcə artdığı halda, alimentin nominal məbləğinin dəyişməz qalması onun faktiki təminat səviyyəsinin azalmasına səbəb olur ki, bu da uşağın mənafeyinə ziddir. Cavabdehin etirazları məhkəmə tərəfindən qiymətləndirilsə də, qeyd edilməlidir ki, aliment öhdəliyi valideynin şəxsi iqtisadi çətinlikləri ilə şərtlənən müvəqqəti hal deyil, qanunla müəyyən edilmiş davamlı məsuliyyətdir. Bu öhdəliyin icrası uşağın valideyninə olan etimadının, ailə bağlarının və ata-övlad münasibətlərinin qorunmasına xidmət edir. Məhkəmə hesab edir ki, ata tərəfindən övladının təminatına yönəlmiş bu vəsait yalnız maddi xarakter daşımır, eyni zamanda valideynin övladının həyatında mövcudluğunu və məsuliyyətini ifadə edir. Bu, uşağın gələcəkdə özünü cəmiyyətin tamhüquqlu üzvü kimi formalaşdırmasına, ailə dəyərlərinə hörmət ruhunda böyüməsinə mühüm töhfə verir.Dövlət, məhkəmə vasitəsilə, bu kateqoriyadan olan işlərdə tərəflərin subyektiv mövqelərindən deyil, uşağın üstün mənafeyindən çıxış edir. Alimentin indeksasiyası tədbiri məhz bu prinsipə əsaslanmaqla, sosial ədalətin və hüquqi sabitliyin təmin edilməsinə yönəlmişdir.Məhkəmə belə nəticəyə gəlir ki, aliment məbləğinin indeksasiya edilməsi cavabdehin hüquqlarını pozmur, əksinə, onun valideynlik vəzifəsini hüquqi müstəvidə möhkəmləndirir və uşağın layiqli həyat şəraitinin qorunmasına xidmət edir.
Nəticə :
18. Beləliklə, məhkəmə qeyd edir ki, Ordubad rayon Məhkəməsinin 2(080)-98/2017 saylı 22 iyun 2017-ci il tarixli qətnaməsi üzrə alimentin indeksasiya edilməsi barədə ərizə təmin edilməli, 31 may 2016-cı il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanması üçün Borclu sonrakı artımlar nəzərə alınmaqla, hər ay hər uşaq üçün ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0.96 (sıfır doğsan altı) misli həddində sabit pul məbləğində aliment tutulmalıdır.
19. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 232, 263-264, 268, 395, 396-cə maddələrini rəhbər tutaraq, məhkəmə
Qərara Aldı: Ərizə təmin edilsin. Ordubad rayon Məhkəməsinin 2(080)-98/2017 saylı 22 iyun 2017-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş aliment indeksasiya olunsun. xx.xx.2025-ci il tarixdən hesablanmaqla 31 may 2016-cı il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanması üçün Borclu sonrakı artımlar nəzər alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0.96 (sıfır doxsan altı) misli həddində sabit pul məbləğində aliment tutulsun. Qərardaddan, qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron Məhkəmə İnformasiya Sistemi”ndə yaradılan elektron kabinet vasitəsilə Ordubad rayon Məhkəməsinə şikayət verilə bilər.
Hakim: Tural Haqverdiyev