Məhkəmə qərarları › İş №8(080)-9/2025

Naxçıvan MR Ordubad Rayon Məhkəməsi Qərardad — İş №8(080)-9/2025

21.02.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Ordubad şəhəri İş № 8(080)-9/2025 21.02.2025 NAXÇIVAN MR ORDUBAD RAYON MƏHKƏMƏSİ Hakim Haqverdiyev Tural Ziyat oğlunun sədrliyi, X3 məhkəmə iclas katibliyi ,X1nın iştirakı ilə,X1nın “alimentin indeksasiya olunması” barədə ərizəsinə Ordubad Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: X1 ərizə ilə məhkəməyə müraciət edərək Ordubad rayon Məhkəməsinin 27 may 2021-ci il tarixli, 2(0110)-44/2021 nömrəli qətnaməsi ilə yetkinlik yaşına çatmamış 06 oktyabr 2020-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanması üçün qət edilmiş 110 manat sabit məbləğdə alimentin icra icraatı qaydasında 2015-ci il üzrə yaşayış minumuna indeksasiya olunmasını xahiş etmişdir. X1 ərizəsində Borclu ilə aralarında 2019-cu ildə Ordubad rayon Qeydiyyat Şöbəsində bağlanmış nikah qeydi Ordubad rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(080)-44/2021 saylı qətnaməsinə əsasən pozulduğunu, Ordubad rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(080)-44/2021 saylı qətnaməsinə əsasən birgə nikahdan doğulmuş 06 oktyabr 2020-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün 110 manat miqdarında sabit pul məbləğində alimentin Borclu tutularaq onun xeyrinə ödənilməsi qət edildiyini, haliyədə övladı böyüyüb, zəruri tələbatları artdığını, Məhkəmə qətnaməsi ilə müəyyən olunmuş 110 manat məbləğinə aliment övladlarının saxlanılması və gündəlik zəruri tələbatının qarşılanması üçün kifayət etmədiyini, Borclu isə aliment ödəməkdən başqa övladlarının digər tələbatlarını ödəməyə lazımi köməklik etmədiyini, ona görə də Məhkəmə qətnaməsi ilə qət edilmiş aliment məbləğinin artırılmasını istədiyini bildirmişdir. Məhkəmə iclasında iştirak edən X1 ərizədə qeyd etdiyi xüsusatlarla eyni məzmunlu izahat verərək məhkəmədən ərizənin təmin olunmasını xahiş etmişdir. Borcluya məhkəmə iclasının yeri və vaxtı barədə xəbərdar edilmiş, lakin o, məhkəməyə gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikasının MPM-in 231.2-ci maddəsinə müvafiq olaraq ərizəyə borclunun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Ərizəyə əlavə edilmiş: - Ordubad rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş 05 noyabr 2021-ci il tarixli AZ-İ № 400738 nömrəli nikahın pozulması haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, Borclu ilə X6 arasında bağlanmış nikaha 01 iyul 2021-ci il tarixdə xitam verilmiş, bu barədə nikahın pozulması haqqında akt qeydləri kitabında 01 iyul 2021-ci il tarixdə 39 nömrə ilə qeyd edilmişdir. Nikah pozulduqdan sonra qadına “Qocalı” soyadı verilmişdir; - 631571 nömrəli doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, iş üzrə tərəflər xx.xx.2020-ci il təvəllüdlü X5 valideynləridir; -Ordubad Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(080)-44/2021 saylı qətnamənin surətindən görünür ki, X2 Borclu qarşı nikahın ləğv edilməsi tələbinə dair iddiası təmin edilmiş, Cavabdeh ünvan 1 ünvanında qeydiyyatda olan Borclu xx.xx.2020-ci il təvəllüdlü X5 yetkinlik yaşına (on səkkiz yaşına) çatanadək saxlanılmalsı üçün 27 may 2021-ci il tarixdən başlayaraq hər ay 110 manat alınaraq iddiaçı Ordubad rayon Kələki kəndində yaşayan X2 xeyrinə ödənilməsi, alimentin tutulması 27 may 2021-ci il tarixdən hesablanması qət edilmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 20 dekabr 2024- cü il tarixli 15 nömrəli Qərarının: - 8.4-1 - ci bəndinə əsasən Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. İstinad edilən maddənin tələbindən göründüyü kimi məhkəmələr sabit pul məbləğində aliment təyin edərkən onun miqdarını ölkə üzrə minimum əmək haqqı məbləğinin müvafiq misli həddində müəyyən etməlidirlər (məsələn, Məhkəmə 2024-cü ildə bir uşağın saxlanmasına görə alimentin tutulması barədə iddiaya baxarkən alimenti 255 manat həddində müəyyən etmək istəyirsə, həmin il üzrə minimum əmək haqqı məbləğinin 0,74 mislində (345 x 0,74= 255 manat) alimentin tutulması barədə qətnamə qəbul etməklə, qətnamənin nəticə hissəsini “xx.xx.xxxx tarixindən başlayaraq yetkinlik yaşına çatmayan A-nın saxlanılması üçün B-dən C-nin xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,74 misli həddində sabit pul məbləğində aliment tutulsun” məzmununda ifadə etməlidir); - 8.4-2-ci bəndinə əsasən nəzərə alınmalıdır ki, Ailə Məcəlləsinin 110.1-ci maddəsinə əsasən bu Qərarın 8.4-1-ci bəndində göstərilən qaydada tutulan alimentin indeksasiyası ölkə üzrə müəyyən edilən minimum əmək haqqı məbləğinin artımına mütənasib olaraq alimentin tutulmasını həyata keçirən təşkilatın müdiriyyəti (borclunun rəsmi iş yerinin olduğu halda işəgötürən, rəsmi iş yerinin olmadığı halda isə icra qurumunun rəhbəri) tərəfindən müəyyən edilməlidir. Qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində sabit pul məbləğində tutulan alimentin konkret məbləğlə ifadə edildiyi hallarda, indeksasiya maraqlı tərəfin ərizəsi əsasında icraya nəzarət edən məhkəmə tərəfindən MPM-in 232-ci maddəsində nəzərdə tutulmuş qaydada qərardadın qəbul edilməsi yolu ilə həyata keçirilməlidir. Qərardad qəbul edilərkən indeksasiyanın bu Qərarın 8.4-1-ci bəndində göstərilən qaydada aparılmalı olması, habelə qanunvericilikdə alimentin indeksasiyasının yeganə meyar kimi ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqı məbləğinin artımı ilə şərtləndirildiyi nəzərə alınmalıdır (məsələn, 2019-cu ildə qəbul edilmiş qətnamə ilə bir uşağın saxlanılması üçün 125 manat sabit pul məbləğində alimentin tutulması qət edilibsə, məhkəmə 2024-cü ildə indeksasiyanı həyata keçirən zaman qüvvədə olan qətnamə ilə tutulmuş alimentin miqdarının 2019cu il üzrə müəyyən edilmiş 250 manat məbləğində minimum əmək haqqının 0,5 mislini təşkil etdiyini nəzərə alaraq, qərardadın nəticə hissəsində tutulan alimentin məbləğinin ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,5 misli həddində indeksasiya olunması şəklində göstərməlidir); - 8.11-1-ci bəndinə əsasən alimentin məhkəməyə müraciət edildiyi vaxtdan tutulmasına dair Ailə Məcəlləsinin 100.2-ci maddəsində nəzərdə tutulmuş qayda həmin Məcəllənin 112-ci maddəsinə əsasən artırılmış aliment məbləğinin tutulmasına da şamil edilir. Lakin nəzərə alınmalıdır ki, alimentin artırılmasına dair qətnamələr MPM-in 234.2.1-ci maddəsində nəzərdə tutulmuş dərhal icra edilən qətnamələrin sırasına aid edilməmişdir. Həmçinin Azərbaycan Respublikasının Ailə Məcəlləsinin: - 110.1-ci maddəsinə əsasən məhkəmə qətnaməsi ilə sabit pul məbləğində tutulan alimentin indeksasiyası aliment tutan təşkilatın müdiriyyəti tərəfindən müəyyən olunmuş minimum əmək haqqı məbləğinin artımına mütənasib olaraq müəyyən edilir; - 110.2-ci maddəsinə əsasən alimentin indeksiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. Məhəkəmə qeyd edir ki, “Minimum aylıq əməkhaqqının artırılması haqqında” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2013-cü il tarixli sərəncamı ilə minimumum aylıq əmək haqqının məbləği 2013-cü il sentyabrın 1-dən 105 manat müəyyən edilmişdir. Eyni zamanda “Əhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində tədbirlərin davam etdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2024-cü il tarixli sərəncamına əsasən minimum aylıq əmək haqqının məbləği xx.xx.2025-ci il tarixdən 400 manat həddində müəyyən edilmişdir. Ona görə də, məhkəmə qeyd edir ki, alimentin indeksasiyasının yeganə meyar kimi ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqı məbləğinin artımı ilə şərtləndirildiyi nəzərə alaraq Ordubad Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(080)-44/2021 saylı qətnaməsi ilə tutulan 110 məbləğində alimentin indeksasiyanı həyata keçirən zaman 110 manat məbləğində alimentin 2021ci il üzrə müəyyən edilmiş 196 manat minimum əmək haqqının 0.56 mislini təşkil etdiyini nəzərə alaraq, ərizə üzrə alimentin məbləğinin indeksasiyası ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0.53 misli həddində müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin: - 232.1-ci maddəsinə əsasən tərəflərin ərizəsi üzrə işə baxmış məhkəmə qətnamənin icrası zamanı tutulmalı pul məbləğlərinin müvafiq indeksasiyasını həyata keçirə bilər; - 232.2-ci maddəsinə əsasən ödənilməli pul məbləğlərinin indeksasiyası barədə ərizəyə məhkəmə iclasında baxılır. İşdə iştirak edən şəxslər məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilirlər, lakin onların gəlməməsi məhkəmə qarşısında qoyulmuş məsələnin həll edilməsinə mane olmur. Beləliklə də, məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməli, Ordubad Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(080)-44/2021 saylı qətnaməsi ilə tutulan aliment indeksasiya edilməli və 13 fevral 2025-ci il tarixdən başlayaraq xx.xx.2020-ci il təvəllüdlü X11 yetkinlik yaşına çatana qədər saxlanılması üçün Borclu sonrakı artımlar nəzərə alınmaqla hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,76 misli həddində sabit pul məbləğində aliment alınaraq X4 ödənilməlidir. Məhkəmə yuxarıda qeyd edilənləri və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 232, 263 - 264, 266 və 268-ci maddələrini rəhbər tutaraq, qərara aldı: Ərizə təmin edilsin. Ordubad Rayon Məhkəməsinin 27 may 2021-ci il tarixli 2(080)-44/2021 nömrəli qətnaməsi ilə müəyyən edilmiş aliment indeksasiya edilsin. 13 fevral 2025-ci ildən başlayaraq 06 oktyabr 2020-ci il təvəllüdlü X7 yetkinlik yaşına çatanadək saxlanılması üçün Borclu sonrakı artımlar nəzərə alınmaqla hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,56 misli həddində sabit pul məbləğində aliment alınaraq X4 ödənilsin. Qərardaddan, o, tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Ordubad Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən:Tural Haqverdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar