Məhkəmə qərarları › İş №8(089)-15/2023

Naxçıvan MR Culfa Rayon Məhkəməsi Qərardad — İş №8(089)-15/2023

25.06.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Culfa rayon İş № 8(089)-15/2023 25.06.2023 NAXÇIVAN MR CULFA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Mehrab Fərmayıl oğlunun sədrliyi, X1 iclas katibliyi, Culfa Rayon İcra və Probasiya bölməsinin icra məmuru X3 iştirakı ilə, Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair Culfa Rayon İcra və Probasiya bölməsinin 13 iyun 2023-cü il tarixli təqdimatına Culfa Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi : Culfa Rayon İcra və Probasiya bölməsinin icra məmuru X4 təqdimatla məhkəməyə müraciət etmiş, borclu Culfa şəhəri, M.S.Ordubadi küçəsi, ev 70 ünvanında qeydiyyatda olan Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qərardad çıxarılmasını xahiş etmişdir. Culfa Rayon İcra və Probasiya bölməsinin icra məmuru X4 təqdimatı onunla əsaslandırmışdır ki, Culfa Rayon Məhkəməsinin 2(089)-154/2022-006 nömrəli, 30 avqust 2022-ci il tarixli icra sənədi 06 oktyabr 2022-cı il tarixdə Culfa Rayon İcra və Probasiya bölməsinin icraatına daxil olmuşdur. İcra sənədində Borclu kredit müqaviləsi üzrə 796 manat borc, malın ödənilməmiş hissəsi üçün 796 manat cərimə borcu, 80 manat dəbbə pul və 38 manat ödənilmiş dövlət rüsumunun əvəzi olmaqla, cəmi 1710 manat məbləğində pul vəsaiti tutularaq Tələbkar xeyrinə ödənilməsi qeyd edilmişdir. İcra sənədinin icraata qəbul edilməsi barədə qərar qəbul edilmiş və qərar məlumat üçün tərəflərə göndərilmişdir. Həmin qərar və tələbin könüllü icrası barədə bildirişdə Borclu tələbin könüllü təmin edilməsi təklif olunmuş və tələb könüllü tam təmin edilmədiyindən barəsində məcburi icra tədbirlərinin həyata keçirəcəyi barədə borcluya xəbərdarlıq edilmiş və Culfa Rayon İcra və Probasiya bölməsinə dəvət olunmuş, lakin borclu X2 bölməyə gəlməkdən yayınmışdır. Borclu icra sənədi üzrə tələbi təmin etməmiş, bölməyə gəlməkdən yayınmış və nəticədə 01 iyun 2023-cü il tarixə 1710 manat pul borcu yaranmışdır. Borclu icra hərəkətlərinin həyata keçirilməsindən yayınır. Onun mülkiyyətində əmlakın olmaması, ölkə sərhədlərindən kənarda olduğu müəyyən edilmişdir. Məhkəmə iclasında iştirak etmiş Culfa Rayon İcra və Probasiya bölməsinin rəisi icra məmuru X4 təqdimatda göstərilənlərlə eyni məzmunlu izahat vermiş, icra sənədi üzrə 1710 manat borcun Borclu alınması üçün, onun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair qərardad çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə Borclu və Tələbkarnə rəsmi qaydada məlumat verilmiş, borclu və tələbkarın nümayəndəsi məhkəmə iclasına gəlməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 231.2-ci maddəsinə əsasən Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məsələyə borclu və tələbkarın nümayəndəsinin iştirakı olmadan baxmışdır. Məhkəmə təqdimat verən şəxsin izahatını dinləyib, təqdimata əlavə edilmiş sənədləri nəzərdən keçirib, belə nəticəyə gəlir ki, Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair təqdimat əsaslıdır, təmin olunmalıdır. Belə ki, təqdimata əlavə olunmuş sənədlərdən də Borclu tələbin icra olunması və icra hərəkətlərinin həyata keçiriləcəyi yeri və vaxt barədə məlumatlandırılmış, lakin Borclu tələbi təmin etməmiş, icra hərəkətlərinin həyata keçirilməsindən yayınmış, 1710 manat borcu var. Bu səbəbdən də Borclu ölkədən getmək hüququ barəsində olan icra sənədi tam icra olunanadək məhdudlaşdırılmalıdır. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin 1-ci hissəsinə əsasən məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 84-1.1-ci maddəsinə əsasən məhkəmə qərarları əsasında verilmiş icra sənədləri könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, borclunun ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərardadı ilə müvəqqəti məhdudlaşdırıla bilər. Azərbaycan Respublikası MPM-nin 231.3-cü maddəsinə görə Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması məsələsinə icra məmurunun olduğu yer üzrə məhkəmə tərəfindən baxılır. Göstərilənlərə və Azərbaycan Respublikası MPM-nin 263 və 264-cü maddələrini, “İcra haqqında” Azərbaycan Respublikası qanununun 84-1.1-ci maddəsini rəhbər tutaraq məhkəmə qərar verdi: Təqdimat təmin edilsin. xx xxxx 1989-cu il tarixdə ünvan 1 ünvanında qeydiyyatda olan Borclu ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılsın. Qərardaddan tərəflərə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Culfa Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Mehrab Məmmədov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar