Məhkəmə qərarları › İş №8(089)-23/2024

Naxçıvan MR Culfa Rayon Məhkəməsi Qərardad — İş №8(089)-23/2024

17.10.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Culfa rayon İş № 8(089)-23/2024 17.10.2024 NAXÇIVAN MR CULFA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Mehrab Fərmayıl oğlunun sədrliyi, X3 iclas katibliyi, Culfa rayon Məhkəməsinin e-2(089)-82/2023-009 nömrəli, 09 mart 2023-cü il tarixli icra sənədi üzrə Culfa Rayon İcra və Probasiya Bölməsinin rəisi X4 13 sentyabr 2024-cü il tarixli “icraata xitam verilməsi haqqında” qərarından tələbkar “X6” ASC-nin nümayəndəsi Nümayəndə şikayətinə baxaraq müəyyən etdim: Culfa rayon Məhkəməsinin 09 mart 2023-cü il tarixli, e-2(089)-82/2023-009 nömrəli icra sənədində borclu X1 384 manat 21 qəpik əsas borcun, 94 manat 79 qəpik faiz borcu, 4.41 qəpik cərimənin, 40 qəpik bank xidməti haqqının, 30 manat dövlət rüsumunun “X6” ASC-nin xeyrinə tutulması qeyd edilmişdir. “X6” ASC-nin nümayəndəsi Nümayəndə məhkəməyə ərizə ilə müraciət etmiş, Culfa rayon Məhkəməsinin 09 mart 2023-cü il tarixli, e-2(089)-82/2023-009 nömrəli icra sənədinin icraatına xitam verilməsi haqqında Culfa Rayon İcra və Probasiya Bölməsinin rəisi X4 13 sentyabr 2024-cü il tarixli qərarının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Ərizəsini onunla əsaslandırmışdır ki, Culfa rayon Məhkəməsi tərəfindən 09 mart 2023-cü il tarixdə borclu X1 384.21 manat əsas borcun, 94.79 manat faiz borcu, 4.41 manat cərimə borcu, 0.40 manat bank xidməti haqqı, 30 manat dövlət rüsumunun tutularaq “X6” ASC-nin xeyrinə ödənilməsinə dair e-2(089)-82/2023-009 nömrə ilə icra sənədi verilmişdir. İcra sənədi icrasının təmin edilməsindən ötrü Culfa rayon icra və Probasiya bölməsinə göndərilmişdir. Bölmənin rəisi Coşqun Əsgərli borclu X2 vəfat etdiyini əsas gətirmiş, icra sənədinin icraatına xitam verilməsi haqqında 13 sentyabr 2024-cü il tarixli qərar qəbul etmişdir. Hesab edir ki, həmin qərar əsassız olduğundan ləğv edilməlidir. Belə ki, İcra haqqında AR Qanununun 17.1.1-ci maddəsinə əsasən məhkəmənin müəyyənləşdirdiyi hüquq münasibəti vərəsəliyə və ya hüquq varisliyinə yol verirsə, borclu öldükdə, ölmüş və ya xəbərsiz itkin düşmüş elan edildikdə, habelə borclunun iflası barədə məhkəmə icraatına başlandıqda icra sənədi üzrə icraat məcburi olaraq dayandırılır. Həmin Qanunun 19.1.1-ci maddəsinə əsasən borclu öldüyü, ölmüş elan edildiyi, fəaliyyət qabiliyyəti olmayan sayıldığı, habelə borclunun iflası barədə məhkəmə icraatına başlandığı halda müvafıq olaraq vərəsələr və ya hüquq varisləri müəyyən edilənədək, məhkəmə tərəfindən xəbərsiz itkin düşmüş şəxsin əmlakını idarə olunmaq üçün qəyyumluq və himayəçilik orqanı tərəfindən təyin olunan şəxsə verənədək və ya fəaliyyət qabiliyyəti olmayan borcluya qəyyum təyin edilənədək yaxud iş üzrə qərar qəbul edilənədək icraat dayandırılır. Həmin Qanunun İcra məmurunun istinad etdiyi 20.1.3-cü maddəsinə əsasən isə tələbkar və ya borclu öldükdə, ölmüş elan edildikdə və ya xəbərsiz itkin düşmüş hesab edildikdə, əgər məhkəmə və ya digər orqanın qərarı ilə müəyyən edilmiş tələblər və ya vəzifələr həmin şəxsin vərəsəsinə və ya qanunvericiliklə müəyyən edilmiş qaydada onun əmlakını idarə edən şəxsə keçə bilməzsə icra sənədi üzrə icraata xitam verilir. Culfa Rayon Məhkəməsinin e-2(089)-82/2023-009 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədi isə pul tələbinə aiddir ki, belə tələbin də vərəsəlik qaydasında keçməsinə qadağa yoxdur. Hesab edir ki, istinad edilən maddələrə əsasən icra sənədi üzrə icraata xitam verilməli deyil, icraat “İcra haqqında" Azərbaycan Respublikası Qanununun 19.1.1-ci maddəsində qeyd edilən müddət ərzində məcburi dayandırılmalı idi. İcra işi üzrə tələbkara və icra məmuruna məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat göndərilmiş, lakin tələbkarın nümyəndəsi və icra məmuru məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-in 231.2-ci maddəsinin tələbinə uyğun olaraq məhkəmə iclasına gəlməyən şəxslərin iştirakı olmadan şikayətə baxılmasını mümkün hesab edir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 20.1.5-ci maddəsinə əsasən icra sənədi tam icra olunduqda, icra sənədi üzrə icraata xitam verilir. “İcra haqqında” Qanunun 20.2-ci maddəsinə əsasən icra sənədi üzrə icraata xitam verilməsi barədə icra məmuru tərəfindən əsaslandırılmış qərar qəbul edilir. Həmin qərar icra qurumunun rəhbəri tərəfindən yoxlanılaraq təsdiq olunur və onun surəti 3 gün müddətində tərəflərə, habelə icra sənədini vermiş məhkəməyə və ya digər orqana (notarius istisna olmaqla) göndərilir. “İcra haqqında” Qanunun 20.4-cü maddəsinə əsasən icra məmurunun icra sənədi üzrə icraata xitam verilməsi barədə qərarı daxil olduqdan sonra məhkəmə 10 gün müddətində həmin qərarın bu Qanunun tələblərinin pozulmaqla qəbul edilməsini müəyyən edərsə həmin qərarı ləğv edir. “İcra haqqında” Qanunun 20.5-ci maddəsinə əsasən tərəflər və icra sənədini vermiş digər orqan qərarın onlara təqdim olunduğu (onlar tərəfindən alındığı) gündən 10 gün müddətində həmin qərardan müvafiq məhkəməyə şikayət verə bilərlər. “İcra haqqında” Qanunun 20.7-ci maddəsinə əsasən, icraata xitam verilməsi barədə icra məmurunun qərarı bu Qanunun 20.4-cü və 20.5-ci maddələrinə müvafiq olaraq ləğv olunmadıqda və ya ondan şikayət verilmədikdə, şikayət verildikdə isə bu şikayətin təmin olunmaması barədə məhkəmə qərarı qanuni qüvvəyə mindikdən sonra icra sənədi 3 gün müddətində onu vermiş məhkəməyə və ya digər orqana (notarius istisna olmaqla) geri qaytarılır. Məhkəmə tələbkarın nümayəndəsinin ərizəsini və iş materiallarını araşdırıb, sübutlara məcmu halda qiymət verərək hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, məhkəmə tərəfindən araşdırılmış icra işinin materiallarına əsasən müəyyən edilmişdir ki, Culfa rayon Məhkəməsinin 09 mart 2023-cü il tarixli, e-2(089)- 82/2023-009 nömrəli icra sənədi icra edilməsi üçün 01 may 2023-cü il tarixdə Culfa rayon İcra və Probasiya bölməsinə göndərilmiş, icra sənədində X1 384 manat 21 qəpik əsas borcun, 94 manat 79 qəpik faiz borcunun, 4 manat 41 qəpik cərimənin, 40 qəpik bank xidməti haqqının, 30 manat dövlət rüsumunun “X6” ASC-nin xeyrinə tutulması qeyd edilmişdir. 02 may 2023-cü il tarixdə icraata başlamaq haqqında qərar qəbul edilmiş, qərar, tələbin könüllü icrası barədə bildiriş borclu Ə.Abdullayevə göndərilmişdir. Culfa rayon İH-nin Kırna kənd İƏD üzrə nümayəndəliyinin 04 mart 2024-cü il tarixli, 11 nömrəli məktubunda Ə.Abdullayevin 28 fevral 2024-cü il tarixdə ölməsi qeyd edilmiş, icra məmuru icra sənədi üzrə icraata 13 sentyabr 2024-cü il tarixli, 101990/2023 nömrəli qərarla xitam vermişdir. İcra məmuru qərarını onunla əsaslandırmışdır ki, borclu Ə.Abdullayev 28 fevral 2024-cü il tarixdə ölmüş, onun vərəsələrinin olmaması müəyyən edilmişdir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 20.1 və 20.1.3-cü maddələrinə əsasən tələbkar və ya borclu öldükdə, ölmüş elan edildikdə və ya xəbərsiz itkin düşmüş hesab edildikdə, əgər məhkəmə və ya digər orqanın qərarı ilə müəyyən edilmiş tələblər və ya vəzifələr həmin şəxsin vərəsəsinə və ya qanunvericiliklə müəyyən edilmiş qaydada onun əmlakını idarə edən şəxsə keçə bilməzsə icra sənədi üzrə icraata xitam verilir. İşin araşdırılan hallarından müəyyən edilmişdir ki, icra məmuru Ə.Abdullayevin ölümündən sonra vərəsəlik işinin açılmaması barədə elektron məlumat əldə etmiş, icra sənədi üzrə icraata xitam verilməsi barədə qərar qəbul etmiş, Ə.Abdullayevin vərəsələrinin dairəsini müəyyən etməmiş, həmçinin məhkəmə və ya digər orqanın qərarı ilə müəyyən edilmiş tələblər və ya vəzifələrin Ə.Abdullayevin vərəsəsinə və ya qanunvericiliklə müəyyən edilmiş qaydada onun əmlakını idarə edən şəxsə keçə bilməməsi ilə bağlı məlumat əldə etməmişdir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264-cü maddələrini rəhbər tutaraq qərara aldım: Culfa rayon Məhkəməsinin e-2(089)-82/2023-009 nömrəli, 09 mart 2023-cü il tarixli icra sənədi üzrə Culfa Rayon İcra və Probasiya Bölməsinin rəisi X4 13 sentyabr 2024-cü il tarixli “icraata xitam verilməsi haqqında” qərarından tələbkar “X6” ASC-nin nümayəndəsi Nümayəndə verdiyi şikayət təmin edilsin. Culfa rayon İcra və Probasiya bölməsinin rəisi Coşqun Əsgərlinin 13 sentyabr 2024cü il tarixli, 101990/2023 nömrəli qərarı ləğv edilsin. Culfa rayon Məhkəməsinin e-2(089)-82/2023-009 nömrəli, 09 mart 2023-cü il tarixli icra sənədi üzrə icra tədbirləri davam etdirilsin. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Culfa Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Mehrab Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar