Məhkəmə qərarları › İş №8(089)-48/2025

Naxçıvan MR Culfa Rayon Məhkəməsi Qərardad — İş №8(089)-48/2025

03.10.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Culfa rayon İş № 8(089)-48/2025 03.10.2025 NAXÇIVAN MR CULFA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Mehrab Fərmayıl oğlunun sədrliyi, X1 iclas katibliyi ilə, Culfa Rayon İcra və Probasiya bölməsinin rəisi X3 borclunun məcburi gətirilməsi haqqında təqdimatına Culfa Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Culfa Rayon İcra və Probasiya bölməsinin rəisi X5 Borclu Culfa Rayon İcra və Probasiya bölməsinə məcburi gətirilməsi barədə təqdimatla Culfa Rayon Məhkəməsinə müraciət etmişdir. X5 təqdimatı onunla əsaslandırmışdır ki, xx.xx.2024-cü il tarixdə icraata götürülmüş (ərazi aidiyyəti üzrə), Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin e-2(011)-2990/2023-019 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən, Borclu xx.xx.2023-cü il tarixdən hesablanmaqla xx.xx.2012-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 220 manat məbləğində aliment tutularaq X2 ödənilməlidir. İcra sənədinin ərazi aidiyyəti üzrə bölməyə daxil olması və icraata götürülməsi barədə məlumat məhkəməyə və tələbkara göndərilmiş, tələbin könüllü icra olunması haqqında bildiriş Borclu təqdim olunmuşdur. Borclu tələbi təmin etmədiyindən ona dəfələrlə xəbərdarlıq olunmuşdur. Həmçinin borclu bölmədə tələbi təmin edəcəyinə dair iltizamlara qol çəkərək söz vermişdir. Lakin o, tələbi tam olaraq təmin etməmişdir. Borclu tələbi təmin etmədiyindən onun ölkədən getmək hüququ verilmiş təqdimat əsasında məhkəmə qərarı üzrə məhdudlaşdırılmış və barəsində tərtib edilmiş inzibati xəta haqqında protokol əsasında o, Culfa Rayon Məhkəməsinin 3(089)-20/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərarına əsasən 8 gün müddətinə inzibati qaydada həbs edilmişdir. Borlcluya yenə də xəbərdarlıqlar edilməsinə və əlaqə saxlanılaraq bölməyə dəvət edilməsinə baxmayaraq o, icra sənədini icra etməkdən və icra ilə əlaqədar çağırışa gəlməkdən üzürsüz səbəbdən yayınmış və gəlməməyinin səbəbləri barədə bölməyə məlumat verməmişdir. İş üzrə Borclu, Culfa Rayon İcra və Probasiya Bölməsinin rəisi C.Əsgərliyə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilmiş, lakin onlar məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə təqdimata onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.2-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər iclasın vaxtı və yeri haqqında xəbərdar edilirlər, lakin onların gəlməməsi məhkəmə qarşısında qoyulmuş məsələnin həll edilməsinə mane olmur. Məhkəmə işdə olan sənədləri tədqiq edib, təqdimatın dəlillərinə qiymət verərək belə nəticəyə gəlir ki, təqdimat təmin edilməlidir. Belə ki, iş materiallarında olan sənədlərdən müəyyən olunur ki, 08 avqust 2025-ci il tarixdə borcluya sonuncu xəbərdarlıq edilmiş, 20 avqust 2025-ci il tarixdə bölməyə dəvət edilmiş, o, bölməyə gəlməkdən yayınmış, gəlməməsinin səbələri barədə məlumat verməmişdir. “İcra Haqqında” Azərbaycan Respublikasının Qanununun 8.2-ci maddəsinə əsasən, icraata başlamaq haqqında qərarda icra məmuru icra sənədində göstərilmiş tələblərin borclu tərəfindən könüllü icrası üçün məhkəmənin qərarında digər icra müddəti müəyyən edilməyibsə, həmçinin bu maddənin üçüncü bəndində müəyyən edilmiş icra müddəti istisna olmaqla, icraata başlanıldığı vaxtdan ən çoxu on gün müddət təyin edir və bu barədə borcluya bildiriş verir. Bildirişdə həmin müddət başa çatdıqdan sonra göstərilən tələblərin məcburi qaydada icra ediləcəyi və bu Qanunla nəzərdə tutulmuş icra ödənişinin və icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclərin ondan tutulacağı göstərilir. Həmin Qanunun 29.2-ci maddəsinə görə, icra hərəkətlərinin həyata keçirilməsi zamanı tərəflər icra haqqında Azərbaycan Respublikası qanunvericiliyinin tələblərini yerinə yetirməyə borcludurlar. Həmin Qanunun 44.1.3-cü maddəsinə müvafiq olaraq, könüllü icra üçün icra məmuru tərəfindən borcluya verilmiş müddətin keçməsi məcburi icra tədbirlərinin tətbiqi üçün əsasdır. Həmin Qanunun 84.2-ci maddəsinə görə, icra məmurunun çağırışı ilə gəlməkdən və ya icra hərəkətlərinin həyata keçirildiyi yerə gəlməkdən üzrsüz səbəbdən yayınan şəxslər barəsində məhkəmənin qərarı əsasında məcburi gətirilmə tədbiri tətbiq olunur. “İcra Haqqında” Azərbaycan Respublikasının Qanununun 84.3-cü maddəsinə müvafiq olaraq, bu Qanunun 84.2-ci maddəsində nəzərdə tutulmuş hallarda icra məmuru müvafiq qərar qəbul edir. Həmin qərar icra qurumunun rəhbəri tərəfindən yoxlanılaraq təsdiq olunur. Beləliklə, icra məmuru tərəfindən icraata başlamaq haqqında qərar qəbul edildiyi vaxtdan icra məmuru ilə borclu arasında icra sənədinin icrasından irəli gələn münasibətlər yaranır və bu münasibətlər icra sənədi üzrə icraata xitam verilənədək davam edir. Bu müddət ərzində icra məmuru onun səlahiyyətlərinə aid tədbirləri yerinə yetirməyə borcludur ki, bu da öz növbəsində borclunun üzərinə müəyyən vəzifələr qoyur. Məhkəmə hesab edir ki, təqdimat təmin edilməli, Bakı Şəhər Xətai Rayon Məhkəməsinin e-2(011)-2990/2023-019 nömrəli, 04 sentyabr 2023-cü il tarixli icra sənədinin icrasının təmin edilməsi məqsədilə xx xxxxxx 1986-cı il tarixdə Culfa şəhərində doğulmuş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla Culfa rayonu, Bənəniyar kəndində yaşayan Borclu icra yerinə, yəni Culfa Rayon İcra və Probasiya Bölməsinə məcburi qaydada gətirilməlidir. Yuxarıda göstərilənlərə əsaslanaraq, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 84 maddəsini, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263 və 264-cü maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: Təqdimat təmin edilsin. Bakı Şəhər Xətai Rayon Məhkəməsinin e-2(011)-2990/2023-019 nömrəli, 04 sentyabr 2023-cü il tarixli icra sənədinin icrasının təmin edilməsi məqsədilə xx xxxxxx 1986-cı il tarixdə Culfa şəhərində doğulmuş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla Culfa rayonu, Bənəniyar kəndində yaşayan Borclu Culfa Rayon İcra və Probasiya Bölməsinə məcburi qaydada gətirilsin. Qərardadın icrası Culfa Rayon Polis Şöbəsinə həvalə edilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Culfa Rayon Məhkəməsinə şikayət verilə bilər Sədrlik edən: Mehrab Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar