Məhkəmə qərarları › İş №8(090)-26/2023

Naxçıvan MR Şahbuz Rayon Məhkəməsi Qərardad — İş №8(090)-26/2023

27.10.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şahbuz şəhəri İş № 8(090)-26/2023 27.10.2023 NAXÇIVAN MR ŞAHBUZ RAYON MƏHKƏMƏSİ Hakim Səfərov Daşqın Yaqub oğlunun sədrliyi, X2 iclas katibliyi ilə, Tələbkar Borclu qarşı nikahın pozulması tələbinə dair mülki iş üzrə çıxarılmış Şahbuz Rayon Məhkəməsinin e-2(090)-33/2022 nömrəli, 07 iyun 2022-ci il tarixli icra sənədinin icrası ilə bağlı borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında təqdimata Şahbuz Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Şahbuz Rayon Məhkəməsinin e-2(090)-33/2022 nömrəli, 07 iyun 2022-ci il tarixli qətnaməsinə əsasən mülki iş üzrə Şahbuz Rayon Məhkəməsinin 24 fevral 2022-ci il tarixli, e-2(090)-33/2022 nömrəli qərardadı ilə müəyyən olunmuş uşağın saxlanılması üçün müvəqqəti alimentin tutulmasının ləğv edilməsi, həmin qərardad əsasında iddiaçı tərəfindən qətnamənin qəbul edildiyi, yəni 07 iyun 2022-ci il tarixədək ödənilmiş aliment məbləği nəzərə alınıb, 11 iyun 2010-cu ildə doğulmuş X3, 22 noyabr 2011-ci ildə doğulmuş X4 və 03 fevral 2015-ci ildə doğulmuş X1 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün iddiaçı Borclu hər ay bir uşaq üçün 120 (bir yüz iyirmi) manat olmaqla, ümumilikdə üç uşaq üçün 360 (üç yüz altmış) manat sabit pul məbləğində alimentin alınıb cavabdeh Tələbkar verilməsi, alimentin tutulmasının əvvəlinin “24” fevral 2022-ci il tarixdən hesablanması, qətnamənin alimentə aid hissədə dərhal icra olunması qət edilmişdir. Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Şahbuz Rayon İcra və Probasiya bölməsi 18 oktyabr 2023-cü il tarixdə Şahbuz Rayon Məhkəməsinə təqdimatla müraciət edərək borcluya icra sənədi üzrə icraata başlamaq haqqında qərarın surətinin və tələbin könüllü icrası haqqında bildirişin göndərilməsinə baxmayaraq, onun üzrsüz səbəbdən aliment borcunu ödəməkdən boyun qaçırdığını və bu səbəbdən də “İcra haqqında” Azərbaycan Respublikası Qanunun 84-1.1-ci maddəsinin tələbini nəzərə almaqla Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması məsələsinə baxılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada Borclu, Tələbkar və Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Şahbuz Rayon İcra və Probasiya bölməsinə qanunvericiliklə nəzərdə tutulmuş qaydada rəsmi məlumat verilməsinə baxmayaraq gəlməmişlər, gəlməmələrinin hər hansı üzrlü səbəbdən olması barədə məhkəməyə məlumat təqdim etməmişlər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 231.2-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər iclasın vaxtı və yeri haqqında xəbərdar edilirlər, lakin onların gəlməməsi məhkəmə qarşısında qoyulmuş məsələnin həll edilməsinə mane olmur. Bunu nəzərə alan məhkəmə tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Təqdimatı, ona əlavə edilmiş sənədləri və iş materiallarını tədqiq edən məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 84-1.1-ci maddəsinə əsasən məhkəmə qərarları, əmrləri və vergi orqanlarının pul tələblərinin ödənilməsi ilə bağlı inzibati aktları əsasında verilmiş icra sənədləri könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzürsüz səbəbdən icra edilmədikdə, borclunun ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırıla bilər. Qanunun bu tələbindən aydın görünür ki, borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə təqdimat üç şərt mövcud olduqda məhkəmə tərəfindən təmin oluna bilər. Belə ki, icra sənədi pul tələbi ilə bağlı olmalı, bu icra sənədi üzrə borcluya könüllü icra üçün vaxt verilməli və sonda isə borclu tərəfindən icra sənədinin icra edilməməsi üçün səbəb üzrsüz olmalıdır. Təqdimata əlavə edilmiş Tələbkar Borclu qarşı nikahın pozulması tələbinə dair mülki iş üzrə çıxarılmış Şahbuz Rayon Məhkəməsinin e-2(090)-33/2022 nömrəli, 07 iyun 2022-ci il tarixli icra sənədindən aydın olur ki, tələb aliment borcu, yəni borclunun tələbkara ödəməli olan pul məbləği ilə bağlıdır. Eyni zamanda təqdimata əlavə edilmiş xx.xx.2022-ci il tarixli tələbin könüllü icrası haqqında bildirişin və xx.xx.2023-cü il tarixli xəbərdarlıq məktubunun surətindən aydın olur ki, borcluya yuxarıda qeyd olunan icra sənədi barədə məlumat bildirilmiş və icra sənədi üzrə borcluya könüllü icra üçün vaxt verilmişdir. Tələbin icra edilməsinin təsdiq edilməsi ilə bağlı sübutetmə yükü isə borcluya məxsus olsa da o, məhkəmə iclasına gəlməmiş və bununla bağlı məhkəməyə hər hansı bir sübut təqdim etməmişdir. Məhkəmə belə hesab edir ki, Şahbuz Rayon Məhkəməsinin e-2(090)- 33/2022 nömrəli, 07 iyun 2022-ci il tarixli icra sənədi aliment borcu ilə bağlı olduğundan, Borclu həmin icra sənədini könüllü icra etmədiyindən və icra sənədinin könüllü icrası üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzürsüz səbəbdən icra edilmədiyi üçün Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Şahbuz Rayon İcra və Probasiya bölməsinin Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında təqdimatı təmin olunmalıdır. Yuxarıda qeyd olunanları və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 263, 264, 267 və 268.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Şahbuz Rayon İcra və Probasiya bölməsinin təqdimatı təmin olunsun. Şahbuz Rayon Məhkəməsinin e-2(090)-33/2022 nömrəli, 07 iyun 2022-ci il tarixli icra sənədi üzrə borclu - xx xxxxxx 1990-cı ildə Şahbuz rayonu, Badamlı kəndində anadan olan, Şahbuz rayonu, Badamlı kəndində qeydiyyatda olan Borclu ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılsın. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 84-1.1-ci maddəsinə uyğun olaraq, Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Şahbuz Rayon İcra və Probasiya bölməsinə Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında dərhal borclunun özünə, tələbkara və müvafiq icra hakimiyyəti orqanına məlumat verilməsi tapşırılsın. Qərardadın surəti rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində (elektron qaydada) Şahbuz Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Daşqın Səfərov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar