Məhkəmə qərarları › İş №8(090)-40/2025

Naxçıvan MR Şahbuz Rayon Məhkəməsi Qərardad — İş №8(090)-40/2025

10.06.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şahbuz şəhəri İş № 8(090)-40/2025 10.06.2025 NAXÇIVAN MR ŞAHBUZ RAYON MƏHKƏMƏSİ Şahbuz Rayon Məhkəməsinin hakimi Səfərov Daşqın Yaqub oğlunun sədrliyi, X7 iclas katibliyi ilə, Şahbuz Rayon Məhkəməsinin 2(090)-08/2024 nömrəli, 31 yanvar 2024cü il tarixli qətnaməsi ilə müəyyən edilmiş aliment məbləğinin 2025-ci il üzrə yaşayış minimumuna indeksasiya olunmasına dair tələbkar X3 ərizəsinə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Şahbuz Rayon Məhkəməsinin 2(090)-08/2024 nömrəli, 31 yanvar 2024-cü il tarixli qətnaməsinə əsasən mülki iş üzrə Şahbuz Rayon Məhkəməsinin 30 oktyabr 2023-cü il tarixli, 2(090)-265/2023 nömrəli qərardadı ilə müəyyən olunmuş uşağın saxlanılması üçün müvəqqəti alimentin tutulması ləğv edilməsi və həmin qərardad əsasında cavabdeh Borclu tərəfindən qətnamənin qəbul edildiyi, yəni “31” yanvar 2024-cü il tarixədək ödənilmiş aliment məbləği nəzərə alınması, 28 dekabr 2016-cı ildə doğulmuş X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdeh Borclu hər ay 130 (bir yüz otuz) manat sabit pul məbləğində aliment tutularaq iddiaçı X5 ödənilməsi qət edilmişdir. X2 ərizə ilə Şahbuz Rayon Məhkəməsinin 31 yanvar 2024-cü il tarixli 2(090)-8/2024 nömrəli qətnaməsi ilə yetkinlik yaşına çatmamış 28 dekabr 2016-cı il təvəllüdlü X1 üçün qət edilmiş sabit məbləğdə 130 manat alimentin icra icraatı qaydasında 2025-ci il üzrə müəyyən olunmuş minimum əmək haqqına indeksasiya olunmasını xahiş etmişdir. X2 ərizəsində göstərmişdir ki, mən 14 mart 2016-cı il tarixdə Borclu ilə Naxçıvan Şəhər Nikah evində rəsmi nikah qeydiyyatından keçməklə ailə qurmuşdum. Birgə nikahımızdan bir övladımız - 28 dekabr 2016-cı il təvəllüdlü X9 dünyaya gəlmişdir. Ailə münasibətimiz normal olmadığından nikahımız 31 yanvar 2024-cü il tarixdə Şahbuz rayon Məhkəməsinin 2(090)-8/2024 nömrəli qətnaməsi ilə pozulmuşdur. Həmin qətnamə ilə 28 dekabr 2016-cı il təvəllüdlü X9 mənim yanımda qalmaqla, yetkinlik yaşına çatanadak saxlanılması üçün 130 manat alimentin Borclu tutularaq mənə ödənilməsi qət edilmişdir. Qeyd edim ki, mən heç bir yerdə işləmirəm, əlavə gəlir yerim yoxdur. Valideyinlərimin köməkliyi ilə oğlumun təlabatını çətinliklə də olsa, ödəməyə çalışıram. Lakin valideyinlərimin də maddi imkanları çox zəifdir. Hazırda Elvinin ödədiyi 130 manat aliment övladımın saxlanılması üçün kifayət etmir. Canpolad böyüyüb, orta məktəbə gedir, onun zəruri təlabatları günü gündən artmaqdadır. Elvin övladımızın təlabatlarını qarşılamağa lazımi köməklik göstərmir. Bu səbəbdən də aliment məbləğinin artırılmasını istəyirəm. Ərizəçi N.Nuriyeva ərizəsinin hüquqi əsası kimi “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 20 dekabr 2024-cü il tarixli, 15 nömrəli Qərarının “8.4-1-ci bəndinə istinad etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada tələbkar X6 və Borclu qanunvericiliklə nəzərdə tutulmuş qaydada rəsmi məlumat verilməsinə baxmayaraq gəlməmiş, gəlməməsinin hər hansı üzrlü səbəbdən olması barədə məhkəməyə məlumat təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 232.2-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər iclasın vaxtı və yeri haqqında xəbərdar edilirlər, lakin onların gəlməməsi məhkəmə qarşısında qoyulmuş məsələnin həll edilməsinə mane olmur. Bunu nəzərə alan məhkəmə tələbkar X8 və Borclu iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Ərizəni, ona əlavə edilmiş sənədləri və iş materiallarını tədqiq edən məhkəmə hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 110.1-ci maddəsinə görə məhkəmə qətnaməsi ilə sabit pul məbləğində tutulan alimentin indeksasiyası aliment tutan təşkilatın müdiriyyəti tərəfindən müəyyən olunmuş minimum əmək haqqı məbləğinin artımına mütənasib olaraq müəyyən edilir. Həmin Məcəllənin 110.2-ci bəndinə görə alimentin indeksiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 232.1.-ci maddəsinə əsasən tərəflərin ərizəsi üzrə işə baxmış məhkəmə qətnamənin icrası zamanı tutulmalı pul məbləğlərinin müvafiq indeksasiyasını həyata keçirə bilər. “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 20 dekabr 2024-cü il tarixli, 15 nömrəli Qərar”ının 8.4-1-ci bəndində qeyd edilmişdir ki, Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. İstinad edilən maddənin tələbindən göründüyü kimi məhkəmələr sabit pul məbləğində aliment təyin edərkən onun miqdarını ölkə üzrə minimum əmək haqqı məbləğinin müvafiq misli həddində müəyyən etməlidirlər (məsələn, Məhkəmə 2024-cü ildə bir uşağın saxlanmasına görə alimentin tutulması barədə iddiaya baxarkən alimenti 255 manat həddində müəyyən etmək istəyirsə, həmin il üzrə minimum əmək haqqı məbləğinin 0,74 mislində (345 x 0,74 = 255 manat) alimentin tutulması barədə qətnamə qəbul etməklə, qətnamənin nəticə hissəsini “xx.xx.xxxx tarixindən başlayaraq yetkinlik yaşına çatmayan A-nın saxlanılması üçün B-dən C-nin xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,74 misli həddində sabit pul məbləğində aliment tutulsun” məzmununda ifadə etməlidir). Həmin Qərarın 8.4-2.-ci bəndində isə göstərilmişdir ki, nəzərə alınmalıdır ki, Ailə Məcəlləsinin 110.1-ci maddəsinə əsasən bu Qərarın 8.4-1-ci bəndində göstərilən qaydada tutulan alimentin indeksasiyası ölkə üzrə müəyyən edilən minimum əmək haqqı məbləğinin artımına mütənasib olaraq alimentin tutulmasını həyata keçirən təşkilatın müdiriyyəti (borclunun rəsmi iş yerinin olduğu halda işəgötürən, rəsmi iş yerinin olmadığı halda isə icra qurumunun rəhbəri) tərəfindən müəyyən edilməlidir. Qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində sabit pul məbləğində tutulan alimentin konkret məbləğlə ifadə edildiyi hallarda, indeksasiya maraqlı tərəfin ərizəsi əsasında icraya nəzarət edən məhkəmə tərəfindən MPM-in 232-ci maddəsində nəzərdə tutulmuş qaydada qərardadın qəbul edilməsi yolu ilə həyata keçirilməlidir. Qərardad qəbul edilərkən indeksasiyanın bu Qərarın 8.4-1-ci bəndində göstərilən qaydada aparılmalı olması, habelə qanunvericilikdə alimentin indeksasiyasının yeganə meyar kimi ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqı məbləğinin artımı ilə şərtləndirildiyi nəzərə alınmalıdır (məsələn, hazırki tələb üzrə 2023-cü ildə qəbul edilmiş qətnamə ilə bir uşağın saxlanılması üçün 170 manat sabit pul məbləğində alimentin tutulması qət edilibsə, məhkəmə 2023-cü ildə indeksasiyanı həyata keçirən zaman qüvvədə olan qətnamə ilə tutulmuş alimentin miqdarının 2023-cü il üzrə müəyyən edilmiş 345 manat məbləğində minimum əmək haqqının 0,49 mislini təşkil etdiyini nəzərə alaraq, qərardadın nəticə hissəsində tutulan alimentin məbləğinin ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,49 misli həddində indeksasiya olunması şəklində göstərməlidir). Azərbaycan Respublikasının Prezidentinin 05 yanvar 2023-cü il tarixli Sərəncamı ilə 2023-cü il yanvarın 1-dən ölkə üzrə minimum əmək haqqı 345 manat müəyyən edilmişdir. Həmçinin Azərbaycan Respublikasının Prezidentinin 05 yanvar 2025-ci il tarixli Sərəncamı ilə 2025-ci il yanvarın 1-dən ölkə üzrə minimum əmək haqqının məbləği 400 manat müəyyən edilibdir. Məhkəmə hazırki iş üzrə məhkəmə qətnaməsi ilə müəyyən edilən yetkinlik yaşına çatmayan uşağın saxlanılması üçün hər ay bir uşaq üçün 130 (bir yüz otuz) manat sabit pul məbləğində aliment 2023-cü il üzrə minimum əmək haqqının 0,376 misli (130/345=0,376) təşkil etdiyini, 2025-ci il üçün isə ölkə üzrə minimum əmək haqqının 400 manat məbləğində müəyyən edildiyini nəzərə alaraq belə nəticəyə gəlir ki, tələbkarın ərizəsi təmin edilməli, Şahbuz Rayon Məhkəməsinin 2(090)-08/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə müəyyən edilən Borclu X3 xeyrinə tutulan 28 dekabr 2016-cı il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün sabit pul məbləğində 130 (bir yüz otuz) manat miqdarında aliment indeksasiya edilməli, Borclu X3 xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,376 misli həddində sabit pul məbləğində aliment tutulmalı, alimentin tutulmasının əvvəli qərardadın qanuni qüvvəyə mindin vaxtdan hesablanmalıdır. Azərbaycan Respublikası MPM-in 232.3-cü maddəsinə görə ödənilməli pul məbləğlərinin indeksasiyası barədə məhkəmə qərardadından şikayət verilə bilər. Yuxarıda qeyd olunanları və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 232, 263, 264, 267 və 268.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: X3 ərizəsi təmin olunsun və Şahbuz Rayon Məhkəməsinin 2(090)-08/2024 nömrəli, 31 yanvar 2024-cü il tarixli qətnaməsi ilə müəyyən edilən aliment indeksləşdirilsin. 28 dekabr 2016-cı il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün Borclu tələbkar X3 xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,376 misli həddində sabit pul məbləğində aliment tutulsun. Alimentin tutulmasının əvvəli qərardadın qanuni qüvvəyə mindiyi vaxtdan hesablansın. Qərardadın surəti rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində (elektron qaydada) Şahbuz Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Daşqın Səfərov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar