Məhkəmə qərarları › İş №8(090)-42/2025

Naxçıvan MR Şahbuz Rayon Məhkəməsi Qərardad — İş №8(090)-42/2025

14.07.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şahbuz şəhəri İş № 8(090)-42/2025 14.07.2025 NAXÇIVAN MR ŞAHBUZ RAYON MƏHKƏMƏSİ Şahbuz Rayon Məhkəməsinin hakim əvəzi Məmmədov Mehrab Fərmayıl oğlunun sədrliyi, X6 iclas katibliyi, ərizəçi Borclu nümayəndəsi Nümayəndə iştirakı ilə, Şahbuz Rayon Məhkəməsinin 2(090)-54/2024 nömrəli, 08 fevral 2024-cü il tarixli qətnamə ilə müəyyən edilən alimentin 50 faizinin uşağın adına bankda açılan hesaba köçürülməsi tələbi barədə Borclu ərizəsinə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Şahbuz Rayon Məhkəməsinin 2(090)-54/2024 nömrəli, 08 fevral 2024-cü il tarixli qətnaməsinə əsasən mülki iş üzrə 28 oktyabr 2023-cü ildə doğulmuş X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdeh Borclu aylıq qazancının və (və ya) başqa gəlirlərinin dörddə bir hissəsi miqdarında aliment tutularaq iddiaçı X4 verilməsi qət edilmişdir. Borclu ərizə ilə Şahbuz Rayon Məhkəməsinə müraciət edərək xx.xx.2024-cü il tarixli, 2(090)-54/2024 saylı məhkəmə qətnaməsinin icra üsulunun dəyişdiriməsi və aylıq əmək haqqının ¼ hissəsindən tutulacaq alimentin 50 faizinin övladı X3 adına bankda açılan hesaba köçürülməsi üçün qərar qəbul edilməsini xahiş etmişdir. Ərizəçi (borclu) Borclu ərizəsində göstərmişdir ki, onunla keçmiş həyat yoldaşı X2 rəsmi nikahlarından xx.xx.2023-cü il tarixində Tibet Tarverdiyev doğulmuşdur. xx.xx.2024cü il tarixli, 2(090)-54/2024 saylı məhkəmə qətnaməsinə əsasən əmək haqqımın 1/4 hissəsi, yəni aylıq 650 manat məbləğində aliment ödəmişdir. Lakin əmək haqqımın artması səbəbindən bu məbləğ 960 manata yüksəlmişdir. Bu barədə rəsmi məlumatı Bakı şəhərində yerləşən iş yerinə (DTX-ya) sorğu göndərərək öyrənmək mümkündür. Alimentin məqsədi övladının rifahını təmin etmək olsa da, faktiki olaraq cavabdeh bu vəsaiti uşağın ehtiyaclarına deyil, şəxsi təhsil xərclərinə və digər məqsədlərə sərf edir. Bu fakt məhkəməyə təqdim etdiyi şəkilli sübutlarla təsdiq olunmuşdur. Eyni zamanda cavabdeh, 2(090)-34/2025 saylı məhkəmə qərarı ilə müəyyən olunmuş görüş hüququna uzun müddətdir qanunsuz şəkildə mane olur. Artıq 1 il 6 aydır ki, övladı ilə görüşə bilmirə. Bu hallar Ailə Məcəlləsinin müvafiq 51 və 52-ci maddələrinə ziddir. Cavabdeh uşağa maddi mənbə kimi yanaşır, onun mənəvi və psixoloji inkişafına laqeyd münasibət göstərir. Ailə Məcəlləsinin 49, 50, 51, 52 və 64-cü maddələrinin tələbləri sistematik şəkildə pozulur. A.Tarverdiyeva 10 aydır ki, uşağı anasının üstünə ataraq Bakı şəhərində yaşayır. Tələbkar məhkəməyə ünvanladığı etirazda bildirmişdir ki, ərizəçi Borclu qətnamənin icra üsulunun dəyişdirilməsi, alimentin 50 faizinin uşağın adına bankda açılan hesaba köçürülməsi tələbini ifadə etdiyi xx.xx.2025-ci il tarixli ərizəsinə icraatınızda baxılmaqdadır. Ərizəçinin tələbi zahirən Azərbaycan Respublikasının Ailə Məcəlləsinin müvafiq müddəalarına uyğun kimi görünsə də, aşağıda qeyd etdiyi işin bir sıra faktiki halları nəzərə alınmaqla bu tələb əsassız hesab olunmalı və təmin edilməməlidir. Belə ki, ilk növbədə, ailə münasibətlərinə son qoyulmasının ərizəçinin daha övladı ana bətnində ikən ona fiziki və psixoloji zorakılıq hərəkətləri etməsi, habelə onun ailə üzvlərinin, xüsusilə də keçmiş qaynanası Şəmsiyyə Tarverdiyeva və onu qızı (baldızım) X5 təhqir və təhrikləri nəticəsində baş verdiyini, ərizəçinin Tibet Tarverdiyev hələ ana bətnində ikən ona qarşı etdiyi məişət zorakılıqları ucbatından övladının anadangəlmə ürək qüsurlu doğulduğunu, oğlunun səhhətindəki bu problemin məhz ərizəçinin hərəkətləri nəticəsində yaranması faktının Azərbaycan Respublikası Dövlət Təhlükəsizlik Xidmətinin Hərbi-Tibb İdarəsindəki müayinə sonrası birbaşa həkim tərəfindən təsdiq edildiyini diqqətə çatdırı. Öz qanından olan Tibet Tarverdiyevin müalicəsi və səhhəti ilə ata kimi bir dəfə olsun maraqlanmayan Borclu hazırkı ərizəni ünvanlamaqda məqsədinin “övladının gələcəyini düşünmək” olduğuna inanmağının qeyri-mümkün olduğunu bəyan edir, məhkəməyə aydın olması üçün iş üzrə bir sıra faktiki halların vurğulanmasının məqsədə müvafiq olduğunu bildirir. X1 anadangəlmə sıxıntılar onun daim müayinə-müalicə olunmasını tələb edən növdəndir və ərizəçinin xx.xx.2025-ci il tarixli ərizəsində qeyd etdiyi “alimentin məqsədi övladının rifahını təmin etmək olsa da, faktiki olaraq cavabdeh bu vəsaiti uşağın ehtiyaclarına deyil, şəxsi təhsil xərclərinə və digər məqsədlərə sərf edir” şəklində olan yalan ifadəsinin əksinə, bugünkü tarixədək həmin aliment məbləği məhz bu məqsədlə istifadə edilmişdir. Ərizəçinin həmin cümlənin davamında “bu fakt məhkəməyə təqdim etdiyim şəkilli sübutlarla təsdiq olunmuşdur” cümləsinə münasibət olaraq sözügedən şəxsin “sübut” adlandırdığı şəklin oğlunun ev halında olduğu və arxa fonu ağardılmış, yuxarıda qeyd olunmuş “alimentin, guya, mənim şəxsi ehtiyaclarıma sərf olunduğu” iddiasını dəstəkləmək bir yana dursun, ümumiyyətlə həmin məsələ ilə aidiyyəti olmayan, yəni iddia etdiyi yalan üzrə heç bir əhəmiyyət kəsb etməyən fotoşəkil olduğunu nəzərinizə çatdırmaqla, ərizəçinin “sübut” anlayışını öyrənməsini tövsiyyə edir. Hər bir halda ədalət mühakiməsinin daha əvvəlki məhkəmə mübahisələrində olduğu kimi əsassız və heç bir sübuta söykənməyən bəyanlar deyil, faktlar əsasında yekun qərar qəbul etdiyini vurğulayır. Həmçinin xx.xx.2025-ci il tarixli ərizədə qeyd olunmuş “A.Tarverdiyeva 10 aydır ki, uşağı anasının üstünə ataraq Bakı şəhərində yaşayır” ifadəsini təsdiq edəcək heç bir sübut təqdim olunmadığını, çünki bunun həqiqəti əks etdirməyən ifadə olduğunu, ərizəçinin həmişə olduğu kimi təkrar yalan və sübuta yetirilməmiş bəyan və ifadələrlə ədalət mühakiməsini yanıltmağa cəhd göstərdiyini diqqətə çatdırmağı zəruri hesab edir. Digər bir hal kimi Borclu öz ərizəsində hüquqi əsas kimi qeyd etdiyi Azərbaycan Respublikası Ailə Məcəlləsinin 79.3-cü maddəsinin onun tələbini deyil, valideyn himayəsindən məhrum olmuş uşaqlara görə təyin olunmuş aliment məsələsini ehtiva etdiyini, daha ərizəçinin öz tələbini hüquqi olaraq əsaslandıra bilmədiyini (ki ərizəçi 55.3-cü maddəni əsas gətirə bilərdi) qeyd edir, öz növbəsində də etirazını həmin Məcəllənin 55.2-ci maddəsi ilə əsaslandırır. Ərizəçinin bu tələbinin təmin edilməsinin həmin maddənin dispozisiyasında təsbit olunmuş öhdəlikləri tam və hərtərəfli yerinə yetirməyisinə maneçilik yaradacağını, bununla da övladının hüquqlarının pozulacağını, habelə Ailə Məcəlləsinin 55.3-cü maddəsində də “...uşağın adına açılmış bank hesabına köçürmək barədə qərar çıxara bilər” şəklində qeyd olunduğunu, yəni ərizəçinin tələbinin “mütləq təmin olunmalı” xarakter daşımadığını, əksinə, hazırkı iş üzrə hallar nəzərə alındıqda təmin edilməsinin uyğun olmadığını diqqətə çatdırır. Əlavə olaraq ərizəçinin qeyd etdiyi “uşaqla ünsiyyət hüququna maneçilik” məsələsinə gəldikdə isə daha əvvəl də bildirdiyi kimi övladı hələ dünyaya gəlməmiş onun doğulmasını istəməyən, onun canını təhlükəyə ataraq ona zorakılıq etmiş şəxsə və ailəsinə etibar etmədiyini, övladının həyat və sağlamlığını riskə atacaq addım atmağının mümkün olmadığını bir daha vurğulamaqla ərizəçinin ünsiyyətlə bağlı tələbinin hazırkı tələblə əlaqəsi olmadığını ifadə edir. Ərizəçinin və valideynlərinin ünsiyyətlə bağlı müraciətlərində heç bir əlaqəsi olmadığı halda aliment ödənildiyinə əsaslanmaları da hazırkı ərizənin verilmə məqsədinin uşağın gələcək mənafeyi olmadığını gün kimi ortaya qoyduğunu bildirir. Son olaraq qeyd edir ki, sözügedən şəxs tərəfindən daha əvvəl də eyni tələblə (alimentin 50 faizinin bank hesabına köçürülməsi) məhkəməyə müraciət edilsə də, məhkəmə tərəfindən bu tələb təmin edilməmişdir. Həmçinin qeyd etməyi zəruridir ki, Möhtərəm hakim! Borclu onun və övladının sağlamlığına qarşı törətdiyi məişət zorakılığı, övladının səhhətindəki ağır və mütəmadi müayinə, müalicə tələb edən vəziyyət, onun hazırda heç bir yerdə işləməməsi və övladının vəziyyəti ilə əlaqədar işləməsinin mümkün olmaması faktı, habelə yuxarıda qeyd etdiyi bir sıra faktiki hallar nəzərə alındıqda ərizəçinin tələbinin təmin edilməsinin azyaşlı övladının vəziyyətini çətinləşdirəcəyini, aliment məbləği yarıbayarı azaldığı təqdirdə imkanı olmadığından onun müalicəsini qarşılaya bilməyəcəyini və bununla da övladının həyat və sağlamlığına ağır zərər gələcəyini, hər bir halda bütün saxlanma zəhmətləri, baxımı, müalicəsinin icra edilməsi, qayğı göstərilməsi və s. vəzifələri təkbaşına etdiyi övladlarına qarşı ərizəçinin yeganə vəzifəsini də yarıya endirmənin hazırkı vəziyyətdə yalnız birgə nikahdan doğulmuş körpənin mənafeyinə zidd olacağını nəzərə almağı həyati bəyan edir və övladının taleyi ilə bağlı narahatlıq keçirən bir ana kimi Borclu xx.xx.2025-ci il tarixli ərizəsini təmin edilməməsini xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada Tələbkar, Borclu qanunvericiliklə nəzərdə tutulmuş qaydada rəsmi məlumat verilməsinə baxmayaraq gəlməmiş, gəlməməsinin hər hansı üzrlü səbəbdən olması barədə məhkəməyə məlumat təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 232.2-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər iclasın vaxtı və yeri haqqında xəbərdar edilirlər, lakin onların gəlməməsi məhkəmə qarşısında qoyulmuş məsələnin həll edilməsinə mane olmur. Bunu nəzərə alan məhkəmə Tələbkar, Borclu iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak etmiş ərizəçi (borclu) Borclu nümayəndəsi Nümayəndə ərizədə göstərilənlərlə eyni məzmunlu izahat vermiş, ərizənin təmin edilməsini, Şahbuz Rayon Məhkəməsinin 2(090)-54/2024 nömrəli, 08 fevral 2024-cü il tarixli qətnamə ilə müəyyən edilən alimentin 50 faizinin uşağın adına bankda açılan hesaba köçürülməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Ərizəni, ona əlavə edilmiş sənədləri və iş materiallarını tədqiq edən məhkəmə hesab edir ki, ərizə rədd edilməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 55.3-cü maddəsinə görə məhkəmə uşağa görə aliment ödəyən valideynin tələbi ilə alimentin 50 faizdən çox olmayan məbləğini yetkinlik yaşına çatmayan uşağın adına açılmış bank hesabına köçürmək barədə qərar çıxara bilər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyaları Mülki Kollegiyanın Mülki Prosessual Məcəlləsinin 418-1-ci maddəsinin tələblərinə müvafiq qaydada verdiyi 2023-cü il 9 iyun tarixli təqdimatı əsasında mübahisəli hüquqi məsələyə hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi məqsədi ilə qərar qəbul etmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 55.3-cü maddəsinin tətbiqi üzrə 08 dekabr 2023-cü il tarixli Qərardadla müəyyən olunub ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 55.3-cü maddəsində nəzərdə tutulan tələb qətnamənin icra qaydasının müəyyən edilməsi barədə müraciətdir. Alimentin tutulması tələbinə dair iddiaya baxılarkən bu barədə edilmiş müraciət Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 220.6-cı maddəsində nəzərdə tutulan qaydada həll edilir. Məhkəmə qətnaməsi ilə tutulan alimentə münasibətdə bu məsələ borclunun ərizəsi əsasında Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.1-ci maddəsində nəzərdə tutulan qaydada həll edilir. Alimentin ödənilməsinin Azərbaycan Respublikası Ailə Məcəlləsinin 55.3-cü maddəsində nəzərdə tutulan icra qaydasının müəyyən edilməsindən sonra həmin qaydanın dəyişdirilməsi və ya ləğv edilməsi ilə bağlı əsaslar yaranarsa, belə müraciətlərə də Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.1-ci maddəsində nəzərdə tutulmuş icra icraatı qaydasında baxılır. Məhkəmə qətnaməsi ilə tutulan alimentin bir hissəsinin Azərbaycan Respublikası Ailə Məcəlləsinin 55.3-cü maddəsinə uyğun şəkildə ödənilməsi, habelə bu icra qaydasının ləğvi və yaxud dəyişdirilməsi ilə bağlı müraciətlər iddia icraatı qaydasında verildikdə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.2.1-ci maddəsinə əsasən, iddia ərizəsinin qəbulundan imtina olunmalı, iş səhvən icraata qəbul edildikdə isə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.1-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməli, hər iki halda iddiaçıya Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.1-ci maddəsinə əsasən qətnamənin icra qaydasının müəyyən edilməsi barədə ərizə ilə aidiyyəti məhkəməyə müraciət etmək hüququ izah olunmalıdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 55.3-cü maddəsində nəzərdə tutulan qaydada uşağın adına açılmış bank hesabına yığılmış vəsaitə valideynlərdən birinin istəyi ilə sərəncam verilməsi barədə mübahisəyə həmin valideynin tələbi əsasında iddia icraatı qaydasında baxılır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.1-ci maddəsinə əsasən işə baxmış hakim, işdə iştirak edən şəxslərin ərizəsi üzrə tərəflərin əmlak vəziyyətinə və digər hallara əsasən qətnamənin icrasına möhlət verməyə və ya qətnaməni hissə-hissə icra etdirməyə, habelə onun icra üsulunu və qaydasını dəyişdirməyə haqlıdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 55.2-ci maddəyə görə aliment valideynin sərəncamına daxil olur, onun tərəfindən uşaqların saxlanmasına, tərbiyəsinə və təhsilinə xərclənir. Aliment almaq uşağa məxsus olan hüquqdur (Ailə Məcəlləsi, maddə 55.1), buna müvafiq olaraq aliment uşağa məxsus olan vəsait sayılır. Sərəncamına aliment daxil olan valideyn bu vəsaiti təyinatı üzrə xərcləmək vəzifəsi daşıyır. Əgər müəyyən olunarsa ki, valideyn alimenti tam olaraq təyinatı üzrə, yəni uşağın saxlanmasına, tərbiyəsinə və təhsilinə xərcləmir, belə halda 55.3-cü maddə tətbiq edilə bilər. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununun 5-ci maddəsinə əsasən, dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Azərbaycan Respublikasının normativ hüquqi aktları və müvafiq orqanların qərarları uşaq mənafelərinə zidd olmamalı və onların icrası uşaqların həyatına, inkişafına və tərbiyəsinə zərər gətirməməlidir. Məhkəmə qeyd edir ki, qanunvericiliyin yuxarıda sadalanan normalarının mənasına görə aliment institutunun təyinatı ilk növbədə uşaqların mənafelərinin təmin edilməsindən, uşaqların saxlanmasında könüllü iştirak etməyən valideynlərin onların saxlanmasına məcburi cəlb olunmasından ibarətdir. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə əsasən isə uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Qanunvericiliyin sadalanan müddəaları alimentin məbləğinin müəyyənləşdirilməsi və sonradan dəyişdirilməsi zamanı əsas meyar kimi uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanmasını müəyyən etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının Azərbaycan Respublikası Ailə Məcəlləsinin 55.3-cü maddəsinin tətbiqi üzrə 2023-cü il 8 dekabr tarixli 04/2023 nömrəli qərardadına əsasən Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin (bundan sonra “MPM”) 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Prosessual qanunvericilik sübutetmə yükünün tələb edən tərəfin üzərində olması barədə ümumi prinsipi əks etdirsə də, tələbin qanuni əsasını təşkil edən normalar tərəflərdən hansının işin hansı hallarını sübut etməli olması barədə fərqli qaydalar müəyyən edə bilər. Odur ki, hər bir mübahisənin qanuni həllinə imkan verən sübutetmə yükünün düzgün bölüşdürülməsi işin qanuni həlli baxımından vacib əhəmiyyətə malikdir. Göründüyü kimi, alimentin məbləği uşağın əvvəlki təminat səviyyəsinin mümkün qədər maksimal saxlanılması əsas tutularaq müəyyən olunur. Ödənilən alimentin məbləğinin ölkədə uşaqlar üçün müəyyən olunan yaşayış minimumundan yüksək olması özü-özlüyündə alimentin artıq olan hissəsinin bank hesabına köçürülməsi üçün əsas vermir. Belə ki, bu zaman uşağın yaşı, təhsili (ödənişli və ya ödənişsiz), o cümlədən əlavə haqq ödənilməklə uşağın məktəbəqədər tərbiyə müəssisəsinə, müxtəlif dərnəklərə getməsi, səhhəti, həmçinin bu qaydanın müəyyən edilməsinin uşağın mənafelərinə uyğunluğu da nəzərə alınmalıdır. Ödənilən aliment məbləğinin yüksək olması əsası ilə onun bir hissəsinin bank hesabına köçürülməsi barədə müraciət edən şəxs bu qaydanın müəyyən edilməsinin məhz uşağın mənafeyinə xidmət etdiyini əsaslandırmaq və sübut etmək vəzifəsi daşıyır. Müraciət, alimentin (bir hissəsinin) uşağa deyil, başqa məqsədlərə sərf olunması əsası ilə edildiyi halda da mülki prosessual qanunvericiliyin sübutetmə ilə bağlı ümumi prinsiplərinə uyğun olaraq, sübutetmə yükü bu müraciəti edən tərəfin üzərinə düşür. Nəzərə alınmalıdır ki, ödənilən alimentin məbləği uşağın ödənişli təhsilə, əlavə məşğələlərə cəlb edilməsinə, uşağın mənafeyinə xidmət edən daha yaxşı həyat şəraitinin təmin edilməsinə imkan verirsə, aliment ödəyən tərəfin yuxarıda qeyd edilən məsələlərlə bağlı xərclərə razılığı tələb edilmir. Belə ki, uşaq himayəsində saxlanılan valideyn məhkəmə qətnaməsi ilə xeyrinə tutulmuş alimentin məbləği, habelə öz şəxsi vəsaitləri və imkanları həddində uşağın saxlanılması, təhsili, tərbiyəsi və normal inkişafı üçün zəruri hesab etdiyi tədbirləri həyata keçirmək hüququna malikdir. Aliment ödəyən tərəf müraciətinin təmin edilməsinə əsas verən sübutları təqdim etdiyi halda, aliment alan tərəf ödənilən alimentin mühüm hissəsini uşağın təhsilinə, müalicəsinə və digər təminatına xərclədiyinə dair etiraz irəli sürərsə, bununla bağlı etirazının əsaslarını sübut etmək vəzifəsini daşıyır. Bu zaman nəzərə alınmalıdır ki, uşağı saxlayan valideynin uşağın qidalanmasına, geyiminə, asudə vaxtının təşkili və digər xırda məişət məsələlərinə dair xərcləri barədə sübutlar təqdim etmək vəzifəsi yoxdur. Hazırda ərizədə borclu əmək haqqısının artması səbəbindən ödədiyi alimentin 650 manatdan 960 manata yüksəlməsini, alimentin məqsədinin övladının rifahını təmin etmək olsa da, faktiki olaraq alimenti alan şəxsin bu vəsaiti uşağın ehtiyaclarına deyil, şəxsi təhsil xərclərinə və digər məqsədlərə sərf etdiyini, bu faktın məhkəməyə təqdim etdiyi şəkillə sübutlarla təsdiq olunduğunu bildirmişdir. MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Yuxarıda qeyd olunan prosessual normanın məzmunundan da göründüyü kimi həmin maddə sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. Qərardada əsasən ödənilən aliment məbləğinin yüksək olması əsası ilə onun bir hissəsinin bank hesabına köçürülməsi barədə müraciət edən şəxs bu qaydanın müəyyən edilməsinin məhz uşağın mənafeyinə xidmət etdiyini əsaslandırmaq və sübut etmək vəzifəsi daşıyır. Müraciət, alimentin (bir hissəsinin) uşağa deyil, başqa məqsədlərə sərf olunması əsası ilə edildiyi halda da mülki prosessual qanunvericiliyin sübutetmə ilə bağlı ümumi prinsiplərinə uyğun olaraq, sübutetmə yükü bu müraciəti edən tərəfin üzərinə düşür.Lakin ərizəni verən şəxs hər hansı sübut təqdim etməmişdir. MPM-in 78.2-ci maddəsinə əsasən işdə iştirak edən şəxsin işdə iştirak edən və iştirak etməyən şəxslərdən və ya orqanlardan onlarda olan zəruri sübutları müstəqil əldə etmək imkanı olmadıqda o, həmin sübutları tələb etmək barədə vəsatətlə məhkəməyə müraciət edə bilər. Vəsatətdə bu sübutlarla iş üçün əhəmiyyətli olan hansı halların müəyyən edilməsi, sübutların əlamətləri və olduğu yer göstərilməlidir. Borclu tərəfindən əmək haqqısı ilə bağlı hər hansı sübut təqdim edilməmiş, həmçinin əmək haqqısı barədə məlumatın iş yerindən alına bilməməsi barədə ərizədə hər hansı məlumat qeyd edilməmişdir. MPM-in 217.1-ci və 217.3-cü maddələrinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Azərbaycan Respublikası MPM-in 231.4-cü maddəsinə görə qətnamə icrasına möhlət verilməsi və ya onun hissə-hissə icra edilməsi, qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsi icra üzrə icraatın dayandırılması, borclu fiziki şəxsin, borclu hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması, borclunun əmlakı üzərinə həbs qoyulması barədə məhkəmə qərardadından şikayət verilə bilər. Yuxarıda qeyd olunanları və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 231, 263, 264, 267 və 268.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: Şahbuz Rayon Məhkəməsinin 2(090)-54/2024 nömrəli, 08 fevral 2024-cü il tarixli qətnamə ilə müəyyən edilən alimentin 50 faizinin uşağın adına bankda açılan hesaba köçürülməsi barədə Borclu ərizəsi rədd edilsin. Qərardadın surəti rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində (elektron qaydada) Şahbuz Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Mehrab Məmmədov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar