Məhkəmə qərarları › İş №8-1(3-9)-3/2026

Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №8-1(3-9)-3/2026

17.06.2026 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Şirvan şəhəri İş № 8-1(3-9)-3/2026 17.06.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI Şirvan Apelyasiya Məhkəməsinin Inzibati Kollegiyası Hakimlər: Hüseynov Fikrət Cilingir oğlu (sədrlik edən və məruzəçi), X1 və Quliyev Ceyhun Əmir oğlundan ibarət tərkibdə, Hüseynli Bülbül Düldül oğlunun katibliyi ilə, Şirvan Apellyasiya Məhkəməsinin ## ###### 2025-ci il tarixli, *-*(***)-***/**** nömrəli qərarına izah verilməsi barədə Neftçala Rayon Icra Hakimiyyətin ərizəsinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Iddiaçı Maraqlı şəxs cavabdeh Neftçala Rayon Icra Hakimiyyətinə qarşı iddia ərizəsi ilə Şirvan Inzibati Məhkəməsinə müraciət edərək, Neftçala Rayon Icra Hakimiyyətinin ##.##.2024-cü il tarixli, ** nömrəli sərəncamının ona aid hissədə qanunsuz hesab edilməklə ləğv edilməsi və həmin sərəncamın onun yaşayış sahəsi ilə təmin olunanadək mənzil kirayə xərcləri ilə təminatının dayandırılmasına dair nəticələrinin aradan qaldırılması barədə qərar çıxarılmasını xahiş etmişdir. Şirvan Inzibati Məhkəməsinin (hakim P.Qurbanova) ## ###### 2024-cü il tarixli, *- *(***)-****/**** nömrəli qərarı ilə iddia təmin edilməmişdir. Şirvan Apellyasiya Məhkəməsinin ## ###### 2025-ci il tarixli, *-*(***)-***/**** nömrəli qərarı ilə iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməsi, Şirvan Inzibati Məhkəməsinin ## ###### 2024-cü il tarixli, *-*(***)-****/**** nömrəli qərarının ləğv edilməsi, Neftçala Rayon Icra Hakimiyyətinin ##.##.2024-cü il tarixli, ** nömrəli sərəncamının Maraqlı şəxs aid hissədə ləğv edilməsi qərara alınmışdır. Məhkəmə kollegiyası gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, “Inzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 68.4-cü maddəsinə əsasən qanuni inzibati akt, həmin aktın ləğv olunmasını şərtləndirən hallar məlum olduğu gündən 1 il ərzində ləğv edilə bilər. Inzibati orqan özünün əvvəlki qərarının tamamilə və ya qismən səhv olduğunu müəyyən etdikdə, sonradan həmin qərarı ləğv etmək və ya dəyişdirməklə bağlı yeni qərar qəbul etməkdə haqlı olsa da, malik olduğu bu səlahiyyətin həyata keçirilməsi zamanı məhdudiyyətlərə və qanunvericiliklə dəqiq müəyyənləşdirilmiş müddətə və prosedurlara riayət etməlidir. Neftçala Rayon Icra Hakimiyyəti Şirvan Apellyasiya Məhkəməsinə müraciət edərək, həmin qərara izah verilməsini xahiş etmiş, müraciəti onunla əsaslandırmışdır ki, ## ###### 2025-ci il tarixli, *-*(***)-***/**** nömrəli qərarın qanuni qüvvəyə minməsi ilə əlaqədar icra olunması üçün Neftçala Rayon Icra Hakimiyyətinə göndərilmişdir. Neftçala Rayon Icra Hakimiyyəti başçısının ##.##.2025-ci il tarixli *** nömrəli Sərəncamı ilə ##.##.2024-cü il tarixli, ** nömrəli sərəncam Maraqlı şəxs aid hissədə ləğv edilmişdir. Həmin sərəncamın 2-ci maddəsinin icrası ilə əlaqədar "Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikası Qanununun 12-ci maddəsinin 2-ci hissəsinin 4-cü abzasına əsasən Bakı şəhəri ** saylı notariat ofisinin ## #### 2025-ci il tarixində təsdiq etdiyi kirayə müqaviləsi əsasında ailəsi ilə birlikdə ##.##.2030-cu il tarixinədək Bakı şəhəri, Nizami rayonu, ünvan 1 ünvanında Bakı şəhər sakini X2 xüsusi mülkiyyətində olan 97.9 kvm. mənzildə kirayə yaşayan həqiqi hərbi xidmətdən ehtiyyata buraxılan Maraqlı şəxs müvəqqəti yaşayış sahəsinin kirayəsi üçün kompensasiyanın Neftçala Rayon Icra Hakimiyyəti tərəfindən ödənilməsi ilə bağlı ##.##.2025-ci il tarixli *-**/*-****/**** nömrəli məktubla Azərbaycan Respublikası Maliyyə Nazirliyinə müraciət edilmişdir. Azərbaycan Respublikası Maliyyə Nazirliyinin ##.##.2026-cı il tarixli məktubundan görünür ki, Nazirliyin şifahi sorğusu əsasında təqdim edilmiş müvəqqəti qeydiyyat vəsiqəsində ehtiyata buraxılmış Maraqlı şəxs müvəqqəti qeydiyyat yeri Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Yeni Günəşli yaylası,1-ci dalan, ev 40A qeyd edilmişdir. Həmçinin məktubla bildirilmişdir ki, "Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikası Qanununun 12-ci maddəsinin 2-ci hissəsinin 4-cü abzasına əsasən ehtiyyata və istefaya buraxılmış şəxslərin seçilmiş yaşayış yerinə gəldikləri günün 3 aylığından mənzil və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi alanadək müvəqqəti mənzil kirayəsi xərclərini bu şəxslərin müvəqqəti yaşayış yerindəki yerli icra hakimiyyəti başçıları Azərbaycan Respublikası Nazirlər Kabinetinin müəyyən etdiyi məbləğdə və qaydada ödəyirlər. Göründüyü kimi yuxarıda qeyd olunan normativ hüquqi aktların tələbləri və Azərbaycan Respublikası Maliyyə Nazirliyi müvəqqəti yaşayış sahəsinin kirayəsi üçün kompensasiyanın Neftçala Rayon Icra Hakimiyyəti tərəfindən ödənilməsini mümkün saymır. Iddiaçı isə ##.##.2024-cü il tarixdən Şirvan Apellyasiya Məhkəməsinin qərarı qanuni qüvvəyə minənədək (2025-ci ilin dekabr ayınadək) müvəqqəti yaşayış sahəsinin kirayəsi üçün ödənilməli olan kompensasiyanı Neftçala Rayon Icra Hakimiyyətindən tələb edir. Iddia tələbində, eləcə də Şirvan Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının ## ###### 2025-ci il tarixli, *-*(***)-***/**** nömrəli qərarının əsaslandırıcı hissəsində iddiaçıya kompensasiyanın hansı müddət ərzində, hansı qaydada, iddiaçının müvəqqəti yaşayış yeri Bakı şəhəri olduğu halda kim tərəfindən ödənilməsi müəyyən olunmadığından hazırki məsələyə Azərbaycan Respublikası Maliyyə Nazirliyinin ##.##.2026-cı il tarixli,*-**/*-***/**** nömrəli məktubu nəzərə alınmaqla (analoji olaraq Azərbaycan Respublikası MPM-nin 230-cu maddəsinə əsasən) münasibət bildirilməsi, izah verilməsi xahiş olunur. Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, gəlməmişlər. Məhkəmə kollegiyası ərizəyə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası işin hallarına dair məruzəni dinləyib iş üzrə materialları araşdıraraq hesab edir ki, aşağıdakılara əsasən ərizə təmin edilməməlidir. Belə ki, mahiyyəti üzrə baxılmış işin hallarından görünür ki, Neftçala Rayon Icra Hakimiyyəti başçısının ##.##.2021-ci il tarixli *** nömrəli sərəncamı ilə həqiqi hərbi xidmətdən ehtiyata buraxılmış Maraqlı şəxs mənzil və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi alanadək müvəqqəti yaşayış sahəsinin kirayəsi üçün mənzil kirayə xərclərinin ödənilməsi qərara alınmış və ödənişi həyata keçirilmişdir. Bundan sonra Neftçala Rayon Icra Hakimiyyəti başçısının ##.##.2024-cü il tarixli ** nömrəli sərəncamı ilə əvvəlki sərəncam qüvvədən düşmüş hesab edilmiş və ödəniş dayandırılmışdır. Iddiaçı məhkəmədə ##.##.2024-cü il tarixli sərəncamı mübahisələndirmişdir. Qeyd olunur ki, məhkəmə kollegiyasının hazırda izah verilməsi tələb olunan qərarı ilə inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın qanuniliyinə, daha doğrusu aktın qəbulunu şərtləndirən hallara deyil, aktın qəbulu zamanı qanunvericiliyin tələblərinə əməl edilməsi halına qiymət verilmiş, iddiaçıya kompensasiyanın hansı müddət ərzində, hansı qaydada, kim tərəfindən ödənilməli olması şərtlərinə qiymət verilməmiş, həmin məsələlər araşdırmanın predmeti olmamışdır. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, hazırki müraciətdə qeyd olunan məsələlərlə bağlı qərara izah verilməsi istisna olunur. Bununla yanaşı kollegiya qeyd edir ki, müraciət müəllifinin keçmiş hərbi qulluqçunun yaşayış yerini dəyişməsi halında "Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikası Qanununun və öz fəaliyyətini tənzimləyən müvafiq Əsasnamənin tələblərinə uyğun davranmaq hüququ, eyni zamanda məhkəmə tərəfindən ləğv edilmiş inzibati aktın qəbulu ilə bağlı nəticələri aradan qaldırmaq vəzifəsi vardır. Azərbaycan Respublikasının Inzibati Prosessual Məcəlləsinin 1.2-ci maddəsinə əsasən bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 230.1-ci maddəsinə əsasən işə baxmış hakim işdə iştirak edən şəxslərin ərizəsi əsasında ləğv edilməmiş qətnaməsini, onun məzmununu dəyişdirmədən izah etməyə haqlıdır. -230.2. Birinci instansiya və apellyasiya instansiyası məhkəməsinin qətnaməsi və ya qərardadı dəyişirsə və yeni məhkəmə aktı çıxarılırsa, onun izah edilməsini iş üzrə son qətnaməni və ya qərardadı çıxarmış məhkəmə həyata keçirir. -230.3. Qətnamə və ya qərardad icra edilməmişsə və məcburi qaydada icra ediləcəyi müddət keçməmişsə, onun izah edilməsinə yol verilir. Beləliklə, yuxarıda şərh olunan normaları və işin faktiki hallarını nəzərə alaraq, məhkəmə kollegiyası hesab edir ki, Şirvan Apellyasiya Məhkəməsinin ## ###### 2025-ci il tarixli, *-*(***)-***/**** nömrəli qərarına izah verilməsi barədə ərizə əsassızdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 1.2-ci, Mülki Prosessual Məcəlləsinin 230-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: Şirvan Apellyasiya Məhkəməsinin ## ###### 2025-ci il tarixli, *-*(***)-***/**** nömrəli qərarına izah verilməsi barədə Neftçala Rayon Icra Hakimiyyətinin ərizəsi təmin edilməsin. Qərardaddan təqdim olunduğu gündən 10 (on) gün müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar