Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(103)-1/2024 31.01.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Azad Nizam oğlu İmanov (sədrlik edən və məruzəçi), Məmməd Allahverdi oğlu Məmmədov və Fuad Şəmsəddin oğlu Talışinskidən ibarət tərkibdə, Kürdoğlu Vidadi oğlu İsmayılzadənin katibliyi, Tələbkar vəkili Nümayəndə, Borclu Məhərrəmov Anar Abel oğlunun nümayəndəsi və vəkili Yavərzadə Yavər Elçin oğlunun, Bakı şəhəri Yasamal rayon icra şöbəsinin böyük icra məmuru İsmayılov İsmayıl İbrahim oğlunun iştirakı ilə, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2023-cü tarixli, 8(004)-518/2023 saylı qərardadından Tələbkar tərəfindən verilmiş şikayətə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Borclu Məhərrəmov Anar Abel oğlunun nümayəndəsi və vəkili Vəkil şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək Bakı şəhəri Yasamal rayon İcra Şöbəsinin böyük icra məmuru İsmayıl İsmayılovun “aliment üzrə borcun müəyyən edilməsi haqqında” xx.xx.2023-cü il tarixli qərarının ləğv edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, müvafiq icra sənədi üzrə Azərbaycan Respublikası XİN-in xx.xx.2023-cü il tarixli məktubunda qeyd olunan xüsusatlar, borclu Məhərrəmov Anar Abel oğlunun dövlət məvacibindən vergilər və s. məcburi ödənişlər çıxıldıqdan sonra qalan məbləğdən aliment üçün 50% məbləğ təşkil edən 1875 manat hissədə tam ödəniş aparılmışdır. Lakin, Bakı şəhəri Yasamal rayon İcra Şöbəsinin böyük icra məmuru İsmayıl İsmayılovun “aliment üzrə borcun müəyyən edilməsi haqqında” xx.xx.2023-cü il tarixli qərarı ilə əsassız olaraq aliment borcu 218923,39 manat müəyyən edilmişdir. Müvafiq icra orqanının sözügedən qərarı qanunsuzdur. Bu səbəbdən, Bakı şəhəri Yasamal rayon İcra Şöbəsinin böyük icra məmuru İsmayıl İsmayılovun “aliment üzrə borcun müəyyən edilməsi haqqında” xx.xx.2023-cü il tarixli qərarının ləğv edilməsi xahiş edilir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 8(004)-518/2023 saylı, 27 oktyabr 2023-cü il tarixli qərardadı ilə borclu Məhərrəmov Anar Abel oğlunun nümayəndəsi və vəkili Vəkil tərəfindən Bakı şəhəri Yasamal rayon İcra Şöbəsinin böyük icra məmuru İsmayıl İsmayılovun “aliment üzrə borcun müəyyən edilməsi haqqında” xx.xx.2023-cü il tarixli qərarından verilmiş şikayət ərizəsinin təmin edilməsi, Bakı şəhəri Yasamal rayon İcra Şöbəsinin böyük icra məmuru İsmayıl İsmayılovun “aliment üzrə borcun müəyyən edilməsi haqqında” xx.xx.2023-cü il tarixli qərarının ləğv edilməsi qərara alınmışdır. Qərardaddan tələbkarın nümayəndəsi və vəkili Qazıyeva Afət Aslan qızı şikayət verərək qərardadın ləğv edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, dövlətin adından çıxarılan məhkəmə qətnaməsi üzrə Anar Abel oğlu Məhərrəmov tərəfindən tutulan aliment Xarici İşlər Nazirliyində düzgün hesablanmır. Məhz icra məmuru icra sənədinin düzgün icra edilməsini həyata keçirir. Yasamal Rayon İcra Şöbəsinin icra məmurunun “aliment üzrə borcun müəyyən edilməsi haqqında” xx.xx.2023-cü il tarixli qərarı XİN-in 18 iyul 2023-cü il tarixli yazılı məlumatlarına əsasən Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli 8(103)- 144/2023 saylı qərardadın əsaslandırıcı hissəsində müəyyən edilmiş qaydaya uyğun hesablanmışdır. Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 18 iyul 2016-cı il Sərəncamı ilə Azərbaycan Respublikasının İspaniya Krallığında fövqəladə və səlahiyyətli səfiri Anar Abel oğlu Məhərrəmov iqamətgahı Madrid şəhərində olmaqla, eyni zamanda Azərbaycan Respublikasının Andorra Knyazlığında fövqəladə və səlahiyyətli səfiri təyin edilmişdir. O, eyni zamanda Ümumdünya Turizm Təşkilatının daimi nümayəndəsi vəzifəsinə təyin edilmişdir. Cənab Prezidentin 19 aprel 2021-ci il tarixli Sərəncamı ilə A.A.Məhərrəmov Azərbaycan Respublikasının İspaniya Krallığında və Andorra Knyazlığında fövqəladə və səlahiyyətli səfiri, eyni zamanda Ümumdünya Turizm Təşkilatı yanında daimi nümayəndəsi vəzifəsindən geri çağırılmışdır. Bu isə onu göstərir ki, A.Məhərrəmov həmçinin bu vəzifəyə görə də maaş almış, lakin borclunun bütün qazancından (gəlirindən) bu müddət ərzində aliment hesablanmamışdır. Cənab Prezidentin 26 iyul 2021-ci il tarixli Sərəncamı ilə Anar Abel oğlu Məhərrəmov Azərbaycan Respublikasının Estoniya Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin edilmişdir. Birinci instansiya məhkəməsi Yasamal rayon Məhkəməsinin 8(004)-193/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərardadında yol verilən səhvi təkrarlayaraq, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasıının 8(103)-144/2023 nömrəli xx.xx.2023-cü il tarixli qərardadında qeyd olunan xüsusatlardan fərqli hüquqi yanaşmanın qoyulmasını məqsədəmüvafiq hesab etmişdir. Amma məhkəmə hansı məqsədəmüvafiqliyi göstərməmişdir. İcra məmurunun mübahisələndirilən qərarı Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 8(103)-144/2023-cü il tarixli xx.xx.2023-cü il tarixli qərardadına və Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin 18 iyul 2023-cü il tarixli cavab məktubuna və Anar Məhərrrəmovun xx.xx.2018-xx.xx.2021-ci il tarixlərdə XİN-də aldığı əmək haqqı barədə məlumata söykənir. Birinci instansiya məhkəməsi bu fakta hüquqi qiymət verməmişdir. Sadəcə qeyd etmişdir ki, “aliment hüquq institutunun mahiyyəti valideynlərdən birinin maddi imkanlarını, gəlirlərini artırmaq və ya varlanmaq deyildir. Aliment hüquq institutunun mahiyyəti uşağın minimal xərclərinin qarşılanmasına hər iki valideynin cəlb edilməsidir. Bakı şəhəri Yasamal İcra Şöbəsinin böyük icra məmuru İsmayıl İsmayılovun “aliment üzrə borcun müəyyən edilməsi haqqında” xx.xx.2023-cü il tarixli qərarı ilə kəsir olaraq hesablanmış aliment borcunun 218.923,39 manat müəyyən edilməsi aliment hüquq institutunun mahiyyətinə uyğun deyildir. Hazırkı iş üzrə Məhərrrəmov Anar Abel oğlunun əmək haqqına müvafiq olaraq uşaqlara ödənilmiş aliment miqdarı kifayət qədər normal məbləğdə olmaqla (1875 manat) ağlabatandır.” Qərardaddan görünür ki. hakimin bir məqsədi olub, o da borclu Anar Məhhərrəmova aliment üzrə öhdəliklərindən yayınmaqda köməklik göstərmək. Aliment hakimin ağlabatanlığına əsasən tutulmur və ödənilmir. Borclunun səfir işlədiyi müddətdə yüksək qazanc sahibi olduğu halda 2018-ci ildən 2023-cü ilə qədər olan dövr ərzində XİN-də səfir təyin edilənədək tutduğu maaşının 50 faizi miqdarında 3 uşağın saxlanılması üçün ayda cəmi 590 manat alimentin qanunsuz hesablanması və tutulmasına məhkəmə hüquqi qiymət verməmişdir və “ağlabatan”lığını göstərməmişdir. Amma haqsız və qanunsuz olaraq uşaqların haqlarına girmişdir. Azərbaycan Respublikasının İspaniya Krallığında və Andorra Knyazlığında fövqəladə və səlahiyyətli səfiri, Estoniya Respublikasında fövqəladə və səlahiyyətli səfiri, eyni zamanda Ümumdünya Turizm yanında daimi nümayəndəsi vəzifələrini icra etmə müddətinin XİN tərəfindən ezamiyyət müddəti hesab edilməsi qanunsuzdur, diplomatik xidmət əməkdaşı cənab Prezidentin Sərəncamı ilə səfir vəzifəsinə təyin edilir və müvafiq Sərəncamı ilə səfir vəzifəsindən azad edirlir. Səfir vəzifədir. Odur ki, səfirin öz xidməti vəzifəsinə uyğun hesablanan bütün qazancından (gəlirindən) aliment tutulmalıdır. Məhkəmə iş üzrə səhv hüquqi nəticəyə gəlmişdir. Məhkəmənin istinad etdiyi AR Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2020-ci il tarixli qərarının bu mübahisəyə aidiyyəti yoxdur. Digər tərəfdən də Normativ hüquqi aktlar haqqında Azərbaycan Respublikasının Konstitusiya Qanununun tələbinə əsasən Məcəllə digər qanunlardan üstündür. Ailə qanunvericiliyinin tələblərinə əsasən səfir vəzifəsində işləyən borclunun öz xidməti vəzifəsinə uyğun aldığı bütün qazancından (gəlirindən) aliment hesablanmalıdır. Göstərilən maddi hüquq normalarının tələblərindən görünür ki, borclunun Azərbaycan Respublikasının İspaniya Krallığında və Andorra Knyazlığında fövqəladə və səlahiyyətli səfiri, Estoniya Respublikasında Fövqəladə və səlahiyyətli səfiri, eyni zamanda Ümumdünya Turizm yanında daimi nümayəndəsi vəzifələrini icra etmə müddəti haqqı ödənilən işdir, o həmin vəzifələrə dövlət başçısı tərəfindən təyin edilir və azad edilir, o həmin vəzifələrini yerinə yetirməsi müqabilində məvacib alır. Borclunun aldığı məvaciblər əsasında icra məmuru Xarici İşlər Nazirliyinin təqdim etdiyi məlumatlar əsasında onun aylıq aldığı əməkhaqqından məhkəmə qətnaməsi ilə müəyyən edilən dövr üzrə qanuni və əsaslı olaraq aliment borcu müəyyən etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 8(004)-518/2023 saylı, 14 noyabr 2023cü il tarixli qərardadı ilə şikayət təmin edilməmiş, şikayət baxılması üçün işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 397.2-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Məhkəmə işdə iştirak edən şəxsin bu barədə verdiyi vəsatəti əsaslı hesab etdikdə və ya öz təşəbbüsü ilə şikayət üzrə işə məhkəmə iclasında baxa bilər. Bu barədə məhkəmə tərəfindən müvafiq qərardad qəbul edilməklə işdə iştirak edən şəxslərə məlumat verilir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 8(103)-437/2023 nömrəli, 11 dekabr 2023-cü il tarixli qərardadı ilə şikayətə məhkəmə iclasında baxılması qərara alınmışdır. Məhkəmə kollegiyası iclasında iştirak edən Tələbkar vəkili Nümayəndə şikayəti müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyası iclasında iştirak edən Bakı şəhəri Yasamal rayon icra şöbəsinin böyük icra məmuru İsmayılov İsmayıl İbrahim oğlu şikayəti müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyası iclasında iştirak edən borclu Məhərrəmov Anar Abel oğlunun nümayəndəsi və vəkili Yavərzadə Yavər Elçin oğlu şikayətə etiraz edərək təmin edilməməsini xahiş etdi. Məhkəmə kollegiyası işdə iştirak edən şəxləri dinləyib, iş materiallarını və şikayətin dəlilini araşdıraraq hesab edir ki, şikayət təmin edilməli, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 8(004)-518/2023 saylı, 27 oktyabr 2023-cü il tarixli qərardadı ləğv edilməli, Bakı şəhəri Yasamal rayon İcra Şöbəsinin böyük icra məmuru İsmayıl İsmayılovun “aliment üzrə borcun müəyyən edilməsi haqqında” xx.xx.2023-cü il tarixli qərarının ləğvi ilə bağlı şikayət təmin edilməməlidir. Birinci instansiya məhkəməsi qərardadını onunla əsaslandırılmışdır ki, diplomatik xidmət əməkdaşlarına rotasiya qaydasında xaricə ezamiyyətə göndərilən dövrə görə ödənilən əlavə məvacib adından göründüyü kimi, əmək haqqı və ya gəlirlər kimi deyil, məhz ezamiyyət xərcləri (qonaqlama, qida, geyim, nəqliyyat və s.) kimi nəzərdə tutulmuşdur. Həmin xərclərin hesablanma meyarı diplomatik xidmət əməkdaşının müvafiq ölkəyə uyğun olaraq minimal yaşam xərclərinə uyğun hesablanır. Nəzərə almaq lazımdır ki, diplomatik xidmət əməkdaşları Azərbaycan Respublikasını rotasiya qaydasında ezamiyyət üsulu ilə müvafiq xarici ölkələrdə təmsil edirlər və müvafiq diplomatik və ya hüquq münasibətlərinə öz adlarından deyil, Azərbaycan Respublikası adından daxil olurlar. Məhz bu səbəbdən, diplomatik xidmət əməkdaşlarının “gözlənilən gəlirləri”nin əmək haqqı kimi nəzərə alınmaqla müvafiq tutulmaların aparılması həmin şəxslərin təmsilçilik maraqlarında neqativ hallara səbəb ola bilər. Nəzərə almaq lazımdır ki, şəffaflıq naminə diplomatik xidmət əməkdaşının dövləti xarici ölkələrdə təmsil edərkən ilk öncə onun müvafiq ödənişləri dövlət təminatı altında həyata keçirilməsi təmin olunmalı, onun maddi təminatı şərtsiz həyata keçirilməli, diplomat özünü maliyyə risklərindən sığortalanmış formada hiss etməlidir ki, fəaliyyətində maddi maraqlara meyl etməməklə dövlət maraqlarını rəhbər tutsun. Sözügedən ödənişləri əmək haqqı və ya faktiki gəlir kimi qiymətləndirmək faktiki olaraq mümkün olsa da, həmin ödənişlər qazanc, gəlir kimi deyil, adından göründüyü kimi məhz ezam, saxlama, yaşa xərcləri qismində ödənilir. Məhkəmə həmçinin qeyd etmişdir ki, aliment hüquq institutunun mahiyyətini valideynlərdən birinin maddi imkanlarını, gəlirlərini artırmaq və ya varlandırmaq deyildir. Aliment hüquq institununun mahiyyəti uşağın minimal xərclərinin qarşılanmasına hər iki valideynin cəlb edilməsidir. Bakı şəhəri Yasamal rayon İcra Şöbəsinin böyük icra məmuru İsmayıl İsmayılovun “aliment üzrə borcun müəyyən edilməsi haqqında” xx.xx.2023-cü il tarixli qərarı ilə kəsir olaraq hesablanmış aliment borcunun 218923,39 manat müəyyən edilməsi aliment hüquq instutunun mahiyyətinə uyğun deyil. Hazırki iş üzrə Məhərrəmov Anar Abel oğlunun əmək haqqına müvafiq olaraq uşaqlara ödənilmiş aliment miqdarı kifayət qədər normal məbləğdə olmaqla (1875 manat) ağlabatandır. Nəzərə almaq lazımdır ki, uşağı saxlamaq hər iki valideyinin vəzifəsidir və birinin digərinə münasibətdə hər hansı üstünlük hüququ və ya əlavə mükəlləfiyyəti yoxdur. Kollegiya birinci instansiya məhkəməsinin qeyd edilən mövqeyini qanuni və əsaslı hesab etmir. Belə ki, iş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 8(103)-144/2023 nömrəli xx.xx.2023-cü il tarixli qərardadı ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 8(004)-193/2023 nömrəli xx.xx.2023-cü il tarixli qərardadından tələbkar tərəfindən verilmiş şikayət təmin edilmiş, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 8(004)- 193/2023 nömrəli xx.xx.2023-cü il tarixli qərardadı ləğv edilmiş, icra məmuru İsmayıl İsmayılovun icra işi üzrə hərəkətsizliyi qanunsuz hesab edilmiş, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-387/2019 nömrəli xx.xx.2019-cu il tarixli icra sənədinə əsasən borclu Məhərrəmov Anar Abel oğlundan 3 uşağın saxlanılması üçün qazancın (başqa gəlirlərin) yarısı miqdarında xx.xx.2018-ci il tarixdən tutulmalı olan alimentin miqdarının hazırki qərardadın əsaslandırıcı hissəsində müəyyən olunmuş qaydalara uyğun hesablanmaqla tələbkara ödənilməsinin təmin edilməsi Bakı şəhəri Yasamal Rayon icra Şöbəsinə həvalə edilmişdir. Kollegiya qeyd edir ki, həmin qərardad iş materiallarında olduğundan və əsaslandırıcı hissə kifayət qədər geniş və ətraflı formada tərtib edildiyindən məhkəmə qərardadın əsaslandırıcı hissəsini hazırki qərardada əlavə etməyi zəruri hesab etmir. İşin hallarından və Bakı şəhəri Yasamal rayon İcra Şöbəsinin böyük icra məmuru İsmayıl İsmayılovun “aliment üzrə borcun müəyyən edilməsi haqqında” xx.xx.2023-cü il tarixli qərarından müəyyən edilir ki, icra məmuru məhz məhkəmə qərardadında qeyd olunan xüsusatlara uyğun olaraq qərar qəbul etmişdir. Hazırkı halda mübahisəli məqam səfirin öz xidməti vəzifəsinə uyğun aldığı bütün qazancından (gəlirindən) alimentin hesablanması ilə bağlıdır. Qeyd olunmalıdır ki, iş materiallarına əlavə olunmuş XİN-nin cavab məktublarının məzmunundan belə nəticəyə gəlinir ki, səfirin uşaqları ataları ilə birlikdə yaşayarkən atanın bütün qazancından yararlana bilərlər, amma ayrı yaşadıqda uşaqların saxlanılması üçün aliment Xarici İşlər Nazirliyində işlədiyi müddət ərzində tutduğu vəzifədən əvvəlki vəzifəsinə görə aldığı əmək haqqından tutulmalıdır. Kollegiya qeyd edir ki, həm birinci instansiya məhkəməsinin yuxarıda qeyd edilən mövqeyi, həm də XİN-nin cavab məktublarının məzmunun aradan qaldıran iş üzrə qanuni qüvvəsini almış məhkəmə qərardadı olduğundan, həmin qərardad ilə müəyyən edilmiş faktlar hazırkı işdə iştirak edən şəxslər tərəfindən mübahisələndirilə bilməz və yenidən sübut edilməsinə lüzum yoxdur. Nəzərə alınmalıdır ki, diplomatik xidmət əməkdaşının xaricdə aldığı əmək haqqıdan sosial sığorta ödənişlərinin və gəlir vergisinin tutulmaması dövlətin hüququdur, həmin qazancdan (gəlirdən) aliment hesablanmaması üçün əsas deyildir. Ailə qanunvericiliyi alimentin bütün qazanc və gəlirlərdən tutulmasını nəzərdə tutur. Uşaq hüquqları hər şeydən üstündür və uşaqların mənafeyi, maraqlarına zidd olan norma qanunsuzdur. Kollegiya hesab edir ki, ləğv olunması ilə tələb olunan Bakı şəhəri Yasamal rayon İcra Şöbəsinin böyük icra məmuru İsmayıl İsmayılovun “aliment üzrə borcun müəyyən edilməsi haqqında” xx.xx.2023-cü il tarixli qərarı alimentin miqdarı müəyyən olunarkən borclunun fövqəladə və səlahiyyətli səfir vəzifəsini icra etməsi ilə əlaqədar aldığı aylıq dövlət məvacibi, əlavələr, kompensasiyalar, eləcə də işlədiyi qurumda aldığı-saxlanılan əmək haqqının cəmi məbləğinin (Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli Qərarının 5-ci bəndindəki alimentin tutulmasının istisna edildiyi gəlirlər, o cümlədən dövlət hesabına ödənilən müvafiq nəqliyyat xərcləri, birdəfəlik yerləşmə müavinəti, verildiyi halda ümumtəhsil məktəbində oxuyan ailə üzvlərinin ödənilən təhsil haqqı, ayrı-ayrı işçilərə pulsuz verilmiş mənzil, kommunal xidmətlərin, yanacağın, nəqliyyatda gediş biletlərinin dəyərindən və ya onların kompensasiyasından və s. istisna olmaqla) yarısından alimentin tutulması, eləcə də həmin tutmanın alimentin tutulduğu vaxtdan hesablanmaqla tutularaq tələbkara ödənilməsi ilə bağlı zəruri icra hərəkətlərin yerinə yetirilməsinin icra məmuru tərəfindən təmin edilməsi qaydalarına uyğun olduğundan, ləğv edilməsi üçün əsas yoxdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək, qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək, qərardadı tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll etmək hüququ vardır. Bu halda məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin edilməli, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 8(004)-518/2023 saylı, 27 oktyabr 2023-cü il tarixli qərardadı ləğv edilməli, Bakı şəhəri Yasamal rayon İcra Şöbəsinin böyük icra məmuru İsmayıl İsmayılovun “aliment üzrə borcun müəyyən edilməsi haqqında” xx.xx.2023-cü il tarixli qərarının ləğvi ilə bağlı şikayət təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398-400, 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası q ə r a r a a l d ı: Tələbkarın nümayəndəsi və vəkili Qazıyeva Afət Aslan qızının şikayəti təmin edilsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 8(004)-518/2023 saylı, 27 oktyabr 2023cü il tarixli qərardadı ləğv edilsin. Bakı şəhəri Yasamal rayon İcra Şöbəsinin böyük icra məmuru İsmayıl İsmayılovun “aliment üzrə borcun müəyyən edilməsi haqqında” xx.xx.2023-cü il tarixli qərarının ləğvi ilə bağlı şikayət təmin edilməsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №8(103)-1/2024
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №8(103)-1/2024
31.01.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver