Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(103)-10/2023 12.01.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Borclu “ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması” barədə icraat üzrə (Açar sözlər: təqdimata yenidən baxılması üçün geri qaytarılmışdır) Bakı Apelyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X10 (sədrlik edən və məruzəçi), Eyvazov Rafael Əmir oğlu və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Borclu “ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması” barədə icraat üzrə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 8(007)-337/2022 saylı, 23 sentyabr 2022-ci il tarixli qərardadından Tələbkar tərəfindən verilmiş şikayətə Bakı Apelyasiya Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İş üzrə qəbul edilmiş məhkəmə aktları:
1. Bakı şəhəri Nizami Rayon İcra Şöbəsinin icra məmuru Zaur Həmzəyev təqdimatla məhkəməyə müraciət edərək, Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)- 4647/2018 nömrəli, xx.xx.2018-ci il tarixli icra sənədinin icrasının təmini istiqamətində hərəkətlərin davam etdirilməsi məqsədi ilə olan xx.xx.1957-ci il təvəllüdlü, Sisian rayonu, Qızıl-Şəfəq kəndində anadan olmuş, ünvan 1 ünvanında qeydiyyatda olan Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair qərar qəbul edilməsi xahiş edilmişdir.
2. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 8(007)-337/2022 saylı qərardadı ilə, Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-4647/2018 nömrəli, xx.xx.2018-ci tarixli icra sənədi üzrə Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə Bakı Şəhəri Nizami Rayon İcra Şöbəsinin icra məmuru Zaur Həmzəyevin təqdimatı təmin edilməmişdir.
3. Birinci instansiyası məhkəməsi qərardadını onunla əsaslandırmışdır ki, verilmiş təqdimat səthi, ümumi sözlərdən ibarət olaraq tərtib edilməklə bərabər, həmin təqdimatdan və ona əlavə olunmuş sənədlərdən icra məmurunun icraatında olan icra işi ilə bağlı qanunda nəzərdə tutulmuş digər icra hərəkətlərinin həyata keçirib-keçirməməsi, müsbət halda hansı tədbirlərin həyata keçirilməsi və əldə olunmuş nəticələr müəyyən olunmur. Həmçinin təqdimatda Borclu müxtəlif vaxtlarda respublika sərhəddini tərk etməsi qeyd olunub. Məhkəmə iclasında “Elektron Məhkəmə” sistemi vasitəsilə sorğulanmış sorğudan görünür ki, borclunun sərhədkeçmə məlumatı tapılmadı. Eyni zamanda tələbkarın nümayəndəsi məhkəmə iclasında “borclunun ölkədən getmək hüququ məhdudlaşdırılsa bəlkə qorxub borcun qalan hissəsini ödəyəcəyini” bildirməsi də ona dəlalət edir ki, hazırki təqdimatda qeyd olunan icra hərəkəti məhkəmə qətnaməsinin icrasını təmin etməyə xidmət etmək əvəzinə formallıq təşkil edir. Belə ki, digər icra hərəkətləri həyata keçirilməli olduğu halda, ümumvətəndaş pasportu olmayan borclu barəsində formal olaraq ölkədən getmək hüququnun məhdudlaşdırılması xahiş edilir. 4.Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 8(007)-337/2022 saylı qərardadı ilə, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 8(007)- 337/2022 saylı qərardadından Tələbkar nümayəndəsi Nümayəndə tərəfindən verilmiş şikayət və ona əlavə edilmiş sənədlər geri qaytarılmışdır.
Şikayətin dəlilləri, birinci instansiya məhkəməsinin şikayətə dair gəldiyi nəticə və şikayətə etirazın dəlilləri:
5. Tələbkar Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 8(007)- 337/2022 saylı qərardadından şikayət və şikayət verilməsi üçün prosessual müddətin bərpasına dair ərizə vermiş və buraxılmış müddətin bərpa edilməsini və qərardaddan verdiyi şikayətin təmin edilməsini xahiş etmişdir.
6. Şikayət onunla əsaslandırılmışdır ki, hal-hazırda borclulardan biri olan X5 vəfat etmişdir. Digər borclu X3 isə Bakı şəhəri Nizami rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli (İş № 8(007)-314/2022 qərardadı ilə ölkədən çıxışına məhdudiyyət qoyulmuşdur. Hal-hazırda Borclu müştərək qaydada ödənilməli olan borc məbləğinin (23730 AZN) ancaq 1/3 (üçdə bir) hissəsini özünə aid edərək 6910 AZN məbləğində borc pul qaytarmışdır. Borclu borcun qalan hissəsinin qaytarılmasından ümumiyyətlə imtina edir və bunu belə əsaslandırır ki, ümumi borc məbləğinin qalan hissəsi digər borclular tərəfindən qaytarılmalıdır. Halbuki, Bakı şəhəri Nizami rayon Məhkəməsinin 2(007)-4647/2018 saylı, 25 dekabr 2018-ci il tarixli qətnaməsində qeyd edilmişdir ki, cavabdehlər X2, X1 və Borclu müştərək qaydada 11000 (on bir min) ABŞ dolları (ödəniş günü dolların manata olan məzənnəsi ilə manatla), 5000 (beş min) manat və ödənilmiş 30 manat dövlət rüsumu tutulsun. Borclu borc məbləğinin hissə-hissə ödənilməsi barədə məhkəməyə müraciət etmədiyi halda, nəinki üzrlü səbəbdən borc məbləğini ödəmir, ümumiyyətlə qalan borc məbləğini qaytarmayacağını deyir. Digər tərəfdən qəbul edilmiş qərardadda göstərilmişdir ki, guya borclu şəxs 6910 AZN deyil, 7910 AZN ödəmişdir. Halbuki, qərardadın qəbul edilməsinə əsas olan bu fakt tam yalandır və heç bir hüquqi əsası yoxdur. Bununla bağlı Borclu Bakı şəhəri Səbail rayon Məhkəməsinin 2(009)-1284/2019 saylı, 29 iyul 2019-cu il tarixli qətnaməsinə əsaslanır ki, həmin qətnamə üzrə tələbkar Borclu deyil, X4r. Həmçinin həmin qətnamənin nəticə hissəsində göstərilənlər Səbail rayon İcra Şöbəsində borclu şəxs kimi tərəflərindən yerinə yetirilmişdir. Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə təqdimatın təmin edilməməsinə bir səbəb kimi də onun məhkəmə iclasında “Elektron Məhkəmə” sistemi vasitəsilə sorğulanmış sorğudan sərhədkeçmə məlumatının tapılmaması göstərilir. Halbuki, sərhədkeçmə məlumatının tapılmaması onun gələcəkdə də sərhədi keçməyəcəyi kimi qəbul olunmamalıdır. Borclu necə olur olsun məhkəmənin qəbul etdiyi qətnaməni icra etmək fikrində deyil və gələcəkdə qətnamənin icrasından yayınmaq üçün ölkə xaricinə gedəcəyi gözardı edilməməlidir. Əksinə ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması məhkəmə qətnaməsinin şərtsiz olaraq yerinə yetirilməli olduğunu göstərərdi. Həmçinin eyni məhkəmə qətnaməsi üzrə digər borclu olan şəxs X3 ölkədən getmək hüququ Bakı şəhəri Nizami rayon Məhkəməsinin qərardadına əsasən məhdudlaşdırılmışdır. Necə olur ki, eyni məhkəmə qətnaməsi üzrə borclu olan şəxslərdən birinin ölkədən getmək hüququ məhdudlaşdırılır, digər borclu barəsində eyni qərar qəbul edilmir. İcra vərəqəsinin borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədiyi borclu şəxsin özü tərəfindən də etiraf olunur.
7. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 02 dekabr 2022-ci il tarixli, 8(007)-337/2022 saylı qərardadı ilə 8(007)-337/2022 saylı iş üzrə Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2022- ci il tarixli qərardadından şikayət verilməsi üçün buraxılmış prosessual müddət Tələbkar münasibətdə bərpa edilmiş və qərardaddan şikayət vermə müddəti bitdikdən sonra iş apellyasiya qaydasında baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir.
8. Şikayətə Azərbaycan Respublikası MPM-in 10.8-1 və 397.2-ci maddələrinə uyğun olaraq yazılı icraat qaydasında baxılır.
9. Şikayətə qarşı yazılı etiraz daxil olmamışdır.
Tətbiq edilən hüquq normaları:
10. Azərbaycan Respublikasının “İcra haqqında” Qanunun 84-1.1-ci maddəsinə əsasən məhkəmə qərarları, əmrləri və vergi orqanlarının pul tələblərinin ödənilməsi ilə bağlı inzibati aktları əsasında verilmiş icra sənədləri könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, borclunun ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırıla bilər. Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə icra məmuru tərəfindən dərhal borclunun özünə, tələbkara və müvafiq icra hakimiyyəti orqanına məlumat verilir.
11. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 231.3-ci maddəsinə əsasən habelə borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması icra məmurunun təqdimatına əsasən həll edilir. Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında təqdimatlara bu Məcəllənin 231.2-ci maddəsi ilə nəzərdə tutulmuş qaydada baxılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
12. Məhkəmə kollegiyası şikayətin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət qismən təmin olunaraq Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 8(007)-337/2022 saylı, 23 sentyabr 2022-ci il tarixli qərardadı ləğv edilməklə icraat təqdimata yenidən baxılması üçün həmin məhkəməyə göndərilməlidir.
13. İşin müəyyən olunmuş hallarından göründüyü kimi Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-4647/2018 saylı, xx.xx.2018-ci il tarixli icra vərəqəsinə əsasən cavabdehlər X6, X5 və Borclu müştərək qaydada 11000 (on bir min) ABŞ dolları (ödəniş günü dolların manata olan məzənnəsi ilə manatla), 5000 (beş min) manat və ödənilmiş 30 manat dövlət rüsumu tutulmalıdır.
14. Hazırda baxılan işin materiallarından görünür ki, Bakı şəhəri Nizami Rayon İcra Şöbəsinin icra məmuru Zaur Həmzəyev təqdimatla məhkəməyə müraciət edərək, Borclu hazırkı vaxtadək hər hansı ödəniş etmədiyinə, müxtəlif vaxtlarda respublika sərhədini tərk etdiyinə istinad edərək ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair qərar qəbul edilməsi xahiş etmişdir.
15. Birinci instansiya məhkəməsi təqdimata baxarkən gəldiyi nəticəni əsaslandıran zaman qeyd edir ki, təqdimatdan və ona əlavə olunmuş sənədlərdən icra məmurunun icraatında olan icra işi ilə bağlı qanunda nəzərdə tutulmuş digər icra hərəkətlərinin həyata keçirib-keçirməməsi, müsbət halda hansı tədbirlərin həyata keçirilməsi və əldə olunmuş nəticələr müəyyən olunmur.
16. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyinə münasibətdə qeyd etməyi zəruri hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən təqdimata və şikayətə baxılması ilə bağlı məhkəmənin iclas protokollarından icra işinin tələb edilərək öyrənildiyi, ötən müddət ərzində hansı icra hərəkətlərinin aparıldığının yoxlanıldığı və borclunun ölkədən çıxmasına məhdudiyyət qoyulması üçün prosessual və maddi hüquqi əsasların aydınlaşdırıldığı görünmür.
17. Digər tərəfdən məhkəmə kollegiyası qeyd edir ki, borclunun sərhədkeçmə məlumatının tapılmaması, həmçinin borclunun ümumvətəndaş pasportunun olmaması borclu tərəfindən icra hərəkətlərinin yerinə yetirilməsindən yayınma olduğu halda barəsində ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə təqdimatın rədd edilməsi üçün əsas deyil.
18. Qeyd olunanlara əsasən kollegiya hesab edir ki, qərardad ləğv edilməklə qanuna müvafiq qərarın qəbul edilməsi üçün icraat məhkəməyə göndərilməli, işə yenidən baxarkən məhkəmə icra işi ilə bağlı zəruri halları araşdıraraq təqdimata qiymət verməlidir.
19. Mülki Prosessual Məcəllənin 398.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətə baxıb qərardad qəbul etdikdə qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək hüququna malikdir.
20. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397-398-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Q Ə R A R A A L D İ:
Şikayət qismən təmin edilsin. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 8(007)-337/2022 saylı, 23 sentyabr 2022-ci il tarixli qərardadı ləğv edilərək icraat təqdimata yenidən baxılması üçün həmin məhkəməyə göndərilsin. Qərardaddan şikayət verilə bilməz.
Sədrlik edən hakim imza: Günay Axundova Hakimlər imzalar: Rafael Eyvazov Fuad Babayev