Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(103)-10/2025 13.01.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mərdanova Xumar Afət qızı (sədrlik edən və məruzəçi), Sadıqov Vahid Nəriman oğlu və X1 ibarət tərkibdə, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 8(011)-1075/2024 saylı, 27 noyabr 2024-cü il tarixli qərardadından X2 tərəfindən verilmiş şikayətə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraata qaydasında baxaraq, Müəyyən etdi: X2 ərizə ilə müraciət edərək Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(011)-3471/2024 saylı qətnaməsinin icrasına möhlət verilməsi və hissə-hissə ödənilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Xətai rayon Məhkəməsinin xx.xx.2024-cü il tarxili, e-2(011)- 3471/2024 nömrəli qətnaməsi ilə Tələbkar ASC-nin borcluya qarşı pul tələbinə dair iddia ərizəsi təmin edilmişdir. Qətnaməyə əsasən tutulacaq pul tələbini birdəfəlik ödəməyə daşınar, daşınmaz maddi və qeyri-maddi vəsaiti yoxdur. Borclunun cəmi bir rəsmi gəlir yeri var o da əmək haqqıdır. Bu borcdan əlavə digər bank öhdəlikləri var. Hal-hazırda tələb olunan məbləğ əmək haqqından 25 faiz olaraq tutulur. Bu tutulmalardan sonra ölkə üzrə minimal əmək haqqından çox az pul qalır. Borcları və problemləri barəsində ətraflı məlumatı və sənədləri elektron məhkəmə sistemə yükləmişdir. Borclu özü könüllü hər ay minumum 100-200 manat civarında (pulu olduqda daha da artıq ödəməyə çalışır) hissə-hissə ödəyə bilər. Ya da məhkəmə qərarı ilə aylıq 100-200 manat ciavarında tutulma ilə ödəyə bilər. Hal-hazırda tələb olunan məbləğin əmək haqqından 25 faiz olaraq tutulmasının dayandırılmasını xahiş edir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 8(011)-1075/2024 saylı, 27 noyabr 2024-cü il tarixli qərardadı ilə ərizə təmin edilməmişdir. Həmin qərardaddan X2 şikayət verərək qərardadın ləğv edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, borclu Bakı şəhəri, Xətai rayon məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(011)-3471/2024 saylı qətnaməsinin icrası ilə əlaqədar Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.1-ci maddəsini rəhbər tutaraq əmlak vəziyyətinə və digər hallara əsasən qətnamənin icrasına möhlət verməyə və ya qətnaməni hissə-hissə icra etdirməyə, habelə onun icra üsulunu və qaydasını dəyişdirilməsi ilə əlaqədar olaraq Bakı şəhəri Xətai rayonu Məhkəməsinə elektron məhkəmə sistemi üzərindən ərizə ilə müraciət etmişdir. Borclu iclasda iş barədə məlumatları təqdim etmişdir. Məlumatlarda sistemə yüklədiyi materiallardan bəhs etmiş və ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. Borcludan isə yalnızca iş yerindən arayışın əslinin harda olduğunu soruşulmuşdur. Borclu müəssisə tərəfindən verilmiş künc və gerbli möhürün olduğu rəsmi əmək haqqı arayışını şəxsən təqdim etmişdir. İclas zamanı başqa heç bir sübütün əslinin təqdim edilməsi tələb edilməmişdir. Növbəti iclasın isə xx.xx.2024cü tarixdə olacağı bildirilmişdir. Borclu isə hər ehtimala qarşı xx.xx.2024-cü il tarixdə elektron məhkəmə sistemindən sübüt və materialları sistemə yükləmişdir. Əlavə olaraq da xidməti zərurətlə əlaqədar xarici ölkədə ezamiyyətdə olacağı üçün xx.xx.2024-cü il tarixdə iclasda iştirak edə bilməyəcəyi barədə həm xx.xx.2024-cü il tarixdə şifahi həmdə xx.xx.2024-cü il tarixdə elektron ərizə ilə bildirmişdir. Həmin tarixlərə qədər borcludan təqdim etmədiyi heç bir sübüt və materialın əsli istənilməmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 8(011)-1075/2024 nömrəli qərardadı ilə şikayət təmin edilməmiş və şikayət mülki işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 138.1-ci maddəsinə əsasən məhkəmə işdə iştirak edən şəxsləri məhkəmə iclasının vaxtı və yeri, prosessual hüquq və vəzifələri, işə şifahi və ya yazılı icraat qaydasında baxılması, habelə ayrı-ayrı prosessual hərəkətlər haqqında xəbərdar etməlidir. İşdə iştirak edən şəxslərə şikayətə yazılı icraat qaydasında baxılacağı barədə məhkəmə bildirişi göndərilmiş və onlarda olan bütün sübutların, eləcə də şikayətə dair etiraz və ya izahatlarının təqdim edilməsi təklif edilmişdir. X2 məhkəmə kollegiyasına iş üzrə yazılı izahatını təqdim edərək, daha öncədən məhkəməyə təqdim etdiyi və hazırda təqdim etdiyi sübutları, faktiki vəziyyətini əsas gətirərək Azərbaycan Respublikasının Mülki Məcəlləsinin, Azərbaycan Respublikasının Konstitusiyasını Məhkəməsinin qərarlarını, Azərbaycan Respublikasının Ali Məhkəməsinin qərarlarını, Əmək Məcəlləsinin, Azərbaycan Respublikasının Konstitusiyasının, İcra haqqında qanunun, və s. normativ hüquqi aktların müəyyən maddələrini (güzəştlərini) rəhbər tutaraq 2016-cı il aprel döyüşlərinin, 2-ci Qarabağ müharibəsi, 2022-2023-cü ildə sentyabr aylarında keçirilən anti-terror əməliyyatlarının iştirakçısı, Müharibə Veteranı və Azərbaycan Respublikasının vətandaşı kimi Bakı şəhəri Xətai rayon məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(011)-3471/2024 saylı qətnaməsinin icrasına möhlət verilməsi və ya hissə-hissə ödənilməsi (aylıq 100-200 manat aralığında) barədə qərar verilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası, şikayətin dəlililərini iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materialları ilə müəyyən edilmişdir, Bakı Şəhəri Xətai Rayon Məhkəməsi tərəfindən verilmiş 2(011)-3471/2023-030 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsinə əsasən cavabdeh X3 Tələbkar ASC-nin xeyrinə kredit müqaviləsi üzrə əsas borca görə 19067.35 (on doqquz min altmış yeddi manat, otuz beş qəpik) manat, faiz borcuna görə 1664.57 (min altı yüz altmış dörd manat, əlli yeddi qəpik) manat, ümumilikdə 20731.92 (iyirmi min yeddi yüz otuz bir manat, doxsan iki qəpik) manat, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 152.60 (yüz əlli iki manat altmış qəpik) manat məbləğində pul vəsaiti tutulmalıdır. Bakı Şəhəri Xətai Rayon Məhkəməsi tərəfindən verilmiş 2(011)-3471/2023-030 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsi qanuni qüvvəsini alaraq icraya yönəldilmiş, Bakı şəhəri Xətai Rayon İcra Şöbəsi tərəfindən icraata başlamaq haqqında qərar qəbul edilərək, tələbin könüllü icra barədə bildiriş tərəfə göndərilmişdir. Göründüyü kimi qanuni qüvvəsini almış qətnamə ilə cavabdeh X3 20731.92 (iyirmi min yeddi yüz otuz bir manat, doxsan iki qəpik) manat, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 152.60 (yüz əlli iki manat altmış qəpik) manat alınaraq iddiaçı Tələbkar ASC-yə ödənilməsi müəyyən edilmişdir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə əsasən, tərəflər icra sənədinin icrasına möhlət verilməsi və ya onun hissə hissə icrası yaxud icra sənədinin icrası üsulunun və qaydasının dəyişdirilməsi haqqında işə baxmış məhkəməyə müraciət edə bilərlər. Borclunun əmlak vəziyyətini və digər halları nəzərə alaraq, məhkəmə həmin müraciətlərə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 231-ci maddəsi ilə müəyyən edilmiş qaydada baxır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.1-ci maddəsinə əsasən işə baxmış hakim, işdə iştirak edən şəxslərin ərizəsi üzrə tərəflərin əmlak vəziyyətinə və digər hallara əsasən qətnamənin icrasına möhlət verməyə və ya qətnaməni hissə-hissə icra etdirməyə, habelə onun icra üsulunu və qaydasını dəyişdirməyə haqlıdır. Qanunun mənasından da göründüyü kimi, qanunverici qətnamənin icrasına möhlət verilməsini və ya onun hissə-hissə icra edilməsini, tərəflərin əmlak vəziyyəti və digər hallarla əlaqələndirərək, eləcə də hansı halların “digər hallara” aid edilməsini məhkəmənin mülahizəsinə buraxmışdır. Bu baxımdan, məhkəmə qeyd edir ki, qətnamənin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icra edilməsi mahiyyət etibarı ilə məhkəmə qərarının icrasının məcburiliyini nəzərdə tutan konstitusion pirinsipin məhdudlaşdırılmasına, eləcə də tələbkarın qanunla qorunan mənafelərinin və pozulmuş hüquqlarının real müdafiəsi müddətini uzatdığına görə, belə halların tətbiqi müstəsna xarakter daşımalı və işdə iştirak edən şəxslərin hüquqlarının məhdudlaşdırılmasına yönəlməməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinə əsasən, məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2015-ci il tarixli qərarının 12-ci bəndində göstərilmişdir ki, “məhkəmələr nəzərə almalıdırlar ki, qətnamənin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icra edilməsi, qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsi müstəsna hal olub, qətnamənin icrası üçün çətinlik törədən və yaxud borclu üçün yaranmış əlverişsiz hallarda tətbiq oluna bilər. Məhkəmələr bu məsələləri həll etdikdə təkcə borclunun deyil, tələbkarın mənafeyini də nəzərə almalıdırlar.” Göründüyü kimi, qətnamənin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icra edilməsi, qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsi müstəsna hal olub, qətnamənin icrası üçün çətinlik törədən və yaxud borclu üçün yaranmış əlverişsiz hallarda tətbiq edilə bilər. Lakin qeyd edilən məsələlər həll edilərkən təkcə borclunun deyil, habelə tələbkarın da mənafeyi nəzərə alınmalıdır. Məhkəmə kollegiyası hesab edir ki, cavabdehdən tutulmalı olan borc məbləğini nəzərə alaraq qətnamənin borclunun xahiş etdiyi qaydada hissə-hissə icra edilməsi halında məhkəmə qərarının uzun müddət ərzində icra olunması ilə nəticələnəcəyini, bu halın isə tələbkarın mənafeyinə zidd olduğundan, eləcə də icra sənədi ağlabatan müddətdə icra edilməli olduğundan birinci instansiya məhkəməsi icra sənədinin hissəhissə icra edilməsinə dair ərizənin rədd edilməsi barədə düzgün nəticəyə gəlmişdir. Şikayətin dəlilləri isə əsassız olmuşdur. Belə ki, borclu əmək haqqı və digər ödənişləri barədə məlumatları təqdim etsə də icra vərəqəsinin icrasına çətinlik yaradan, borclu üçün yaranmış əlverişsiz hallar ilə bağlı məhkəməyə hər-hansı mötəbər sübut təqdim edilməmişdir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, hazırkı iş üzrə icra vərəqəsinin hissə-hissə icra edilməsinə əsas verən hallar müəyyən edilmədiyindən, şikayət təmin edilməməli və qərardad dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə hüququ vardır ki, qərardadı dəyişdirmədən saxlayıb şikayəti təmin etməsin. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 397, 398, 400 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: X2 tərəfindən verilmiş şikayət təmin edilməsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 8(011)-1075/2024 saylı, 27 noyabr 2024cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan şikayət verilə bilməz. Qərardad dərhal qanuni qüvvəyə minir. Sədrlik edən: Xumar Mərdanova Hakimlər: Vahid Sadıqov Sabit Bəhrəmzadə
Məhkəmə qərarları › İş №8(103)-10/2025
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №8(103)-10/2025
13.01.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver