Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(103)-100/2025 19.03.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X1 (sədrlik edən və məruzəçi), X4 və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 8(011)-36/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadından X3 tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ: Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarxili, e-2(011)-3471/2024 saylı qətnaməsinə əsasən cavabdeh X5 20.731,92 manat məbləğində pulun alınaraq Tələbkar ASC-yə ödənilməsi qət edilmişdir. Bundan sonra X3 ərizə ilə Bakı şəhəri Xətai Rayon Məhkəməsinə müraciət edərək, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarxili, e-2(011)-3471/2024 saylı qətnaməsi ilə müəyyən edilmiş borcun hər ay 100-200 manat olmaqla hissə-hissə ödənilməsi (qətnamənin hissə-hissə icra edilməsi) barədə qərardad çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 8(011)- 36/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadı ilə X3nun ərizəsi təmin edilməmişdir. Həmin qərardaddan X3 şikayət verərək, qərardadın ləğv edilməsini və ərizənin təmin edilməsini xahiş etmişdir. Borclu şikayətini onunla əsaslandırmışdır ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 20.731,92 manat pulun alınaraq Tələbkar ASC-yə ödənilməsi ilə bağlı qətnaməsi Xətai rayon İcra şöbəsində təhvil alındığı günün növbəti günü o, özü Xətai rayon İcra şöbəsinə yaxınlaşmışdır. İcra hərəkətləri zamanı onun daşınar və daşınmaz heç bir əmlakı müəyyən edilməmişdir. Onun əmlakı, tək gəliri olan dövlət tərəfindən verilən pul təminatıdır (əmək haqqı) ki, o da hərbi qulluqçu olduğu üçün məxfiçilik səbəbindən İcra şöbəsinin sistemində göstərilmir. Amma könüllü olaraq bunu Xətai rayon İcra şöbəsinə bildirmişdir. 20.731,92 manat pulun alınaraq Tələbkar ASC-yə ödənilməsi İcra haqqında qanunun 63.1.3-cü maddəsinə əsasən mümkün olmadığından İcra haqqında qanunun 65-ci maddəsinə əsasən əmək haqqıdan aylıq müəyyən faiz tutulmaqla hazırda tələbkara dolayısı yolla hissə-hissə ödənilir. Yəni qərarda göstərilən bu cümlə: "qətnamənin hissə-hissə icra olunması tələbkarın hüquq və mənafelərininin, nəticədə məhkəmə müdafiəsi hüququnun əhəmiyyətli dərəcədə pozulmasına gətirib çıxara bilər." əsassızdır. Qərarda göstərilən bu cümləyə gəldikdə: "belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir." Tələbkar, tələbkarın nümayəndəsi və Xətai rayon İcra şöbəsinin nümayəndəsi məhkəmə işində tərəf olaraq prosessual müddətlər ərzində heç bir etiraz etməmişdir və məhkəmə iclasına gəlməmişdir. Lakin o, Mülki Prosessual Məcələyə əsasən istinad etdiyi halların sübütlarını, faktlarını elektron məhkəmə sistemi vasitəsilə təqdim etmişdir. O, MPM-nin 10-1 və 78.1-1-ci maddələrinə əsasən sübutları və s. məhkəməyə təqdim etmiş və məhkəmə tərəfindən təhvil alınmışdır. Sübütların arasında olan ”Azərbaycan Respublikasi Mərkəzi Bankının Elektron Xidmətlər Portalından elektron qayadada alınmış Mərkəzləşdirilmiş Kredit Reyestrindən rəsmi Çixariş, iş yerindən əmək haqqı barədə rəsmi arayış, əmək haqqı yarısının və hərdən tam olaraq tutulmasını sübüt edən başqa bir məhkəmə işi və rəsmi qərar mötəbər sübütlar idi. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 8(011)-36/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. İşdə iştirak edən şəxslərə şikayətə yazılı icraat qaydasında baxılması barədə əvvəlcədən məlumat (bildiriş) göndərilmiş, lakin şikayətlə bağlı borclu tərəfindən yazılı izahat təqdim edilmiş, lakin işə məhkəmə iclasında baxılması barədə vəsatət daxil olmamışdır. Məhkəmə kollegiyası şikayətin dəlillərini iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinə əsasən məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. “İcra haqqında” Qanunun 15-ci maddəsinə əsasən tərəflər icra sənədinin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icrası, yaxud icra sənədinin icrası üsulunun və qaydasının dəyişdirilməsi haqqında işə baxmış məhkəməyə müraciət edə bilərlər. Borclunun əmlak vəziyyətini və digər halları nəzərə alaraq, məhkəmə həmin müraciətlərə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231-ci maddəsi ilə müəyyən edilmiş qaydada baxır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 15-ci maddəsinə əsasən məhkəmə məhkəmə aktlarını qətnamə, qərardad, qərar və əmr formasında qəbul edir. Məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Məhkəmə aktının icra olunmaması, habelə məhkəməyə digər hörmətsizlik halları qanunda nəzərdə tutulmuş məsuliyyətlə nəticələnir; 231.1-ci maddəsinə əsasən işə baxmış hakim, işdə iştirak edən şəxslərin ərizəsi üzrə tərəflərin əmlak vəziyyətinə və digər hallara əsasən qətnamənin icrasına möhlət verməyə və ya qətnaməni hissə-hissə icra etdirməyə, habelə onun icra üsulunu və qaydasını dəyişdirməyə haqlıdır; 398.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 24 noyabr 2005-çi il tarixli, 4 N-li qərarının 12-ci bəndinə əsasən məhkəmələr qətnamənin icrasına möhlət verilməsi və ya onun hissə-hissə içra edilməsi, qətnamənin içra üsulunun və qaydasının dəyişdirilməsinin müstəsna hal olub, qətnamənin içrası ücün çətinlik törədən və yaxud borclu ücün yaranmış əlverişsiz hallarda tətbiq oluna bilməsini nəzərə almalıdırlar. Məhkəmələr bu məsələləri həll etdikdə təkçə borclunun deyil, tələbkarın mənafeyini də nəzərə almalıdırlar. Avropa İnsan Hüquqları Məhkəməsi özünün bir çox qərarlarında məhkəmə aktlarının vaxtında icra edilməməsini ədalətli məhkəmə araşdırmasının həyata keçirilməsinin təmin edilməməsi kimi qiymətləndirmişdir. Belə ki, İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın 6-cı maddəsinə əsasən hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, icra sənədinin hissə-hissə icrası dedikdə, icra hərəkətlərinin birdəfəlik deyil, müəyyən müddətə və hissələrlə (mərhələlərlə) həyata keçirilməsi başa düşülür. Qanunvericiliyin istinad edilən müddəalarından göründüyü kimi, icra sənədinin hissə-hissə icrasına dair konkret müddəalar (icranın müddəti, ardıcıllığı, icra ediləcək hərəkətlərin və ya ödəniləcək məbləğlərin həcmi və s.) olmasa da, icra sənədinin hissə-hissə icrası nəticəsində yaranan ümumi icra müddəti ağlabatan olmalı və bu məsələnin həllində hər iki tərəfin, yəni borclu və tələbkarın mənafeyi eyni cür qorunmalıdır. Hazırki işin halları baxımından məhkəmə kollegiyası vurğulayır ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarxili, e-2(011)-3471/2024 saylı qətnaməsinə əsasən X3ndan cəmi 20.731,92 manat məbləğində pul tutulmalıdır. Borclu borcunu hissəhissə, hər ay 100-200 manat ödəniş etməklə icra edilməsini təklif edir. Borclu Azərbaycan Respublikası Müdafiə Nazirliyinin müvafiq hərbi hissəsində xidmət edir, onun rəsmi aylıq gəliri 1.272,16 manat məbləğindədir. Məhkəmə kollegiyası vurğulayır ki, ötən müddət ərzində icra sənədinin icrası borclu tərəfindən tam təmin edilməmişdir. Borcludan tutulmalı olan məbləğlə onun hər ay ödənilməsini təklif etdiyi məbləğin (200 manat) müqayisəsindən müəyyən olunur ki, ərizə təmin olunduğu təqdirdə qeyd edilən icra sənədinin tam icrası yalnız bir neçə ildən sonra təmin olunacaqdır. Bu vəziyyət də borclunun (cavabdehin) mənafeyinə uyğun olsa da, tələbkarın maraqlarının əhəmiyyətli dərəcədə pozulmasına və İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Avropa Konvensiyanın 6-cı maddəsində göstərilən ağlabatan müddətlərin pozulmasına səbəb olur. Qeyd edilənlər öz növbəsində ərizənin rədd edilməsini şərtləndirir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi ərizəni təmin etməməklə düzgün nəticəyə gəlmişdir. Bu səbəbdən şikayət təmin olunmamalı, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 263-264-cü, 397-402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: X3 tərəfindən verilmiş şikayət təmin edilməsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 8(011)- 36/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №8(103)-100/2025
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №8(103)-100/2025
19.03.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver