Məhkəmə qərarları › İş №8(103)-102/2023

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №8(103)-102/2023

31.03.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(103)-102/2023 31.03.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X1nun icra üsulunun dəyişdirilməsi barədə ərizəsinə dair iş üzrə Açar sözlər: icra üsulunun dəyişdirilməsi Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər X4 (sədrlik edən və məruzəçi), X8 və Sarıyev Xəyal Əjdər ibarət tərkibdə, X1nun icra üsulunun dəyişdirilməsi ərizəsinə dair iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 31 yanvar 2023-cü il il tarixli, 8(011)-111/2023 nömrəli qərardadından X1nun şikayətinə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. BİRİNCİ İNSTANSİYA MƏHKƏMƏSİNDƏ İCRAAT

1. X5 ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 18 avqust 2022-ci il tarixli, 2(011)1280 nömrəli, Bakı Apellyasiya Məhkəməsinin 26 may 2022-ci il tarixli, 2(103)520/2022 nömrəli qətnamələri və Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 24 dekabr 2021-ci il tarixli, 8(011)1083 nömrəli qərardadlarının icra üsulunun dəyişdirilməsi, icra sənədləri üzrə 10640,97 manat borc məbləğinə münasibətdə (1994-cü il buraxılışlı “Mersedes 220-minik” markalı, **-OK-*** dövlət qeydiyyat nişanlı və 2008-ci il buraxılışlı “VAZ 21214-minik” markalı, **-EG-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitələrin likvid dəyəri həcmində) icra üsulunun dəyişdirilməsi, borclunun mülkiyyətinə (Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 14 aprel 2021-ci il tarixli, 2(011)-135/2021 nömrəli qətnaməsi) qaytarılan 1994-cü il buraxılışlı “Mersedes 220-minik” markalı, 10-ОK-220 dövlət qeydiyyat nişanlı və 2008-ci il buraxılışlı “VAZ 21214-minik” markalı, **-EG-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitələrinin likvid dəyərinin müəyyən olunması məqsədilə həmin avtomobillərin məcburi qaydada saxlanılması, mühafizə altında olan xüsusi duracağa yerləşdirilməsi və nəqliyyat vasitələrinin prosedura uyğun hərrac vasitəsilə satılması, “Mersedes 220-minik” markalı, **-OK-*** dövlət qeydiyyat nişanlı və “VAZ 21214-minik” markalı, **-EG-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitələrinin satışından əldə olunmuş vəsait hesabına 10640,97 manat borc məbləğinin ödənilməsi, vəsait artıq qalarsa tələbkara münasibətdə icra edilməli olan digər icra səndlərinin icrasına yönəldilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

2. Ərizənin əsaslarına görə, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 18 avqust 2022-ci il tarixli qətnaməsi ilə cavabdehə qarşı iddia qismən təmin edilərək cəmi 3543,24 manat pul borcludan alınaraq tələbkara ödənilməsi, Bakı Apellyasiya Məhkəməsinin 26 may 2022-ci il tarixli qətnaməsi ilə cavabdehdən xeyrinə cəmi 2349,10 manat pul, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 24 dekabr 2021-ci il tarixli qərardadı lə borcludan cəmi 4748,63 manat pul, ümumi 10640,97 manat alınması qərara alınmış, məhkəmə aktı qanuni qüvvəsini almış, icraya yönəldilmiş, lakin hazıradək icra edilməmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-1184/2018 nömrəli iş üzə iddianın təmini tədbiri kimi borcluya məxsus “Mersedes 220” minik markalı, **-OK-*** dövlət qeydiyyat nişanlı, “VAZ 21214” minik markalı, **-EG-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitələrinə həbs qoyulmuşdur. Borclu hər mümkün vasitələrlə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin və Bakı Apellyasiya Məhkəməsinin qətnamələrinin icrasından yayınır və yuxarıda adı gedən 10640, 97 manat borc məbləğini ödəmək istəmir. Borcluya məxsus “Mersedes 220” minik markalı, **-OK-*** dövlət qeydiyyat nişanlı, “VAZ 21214” minik markalı, **-EG-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitələrinin hərrac vasitəsilə satılması, məhkəmə qətnamələri ilə tanınan borc məbləğinin bu qaydada bir hissəsinin ödənilməsi təmin olunmalıdır. Bu edilmədiyi təqdirdə borclu öhdəliklərin icrasından yayınmağı davam edəcək, adı çəkilən nəqliyyat vasitələrinin təqdim edilməsi qərəzli qaydada icra olunmayacaq, onların istismarı nəticəsində korlanması və avtomobillərin dəyərdən düşməsi təhlükəsi artacaqdır.

3. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 28 noyabr 2022-ci il tarixli, 8(011)- 1094/2022 nömrəli qərardadı ilə ərizə rədd edilmişdir.

4. X1 həmin qərardaddan şikayət verərək ləğv edilməklə ərizənin təmin olunmasını xahiş etmişdir.

5. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 21 dekabr 2022-ci il tarixli qərardadı ilə şikayət qismən təmin edilmiş, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 28 noyabr 2022-ci il tarixli qərardadı ləğv edilmiş, təqdimata yenidən baxılması 05 yanvar 2023-cü il tarixə təyin edilmişdir.

6. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 31 yanvar 2023-cü il tarixli, 8(011)- 111/2023 nömrəli qərardadı ilə ərizə rədd edilmişdir.

7. Qərardadın əsaslarına görə, məhkəmə qətnamələri ilə ümumilikdə 10640,97 manat pul vəsaitinin borcludan tutularaq tələbkara ödənilməsi qət edilmişdir. Tələbkar qətnamənin icra üsulu və qaydasının dəyişdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, icra sənədi üzrə tutulmalı olan borcun borclunun mülkiyyətində olan avtomobillərə yönəldilməsini tələb etsə də, məhkəmə qeyd edir ki, qeyd edilən tələb qətnamənin icra üsulu və qaydasının dəyişdirilməsi hesab edilə bilməz. Tələbkar tələbin borclunun əmlakına yönəldilməsi (Tələbkarın tələblərinin təmin edilməsi üçün borclunun yetərli pul vəsaitləri olmadıqda) barədə icra tədbirlərinin həyata keçirilməsini icra məmurundan tələb edə bilər. Qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsi dedikdə, qətnamədə nəzərdə tutulmuş onun icra üsulunun və qaydasının iddiaçının (tələbkarın) hüquqlarını və qanuni mənafeyini təmin edən digər icra üsulu və qaydası ilə əvəz edilməsi və ya qətnamədə nəzərdə tutulmuş ilkin icra üsulunun və qaydasının onların dəyişdirilməsi ilə transformasiya olunması başa düşülür. Qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsinin zəruriliyi qətnamənin icrası prosesində baş verən hallardan asılıdır. Belə bir zərurət, bir qayda olaraq, o halda yaranır ki, tərəflərin mövcud əmlak vəziyyəti və digər hallar (məsələn, borclunun davranışı və s.) qətnaməni icra etməyə imkan verməsin və qətnamənin icrasının əvvəl müəyyən edilmiş üsul və qaydasının onun icrasına kömək edə bilmədiyi təsdiq edilsin.

8. X1 məhkəmənin 31 yanvar 2023-cü il tarixli, 8(011)-111/2023 nömrəli qərardadından şikayət verərək ləğv edilməklə ərizənin təmin olunmasını xahiş etmişdir.

9. Şikayətin dəlillərinə görə, işə baxılması zaman prosessual pozuntulara yol verilmiş, məhkəmə iclasları bir nəçə dəfə təxirə salınmışdır. MPM-nin 269-cu maddəsi şikayətə baxılma qaydasını müəyyən edir, burada verilmiş şikayət əsasında qərardad ləğv edilib ərizəsi təmin olunmalı, yox əgər hakimin şikayəti təmin etmək niyyəti olmasa şikayətə baxıldıqdan sonra 7 gün müddətində işlə birlikdə apellyasiya instansiyası məhkəməsinə göndərməli idi. İşin faktiki hallarına diqqətlə yanaşdıqda müəyyən edilərdi ki, Borclu məxsus “Mersedes 220” minik markalı, **-OK-*** dövlət qeydiyyat nişanlı, “VAZ 21214” minik markalı, **-EG-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitələrinə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-1184/2018 nömrəli iş üzə iddianın təmini tədbiri kimi həbs qoyulmuş, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 14 aprel 2021-ci il tarixli, 2(011)- 135/2021 nömrəli qətnaməsi ilə cavabdehlər Borclu X6 arasında “VAZ 21214-minik” markalı, **-EG-*** dövlət qeydiyyat nişanlı avtomobilə dair bağlanmış 19 dekabr 2017-ci il tarixli və Borclu ilə X2 arasında “Mersedes Benz 220 minik” markalı **-OK-*** dövlət qeydiyyat nişanlı avtomobilə dair bağlanmış 21 oktyabr 2017-ci il tarixli alqı-satqı müqavilələri etibarsız hesab edilmiş, bundan sonra Bakı Apellyasiya Məhkəməsinin 27 oktyabr 2021-ci il tarixli, 2(103)-8405/2021 nömrəli qətnaməsi ilə Borclu həmin hissədə apellyasiya şikayəti təmin olunmamış və məhkəmə qətnaməsi icraya yönəldilmiş, Bakı Apellyasiya Məhkəməsinin icra sənədi 07 aprel 2022-ci il tarixdə Bakı şəhəri Xətai rayon İcra şöbəsinə göndərilməklə icraata qəbul edilmiş, bu istiqamətdə icra tədbirlərinə başlanılmış, “VAZ 21214-minik" markalı, **-EG-*** və “Mersedes Benz 220 minik” markalı **-OK-*** dövlət qeydiyyat nişanlı avtomobillərlə bağlı müqavilələr etibarsız hesab olunmaqla məhkəmə aktı ilə Borclu mülkiyyət hüququ bərpa edilsə də, “Elektron məhkəmə” informasiya sistemində bu məlumat əks etdirilməmiş və işə baxan məhkəmə sorğudan əldə etdiyi məlumata görə əsassız qənaətə gəlmişdir. “Elektron məhkəmə” informasiya sistemindən 28 noyabr 2022-ci il tarixdə əldə edilmiş sorğu məlumatlarına əsasən borclunun mülkiyyətində heç bir avtonəqliyyat vasitəsinin olması barədə məlumatın aşkarlanmaması, bu istiqamətdə hər hansı bir şəxsin hərəkətsizliyi və ya elektron sistemin qüsurlu çalışması nəticəsində tələbkar-mülkiyyətçinin əmlak hüquqlarının məhdudlaşdırılmasına və Azərbaycan Respublikası adından çıxarılan aktların icrasına maneə törətməməli, məhkəmə təxirə salınmadan pozulmuş hüququn bərpası və məhkəmə aktlarının icrası istiqamətində lazımı tədbirləri icra etməlidir.

10. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 23 fevral 2023-cü il tarixli, 8(011)- 111/2023 nömrəli qərardadı ilə şikayət təmin olunmamış və işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir.

TƏTBİQ EDİLƏN HÜQUQ

11. “İcra haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 43.1. Məcburi icra tədbirləri aşağıdakılardır: 43.1.1. borclunun əmlakı üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəldilməsi. Maddə 26. İcra sənədlərinin vaxtında və düzgün icra edilməsinə nəzarət icra qurumunun rəhbəri və məhkəmə tərəfindən öz səlahiyyətləri daxilində həyata keçirilir. Maddə 50.2. Borclunun əmlakı üzərinə həbs qoyulması əmlakın siyahıya alınmasından, həmin əmlak üzərində sərəncam vermək hüququnun qadağan olunmasından, zəruri hallarda isə əmlakdan istifadə hüququnun məhdudlaşdırılmasından, onun götürülməsindən və ya saxlanmaq üçün verilməsindən ibarətdir.

12. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi (MPM): Maddə 269.1. Şikayətə qərardadı qəbul etmiş birinci instansiya məhkəməsi tərəfindən 3 gün müddətində yazılı icraat qaydasında baxılır; Maddə 269.2. Şikayət əsaslıdırsa, hakim qərardadı dəyişdirir və ya ləğv edir və mübahisəyə baxılması üçün tərəflərlə birlikdə sonrakı prosessual hərəkətləri yerinə yetirir; 231.1. İşə baxmış hakim, işdə iştirak edən şəxslərin ərizəsi üzrə tərəflərin əmlak vəziyyətinə və digər hallara əsasən qətnamənin icrasına möhlət verməyə və ya qətnaməni hissə-hissə icra etdirməyə, habelə onun icra üsulunu və qaydasını dəyişdirməyə haqlıdır; Maddə 398.0. Apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə aşağıdakıları etmək hüququ vardır: 398.0.1. Məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək.

APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

13. İş materiallarından görünür ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 18 avqust 2022-ci il tarixli qətnaməsi ilə 3491,64 manat məbləğdə pul və 51,60 manat məbləğdə dövlət rüsumu, cəmi 3543,24 manat pulun, Bakı Apellyasiya Məhkəməsinin 26 may 2022-ci il tarixli qətnaməsinə əsasən isə 2304,10 manat məbləğdə pul vəsaiti və iddia ərizəsi və apellyasiya şikayətinin verilməsi ilə bağlı ödənilmiş 45 manat dövlət rüsumunun cavabdehdən alınaraq iddiaçıya ödənilməsi qət edilmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 24 dekabr 2021-ci il tarixli qərardadı ilə borcludan tələbkarın xeyrinə 4748,63 manat pulun tutulması qərara alınmışdır. Tələbkar hazırda qətnamənin icra üsulu və qaydasının dəyişdirilərək borcluya məxsus avtomobillərin üzərinə həbs qoyulmasını xahiş edir.

14. İlk növbədə qeyd olunmalıdır ki, bu növ ərizələrdə tərəf hansı icra üsulunun digəri ilə əvəz edilməli olmasını, bunun hansı zərurətdən irəli gəldiyini dəqiq ifadə etməlidir. Hazırkı ərizədə isə tələbkar belə bir əsaslandırma aparmamışdır. Ərizənin məzmunundan görünür ki, tələbkar icra üsulunun dəyişdirilərək borclunun mülkiyyətində olan avtomobillərin üzərinə həbs qoyulmasını xahiş edir. Lakin, “İcra haqqında” Qanundan görünür ki, könüllü icra üçün verilmiş müddət ərzində tələbin icra edilməməsi məcburi icra tədbirlərinin tətbiqi üçün əsasdır. Məcburi icra tədbirlərindən birinci növbədə olanı isə borclunun əmlakı üzərinə həbs qoyulmasıdır. Yəni, tələbin könüllü şəkildə icra olunmaması aşkardır və belə olduğu halda icra məmuru tərəfindən borclunun əmlakının üzərinə həbs qoyulması barədə tədbirlər görülməsi qanunvericiliyin tələbidir.

15. Şikayətin digər dəlili də tələbkarın üzərinə həbs qoyulmasını tələb etdiyi nəqliyyat vasitələrinin artıq qanuni qüvvəsini almış məhkəmə qətnamələrinin icra olunması nəticəsində borclunun mülkiyyətinə qaytarılması ilə bağlıdır. İşdən görünür ki, birinci instansiya məhkəməsi tərəfindən hazırkı iş üzrə qəbul edilmiş 28 noyabr 2022-ci il tarixli qərardad nəqliyyat vasitələrinin borclunun mülkiyyətində olmaması ilə əsası ilə əsaslandırılmış, daha sonra bu qərardad tələbkarın şikayəti ilə birinci instansiya məhkəməsinin özü tərəfindən ləğv edilmişdir. İş üzrə qəbul edilmiş hazırda qanuniliyi yoxlanılan qərardadın isə əsaslandırılması başqa yöndə olmuşdur.

16. Hazırkı vəziyyətdə mübahisə predmeti olan avtomobillərin üzərində həbs mövcud olduğundan və həmin avtomobillərə dair bağlanmış müqavilələrin etibarsız hesab olunması barədə qətnamə qanuni qüvvəsini aldığından icra məmuru tərəfindən həmin qətnamənin icrası təmin olunmalı (avtomobillərə dair verilmiş qeydiyyat şəhadətnamələrinin ləğv olunaraq əvvəlki vəziyyətinə qaytarılması qeydiyyat həyata keçirən orqandan tələb olunmaqla), bundan sonra dərhal “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 4-cü fəslində göstərilən ardıcıllıqla tələbin həmin əmlaka yönəldilərək qanuni qüvvəyə minmiş qərarların icrası təmin olunmalı, həmçinin, “İcra haqqında” Azərbaycan Respublikasının Qanununun 26-cı maddəsinə müvafiq olaraq qeyd olunan prosessual hərəkətlərin vaxtında və düzgün icra edilməsinə nəzarət məhkəmə tərəfindən həyata keçirilməlidir.

17. Beləliklə, hazırkı işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, şikayətin dəlilləri qərardadın ləğvinə əsas vermir. Buna görə də qərardad dəyişdirilmədən saxlanılmalı, şikayət təmin olunmamalıdır.

18. Göstərilənlərə əsasən və MPM-in 263, 264, 400 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı:

Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 31 yanvar 2023-cü il il tarixli, 8(011)- 111/2023 nömrəli qərardadından X1 tərəfindən verilmiş şikayət təmin edilməsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 31 yanvar 2023-cü il il tarixli, 8(011)- 111/2023 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz.

HAKİMLƏR Fərrux Qasımov

Fuad Abdıyev

Xəyal Sarıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar