Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(103)-103/2021 24.02.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər İsgəndərov Akif Əsgər oğlunun sədrliyi və məruzəsilə, Kərimli İlham Əziz oğlu və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Arifli Şamxal Mehdi oğlunun katibliyi ilə, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli qərardadından borclu X4 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, müəyyən e t d i: Bakı Apellyasiya Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli qətnaməsinə əsasən X2 110000 ABŞ dolları borc və 870 ABŞ dolları faiz borcunun tutularaq Tələbkar verilməsi qət edilmişdir. Borclu R.Əliyev həmin qətnamənin hissə-hissə icra edilməsi barədə məhkəməyə ərizə təqdim etmişdir. Ərizə əsaslandırılmamışdır. Daha sonra borclunun nümayəndəsi (vəkil) V.Yadigarov məhkəməyə ərizənin geri götürülməsi barədə teleqram göndərmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli qərardadı ilə (hakim Z.Hacıyev, iş № 8(008)-561/20) ərizə təmin edilməmişdir. Borclu R.Əliyev həmin qərardaddan şikayət vermişdir. Sabunçu Rayon Məhkəməsinin xx xxxxxx 2021-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş, baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Tərəflərə işə baxılmasının vaxtı və yeri haqqında məhkəmə bildirişi göndərilsə də, onlar məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsinə əsasən tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq və şikayətin dəlillərini müzakirə edərək hesab edir ki, şikayət təmin edilməməli, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsininxx xxxxxxx 2020-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Birinci instansiya məhkəməsi mövqeyini belə əsaslandırmışdır ki, Bakı Apellyasiya Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli, 2(103)-10772/2019 saylı icra sənədinin uzun müddət ərzində icra edilməməsi tələbkarın hüquqlarını ciddi şəkildə pozur. Eyni zamanda, borclunun bu zaman kəsiyində məhkəmə qərarının icra edilməsi istiqamətində hər hansı hərəkət etməməsi öz-özlüyündə icra sənədinin təmin edilməsində maraqlı olmadığını sübuta yetirir. Məhkəmə aktının hissə-hissə icra edilməsinə icazə verilməsi bunu xahiş edən şəxsin əmlak vəziyyətinin həmin aktın icrasına maneə törədəcək şəkildə aşağı olmasının müəyyən edilməsindən asılı olduğu qədər, həm də onun təklif etdiyi icra qaydası tələbkarın da hüquqlarını pozmamalı və məhkəmə aktının real icrasını təmin etməli, tələbkarın həmin aktın icrasının qısa müddət ərzində təmin olunmasına dair mənafeyi mütləq nəzərə alınmalıdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin bu mövqeyi ilə razılaşaraq qeyd edir ki, faktiki olaraq ödənilməli olan 110000 ABŞ dolları və 870 ABŞ dolları borcun hər ay hissə-hissə ödənilməklə icrası, 2019-cu il tarixli (onsuz da icrası gecikdirilmiş) icra sənədinin icrasının daha çox müddətdə uzadılması deməkdir. Bu hal tələbkarın mənafeyinə uyğun hesab edilə bilməz. Eyni zamanda qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin illər ərzində tam icra edilməməsi ədalətli məhkəmə araşdırmasını xəyali hüquqa çevirir. Həmçinin borclunun hər ay 10000 manata qədər ödəniş etmək niyyəti də öz təsdiqini tapmır, çünki, icra sənədi icraya yönələn gündən iki ilə yaxın vaxt keməsinə baxmayaraq, borclu tərəfindən ümumiyyətlə ödəniş edilməmişdir. Bundan başqa, borclunun əmlak vəziyyətini səciyyələndirən sübutlar da iş materiallarına əlavə edilməmişdir. Azərbaycan Respublikası MPM-nin 231.1-ci maddəsinə əsasən işə baxmış hakim, işdə iştirak edən şəxslərin ərizəsi üzrə tərəflərin əmlak vəziyyətinə və digər hallara əsasən qətnamənin icrasına möhlət verməyə və ya qətnaməni hissə-hissə icra etdirməyə, habelə onun icra üsulunu və qaydasını dəyişdirməyə haqlıdır. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxxx 2005-ci il tarixli 4 saylı Qərarın 12-ci bəndində göstərilir ki, məhkəmələr nəzərə almalıdırlar ki, qətnamənin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icra edilməsi, qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsi müstəsna hal olub, qətnamənin icrası üçün çətinlik törədən və yaxud borclu üçün yaranmış əlverişsiz hallarda tətbiq oluna bilər. Məhkəmələr bu məsələləri həll etdikdə təkcə borclunun deyil, tələbkarın mənafeyini də nəzərə almalıdırlar. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.1-ci maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxx 2015-ci il tarixli qərarında qeyd olunur ki, ədalət mühakiməsi insan hüquqlarının müdafiəsinin ən səmərəli vasitələrindən biridir. Təsadüfi deyildir ki, məhz məhkəmə insan hüquqlarının müdafiəsinin əsas təminatçısı kimi qəbul edilir. (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 71.1-ci maddəsinin şərh edilməsi haqqında” xx xxxxxx 2010-cu il tarixli Qərarı). Buna görə də məhkəmə müdafiəsinin səmərəsizliyi digər konstitusiya hüquqlarının effektivliyinə mənfi təsir göstərə bilər. Göründüyü kimi, icra hərəkətlərinin həyata keçirilməsinə ciddi maneələr və çətinliklər olmasına dair sübutlar təqdim edilməmiş, ərizə əsaslandırılmamışdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263, 264, 398.0.1, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara a l d ı: X1 şikayəti təmin edilməsin. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Sədrlik edən Akif İsgəndərov Hakimlər İlham Kərimli Elşən Kazımov
Məhkəmə qərarları › İş №8(103)-103/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №8(103)-103/2021
24.02.2021 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver