Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(103)-103/2025 18.03.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apelyasiya Məhkəməsi Mülki kollegiyasının Tələbkar “X5” Bakı filialının qətnaməsinin icra üsulunun, qaydasının dəyişdirilməsi barədə ərizəsinə dair iş üzrə (Açar sözlər: qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsi) Bakı Apelyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X1 (sədrlik edən və məruzəçi), X2 və Babayev Fuad Fikət oğlundan ibarət tərkibdə, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 16 yanvar 2025-ci il tarixli, 8(005)- 8/2025 saylı qərardadından tələbkar ”X5”Bakı filialı tərəfindən verilmiş şikayət üzrə mülki işə Bakı Apelyasiya Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İş üzrə qəbul edilmiş məhkəmə aktları:
1. Tələbkar “X5” Bakı filialı ərizə ilə məhkəməyə müraciət edərək, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-1034/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsinin icra üsulunun, qaydasının dəyişdirilməsi və cavabdeh Borclu qalan 5.712,79 manat borcunun onun digər pul gəlirlərinə yönəldilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir.
2. Ərizə onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 9 mart 2018-ci il tarixli 2(005)-91/2018 saylı qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, cavabdeh Borclu 62.000 (altmış iki min) manat əsas borc, 41.629,16 (qırx bir min altı yüz iyirmi doqquz manat on altı qıpik) manat məbləğində faiz borcu, müqavilə müddəti bitən tarixdən sonra hesablanmış illik 5 faiz, yəni 3.409,99 (üç min dörd yüz doqquz manat doxsan doqquz qəpik) manat, cəmi 107.039,15 (yüz yeddi min otuz doqquz manat, on beş qəpik) manat məbləğində kredit borcu və 30 (otuz) manat dövlət rüsumu iddiaçı “X5" Bakı filialının xeyrinə tutulması, borc tələbi ipoteka ilə yüklü edilmiş Borclu məxsus İsmayıllı rayonu, Xənəyə kəndində yerləşən fərdi yaşayış evinə yönəldilməsi, həmin fərdi yaşayış evinin açıq hərraca çıxarılması, İsmayıllı rayonu, Xənəyə kəndində yerləşən fərdi yaşayış evinin açıq hərracda ilkin satış qiyməti 293.850 (iki yüz doxsan üç min səkkiz yüz əlli) manat müəyyən edilməsi, əldə ediləcək vəsaitin cavabdeh Borclu banka olan borcunun ödənilməsinə yönəldilməsi və qeyd edilən fərdi yaşayış evi satıldıqdan sonra İsmayıllı rayonu, Xənəyə kəndində yerləşən fərdi yaşayış evində qeydiyyatda olan şəxslər yaşayış sahəsini ən geci bir ay ərzində tərk etmələri, əmlakın satışından əldə edilən məbləğ hesabına borc ödənildikdən sonra qalan məbləğin Borclu qaytarılması və s. qət edilmişdir. Bakı Apellyasiva Məhkəməsi Mülki Kollegiyasının 22 yanvar 2020-ci il tarixli 2(103)-152/2020 saylı qətnaməsi ilə cavabdeh Borclu apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Nərimanov rayon Məhkkəməsinin 9 mart 2018ci il tarixli 2(005)-91/2018 saylı qətnaməsi mübahisələndirilən-cavabdehdən 41.629,16 manat məbləğində faiz borcu və müqavilə müddəti bitən tarixdən sonra hesablanmış illik 5 faiz, yəni 3.409.99 (üç min dörd yüz doqquz manat doxsan doqquz qəpik) manat pulun tutulması hissələrində dəyişdirilməsi cavabdeh Borclu tutulmalı olan faiz borcu 13.600 manat, müqavilə müddəti bitən tarixdən sonra hesablanmış illik 5 faiz məbləğ isə 2.583 manat müəyyən edilməsi qət edilmişdir. Qətnamə mübahisələndirilən 62.000 manat pulun tutulması hissəsində dəyişdirilmədən saxlanması və s. barədə qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 1 dekabr 2021-ci il tarixli 2(103)-1034/2021 saylı qətnaməsi ilə cavabdeh Borclu apellyasiya şikayəti qismən təmin edilmiş, hazırkı iş üzrə Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 9 mart 2018-ci il tarixli 2(005)-91/2018 saylı qətnaməsi mübahisələndirilən hissədə ləğv edilmiş, həmin hissədə yeni qətnamə qəbul edilməsi, iddia tələbi mübahisələndirilən hissədə qismən təmin edilməsi cavabdeh Borclu 19.000 (on doqquz min) manat əsas borc, 26.342 (iyirmi altı min üç yüz qırx iki min) manat məbləğində faiz borcu, xx.xx.2017-ci il tarixdən xx.xx.2018-ci il tarixə faiz borcu 3409 (üç min dörd yüz doqquz) manat (illik 5 faiz), cəmi 48.751,99 (qırx səkkiz min yeddi v üz əlli bir manat, doxsan doqquz qəpik) manat məbləğində kredit borcu və 13,8 (on üç manat səksən qəpik) manat dövlət rüsumu iddiaçı “X5" Bakı filialına ödənilməsi qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 7 iyun 2022-ci il tarixli 2(102)-2930/2022 saylı qərarı ilə cavabdeh Borclu kassasiya şikayətinin təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 1 dekabr 2021-ci il tarixli 2(103)-1034/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Cavabdehin qalan borcu bu günədək ödənilmədən qalmışdır. Hazırda cavabdehin Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 1 dekabr 2021-ci il tarixli 2(103)-1034/2021 saylı qətnaməsi ilə müəyyən edilmiş kredit borcundan 5.712,79 manatlıq hissəsi qalmışdır.
3. Borclu ərizəyə etiraz edərək bildirmişdir ki, o qeyd edilən qətnaməni icra etmiş, tələbkara olan borcunu tam ödəmiş və bu səbəbdən Azərbaycan Respublikası İNnin yanında ƏMDX 9 saylı Qəbələ Ərazi İdarəsinə rəsmi yazılı qaydada xx.xx.2023-cü il tarixli 2023/1623 № məktub göndərilərək ona məxsus fərdi yaşayış evinin ipoteka yüklülüyündən azad edilməsi istənilmişdir. ƏMDX 9 saylı Qəbələ Ərazi İdarəsi isə ipoteka saxlayan bankın xx.xx.2023-cü il tarixli sözügedən məktubunu əsas tutaraq mülkiyyətində olan fərdi yaşayış evinin üzərindəki bütün məhdudiyyətləri götürmüşdür. Bu səbəbdən ərizənin təmin edilməməsini xahiş etmişdir.
4. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 16 yanvar 2025-ci il tarixli, 8(005)-8/2025 saylı qərardadı ilə Bakı Apellyasiya Məhkəməsinin 2(103)-1034/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsinin icra üsulunun və qaydasının dəyişdirilməsinə dair tələbkar “X5" Bakı filialının ərizəsi təmin edilməmişdir.
5. Məhkəmə qeyd etmişdir ki, borclunun ərizəsində 3.000 manat məbləğində borcun ödəniləcəyi vədi verilmişdir. Tələbkar isə borclunun 5.712,79 manat məbləğində borcunun qaldığı iddia edir. Tələbkarın Azərbaycan Respublikası İN-nin yanında ƏMDXnin 9 saylı Qəbələ Ərazi İdarəsinə ünvanladığı №2023/1623 saylı xx.xx.2023-cü il tarixli məktubunda qeyd olunmuş kredit müqavilələri üzrə öhdəliklərinin tamamilə yerinə yetirilməsini qeyd edərək hazırda məhkəməyə tutmanın yönəldilməsi tələbi ilə müraciət etdiyi əmlakın üzərinə qoyulmuş məhdudiyyətin götürülməsini xahiş etdiyini nəzərə alaraq hesab etmişdir ki, tələbkarın dəlilləri ağlabatan mühakimə əsasında inandırıcı deyil. “X5” Bakı filialı tərəfindən Borclu ilə aralarında bağlanılmış xx.xx.2014-cü il tarixli 2№-li kredit müqaviləsini təmin etmək məqsədi ilə müvafiq tarixdə onunla bağlanmış 2№-li ipoteka müqaviləsinə əsasən Borclu məxsus İsmayıllı rayonu, Xənəyə kəndində yerləşən **********84-10301 reyestr №-li ********** qeydiyyat nömrəli fərdi yaşayış evi girov götürülmüş və bildirilir ki, qeyd olunmuş kredit müqavilələri üzrə öhdəliklər tamamilə yerinə yetirilmişdir.
Şikayətin dəlilləri, şikayətə etirazın dəlilləri və birinci instansiya məhkəməsinin şikayətə dair gəldiyi nəticə:
6. Həmin qərardaddan tələbkar ”X5”Bakı filialı şikayət verərək Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 8(005)-8/2025 saylı, xx.xx.2025-ci il qərardadının ləğv edilməsini və Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2021-ci il tarixli 2(103)-1034/2021 saylı qətnaməsinin icra üsulunun, qaydasının dəyişdirilməsi və cavabdeh Borclu qalan 5.712,79 manat borcunun onun digər pul gəlirlərinə yönəldilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
7. Şikayət onunla əsaslandırılmışdır ki, Borclu ödədiyi borc bütün qəbzlər və hesabdan çıxarış təsdiq olunmuş qaydada məhkəməyə təqdim edilməsinə baxmayaraq, borcun ödənilməsi formasını və qaydasını araşdırmadan yalnız məktubdakı ifadə ilə kifayətlənərək məhkəmə işi bitmiş hesab etmişdir. Belə ki məhkəmə araşdırma aparsa idi Bakı Apellyasiya Məhkəməsinin Qətnaməsi ilə müəyyən edilmiş borcun bir qisminin (43.045 manatlıq hissəsini) cavabdeh tərəfindən ödənildiyini, qalan 5712,79 manatlıq hissəsini bu günədək ödənilmədiyini müəyyən edərdi. Bundan başqa məhkəmə cavabdehin yazdığı ərizə ilə borcunu etiraf etməsini və ödəyəcəyinə söz verməsini belə nəzərə almamışdır.
8. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 12 fevral 2025-ci il tarixli qərardadı ilə tələbkar ”X5”Bakı filialı tərəfindən verilmiş şikayət təmin edilməyərək, işlə birlikdə apellyasiya qaydasında baxılması üçün göndərilmişdir.
9. Şikayətə Azərbaycan Respublikası MPM-in 10.8-1 və 397.2-ci maddələrinə uyğun olaraq yazılı icraat qaydasında baxılmışdır.
Tətbiq edilən hüquq normaları:
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin
10. 15.2-ci maddəsinə görə, məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır.
11. 15.3-cü maddəsinə əsasən, məhkəmə aktının icra olunmaması, habelə məhkəməyə digər hörmətsizlik halları qanunda nəzərdə tutulmuş məsuliyyətlə nəticələnir. “İcra məmurları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən icra məmuru icraata daxil olmuş icra sənədlərinin vaxtında, tam və düzgün icra edilməsi üçün tədbirlər görməlidirlər.
12. 231.1-ci maddəsinə görə, işə baxmış hakim, işdə iştirak edən şəxslərin ərizəsi üzrə tərəflərin əmlak vəziyyətinə və digər hallara əsasən qətnamənin icrasına möhlət verməyə və ya qətnaməni hissə-hissə icra etdirməyə, habelə onun icra üsulunu və qaydasını dəyişdirməyə haqlıdır.
13. 267-ci maddəsinə görə məhkəmə tərəfindən ayrıca akt şəklində qəbul edilmiş qərardaddan bu Məcəllədə göstərilmiş hallarda şikayət verilə bilər. İşdə iştirak edən şəxslər və qərardadın bilavasitə aid olduğu digər şəxslər şikayət vermək hüququna malikdirlər. Şikayət yazılı şəkildə qərardadı qəbul edən məhkəməyə verilir.
“İcra haqqında” Azərbaycan Respublikası Qanununun
14. 8.1-ci maddəsinə görə icra sənədinin icraya yönəldilməsi bilavasitə müvafiq qərarı çıxarmış məhkəmənin və ya digər orqanın vəzifəsidir.
15. 15-ci maddəsinə əsasən, tərəflər icra sənədinin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icrası yaxud icra sənədinin icrası üsulunun və qaydasının dəyişdirilməsi haqqında işə baxmış məhkəməyə müraciət edə bilərlər. Borclunun əmlak vəziyyətini və digər halları nəzərə alaraq, məhkəmə həmin müraciətlərə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 231-ci maddəsi ilə müəyyən edilmiş qaydada baxır.
16. 29-cu maddəsinə əsasən tərəflər icraat materialları ilə tanış olmaq, onlardan çıxarışlar etmək, onların surətini çıxarmaq, əlavə materiallar təqdim etmək, vəsatət vermək, icra hərəkətlərinin həyata keçirilməsində iştirak etmək və bu zaman şifahi və yazılı izahatlar vermək, icraatın gedişində meydana çıxan bütün məsələlər üzrə öz dəlil və mülahizələrini bildirmək, icraatda iştirak edən digər şəxslərin vəsatətlərinə, dəlil və mülahizələrinə etiraz etmək, icra məmuruna etiraz etmək və onun hərəkətlərindən (hərəkətsizliyindən) şikayət vermək hüquqlarına malikdirlər. İcra hərəkətlərinin həyata keçirilməsi zamanı tərəflər icra haqqında Azərbaycan Respublikası qanunvericiliyinin tələblərini yerinə yetirməyə borcludurlar.
17. 43-cü maddəsinə əsasən, borclunun əmlakı üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəldilməsi; tələbin borclunun əmək haqqına, pensiyasına, təqaüdünə və sair gəlirlərinə yönəldilməsi; tələbin borclunun üçüncü şəxslərdə olan pul vəsaitlərinə və digər əmlakına yönəldilməsi; icra sənədində göstərilmiş müəyyən əşyaların borcludan götürülüb tələbkara verilməsi; bu Qanuna və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarına uyğun olaraq icra sənədinin icrasını təmin edən başqa tədbirlər - məcburi icra tədbirləridir.
18. 44-cü maddəsinə əsasən bu Qanunla müəyyən edilmiş qaydada tərtib olunmuş icra sənədinin icra məmuruna təqdim olunması; icra məmuru tərəfindən icraata başlamaq haqqında qərarın qəbul edilməsi; könüllü icra üçün icra məmuru tərəfindən borcluya verilmiş müddətin keçməsi - məcburi icra tədbirlərinin tətbiqinin əsaslarıdır. Bu Qanunun 44.1-ci maddəsində müəyyən edilmiş əsaslardan hər hansı biri olmadıqda məcburi icra tədbirlərinin tətbiqinə yol verilmir. Tələbkarın tələblərinin təmin edilməsi üçün borclunun yetərli pul vəsaiti olmadıqda bu Qanunun 43.1.1–43.1.5-ci maddələrində nəzərdə tutulan məcburi icra tədbirlərinin hər hansı birinin tətbiqi digərlərinin tətbiqini istisna etmir.
19. 63-cü maddəsinə əsasən, vaxtaşırı ödəmələrin tutulması haqqında icra sənədləri icra edildikdə; icra sənədində göstərilən tələb üzrə tutulmalı olan məbləğin həcmi bu Qanunun 65-ci maddəsində müəyyən edilmiş miqdardan artıq olmadıqda; tələbin tam ödənilməsi üçün borclunun əmlakı olmadıqda və ya onun əmlakı kifayət etmədikdə tələbin borclunun əmək haqqına və digər gəlirlərinə yönəldilməsinə yol verilir.
20. 87-ci maddəsinə əsasən icra sənədinin icra olunması ilə bağlı icra məmurunun hərəkətlərindən və ya hərəkətsizliyindən tələbkar və ya borclu icra məmurunun olduğu yer üzrə inzibati məhkəməyə şikayət verə bilər. Bu Qanunun digər maddələrində başqa müddət müəyyən edilməyibsə, icra məmurunun hərəkətlərindən şikayət müvafiq hərəkətin edildiyi vaxtdan 10 gün müddətində verilir. İcra hərəkətinin yerinə yetirilməsi vaxtı və yeri haqqında xəbərdar edilməmiş şəxslər üçün bu Qanunun 87.1-ci maddəsində maddələrində nəzərdə tutulmuş müddətin axımı həmin şəxslərin müvafiq hərəkət barəsində məlumat aldıqları gündən başlayır. İcra məmuru tərəfindən fiziki və hüquqi şəxslərə vurulmuş ziyan Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada ödənilir.
21. Konstitusiya Məhkəməsinin Plenumu “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 7, 10, 24 və 26-cı maddələrinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin bəzi müddəaları baxımından şərh edilməsinə dair” 2 sentyabr 2015-ci il tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyə əsasən, məhkəmə müdafiəsi hüququ bir tərəfdən hər kəsin pozulmuş hüquqlarının və azadlıqlarının bərpası məqsədilə məhkəməyə müraciət etmək hüququnu, digər tərəfdən isə məhkəmələrin həmin müraciətlərə ağlabatan müddətdə baxmaq və ədalətli qərar qəbul edərək, onların vaxtında icra edilməsinə nəzarət etmək vəzifəsini müəyyən edir.
22. ““İcra haqqında” Azərbaycan Respublikasının Qanununun 20-ci maddəsinin şərh edilməsinə dair” 10 oktyabr 2017-ci il tarixli qərarında Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi qeyd etmişdir ki, “İcra icraatının gedişində icra qurumu tərəfindən həyata keçirilən fəaliyyət şərti olaraq iki hissəyə ayrıla bilər: 1) icra sənədinin icra olunmasının təmin edilməsinə yönəlmiş fəaliyyət - bu zaman icra məmuru tərəfindən qəbul edilən qərarların və edilən hərəkətlərin qanuniliyinin və əsaslılığının qiymətləndirilməsi həmin fəaliyyətin icra sənədinin icrasının təmin edilməsi baxımından zəruri olub-olmaması meyarı üzrə aparılır. 2) icra sənədinin icrasının təmin edilməsi zamanı icra orqanı tərəfindən qanunsuz hərəkətlərə yol verilməklə ziyan vurulmasına gətirib çıxarmış hüquqazidd fəaliyyət - bu zaman isə icra sənədinin icrasının təmin edilməsindən kənara çıxan hərəkətlərin qanuniliyi yoxlanılır. “İcra haqqında” Qanunun 87.1-ci maddəsi birinci hal üzrə icra məmurunun hərəkətlərindən və ya hərəkətsizliyindən verilən şikayətlərə dair məsələni tənzimləyir. Həmin halla bağlı aydınlaşdırılmalı məsələ isə ondan ibarətdir ki, icra sənədinin icra olunması ilə bağlı icra məmurunun qərarından, hərəkətlərindən (hərəkətsizliyindən) irəli gələn mübahisələrə məhkəmələrdə necə baxılmalıdır. Bunun üçün aşağıdakı məsələlər nəzərə alınmalıdır.
23. ... icra məmurunun qərar və hərəkətlərindən (hərəkətsizliyindən) şikayətlərə dair işlərin məhkəmə aidiyyətinin müəyyən edilməsi zamanı nəzərə alınmalı olan normativhüquqi akt kimi “İcra haqqında” Qanun deyil, Mülki Prosessual və İnzibati Prosessual Məcəllələr çıxış edir. İcra sənədinin icra olunması ilə bağlı icra məmuru tərəfindən həyata keçirilən fəaliyyətə və bu zaman qəbul edilən qərarlara (edilən hərəkət və ya hərəkətsizliyə) məhkəməyə müdafiəsi hüququnun reallaşdırılmasının tərkib hissəsi və davamı kimi yanaşılmalıdır. Çünki məhkəmə qərarının icrası məhkəmə müdafiəsi hüququnun ayrılmaz tərkib hissəsidir. Qanunvericilik isə icra icraatının gedişində icra sənədinin icrası ilə bağlı yaranan mübahisələrə baxılmasının xüsusi qaydasını müəyyən etmişdir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
24. Məhkəmə kollegiyası şikayətin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət qismən təmin olunmalı, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 16 yanvar 2025-ci il tarixli, 8(005)-8/2025 saylı qərardadı ləğv edilməli, tələbkar ”X5” Bakı filialının Bakı Apellyasiya Məhkəməsinin 2(103)-1034/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsinin icrası üsulunun və qaydasının dəyişdirilməsi barədə ərizəsi rədd edilməlidir.
25. Qeyd edilməlidir ki, “İcra haqqında” Qanunun 15-ci maddəsinə əsasən tərəflərə icra sənədinin icrası üsulunun və qaydasının dəyişdirilməsi haqqında işə baxmış məhkəməyə müraciət etmək hüququ, məhkəməyə də həmin müraciətlərə borclunun əmlak vəziyyətini və digər halları nəzərə almaqla, qətnamənin icrası üsulunu və qaydasını dəyişdirmək səlahiyyəti verilmişdir. Mülki Prosessual Məcəllənin 231-ci maddəsi də eyni məzmunda tərtib edilmişdir.
26. Beləliklə də borclu məhkəmə qətnaməsinin icrasını çətinləşdirən hallarla qarşılaşdıqda, icra sənədini vermiş məhkəmə tərəflərin və ya icra məmurunun müraciətinə əsasən qətnamənin icra üsulunu və qaydasını dəyişdirməyə haqlıdır. Nəzərə alınmalıdır ki, məhkəmə qətnaməsinin icrası üsulu - kreditorun pozulmuş hüquqlarının bərpasına yönələn icra hərəkətlərinin məcmusudur. Məhkəmə qətnaməsinin icrası qaydası isə məhkəmə aktının icrası metodunun məzmununu təşkil edən hərəkətlərin müəyyən ardıcıllıqla və müəyyən edilmiş qaydalara uyğun şəkildə həyata keçirilməsidir. Qətnamənin icra üsulunun dəyişdirilməsi həmin qətnaməyə əsasən yaranmış bir öhdəliyin digərinə çevrilməsinə, yəni məhkəmə aktının mahiyyətinin dəyişdirilməsinə səbəb olmur. Belə olan halda bir icra növü digəri ilə əvəz edilir.
27. Bundan başqa qeyd edilməlidir ki, məhkəmə qətnaməsinin icrası üsulunun və qaydasının dəyişdirilməsi müstəsna tədbirdir. Məhkəmələr onu yalnız işin konkret hallarını, habelə həm borclunun, həm də tələbkarın maraqlarını nəzərə almaqla, qərarın icrasını çətinləşdirən üzrlü səbəblər və ya əlverişsiz hallar olduğu təqdirdə tətbiq etməyə haqlıdır.
28. Hazırkı iş üzrə müəyyən olunmuş hallardan göründüyü kimi kredit vermiş bank ipoteka ilə təmin edilmiş kredit müqaviləsi üzrə öhdəliklərin yerinə yetirilməməsi, bunun nəticəsində də borcun yaranması ilə əlaqədar cavabdehə (hazırkı halda - borcluya) qarşı kredit müqaviləsi üzrə yaranmış borcun tutulması, tutmanın ipoteka predmetinə yönəldilməsi, ipoteka predmeti olan fərdi yaşayış evinin satıldıqdan sonra ipoteka qoyan cavabdeh tərəfindən boşaldılması ilə bağlı iddia qaldırmışdır.
29. Qanuni qüvvəsini almış məhkəmə qətnaməsi ilə bankın yuxarıda sadalanan tələblərə dair iddiası qismən təmin edilərək, borcun tutulması və tutmanın ipoteka ilə yüklü edilmiş əmlaka yönəldilməsi, həmin əmlakın açıq hərracda satılmaqla, əldə olunan vəsaitdən borcun ödənilməsi, yaşayış evinə tutma yönəldikdən və o satıldıqdan sonra keçmiş mülkiyyətçi tərəfindən evin boşaldılması qət edilmiş, qətnamə qanuni qüvvəsini alaraq icraya yönəldilmişdir.
30. İş materiallarından həmçinin görünür ki, kreditor-bank Azərbaycan Respublikası İN-nin yanında ƏMDX 9 saylı Qəbələ Ərazi İdarəsinə rəsmi qaydada xx.xx.2023-cü il tarixli 2023/1623 nömrəli məktubla müraciət edərək, borcluya məxsus fərdi yaşayış evinin ipoteka yüklülüyündən azad edilməsini xahiş etmişdir. ƏMDX 9 saylı Qəbələ Ərazi İdarəsi tərəfindən ipoteka saxlayan bankın xx.xx.2023-cü il tarixli sözügedən məktubuna əsasən Borclu məxsus İsmayıllı rayonu, Xənəyə kəndində yerləşən fərdi yaşayış evinin üzərindəki müvafiq məhdudiyyətlərin götürülməsi təmin edilmişdir.
31. Göründüyü kimi tələbkarın sözügedən ərizə ilə müraciət etməsi, onun icra sənədindəki ipoteka predmeti olan İsmayıllı rayonu, Xənəyə kəndində yerləşən fərdi yaşayış evinə tutmanın yönəldilməsi barədə tələbdən və həmin tələbdən doğan digər tələblərdən (əmlakın açıq hərracda satılmaqla, əldə olunan vəsaitdən borcun ödənilməsi, yaşayış evinə tutma yönəldikdən və o satıldıqdan sonra keçmiş mülkiyyətçi tərəfindən evin boşaldılması) imtina etdiyini göstərir. Buna baxmayaraq tələbkar, hazırkı müraciəti ilə faktiki olaraq imtina etdiyi tələbin icrası üsulunun və qaydasının dəyişdirilməsi barədə işə baxmış məhkəməyə müraciət etdiyi müəyyən edilir.
32. Əksinə işdə olan materiallara əsasən icra sənədinin borcun tutulması hissəsində icra edilmədiyi müəyyən edilir. Belə ki, sözügedən icra sənədi üzrə icraata bu hissədə “İcra haqqında” Qanunun 20.1.5-ci maddəsinə əsasən (icra sənədi tam icra olunduqda) xitam verildiyi barədə müvafiq qərar iş materiallarında mövcud deyildir. Bu baxımdan qeyd edilməlidir ki, tələbkar icra sənədinin yalnız mövcud olan “borcun tutulması” barədə hissəsinin icrası üsulunun və qaydasının dəyişdirilməsini tələb edə bilər.
33. Halbuki bu halda da nəzərə alınmalıdır ki, “İcra haqqında” Qanunun 43-cü maddəsinə əsasən, tələbin borclunun əmək haqqına, pensiyasına, təqaüdünə və sair gəlirlərinə yönəldilməsi məcburi icra tədbirlərinin növü olaraq müəyyən edilmişdir. Həmin Qanunun bu maddəsində göstərilən məcburi icra tədbirlərinin, “İcra haqqında” Azərbaycan Respublikasının Qanununun 44.1-ci maddəsində müəyyən edilmiş əsaslar yarandığı təqdirdə, icra məmuru tərəfindən verilən müddət ərzində tələbi könüllü surətdə icra etməyən borclu barəsində tətbiq edilməsi nəzərdə tutulur.
34. Hazırkı halda da borclunun, icra məmuru tərəfindən könüllü icra üçün ona verilmiş müddətin keçməsinə baxmayaraq istinad edilən məbləğdə borcu ödəməməsi tələbkar üçün tələbin borclunun əmək haqqına, pensiyasına, təqaüdünə və sair gəlirlərinə yönəldilməsi növündə məcburi icra tədbirinin tətbiq edilməsini tələb etmək hüququnu yaradır. Tələbkar də mövcud olmayan tələbin icrası üsulunun və qaydasının dəyişdirilməsini tələb etməklə, istədiyi hüquqi nəticəyə nail olmaq üçün icra qanunvericiliyində bu cür hallar üçün nəzərdə tutulan mümkün imkanlardan düzgün istifadə etmədiyi müəyyən edilir.
35. Mübahisələndirilən qərardaddan həmçinin görünür ki, birinci instansiya məhkəməsi öz növbəsində icra qanunvericiliyinin müvafiq normalarına uyğun olaraq müvafiq araşdırmanı aparmadan hazırkı icraat çərçivəsində borclunun icra sənədində mövcud olan tələblərin tam icra etdiyini müəyyən etmiş, bununla da borclu tərəfindən 3.000 manat məbləğində banka borcu olmasını etiraf etdiyinə dair ərizəyə, habelə icra sənədi üzrə icraata hələ də xitam verilmədiyinə, borclunun da icra icraatına xitam verilməməsinə dair icra məmurunun hərəkətsizliyini müvafiq qaydada mübahisələndirmədiyinə münasibət bildirməmiş, tələbkarın etdiyi müraciət ilə nail olmaq istədiyi hüquqi nəticənin mahiyyəti üzrə araşdırma aparmamış, işin hallarına və hazırkı məsələni tənzimləyən icra qanunvericiliyinə uyğun olmayan qənaətə gəlmişdir.
36. Belə ki, hüquqi müəyyənlik prinsipi digər tələblərlə yanaşı, ən ümumi mənada mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan, məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır (Konstitusiya Məhkəməsi Plenumunun N.Babayevin şikayəti üzrə 28 dekabr 2011-ci il tarixli Qərarı).
37. Beləliklə yuxarıda sadalananlara əsasən kollegiya hesab edir ki, hazırkı şikayət qismən əsaslı olduğundan qismən təmin edilməli, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 8(005)-8/2025 saylı 16 yanvar 2025-ci il qərardadı ləğv edilməli, tələbkar “X5” Bakı filialının Bakı Apellyasiya Məhkəməsinin 2(103)-1034/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsinin icra üsulunun və qaydasının dəyişdirilməsi barədə ərizəsi kollegiyanın yuxarıda qeyd etdiyi əsaslar ilə yenidən rədd edilməlidir.
38. Tələbkara izah edilməlidir ki, icra sənədi üzrə icra edilməmiş tələbin mövcudluğu müəyyən edildiyi və həmin tələbin tam ödənilməsi üçün borclunun əmlakı olmadığı və ya onun əmlakı kifayət etmədiyi təqdirdə, o, icra edilməmiş bu tələbin borclunun əmək haqqına və digər gəlirlərinə yönəldilməsi (məcburi icra tədbirlərinin növü olaraq) barədə müraciət etməyə haqlıdır.
39. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 398.0.3-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə qərardadı tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll etmək hüququ vardır.
40. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398-402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
QƏRARA ALDİ: Tələbkar ”X5” Bakı filialı tərəfindən verilmiş şikayət qismən təmin edilsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 8(005)-8/2025 saylı 16 yanvar 2025-ci il tarixli qərardadı tamamilə ləğv edilsin. Tələbkar ”X5” Bakı filialının Bakı Apellyasiya Məhkəməsinin 2(103)-1034/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsinin icra üsulunun və qaydasının dəyişdirilməsi barədə ərizəsi rədd edilsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.
Sədrlik edən hakim imza: Cəmilə Musayeva Hakimlər imzalar: Fuad Abdıyev Fuad Babayev