Məhkəmə qərarları › İş №8(103)-104/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №8(103)-104/2021

01.03.2021 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(103)-104/2021 01.03.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Sadıqov Vahid Nəriman oğlu (sədrlik edən və məruzəçi), Əsgərov Qürbət Ağa oğlu və İmanov Azad Nizam oğlundan ibarət tərkibdə, Allahverdiyev Fuad Zahir oğlunun katibliyi, Borclu Mişiyev Rövşən Adil oğlunun iştirakı ilə, Bakı şəhəri Nərimanov rayon İcra və probasiya şöbəsinin böyük icra məmuru Cəmil Tağıyevin xx.xx.2020-ci il tarixli “icraata başlamaq haqqında” qərarının qismən dəyişdirilməsi (ləğv edilməsi) barədə borclu Mişiyev Rövşən Adil oğlunun şikayətinə baxılmasına dair Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 8(005)-742/2020 saylı qərardadından borclunun şikayətinə Bakı Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, M ü ə y y ə n e t d i: Borclu Mişiyev Rövşən Adil oğlu şikayət ilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə müraciət edərək, Nərimanov rayon İcra və probasiya şöbəsinin xx.xx.2020-ci il tarixli “icraata başlamaq haqqında” qərarının qismən dəyişdirilərək (ləğv edərək), icra tələbinin qanunsuz yönəldilməsi nəticəsində adında olan əmlaklara qoyulmuş həbslərin götürülməsi və icra hərəkətlərinin məhkəmənin qərarına əsasən qənaətə gəldiyi mal və məhsullara yönəldilməklə, qalan hissədə ləğv edilməsi və qanunsuz sənədləşdirilmiş “Hyundai İX 55” markalı, ** NU *** nömrə nişanlı nəqliyyat vasitəsinin adına sənədləşdirilərək ona qaytarılması barədə qərar çıxarılmasını xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Nərimanov rayon İcra və probasiya şöbəsi tərəfindən Bakı Apelyasiya Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(103)-8400/2018 nömrəli işi üzrə xx.xx.2019-cu il tarixli “icraata başlama haqqında” Qərar qəbul edilmiş, həmin qərar üzra icra tədbirləri qanunsuz və əsasız olaraq başqa istiqamətə yönəldiyindən qismən ləğv edilməlidir. Məhkəmənin qanuni qüvvəsini almış və 1.564.070 manat borcun ondan alınaraq, Tələbkar ödənilməsini Bakı Apelyasiya Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(103)-8400/2018 saylı icra sənədinə əsasən icra tədbirlərini məhkəmənin qətnaməni əsaslandırmaq üçün əsas tutduğu mal və məhsulların ümumi qiymətinin yarısını əsas tutaraq qəbul etməsinə baxmayaraq, mal və məhsullar faktiki mağazada olduğu və məhkəmə tərəfindən ona aid olduğunu təsdiq etdiyi halda icra tədbirləri mal və məhsullara deyil, icra tədbiri dəyişdirilərək, məhkəmə vaxtı iddianın təmin tədbiri olaraq üzərinə həbs qoyulmuş əmlaklarının üzərinə yönəldilmişdir. Bu halda sözügedən qərarın bu hissədə tələbi ləğv edilərək, yalnız mal və məhsullara yönəldilməli idi. Nərimanov rayon İcra və probasiya şöbəsi onu həvəsləndirərək, ondan aldadaraq xx.xx.2019-cu il tarixdə iltizam alaraq, qeyd edilən mal və məhsulların hazırda olmadığını və həmin malların icra sənədinin tələbini yönəldilməsi üçün təqdim edə bilmədiyini yazdırmışdır, xx.xx.2019-cu il tarixdə mal və məhsulları mağazada görərək, vəzifə funksiyasına əsasən qanunvericiliyin tələbinə əsasən mal və məhsulları yoxlamadan, eləcə də məhkəmənin qiymət verərək qərar qəbul etməsinə əsaslanmadan onun həvəsləndirərək xeyrinə olacağını vəd verməklə malların ayrı-ayrı firmalara aid olduğunu yoxlamadan, söz əsasında əsassız akt tərtib etmiş və icra tədbirini başqa istiqamətə yönəltmişdir. Nərimanov rayon İcra və probasiya şöbəsi tərəfindən Nərimanov Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(005)-421/2020 saylı icra sənədinə əsasən ona aid Nəsimi razyonu Fizuli küçəsi 79 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin, N.Hacıyev küçəsi 7, mənzil 16, Nəsimi rayonu 28 May küçəsi 20, mənzil 79, Hyundai İX-55 markalı, ** NU *** nömrə nişanlı nəqliyyat vasitəsinin özgəninkiləşdirilməməsi barədə məhkəmə qərarı olduğu və icra edildiyi bildirilsə də, Hyundai İX 55 markalı, ** NU *** nömrə nişanlı nəqliyyat vasitəsi məhkəmənin sözügedən qərarının tələbini pozaraq özgəninkiləşdirilərək başqa ada keçirilmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 8(005)- 742/2020 saylı qərardadı ilə şikayət təmin edilməmişdir. Hazırda borclu həmin qərardaddan şikayət verərək, onun ləğv edilməsini və şikayətin təmin edilməsini xahiş etmiş, şikayəti məhkəmənin xx.xx.2021-ci il tarixli qərardadı ilə təmin edilməmiş və baxılması üçün Bakı Apelyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında iştirak edən borclu şikayəti müdafiə edərək, onun məzmununa uyğun izahat verib, təmin edilməsini xahiş etdi. İşə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada məlumatlandırılmış digər tərəflər (nümayəndə) məhkəməyə gəlmədiklərinə görə, işə onların (nümayəndənin) iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə kollegiyası şikayətin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin olunmamalı, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan Bakı şəhəri Nərimanov rayon İcra və probasiya şöbəsinin böyük icra məmuru X1 xx.xx.2020-ci il tarixli “icraata başlamaq haqqında” qərarı ilə müəyyən edilmişdir ki, Bakı Apelyasiya Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(103)-8400/2018 saylı icra sənədinə əsasən Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2017-ci il tarixli 2(103)-3441/2017 saylı qərardadı ilə siyahıya alınmış (üzərinə həbs qoyulmuş) və ünvan 1 ünvanlarında yerləşən 212.137 ədəd-35.077 çeşid, 3.128.141 manat dəyərində olan mal və məhsulların dəyərinin yarısı, yəni 1.564.070 manat məbləğində pul borclu Mişiyev Rövşən Adil oğlundan alınaraq Tələbkar ödənilməlidir və həmin qərarla icra sənədi üzrə icraata başlanılması qərara alınmışdır. Kollegiya hesab edir ki, icra məmurunun hərəkəti qanunidir, çünki o, qüvvədə olan icra sənədi əsasında icraata başlamaq haqqında qərar qəbul etmişdir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 8.2-ci maddəsinə əsasən, icra məmuru icra sənədini aldığı vaxtdan üç gün müddətində icraata başlamaq haqqında qərar qəbul edir. Buna görə də birinci instansiya məhkəməsinin qənaəti doğrudur. Qeyd edilənlərə əsasən kollegiya hesab edir ki, şikayətin dəlilləri qərardadın ləğv edilməsi üçün əsas təşkil etmir. Mülki Prosessual Məcəllənin 398.0.1-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397-398, 400 və 401-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: Şikayət təmin edilməsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 8(005)- 742/2020 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar