Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(103)-105/2021 03.03.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Şirinov İkram Sabir oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Səmədov Tofiq Səməd oğlu və Tanrıverdiyev Anar Vəzir oğlundan ibarət tərkibdə, Məmmədova Nigar kərəm qızının katibliyi ilə, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 8(005)-22/2021 saylı, xx xxxxxx 2021-ci il tarixli qərardadından tələbkar tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Bakı şəhəri 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-2(82)-53/2019 nömrəli, xx.xx.2019-cu il tarixli icra sənədinə əsasən borclu “xxxx” MTK-dan 5300 manat əsas borc, 412,19 faiz borcu, 253,23 manat cərimə olmaqla, cəmi 5965,42 manat məbləğində pul vəsaiti və 30 manat dövlət rüsumu tutularaq tələbkar ləğv prosesində olan "Tələbkar" ASC-nin xeyrinə ödənilməlidir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli, 8(005)- 542/2020 nömrəli qərardadı ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-2(82)- 53/2019 nömrəli, xx.xx.2019-cu il tarixli icra sənədinin icrasını təmin etmək məqsədilə borclu “xxxx” Mənzil Tikinti Kooperativinin mülkiyyətində 1 ədəd-qüllə kran KB-573 (yük/q 8 ton), 3 ədəd sərnişin lifti (yük/q 630 kq), 3 ədəd sərnişin lifti (yük/q 10000 kq) əmlakların üzərinə həbs qoyulmuşdur. Bakı Apellyasiya Məhkəməsinin 2-2(103)-238/2020 nömrəli, xx.xx.2020-ci il tarixli qətnaməsinə əsasən 2 saylı Bakı İnzibati-lqtisadi Məhkəməsinin 2-2(82)-53/2019 nömrəli, xx.xx.2019-cu il tarixli qətnaməsi borclu “xxxx" MTK-dan ləğv prosesində olan “Tələbkar" ASC-nin xeyrinə faiz borcu tutulması hissəsində ləğv edilmişdir. Bakı Şəhəri Nərimanov Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Cəmil Tağıyev təqdimatla məhkəməyə müraciət edərək, Nərimanov Rayon Məhkəməsinin 8(005)-542/2020 saylı, xx.xx.2020-ci il tarixli qərardadı ilə borclu “xxxx" MTK-ya məxsus 1 ədəd qüllə kran KB-573 (yük/q 8 ton), 3 ədəd sərnişin lifti (yük/q 630 kq), 3 ədəd sərnişin lifti (yük/q 10000 kq) üzərinə üzərinə qoyulmuş həbsin götürülməsini xahiş etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 8(005)-22/2021 saylı, xx xxxxxx 2021-ci il tarixli qərardadı ilə təqdimat təmin edilmişdir. Tələbkar tərəfindən həmin qərardaddan verilmiş şikayət rayon məhkəməsinin eyni saylı, xx xxxxxx 2021-ci il tarixli qərardadı ilə təmin edilməmiş və iş baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Şikayətə məhkəmə kollegiyasında baxılmasının yeri və vaxtı barədə qanunla müəyyən edilmiş qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, tərəflər məhkəmə iclasına gəlməmiş və səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Belə olan halda Məhkəmə kollegiyası hesab edir ki, Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən şikayətə onların iştirakı olmadan baxılması mümkündür. Məhkəmə kollegiyası iş materiallarını nəzərdən keçirib, şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət təmin edilməli, qərardad ləğv edilməli və təqdimat təmin edilməməlidir. Rayon Məhkəməsi qeyd etmişdir ki, icra sənədinin verilməsi üçün əsas olmuş qətnamə ləğv olunmuşdur, bu da öz növbəsində borclu “xxxx" MTK-nın mülkiyyətində olan 1 ədəd qüllə kran KB-573 (yük/q 8 ton), 3 ədəd sərnişin lifti (yük/q 630 kq), 3 ədəd sərnişin lifti (yük/q 10000 kq) əmlakların üzərinə qoyulmuş həbs götürülməsini hüquqi baxımdan şərtləndirir. Kollegiya rayon məhkəməsinin mövqeyi ilə razılaşmır və qeyd edir ki, hazırkı iş üzrə Bakı Apellyasiya Məhkəməsinin 2-2(103)-238/2020 nömrəli, xx.xx.2020-ci il tarixli qətnaməsinə əsasən 2 saylı Bakı İnzibati-lqtisadi Məhkəməsinin 2-2(82)-53/2019 nömrəli, xx.xx.2019-cu il tarixli qətnaməsi borclu “xxxx" MTK-dan ləğv prosesində olan “Tələbkar" ASC-nin xeyrinə faiz borcu tutulması hissəsində ləğv edilmiş, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. Beləliklə, müəyyən olur ki, borclu tərəfindən tələbkara 5300 manat məbləğində əsas borcun ödənilməsi öhdəliyi icra edilməmişdir. Belə olan halda məlum olur ki, Bakı Apellyasiya Məhkəməsinin 2-2(103)-238/2020 nömrəli, xx.xx.2020-ci il tarixli qətnaməsi ilə Bakı şəhəri 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-2(82)-53/2019 nömrəli, xx.xx.2019-cu il tarixli qətnaməsi yalnız faiz borcunun tutulması hissəsində ləğv edildiyindən və qalan hissədə dəyişdirilmədən saxlanıldığından rayon məhkəməsi həbsin götürülməsi barədə təqdimatın təmin edilməsi ilə iş üzrə düzgün olmayan nəticəyə gəlmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsində təsbit olunmuşdur ki, məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir, habelə məhkəmə qərarlarının icra olunmaması qanunla müəyyən olunmuş məsuliyyətə səbəb olur. Bundan başqa, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin bir çox qərarlarında formalaşdırdığı hüquqi mövqeyinə görə Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndində müəyyən olunmuş «məhkəmə araşdırması hüququ» təkcə məhkəməyə müraciəti və yekun məhkəmə aktının qəbulunu deyil, həm də (və mütləq qaydada) məcburi qüvvəyə malik yekun məhkəmə aktının icrasını nəzərdə tutur. Məhkəmə, Burdov Rusiyaya qarşı iş üzrə Qərarında həmçinin qeyd etmşdir ki, məhkəmə qərarının icrasının gecikdirilməsinə xüsusi hallarda haqq qazandırıla bilər, lakin bu gecikdirmə Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi ilə qorunan hüquqların mahiyyətinə xələl gətirməməlidir. (Burdov Rusiyaya qarşı iş üzrə 2002-ci il 7 may tarixli Qərar, § 35) Məhkəmənin mövqeyinə görə Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndində tərəflərə verilən prosessual təminatlar (ədalətli, açıq və vaxtında aparılan məhkəmə araşdırması) məhkəmə qərarının icrası hüququnu müdafiə etməsəydi, bu, anlaşılmaz bir hal olardı. İştirakçı dövlətlərin daxili qanunvericiliyi tərəflərdən birinin ziyanına məhkəmə qərarının icra olunmadan qalmasına imkan versəydi, onda 6-cı maddədə nəzərdə tutulmuş (təminat verilən) məhkəmə araşdırması hüququ xəyali hüquq olardı. Buna görə də hər hansı məhkəmə tərəfindən çıxarılmış qərarın icrasına Konvensiyanın 6-cı maddəsinin məqsədləri üçün «məhkəmə araşdırmasının» ayrılmaz tərkib hissəsi kimi baxılmalıdır (Hornsbi Yunanıstana qarşı iş üzrə 1997-ci il 19 mart tarixli Qərar, § 40). Həmin mövqeyini təkrarlayaraq, Avropa Məhkəməsi Azərbaycana qarşı bir sıra qərarlarında da yekun məhkəmə qərarlarının icra edilməmiş qalmasının Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndinin pozuntusu olduğunu müəyyən etmişdir. (Tarverdiyev Azərbaycana qarşı (şikayət №33343/03) işi üzrə xx xxxx 2007-ci il tarixli Qərar, Əfəndiyeva Azərbaycana qarşı (şikayət №31556/03) iş üzrə xx xxxxxxx 2007-ci il tarixli Qərar, Hacıyeva və başqaları Azərbaycana qarşı (şikayətlər № 50766/07, 50786/07, 50871/07 və 50913/07) iş üzrə xx xxxx 2010-cu il tarixli Qərar və s.) Qeyd olunanlardan müəyyən olunur ki, birinci instansiya məhkəməsi «İcra Haqqında» Azərbaycan Respublikası Qanunun 12.1-ci maddəsinin imperativ tələbinə əhəmiyyət verməyərək, icra edilməyən icra sənədinin icrasına mane olmuşdur ki, bu da məhkəmə aktlarının vaxtında icra edilməməsi ilə bağlı Avropa İnsan Hüquqları Məhkəməsinin yuxarıda istinad olunan qərarlarında dəfələrlə vurğuladığı kimi ədalətli məhkəmə araşdırmasının həyata keçirilməsi prinsipini pozur. Göstərilənlərə əsasən, Bakı şəhəri 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2- 2(82)-53/2019 nömrəli, xx.xx.2019-cu il tarixli icra sənədi icra edilmədiyindən, tələbkarın şikayəti təmin edilməli, qərardad ləğv edilməli, Bakı Şəhəri Nərimanov Rayon İcra və Probasiya Şöbəsinin həbsin götürülməsi barədə təqdimatı təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə aşağıdakıları etmək hüququ vardır: - 398.0.1. məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək; - 398.0.2. qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək; - 398.0.3. qərardadı tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll etmək. «Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinə dəyişikliklər edilməsi haqqında» (2020-ci il 1 yanvar tarixdən qüvvəyə minmiş) xx xxxx 2019-cu il tarixli Azərbaycan Respublikasının Qanununa əsasən Məcəllənin 402-ci maddəsinə əsasən Apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən, apellyasiyanın qeyri-mümkün hesab edilməsi, kassasiya şikayətinin qaytarılması, habelə iş üzrə icraata xitam verilməsi barədə qərardadlarından kassasiya şikayəti verilə bilər. Beləliklə müəyyən olunur ki, prosessual qanunverciliyə edilmiş dəyişikliyə görə hazırkı qərardaddan kassasiya şikayəti verilməsi nəzərdə tutulmamışdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.3, 400, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Tələbkar ASC tərəfindən verilmiş şikayət təmin edilsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 8(005)-22/2021 saylı, xx xxxxxx 2021-ci il tarixli qərardadı ləğv edilsin. Nərimanov Rayon İcra və Probasiya Şöbəsinin borclu “xxxx" MTK-ya məxsus 1 ədəd qüllə kran KB-573 (yük/q 8 ton), 3 ədəd sərnişin lifti (yük/q 630 kq), 3 ədəd sərnişin lifti (yük/q 10000 kq) üzərinə üzərinə qoyulmuş həbsin götürülməsi barədə təqdimatı təmin edilməsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardad qətidir, qərardaddan şikayət verilə bilməz. Sədrlik edən: İkram Şirinov Hakimlər: Tofiq Səmədov Anar Tanrıverdiyev
Məhkəmə qərarları › İş №8(103)-105/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №8(103)-105/2021
03.03.2021 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver