Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(103)-105/2024 01.04.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Şəhəri Nərimanov rayon İcra Şöbəsinin icra məmurunun hərəkətsizliyindən X1 tərəfindən verilmiş şikayətə dair icraat üzrə (Açar sözlər: şikayətə yenidən baxılması üçün geri qaytarılmışdır) Bakı Apelyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X14 (sədrlik edən və məruzəçi), X10 və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Bakı Şəhəri Nərimanov rayon İcra Şöbəsinin icra məmurunun hərəkətsizliyindən X1 tərəfindən verilmiş şikayətə dair icraat üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 8(005)-13/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadından X1 tərəfindən verilmiş şikayətə Bakı Apelyasiya Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İş üzrə qəbul edilmiş məhkəmə aktları:
1. X6 məhkəməyə şikayət ərizəsi ilə müraciət edərək, Nərimanov rayon İcra Şöbəsinin işə xitam verilməsi ilə bağlı qərarının yoxlanılması məqsədilə məhkəməyə təqdim edilməsi öhdəliyinin Nərimanov Rayon İcra şöbəsinin üzərinə qoyulması və Nərimanov rayon icra şöbəsinin böyük icra məmuru X7 hərəkətsizliyinin qanunsuz hesab edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir.
2. Təqdimat onunla əsaslandırılmışdır ki, X6 “müqavilə öhdəliyinin yerinə yetirilərək, qeyri-yaşayış sahəsinin təhvil verilməsi, kirayə haqqının ödənilməmiş hissəsinin ödənilməsi tələbi” ilə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə müraciət etmiş, Məhkəmənin xx.xx.2020-ci il tarixli, 2(005)-2859/2020 saylı qətnaməsi ilə iddia qismən təmin edilmişdir. Bundan sonra ərizəçi X6 qətnamədən narazı qaldığı üçün apellyasiya şikayəti ilə apellyasiya instansiyası məhkəməsinə müraciət etmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(103)-4244/2021 saylı qətnaməsi ilə ərizəçi X2 apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı Şəhəri Nərimanov Rayon Məhəkəməsinin xx.xx.2020-ci il tarixli, 2(005)-2859/2020 saylı qətnaməsi mübahisələndirilən hissədə ləğv edilmiş, iddia tələbi həmin hissədə qismən təmin edilərək “müqavilə şərtlərinə uyğun olaraq ünvan 1 ünvanda inşa edimiş binanın zirzəmisində 46.4 kv.m qeyri yaşayış sahəsinin ərizəçi X5 verilməsi öhdəliyinin Borclu MTK-ya həvalə edilməsi” qət edilmişdir. Qeyd edilməlidir ki, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-4244/2021 saylı, xx.xx.2021-ci il tarixli icra sənədi xx.xx.2021-ci il tarixində Nərimanov rayon icra şöbəsinin böyük icra məmuru X7 icraatına daxil olsa da indiyə kimi faktiki olaraq icra edilməmişdir. Belə ki, adı çəkilən icra məmuru tərəfindən 2(103)-4244/2021 saylı, xx.xx.2021-ci il tarixli icra sənədi üzrə icraata xx.xx.2021-ci il tarixli qərarla xitam verilmişdir. Lakin 23 noyabr 2021-ci il tarixində böyük icra məmuru X7, tələbkarın etibarnamə üzrə nümayəndəsi X13, Borclu MTK-nın sədr müavini X4 iştirakı ilə tərtib edilmiş aktda tələbkarın etibarnamə üzrə nümayəndəsi X20 qeyd etmişdir ki, borclu müqavilə şərtlərinə uyğun olmayan (qeyriyaşayış sahəsinin dövlət qeydiyyatından keçən çıxarışı, texniki pasportu və kanalizasiya xətti olmadığı üçün) əmlak təqdim etmədiyi üçün aktı imzalamaqdan imtina etmişdir. Buna baxmayaraq, Nərimanov rayon icra şöbəsinin böyük icra məmuru X15 xx.xx.2021 -ci il tarixli qərarı ilə icra sənədi üzrə icraata xitam vermişdir. Qeyd edilən qərar onunla əsaslandırılmışdır ki, “ünvan 2 ünvanda inşa edilmiş binanın zirzəmisində 46.4 kv.m qeyriyaşayış sahəsi X1na təhvil verilmiş və bununla bağlı xx.xx.2021-ci il tarixli Akt tərtib edilmişdir”. İcra məmurunun əsaslandırması tamamilə qanunsuz hesab edilməlidir. Belə ki, qeyd edilən qeyri-yaşayış sahəsinin təhvil verilməsi ilə bağlı tərtib edilən sonuncu akt xx.xx.2021-ci il tarixində deyil, xx.xx.2022-ci il tarixində tərtib edilmişdir. Həmin aktda isə tələbkar həmin qeyri-yaşayış sahəsini müqavilə şərtlərinə uyğun olmadığı üçün qəbul etməmişdir. Belə olan halda hansı əsasla icra sənədi üzrə icraata xitam verilməsi qanuni hesab edilərək təsdiq edilmişdir? İşin faktiki hallarından belə görünür ki, ümumiyyətlə qeyd edilən icra sənədi üzrə icraata xitam verilməsi haqqında qərar indiyə qədər Məhkəməyə göndərilməmişdir. Bunun isə ciddi qanun pozuntusu olması göz önündədir.
3. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 8(005)-13/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadı ilə Bakı Şəhəri Nərimanov Rayon İcra Şöbəsinin icra məmurunun hərəkətsizliyindən X1 tərəfindən verilmiş şikayətin təmin edilməməsi qərara alınmışdır.
4. Birinci instansiyası məhkəməsi qərardadını onunla əsaslandırmışdır ki, hazırki icra işinin materiallarından görünür ki, tələbkar icra məmurunun icra sənədi üzrə icraata xitam verilməsi barədə xx.xx.2021-ci il tarixli qərarının, icra sənədini vermiş Bakı Apellyasiya Məhkəməsinə göndərilmədiyini bildirsə də, həmin hal öz təsdiqini tapmamışdır. Belə ki, icra işinin materiallarında olan göndərilən məktubların reyestrindən görünür ki, icra məmurunun icra sənədi üzrə icraata xitam verilməsi haqqında qərarı xx.xx.2021-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmiş, xx.xx.2021-ci il tarixdə isə məhkəmə tərəfindən təhvil alınmışdır. Beləliklə, məhkəmə icra işinin materiallarına və məhkəmə iclasında tədqiq edilmiş sübutlara hüquqi qiymət verərək hesab etmişdir ki, icra məmuru tərəfindən icra sənədi üzrə icraata xitam verilməsi barədə xx.xx.2021-ci il tarixli qərar icra sənədini vermiş məhkəməyə göndərildiyindən X1 tərəfindən verilmiş şikayət təmin edilə bilməz.
Şikayətin dəlilləri, birinci instansiya məhkəməsinin şikayətə dair gəldiyi nəticə və şikayətə etirazın dəlilləri:
5. X1 həmin qərardaddan şikayət verərək, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 8(005)- 13/2024 nömrəli qərardadının ləğv edilməsi, X2 şikayət ərizəsinin təmin edilməsini xahiş etmişdir.
6. Şikayət onunla əsaslandırılmışdır ki, hazırkı iş üzrə xitamın əsasını təşkil edən hal mövcud olmamışdır. Belə ki, iddiaçı icra sənədinin predmeti qismində çıxış edən ünvan 3 ünvanda inşa edilmiş binanın zirzəmisində 46.4 kv.m qeyri-yaşayış sahəsini müqavilə şərtlərinə uyğun olmadığına görə (qeyri-yaşayış sahəsinin dövlət qeydiyyatından keçən çıxarışı, texniki pasportu və kanalizasiya xətti olmadığı üçün) qəbul etməmişdir. Lakin buna baxmayaraq icra məmuru həmin qeyri-yaşayış sahəsini qəbul edilmiş kimi rəsmiləşdirərək, icraata xitam haqqında qərar qəbul edir. Göründüyü kimi sözügedən xitam qərarı qanunsuz və əsassızdır. İcra sənədinin tam icra olunmadığı, lakin buna baxmayaraq icra məmurunun icraata qanunverciliyə zidd olaraq xitam verməsi məhkəmənin qəbul etdiyi qərardadda işin mübahisəsiz faktiki hallarından belə aydın şəkildə görünməkdədir. Belə ki, qərardadda qeyd olunur ki, xx.xx.2021-ci il tarixli aktın surətindən görünür ki, “Tələbkarın nümayəndəsi X20 bildirmişdir ki, verilmiş sahənin dövlət qeydiyyatından keçən çıxarış və texniki pasportu, kanalizasiya xətlərinin olmaması səbəbindən tələb tam şəkildə təmin olunmamışdır.” Məsələ burasındadır ki, icra məmurunun icraya xitam verilməsi qərarını məhkəmə hansı əsasla qanuni hesab edib təsdiq edə bilər, həmin qərar sonuncu, yəni xx.xx.2021-ci il tarixli akta deyil, köhnə xx.xx.2021-ci il tarixli akta əsaslanır. Üstəlik hansı akta əsaslansa belə yenə də icraya xitam verilməsi mümkün deyildir. Çünki həm oktyabr, həm də noyabrda tərtib olunmuş aktların hər birində-verilmiş sahə müqavilə şərtlərinə uyğun olmadığı üçün icra sənədinin tam icrasının mümkün olmadığı qeyd edilmişdir. Məhz bu hal icra məmurunun xitam qərarını qanunverciliyin tələblərini kobud şəkildə pozmaqla qəbul etdiyini birbaşa sübut etməkdədir. Lakin sözügedən aktların iş materiallarına əlavə olunmasına və məhkəmənin qəbul etdiyi qərardadda belə bu aktların məzmununu açıq şəkildə qeyd etməsinə baxmayaraq, ərizəçinin şikayəti təmin edilməmişdir. Buradan sual yaranır ki, icra məmurunun yeni deyil, köhnə aktla xitam qərarını əsaslandırması, üstəlik hər iki aktın icraata xitamı birbaşa rədd etməsi halı məhkəmənin nəzərindən necə yayına bilər? Eləcə də əgər oktyabr ayında tərtib edilmiş aktla icra sənədinin icrası tam təmin edilmişdirsə və icraya da xitam verilmişdirsə, noyabr ayında yenidən akt tərtib edilməsinə səbəb nə olmuşdur? Məhkəmənin qəbul etdiyi qərardadda bu aktların məzmununun qeyd edilməsindən sonra sadəcə olaraq icra məmurunun icraya xitam qərarını məhkəməyə təqdim etdiyi üçün şikayətin təmin edilməməli olduğunu bildirməsi tamamilə absurddur. Belə ki, Muradova Mehribanın şikayət ərizəsində irəli sürdüyü tələb sadəcə işə xitam verilməsi qərarının məhkəməyə təqdim edilməsi öhdəliyinin Nərimanov Rayon İcra şöbəsinin üzərinə qoyulması olmamış, eləcə də Nərimanov rayon icra şöbəsinin böyük icra məmuru X7 hərəkətsizliyinin qanunsuz hesab edilməsi barədə qərardad qəbul edilməsi olmuşdur. Belə ki,şikayət ərizəsində-Nərimanov rayon icra şöbəsinin böyük icra məmuru X7 icraatına xx.xx.2021-ci il tarixdə daxil olmuş Bakı Apellyasiya Məhkəməsinin 2(103)-4244/2021 saylı, xx.xx.2021-ci il tarixli icra sənədinin artıq iki ildən çoxdur ki, icra edilmədiyi qeyd olunur. Beləliklə icra sənədinin faktiki olaraq icra edilməmiş qalması səbəbilə icra məmurunun hərəkətsizliyindən də şikayət verildiyi halda məhkəmə bununla bağlı heç bir mövqe bildirməmiş, icra sənədinin icra edilməməsi ilə bağlı icra məmurunun hərəkətsizliyini qanunsuz hesab etməmişdir. Hazırki iş üzrə məhkəmənin gəldiyi nəticədən aydın olur ki, məhkəmə işin hallarında qeyd edilən icra məmurunun hərəkətsizliyinə ümumiyyətlə düzgün hüquqi qiymət verməmişdir. Belə ki, Qərardadda qeyd olunur ki, “ərizəçi icra sənədi üzrə icraata xitam verilməsi barədə qərarın icra sənədini vermiş məhkəməyə göndərilməməsindən narazıdır və icra məmurunun həmin hərəkətsizliyinin qanunsuz hesab edilməsini xahiş edir”. Halbuki şikayət edilən hərəkətsizlik sadəcə icra sənədinin məhkəməyə təqdim edilməməsi ilə bağlı olmayıb, icra sənədinin ümumiyyətlə icra edilməməsi ilə bağlı olan hərəkətsizlikdir. Lakin icra məmurunun qanunsuz şəkildə icraya xitam vermə qərarı qəbul etməsi və bu səbəblə indiyədək icra sənədinin icra edilməmiş qalması ilə bağlı hərəkətsizliyi məhkəmə tərəfindən nəzərə alınmamışdır. Beləliklə də sonda gəlinmiş nəticə işin hallarına uyğun deyildir. Bu isə məhkəmənin şikayəti mahiyyəti üzrə hərtərəfli araşdırmadığını və ümumiyyətlə iş materiallarına əlavə edilmiş mötəbər sübutlara laqeyd yanaşma irəli sürdüyünü sübut etməkdədir və məhkəmə qərardadının ləğvi üçün ciddi əsasdır.
7. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 8(005)-13/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadı ilə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 8(005)-13/2024 saylı qərardadından borclu X6 tərəfindən verilmiş şikayətin təmin edilməməsi, şikayət 8(005)-13/2024 saylı mülki işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır.
8. Şikayətə Azərbaycan Respublikası MPM-in 10.8-1 və 397.2-ci maddələrinə uyğun olaraq yazılı icraat qaydasında baxılır.
9. Şikayətə qarşı yazılı etiraz daxil olmamışdır.
Tətbiq edilən hüquq normaları:
10. Azərbaycan Respublikasının “İcra haqqında” Qanunu:
20.1. İcra sənədi üzrə icraata aşağıdakı hallarda xitam verilir: 20.1.1. məhkəmə tələbkarın tələbdən imtinasını qəbul etdikdə; 20.1.2. məhkəmə tələbkar ilə borclu arasında barışıq sazişini təsdiq etdikdə; 20.1.3. tələbkar və ya borclu öldükdə, ölmüş elan edildikdə və ya xəbərsiz itkin düşmüş hesab edildikdə, əgər məhkəmə və ya digər orqanın qərarı ilə müəyyən edilmiş tələblər və ya vəzifələr həmin şəxsin vərəsəsinə və ya qanunvericiliklə müəyyən edilmiş qaydada onun əmlakını idarə edən şəxsə keçə bilməzsə; 20.1.4. icra sənədinin verilməsi üçün əsas olmuş məhkəmə və ya digər orqanın qərarı və yaxud qanuna görə icra sənədi sayılan sənəd ləğv edildikdə; 20.1.4-1. qanun əsasında borclunun dövlətə olan borcu silindikdə; 20.1.4-2. qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə təmin edilmiş vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının (məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları istisna olmaqla) dövlət büdcəsinə alınması barədə məhkəmə qərarının qüvvəyə mindiyi tarixdən 5 illik müddət keçdikdə;
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
11. Məhkəmə kollegiyası şikayətin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət qismən təmin olunaraq Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 8(005)- 13/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadı ləğv edilməklə icraat təqdimata yenidən baxılması üçün həmin məhkəməyə göndərilməlidir.
12. İşin müəyyən olunmuş hallarından göründüyü kimi, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(103)-4244/2021 saylı icra sənədinə əsasən Borclu MTK-dan 1600 manat məbləğində pul X1nın xeyrinə tutulmalı, müqavilə şərtlərinə uyğun olaraq ünvan 3 ünvanda inşa edilmiş binanın zirzəmisində 46.4 kv.m qeyri-yaşayış sahəsinin X1na verilməsi Borclu MTK-ya həvalə edilməlidir.
13. İcraata başlamaq haqqında xx.xx.2021-ci il tarixli qərar və tələbin könüllü icrası haqqında bildirişin surətindən görünür ki, Bakı Apellyasiya Məhkəməsinin 2(103)- 4244/2021 nömrəli, 05 may 2021-ci il tarixli icra sənədi üzrə icraata başlanılmışdır.
14. Bakı şəhəri Nərimanov rayon İcra şöbəsinin böyük icra məmuru X15, X1, Borclu MTK-nın sədr müavini X9, ARƏMDK yanında DƏDRX 1 saylı Bakı ərazi idarəsinin texniki şöbəsinin mühəndisi X16, hal şahidi X3, hal şahidi X8 imzaları ilə təsdiq edilmiş xx.xx.2021-ci il tarixli aktın surətindən görünür ki, Bakı Apellyasiya Məhkəməsinin 2(103)- 4244/21 saylı, xx.xx.2021-ci il tarixli icra sənədinin icrası ilə əlaqədar ünvan 3 ünvanda inşa edilmiş zirzəmiyə gəlmişlər. İcra hərəkətləri zamanı Borclu MTK-nın sədr müavini X32Zəli oğlu icra sənədi üzrə ünvan 4 ünvanda inşa edilmiş binanın zirzəmisində 46.4 kv.m qeyri-yaşayış sahəsini təqdim edərək, mütəxəssis tərəfindən ölçülər qeyd olunmuş və icra sənədi üzrə 46.4 kv.m zirzəmidə yerləşən qeyriyaşayış sahəsini X1na verildikdən sonra tələbkar qeyd edib ki, verilmiş sahə müqavilə şərtlərinə uyğun olaraq təmin edib təhvil verilməlidir. Bu səbəbdən Borclu MTK-nın sədr müavini X9na bildirilib ki, icra hərəkətləri hazırda tamlıqla həyata keçirilə bilmir və növbəti icra hərəkətləri zamanı icra sənədi üzrə X1na verilmiş 46.4 kv.m sahənin yerini müəyyən edən və gələcəkdə müvafiq orqandan mülkiyyətini təsdiq edən çıxarışın alınması üçün müvafiq sənədlər onunla yanaşı həmin sahənin təmirli şəkildə təhvil verilməsi üçün 10 gün vaxt verilmişdir. Borcluya əlavə olaraq elan edilib ki, icra sənədi üzrə 1600 manat pul vəsaitinin ödənilməsini təmin etsin., tələbkara elan olunur ki, bank rekvizitlərini Nərimanov rayon icra şöbəsinə təqdim etsin. Bu səbəbdən icra sənədini tam icra etmək mümkün olmadı.
15. Bakı şəhəri Nərimanov rayon İcra şöbəsinin böyük icra məmuru X15, Borclu MTK-nın sədr müavini X9, X1nın etibarnamə üzrə nümayəndəsi X20, hal şahidi X18, X11 imzaları ilə təsdiq edilmiş xx.xx.2021-ci il tarixli aktın surətindən görünür ki, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-4244/2021 saylı, xx.xx.2021-ci il tarixli icra vərəqəsi üzrə ünvan 5 ünvanında yerləşən icra sənədində göstərilən yaşayış binasına gəlmişdirlər. İcra hərəkətləri zamanı inşa edilmiş binanın zirzəmisinə baxış keçirildi və X1na ayrılmış sahə 46.4 kv.m olan qeyri-yaşayış sahəsinin təmir işlərinin başa çatdırılması məlum olmuşdur. Tələbkarın nümayəndəsi X20 bildirmişdir ki, verilmiş sahənin dövlət qeydiyyatından keçən çıxarış və texniki pasportu, kanalizasiya xətlərinin olması səbəbindən tələbin tam şəkildə təmin olunmadığını bildirdi.
16. İcra sənədi üzrə icraata xitam verilməsi barədə xx.xx.2021-ci il tarixli qərarın surətindən görünür ki, icra sənədi tam icra edildiyindən Bakı Apellyasiya Məhkəməsinin 2(103)-4244/2021 nömrəli, 05 may 2021-ci il tarixli icra sənədi üzrə icraata xitam verilməsi qərara alınmışdır.
17. Birinci instansiya məhkəməsi Bakı Şəhəri Nərimanov rayon İcra Şöbəsinin icra məmurunun hərəkətsizliyindən X1 tərəfindən verilmiş şikayətin təmin edilməməsi qənaətinə gələrkən ona istinad etmişdir ki, tələbkar icra məmurunun icra sənədi üzrə icraata xitam verilməsi barədə xx.xx.2021-ci il tarixli qərarının, icra sənədini vermiş Bakı Apellyasiya Məhkəməsinə göndərilmədiyini bildirsə də, həmin hal öz təsdiqini tapmamışdır. Belə ki, icra işinin materiallarında olan göndərilən məktubların reyestrindən görünür ki, icra məmurunun icra sənədi üzrə icraata xitam verilməsi haqqında qərarı xx.xx.2021-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmiş, xx.xx.2021-ci il tarixdə isə məhkəmə tərəfindən təhvil alınmışdır.
18. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi şikayətinin təmin edilməməsi qənaətinə gələrkən icra sənədinin icra olunub-olmaması, icra məmuru tərəfindən icra sənədi üzrə icraata xitam verilməsi barədə xx.xx.2021-ci il tarixli qərarı qəbul edərkən hansı hallara istinad etməsi, icra sənədi üzrə icraata xitam verildiyi halda İcra haqqında Qanunda nəzərdə tutulmuş əsasların olub-olmaması araşdırılmamışdır.
19. Qeyd olunanlara əsasən kollegiya hesab edir ki, qərardad ləğv edilməklə qanuna müvafiq qərarın qəbul edilməsi üçün icraat məhkəməyə göndərilməlidir.
20. Mülki Prosessual Məcəllənin 398.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətə baxıb qərardad qəbul etdikdə qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək hüququna malikdir.
21. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397-398-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə R A R A A L D İ:
Şikayət qismən təmin edilsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 8(005)-13/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadı ləğv edilərək icraat şikayətə yenidən baxılması üçün həmin məhkəməyə göndərilsin. Qərardaddan şikayət verilə bilməz.
Sədrlik edən hakim imza: Günay Axundova Hakimlər imzalar: Cəmilə Musayeva Fuad Babayev