Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(103)-106/2021 03.03.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, İsgəndərov Akif Əsgər oğlu və Kərimli İlham Əziz oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Nağıyeva Aynur Valeh qızının katibliyi ilə, Bakı şəhəri Binəqədi rayon İcra və Probasiya şöbəsinin icra məmuru X1 iştirakı ilə, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 8(001)- 632/2020 saylı qərardadından Tələbkar Firması tərəfindən verilmiş şikayətə, Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Bakı şəhəri Binəqədi rayon icra və probasiya şöbəsinin icra məmuru Ramin Muradov təqdimatla məhkəməyə müraciət edərək, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxx 2019cu il tarixli, 2-2(81)-82/2019 nömrəli icra sənədi üzrə Borclu adına olan “DAEWOO BS09” avtobus markalı ** JK *** dövlət qeydiyyat nişanlı, “DAEWOO BS09” avtobus markalı ** JM *** dövlət qeydiyyat nişanlı, “DAEWOO BS09” avtobus markalı, ** GT *** dövlət qeydiyyat nişanlı, “DAEWOO BS09” avtobus markalı, ** GT *** dövlət qeydiyyat nişanlı, “DAEWOO BS09” avtobus markalı, ** JK *** dövlət qeydiyyat nişanlı və “İSUZU” avtobus markalı ** TH *** dövlət qeydiyyat nişanlı avtomobillərin üzərinə həbs qoyulması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 8(001)-632/2020 saylı qərardadı ilə təqdimat təmin edilməmişdir. Tələbkar Firması qeyd edilən qərardaddan şikayət verərək ləğv edilməsini və Bakı şəhəri Binəqədi rayon İcra və Probasiya şöbəsinin icra məmuru Ramin Muradovun 1 saylı Bakı İnzibati- İqtisadi Məhkəməsinin xx xxxx 2019-cu il tarixli, 2-2(81)-82/2019 nömrəli icra sənədinin icrası ilə əlaqədar Borclunə məxsus olan “İSUZU” avtobus markalı ** TH *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi istisna olmaqla təqdimatdakı digər nəqliyyat vasitələrinin üzərinə həbs qoyulmasını xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki,“xxxx” ASC-nin girovunda yalnız Borclunə məxsus olan “İSUZU” avtobus markalı ** TH *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsidir, digərləri bank tərəfindən ipoteka ilə yüklü edilməmişdir. Borclu öz borc öhdəliyini icra etməmək üçün müxtəlif yollara əl atır. Məhkəmə iclasında borclunun nümayəndəsi bildirmişdir ki, üzərinə həbs qoyulması tələb edilən bəzi avtobuslar Mərkəzi Gömrük Hospitalında tibbi heyətin daşınması üçün istifadə olunur, lakin bu barədə hər hansı sənəd təqdim edilməmişdir. Borclu özünə məxsus olan bütün avtobusları “Xaliq Faiqoğlu” şirkətinə icarəyə vermişdir. Hər ay icarə əsasında borclu qazanc əldə edir. Hakim bu fakta da əhəmiyyət verməmiş və icarə müqaviləsini tələb etməmişdir. Borclunun (VÖEN **********) hesablaşma hesabı “xxxx” ASC-dədir. Həmin hesaba 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxx 2019-cu il tarixli, 2-2(81)-82/2019 nömrəli icra sənədinə əsasən tərtib edilmiş xx xxxxxxxx 2020-ci il tarixli, 149805/19-12 nömrəli inkasso sərəncamı xx xxxxxxxx 2020-ci il tarixdə 1.103,54 manat məbləğində qismən icra edilmişdir. Sonradan həmin inkasso sənədi 2 ay keçdiyinə görə yenidən icra orqanına qaytarılmışdır. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxxxx 2021-ci il tarixli, 8(001)- 632/2020 saylı qərarda ilə şikayət təmin edilməmiş və işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında Bakı şəhəri Binəqədi rayon İcra və Probasiya şöbəsinin icra məmuru X2 bildirdi ki, təqdimatı verəndə ona məlumat verilmişdir ki, avtobuslar “xxxx”-də ipotekadadır. Banka sorğu verdi, məlumat verdilər ki, avtobuslardan bəziləri girovdadır, bəziləri isə girovda deyil. Daha sonra məhkəmə iclasında Bank məktub təqdim etdi ki, avtobusların hamısı girovdadır, əvvəl verdikləri məktubda texniki səhv səbəbindən avtobusların bəzilərini girovda olmadığını qeyd ediblər. Lakin avtobusların bankda girovda olması onların həbs qoymasına maneə deyildi. Buna baxmayaraq, icra sənədinin icrasını təmin etmək məqsədilə borclunun pul vəsaiti və digər əmlakını müəyyən etmək üçün icra tədbirləri görüləcəkdir. Şikayətə baxılması vaxtı və yeri haqqında tələbkara və borcluya məlumat verilməsinə baxmayaraq, nümayəndələrinin iştirakını təmin etməmişlər. Apellyasiya instansiya məhkəməsi, onların iştirakı olmadan şikayətə baxılmasını mümkün hesab etmişdir. Apellyasiya instansiya məhkəməsi hesab edir ki, şikayət təmin edilməməlidir. Belə ki, "İcra haqqında" Qanunun 45.1-ci maddəsinə əsasən tələbin borclunun əmlakına yönəldilməsi bu əmlakın üzərinə həbs qoyulmasından, götürülməsindən və satılmasından ibarətdir. Həmin Qanunun 50.2-ci maddəsinə əsasən borclunun əmlakı üzərinə həbs qoyulması əmlakın siyahıya alınmasından, həmin əmlak üzərində sərəncam vermək hüququnun qadağan olunmasından, zəruri hallarda isə, əmlakdan istifadə hüququnun məhdudlaşdırılmasından, onun götürülməsindən və ya saxlanmaq üçün verilməsindən ibarətdir. Həmin Qanunun 50.4-cü maddəsinə görə, borclunun əmlakı üzərinə tələbkara verilməsi və ya satılması nəzərdə tutulan əmlakın mühafizəsini təmin etmək, borclunun əmlakının müsadirəsi haqqında məhkəmə qərarının icrasının təmin etmək üçün həbs qoyulur. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, şikayətdəki dəlillər əsassız olduğundan qərardadın ləğvi üçün əsas ola bilməz. Əvvəla, "İcra haqqında" Qanunun 45.2-ci maddəsinə əsasən icra sənədləri üzrə tələb ilk növbədə borclunun manatla və xarici valyuta ilə, o cümlədən banklarda və digər kredit təşkilatlarında olan pul vəsaitlərinə və başqa sərvətlərinə yönəldilir. Borcluda aşkar edilən nağd pul vəsaitləri götürülür. Təqdimata borclunun pul vəsaitlərinin və başqa sərvətinin olmamasına dair hər hansı bir sübut əlavə edilməmişdir. Eyni zamanda tələbkar da şikayətində borclunun avtobusların icarəsindən qazanc əldə etdiyini, hətta həmin qazancdan 1.103,54 manatın ödənildiyini də təsdiq edir. Demək borclunun pul vəsaitlərinin olmasını tələbkar da inkar etmir. İkincisi, "İcra haqqında" Qanunun 48.1-ci maddəsinə əsasən tələbin tam təmin edilməsi üçün borclunun başqa əmlakı kifayət etmədikdə, tələb girov qoyulmuş əmlaka yönəldilə bilər. Demək bu normada borclunun başqa əmlakı kifayət etmədikdə, tələbin girov qoyulmuş əmlaka yönəldilməsini mümkün edir. Borclunun başqa əmlakının ümumiyyətlə olub-olmaması isə təqdimatdan və əlavə edilmiş sənədlərdən görünmür. Bu cür vəziyyətdə tələbin ilk növbədə girov qoyulmuş avtobusa yönəldilməsinə dair təqdimat verilməsi isə anlaşılan olmamışdır. Şərh olunanları nəzərə alaraq, apellyasiya instansiya məhkəməsi hesab edir ki, şikayət təmin edilmədən Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 8(001)- 632/2020 saylı qərardadı dəyişdirilmədən saxlanmalıdır. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 398.0.1, 400, 402-406-cı maddələrini rəhbər tutaraq, apellyasiya instansiya məhkəməsi q ə r a r a a l d ı: Tələbkar Firmasının şikayəti təmin edilməsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 8(001)- 632/2020 saylı qərardadı dəyişdirilmədən saxlansın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №8(103)-106/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №8(103)-106/2021
03.03.2021 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver