Məhkəmə qərarları › İş №8(103)-106/2025

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №8(103)-106/2025

19.03.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(103)-106/2025 19.03.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X3 (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızı və Sadıqov Vahid Nəriman oğlundan ibarət tərkibdə, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 8(005)-93/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadından Borclu tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxaraq, müəyyən etdi: X5 ərizə ilə məhkəməyə müraciət edərək, Ali Məhkəmənin 20 dekabr 2024-cü il Plenum qərarını nəzərə alaraq 3 uşağın saxlanılması üçün hər bir uşağa görə minimum əmək haqqının 0,62 mislini üç uşağa uyğun olaraq hesablayıb aliment pulu tutularaq öz xeyrinə ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 8(005)-93/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadı ilə ərizə qismən təmin edilərək, Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 2(005)-1534/2024 nömrəli xx.xx.2024-cü il tarixli qətnaməsi ilə tutulmuş aliment məbləği indeksasiya olunaraq dəyişdirilməsi, xx.xx.2025-ci il tarixindən başlayaraq yetkinlik yaşına çatmayan xx.xx.2016-cı il təvəllüdlü X7, xx.xx.2017-ci il təvəllüdlü X8 və xx.xx.2017-ci il təvəllüdlü X2 üçün Borclu X9 xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay hər uşağa görə ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,50 misli həddində sabit pul məbləğində aliment tutulması qərara alınmışdır. Borclu şikayət ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 8(005)-93/2025 nömrəli qərardadının ləğv edilməsini, əks təqdirdə 7 gün müddətində işlə birlikdə apellyasiya instansiya məhkəməsinə göndərilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, məhkəmə qərardadın əsaslandırıcı hissəsində bir sıra kriteriyaları, o cümlədən cavabdehin əmək haqqı məbləğini əsas götürməyə çalışsa da bunu etməmişdir. Belə ki, hal-hazırda Azərbaycan Memarlıq və İnşaat Universiteti Publik Hüquqi Şəxsinin“İki saylı tədris binasında” liftçi vəzifəsində çalışır. Aylıq əmək haqqı isə 546.10 manat təşkil edir. Məhkəmə isə əmək haqqı 546,10 manat təşkil etsə də 3 uşağa görə ümumilikdə 600 manat aliment kəsmişdir. Bu isə o deməkdir ki, rəsmi məvacibindən əlavə olaraq 53,90 manat əldə etməlidir ki, aliment üzrə öhdəliklərimi yerinə yetirə bilsin. Lakin, bildirmək istəyir ki, Azərbaycan Memarlıq və İnşaat Universiteti Publik Hüquqi Şəxsində işəmuzd olaraq çalışır və iş saatı 09:00-dan 18:00-a kimidir. Həmin saatdan sonra isə iş tapmağı imkanı xaricindədir. Buna nə fiziki, nə də ki, mənəvi cəhətdən gücü çatmaz. Ona görə də, məhkəmə təkcə uşaqların mənafeyini düşünməməlidir. Bundan başqa da, X4 Rayon Məhkəməsinin 2023-cü il tarixli müvafiq qətnaməsi əsasında alimentin artırılaraq 450 manat, daha sonra Nərimanov Rayon Məhkəməsinin 2024-cü il tarixli müvafiq qətnaməsi əsasında alimentin artırılaraq 510 manata çatmasına nail olmuşdur. Göründüyü kimi, 2025-ci ildə yenidən “alimentin artırılması” ilə bağlı ərizə verərək alimentin artırılmasına nail olmaq istəyir. Lakin, bildirmək istəyir ki, son 2 il ərzində aylıq əmək haqqı heç bu qədər artmamışdır. Məhkəmə isə işə dair qərardad qəbul edərkən maddi vəziyyətini yəni, himayəsində yaşlı valideynlərinin olmasını və s. amilləri nəzərə almamışdır. Halbuki, bütün bu faktları məhkəmənin diqqətinə çatdırmışdır. Onu da əlavə edir ki, uşaqlar hazırda orta məktəbdə təhsil alırlar. Onların xərcləri artmamışdır. Alimentin məbləğinin artırılması tələbi məhz buna görə əsassız hesab edilməli idi. Əmək fəaliyyəti ilə məşğul olsa da, himayəsində yaşlı ata və yaşlı anası vardır. Yalnızca bir valideyn deyil, həmçinin, yaşlı atasının və yaşlı anasının qayğısına qalmalı bir övladdır. Atasının və anasının baxım xərclərini də yalnızca özü ödəyir. Bundan başqa, kredit müqaviləsi üzrə öhdəlikləri də vardır ki, daimi olaraq aylıq əmək haqqından öhdəliyini icra etməlidir. Alimentin məbləğinin artırılması halında isə bu ümumiyyətlə mümkün olmayacaqdır. Öhdəliklərindən boyun qaçırmır, lakin məhkəmə tərəfindən qəbul edilmiş alimentin ödənilməsi yaşayışına olduqca mənfi təsir göstərəcəkdir. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 8(005)-93/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və mülki işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. İşdə iştirak edən şəxslərə şikayətə yazılı icraat qaydasında baxılması barədə əvvəlcədən məlumat (bildiriş) göndərilmiş, lakin şikayətlə bağlı hər hansı sənəd, habelə işə məhkəmə iclasında baxılması barədə vəsatət daxil olmamışdır. Məhkəmə kollegiyası belə qənaətə gəlir ki, şikayət qismən təmin olunmalı, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilməlidir. Belə ki, “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 20 dekabr 2024 cü il tarixli 15 nömrəli Qərarı ilə edilmiş dəyişikliyə əsasən, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 2016-cı il 28 mart tarixli 8-2/2016 nömrəli Qərarının: 8.4-1. Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. İstinad edilən maddənin tələbindən göründüyü kimi məhkəmələr sabit pul məbləğində aliment təyin edərkən onun miqdarını ölkə üzrə minimum əmək haqqı məbləğinin müvafiq misli həddində müəyyən etməlidirlər (məsələn, Məhkəmə 2024-cü ildə bir uşağın saxlanmasına görə alimentin tutulması barədə iddiaya baxarkən alimenti 255 manat həddində müəyyən etmək istəyirsə, həmin il üzrə minimum əmək haqqı məbləğinin 0,74 mislində (345 x 0,74 = 255 manat) alimentin tutulması barədə qətnamə qəbul etməklə, qətnamənin nəticə hissəsini “xx.xx.xxxx tarixindən başlayaraq yetkinlik yaşına çatmayan A-nın saxlanılması üçün B-dən C-nin xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,74 misli həddində sabit pul məbləğində aliment tutulsun” məzmununda ifadə etməlidir). 8.4-2. Nəzərə alınmalıdır ki, Ailə Məcəlləsinin 110.1-ci maddəsinə əsasən bu Qərarın 8.4-1-ci bəndində göstərilən qaydada tutulan alimentin indeksasiyası ölkə üzrə müəyyən edilən minimum əmək haqqı məbləğinin artımına mütənasib olaraq alimentin tutulmasını həyata keçirən təşkilatın müdiriyyəti (borclunun rəsmi iş yerinin olduğu halda işəgötürən, rəsmi iş yerinin olmadığı halda isə icra qurumunun rəhbəri) tərəfindən müəyyən edilməlidir. Qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində sabit pul məbləğində tutulan alimentin konkret məbləğlə ifadə edildiyi hallarda, indeksasiya maraqlı tərəfin ərizəsi əsasında icraya nəzarət edən məhkəmə tərəfindən MPM-in 232-ci maddəsində nəzərdə tutulmuş qaydada qərardadın qəbul edilməsi yolu ilə həyata keçirilməlidir. Qərardad qəbul edilərkən indeksasiyanın bu Qərarın 8.4-1-ci bəndində göstərilən qaydada aparılmalı olması, habelə qanunvericilikdə alimentin indeksasiyasının yeganə meyar kimi ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqı məbləğinin artımı ilə şərtləndirildiyi nəzərə alınmalıdır (məsələn, 2019-cu ildə qəbul edilmiş qətnamə ilə bir uşağın saxlanılması üçün 125 manat sabit pul məbləğində alimentin tutulması qət edilibsə, məhkəmə 2024-cü ildə indeksasiyanı həyata keçirən zaman qüvvədə olan qətnamə ilə tutulmuş alimentin miqdarının 2019-cu il üzrə müəyyən edilmiş 250 manat məbləğində minimum əmək haqqının 0,5 mislini təşkil etdiyini nəzərə alaraq, qərardadın nəticə hissəsində tutulan alimentin məbləğinin ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,5 misli həddində indeksasiya olunması şəklində göstərməlidir). 8.4-3. Alimentin indeksasiyasından fərqli olaraq, Ailə Məcəlləsinin 112-ci maddəsində nəzərdə tutulmuş halların mövcudluğu məhkəmənin müəyyən etdiyi alimentin miqdarının (minimum əmək haqqına münasibətdə müəyyən edilmiş mislinin) dəyişdirilməsi barədə müstəqil iddianın qaldırılması üçün əsasdır. Əgər iddia minimum əmək haqqı məbləğinin artımına əsaslanırsa, başqa sözlə, iddianın mahiyyəti indeksasiya xarakteri daşıyırsa, bu məsələnin icra icraatı qaydasında (Ailə Məcəlləsinin 110-cu və MPM-in 232-ci maddələri) həll edilməli olması nəzərə alınmalı və MPM-in 153.2.1-ci maddəsinə əsasən iddianın yolverilməzliyinə görə iddia ərizəsinin icraata qəbul edilməsindən imtina edilməli, əgər iddia ərizəsi artıq icraata qəbul edilmişsə, MPM-in 261.0.1-ci maddəsinə əsasən mülki iş üzrə icraata xitam verilməlidir.”; 8.9-2. Alimentin ödənilməsinin Ailə Məcəlləsinin 55.3-cü maddəsində nəzərdə tutulan icra qaydasının müəyyən edilməsindən sonra həmin qaydanın dəyişdirilməsi və ya ləğv edilməsi ilə bağlı əsaslar yaranarsa, belə müraciətlərə də MPM-in 231.1-ci maddəsində nəzərdə tutulmuş icra icraatı qaydasında baxılır. Məhkəmə qətnaməsi ilə tutulan alimentin bir hissəsinin Ailə Məcəlləsinin 55.3-cü maddəsinə uyğun şəkildə ödənilməsi, habelə bu icra qaydasının ləğvi və yaxud dəyişdirilməsi ilə bağlı müraciətlər iddia icraatı qaydasında verildikdə MPM-in 153.2.1-ci maddəsinə əsasən iddia ərizəsinin qəbulundan imtina olunmalı, iş səhvən icraata qəbul edildikdə isə MPM-in 261.0.1-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməli və hər iki halda iddiaçıya MPM-in 231.1-ci maddəsinə əsasən qətnamənin icra qaydasının müəyyən edilməsi barədə ərizə ilə aidiyyəti məhkəməyə müraciət etmək hüququ izah olunmalıdır. Ailə Məcəlləsinin 55.3-cü maddəsində nəzərdə tutulan qaydada uşağın adına açılmış bank hesabına yığılmış vəsaitə valideynlərdən birinin istəyi ilə sərəncam verilməsi barədə mübahisəyə həmin valideynin tələbi əsasında iddia icraatı qaydasında baxılır. 1.2.3. 8.11-ci bəndə aşağıdakı məzmunda 8.11-1-ci yarımbənd əlavə edilsin: “8.11-1. Alimentin məhkəməyə müraciət edildiyi vaxtdan tutulmasına dair Ailə Məcəlləsinin 100.2-ci maddəsində nəzərdə tutulmuş qayda həmin Məcəllənin 112-ci maddəsinə əsasən artırılmış aliment məbləğinin tutulmasına da şamil edilir. Lakin nəzərə alınmalıdır ki, alimentin artırılmasına dair qətnamələr MPM-in 234.2.1-ci maddəsində nəzərdə tutulmuş dərhal icra edilən qətnamələrin sırasına aid edilməmişdir.” Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 110.1-ci maddəsinə əsasən məhkəmə qətnaməsi ilə sabit pul məbləğində tutulan alimentin indeksasiyası aliment tutan təşkilatın müdiriyyəti tərəfindən müəyyən olunmuş minimum əmək haqqı məbləğinin artımına mütənasib olaraq müəyyən edilir. 110.2-ci maddəsinə əsasən alimentin indeksiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. 398.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək hüququ vardır. Hazırki işin halları baxımından məhkəmə kollegiyası vurğulayır ki, Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 2(005)-1534/2024 nömrəli xx.xx.2024-cü il tarixli qətnaməsi ilə cavabdeh Borclu xx.xx.2016-cı il təvəllüdlü X7, xx.xx.2017-ci il təvəllüdlü X8 və xx.xx.2017-ci il təvəllüdlü X11 yetkinlik yaşına çatana qədər saxlanılmaları üçün hər ay hər uşaq üçün 170 (yüz yetmiş) manat olmaqla, cəmi 510 manat sabit pul məbləğində aliment tutularaq iddiaçı X9 xeyrinə ödənilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(103)-2076/2024 nömrəli qətnaməsi ilə Borclu apellyasiya şikayəti təmin olunmamış, iddiaçı Borclu cavabdeh X12 qarşı “alimentin miqdarının azaldılması” barədə iddia ərizəsinin təmin edilməməsinə dair Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(003)- 4057/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanmışdır. Ərizəçi Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1534/2024 nömrəli xx.xx.2024-cü il tarixli qətnaməsi ilə təyin olunmuş alimentin indeksasiya olunaraq artırılmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsi tərəfindən isə ərizə qismən təmin edilərək Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1534/2024 nömrəli xx.xx.2024-cü il tarixli qətnaməsi ilə tutulmuş aliment məbləği indeksasiya olunaraq dəyişdirilmişdir. Halbuki birinci instansiya məhkəməsi çıxardığı qərardadla qanuni qüvvəsini almış qətnamə ilə nəzərdə tutulmuş alimentin məbləğini artırmaqla dəyişdirmək deyil, yalnız müvafiq il üçün nəzərdə tutulan minimum əmək haqqının məbləğinə münasibətdə indeksasiya etməli idi. Belə ki, hazırki işdə bir uşağın saxlanmasına görə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1534/2024 nömrəli xx.xx.2024-cü il tarixli qətnaməsi ilə alimentin məbləği 170 manat həddində müəyyən edildiyindən, həmin alimentin məbləği 2025-cü il üzrə minimum əmək haqqı məbləğinin 0.49 mislində (345 x 0.49 = 170 manat) indeksasiya olunmalıdır. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 8(005)-93/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadı dəyişdirilməli və xx.xx.2025-ci il tarixindən başlayaraq yetkinlik yaşına çatmayan xx.xx.2016-cı il təvəllüdlü X7, xx.xx.2017-ci il təvəllüdlü X8 və xx.xx.2017-ci il təvəllüdlü X2 üçün Borclu X9 xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay hər uşağa görə ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0.49 misli həddində indeksasiya olunmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 263-264-cü, 397-401-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Borclu şikayəti qismən təmin edilsin. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 8(005)-93/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadı dəyişdirilsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1534/2024 nömrəli xx.xx.2024cü il tarixli qətnaməsi ilə təyin olunan alimentin məbləği xx.xx.2025-ci il tarixindən başlayaraq yetkinlik yaşına çatmayan xx.xx.2016-cı il təvəllüdlü X7, xx.xx.2017-ci il təvəllüdlü X8 və xx.xx.2017-ci il təvəllüdlü X1 üçün Borclu X9 xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay hər uşağa görə ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0.49 misli həddində indeksasiya olunsun. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar