Məhkəmə qərarları › İş №8(103)-108/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №8(103)-108/2021

09.03.2021 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(103)-108/2021 09.03.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri – Eyvazov Rafael Əmir oğlu (sədrlik edən və məruzəçi), Şirinov Ziya Allahverdi oğlu və X1 ibarət tərkibdə, Məhkəmə iclas katibi Türkmənli Lamiyə Elman qızının katibliyi ilə, Borclu iştirakı ilə, Bakı şəhəri Nərimanov rayon İcra və Probasiya şöbəsinin «borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması» barədə təqdimatı üzrə Bakı şəhəri Nərimanov Rayon Rayon Məhkəməsinin xx xxxxxx 2021-ci il tarixli, 8(005)-49/2021 saylı qərardadından Borclu tərəfindən verilmiş şikayət üzrə işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli, 2(005)- 124/2013 saylı icra sənədinə (qətnaməsinə) əsasən Borclu cəmi 425454.39 manat məbləğində pul vəsaiti və 20 manat dövlət rüsumu tutularaq tələbkar «xxxx» ASC-nin xeyrinə ödənilməlidir. Bakı şəhəri Nərimanov rayon İcra və Probasiya şöbəsi (icra məmuru Zamiq Kazımov) təqdimatla birinci instansiya məhkəməsinə müraciət edərək, Borclu ölkədən getmək hüquqlarının müvəqqəti məhdudlaşdırılmasını xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-124/2013 nömrəli, xx.xx.2013-cü il tarixli icra sənədinə əsasən Borclu 425454.39 manat məbləğində pul vəsaiti və 20 manat dövlət rüsumu tələbkar «xxxx» ASC-nin xeyrinə tutulmalıdır. Qeyd olunan icra sənədi xx.xx.2020-ci il tarixində Bakı şəhəri Nərimanov rayon İcra və probasiya şöbəsinə daxil olmuş və qanuna müvafiq qaydada icraya yönəldilmişdir. İcraata başlamaq haqqında qərar qəbul edilərək, qərarın surəti bildirişlə icra sənədi üzrə Borclu göndərilmiş, icra sənədində olan tələbi könüllü təmin edilməsi üçün 10 gün müddət müəyyən edilmişdir. Lakin bu müddət ərzində borclu tərəfindən icra sənədində olan tələb könüllü təmin edilmədiyi üçün İcra Şöbəsi tərəfindən «Elektron İcra İnformasiya Sistemi» vasitəsi ilə borclunun əmlak vəziyyəti yoxlanılan zaman onun adına tələbin yönəldiləcəyi əmlak və gəlirlər aşkar edilməmişdir. Borclu istifadəsində olan ***-***-**-** mobil nömrəsi vasitəsilə şöbəyə dəvət olunmasına baxmayaraq müxtəlif bəhanələrlə şöbəyə gəlməmiş və telefona cavab verməmişdir. Bu səbədən icra sənədində borclunun qeydiyyat yeri kimi göstərilən Nərimanov rayonu, F.Xoysxi pr-ti 180B, mənzil 19 ünvanına xx.xx.2020-ci il tarixdə baxış keçirilmiş, borclunun həmin ünvanda yaşamadığı müəyyən edilmiş və buna dair müvafiq akt tərtib edilmişdir Bu səbəbdən Borclu barəsində axtarış elan olunmasına dair xx.xx.2020 ci il tarixli qərar qəbul edilərək icra olunması üçün Nərimanov rayon Polis İdarəsinə göndərilmişdir. Borclu şəxs xx.xx.2020-ci il tarixdə şöbəyə gələrək icra sənədinin surəti və müvafiq digər sənəd, bildirişlər şəxsən ona təqdim edilmişdir. Borclu şəxs Borclu tez-tez xarici ölkələrə gedir, bu hal icra sənədinin icrası istiqamətinə hərəkətlərə mane olur və həmin tarixdən bu vaxta kimi icra sənədinin icrası tam şəkildə təmin olunmamışdır. Hesab edir ki, icra sənədinin icrasını təmin etmək məqsədilə, borclunun ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmalıdır. Qeyd edilənlərə əsasən, məhkəmədən təqdimatın təmin olunması xahiş edilmişdir. Bakı şəhəri Nərimanov Rayon Rayon Məhkəməsinin xx xxxxxx 2021-ci il tarixli, 8(005)-49/2021 saylı qərardadı ilə (hakim Kəmalə Əmirxanova) təqdimat təmin olunmuşdur. Qərardaddan narazı olan borclu ondan şikayət verilmiş, şikayət təmin edilməyərək, baxılması üçün işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Şikayətin dəlilləri: Şikayət – icra hərəkətləri ilə bağlı borcluya rəsmi qaydada çağırış göndərilməməsi, mübahisə predmeti icra hərəkətlərinin hüquqi əsası olan Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxxx 2013-cü il tarixli, 2(005)-124/2013 saylı qətnaməsindən borclu tərəfindən apellyasiya şikayəti verilməsi, şikayətin mümkün hesab edilərək icraata qəbul edilməsi, bu səbəbdən də icra məmuruna icraatın dayandırılması barədə ərizə ilə müraciət etməsi, lakin icraatın dayandırılmaması, əsassız olaraq təqdimat verilməsi və s. kimi əsaslandırılmış, məhkəmə kollegiyasından şikayətin təmin edilməsi xahiş edilmişdir. İzahatlar, prosessual məsələlər: Məhkəmə iclasında iştirak edən borclu şikayətin dəlillərinə uyğun izahat verərək məhkəmə kollegiyasından şikayətin təmin olunmasını xahiş etmişdir. İşə baxılması ilə bağlı məhkəmə iclasının yeri və vaxtı barədə iddiaçıya rəsmi qaydada məlumat verilsə də, o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra, MPM) 376.2-ci maddəsinə əsasən işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər: Məhkəmə kollegiyası məruzəni dinləyib, şikayətin dəlililərini iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, şikayət qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli, iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Məhkəmə müdafiəsi hüququnun tam həcmdə həyata keçirilməsi və pozulmuş hüquqların ədalət mühakiməsinin əsas prinsiplərinin tələblərinə cavab verən şəkildə bərpa edilməsi üçün qanunvericilikdə digər təminatlar da nəzərdə tutulmuşdur. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 6-cı maddəsinin birinci bəndinə görə hər kəs onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işin ədalətli və açıq araşdırılması hüququna malikdir. Avropa İnsan Hüquqları Məhkəməsi «X2rşı» (xx xxxxxx 1975, 35-ci bənd) işdə göstərmişdir ki, Avropa Konvensiyasının 6-cı maddəsinin 1-ci bəndinin mülki işlərdə tərəflərə verilən prosessual təminatları ətraflı təsvir etməli olduğunu düşünmək və ilk növbədə həmin təminatlardan praktiki olaraq istifadə etmək hüququnu, yəni məhkəməyə müraciət etmək hüququnu qorumadığını düşünmək ağlasığmaz olardı. Əgər məhkəmə prosesi yoxdursa, o halda məhkəmə prosesinə xas olan ədalətlilik, açıqlıq və prosesin vaxtında həyata keçirilməsi kimi xüsusiyyətlər mənasını itirir. İlkin olaraq qeyd edilməlidir ki, borclu icra sənədinin verilməsinə əsas olmuş qətnamədən apellyasiya şikayəti verilməsini göstərməsinə baxmayaraq, birinci instansiya məhkəməsi bu halı yoxlamamış, apellyasiya şikayətinin müvafiq məhkəmənin icraatına qəbul olunması məsələsini araşdırmamışdır. Eyni zamanda, borclu təqdimata verdiyi etirazına icra məmuruna qeyd edilən əsas üzrə icraatın dayandırılması barədə təqdim etdiyi vəsatəti, apellyasiya şikayətini və s. sənədləri əlavə etmişdir. Halbuki, «İcra haqqında» Qanunun 17.1.7-ci maddəsinin tələbinə görə icraatda olan iş üzrə qəbul olunmuş məhkəmə aktlarından verilmiş apellyasiya və kassasiya şikayəti müvafiq məhkəmələrin icraatına qəbul olunduqda icra sənədi üzrə icraat məcburi olaraq dayandırılır. Bununla yanaşı, birinci instansiya məhkəməsi təqdimata baxarkən, icra işini tələb edərək ona baxış keçirməmiş (işdə bu barədə məlumat yoxdur), icra vəziyyətini və həyata keçirilmiş icra tədbirlərini, müdaxilənin zəruriliyini, onun işin hallarına nəzərən mütənasib olub-olmamasını, həmçinin bu və digər halları tam, hərtərəfli və obyektiv araşdırmamış, qərardadı əsaslandırmamışdır. Beləliklə, qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, işə prosessual normaların tələblərinin pozulması ilə baxıldığından və həmin pozuntular düzgün olmayan qərardadın çıxarılması ilə nəticələndiyindən, şikayət qismən təmin edilməli, qərardad ləğv edilməli, iş yenidən baxılması üçün göndərilməlidir. İşə yenidən baxılarkən yuxarıda göstərilən bu və digər hallar tərəflərin və icra məmurunun iştirakı ilə tam, hərtərəfli və obyektiv araşdırılmalı, nəticəyə uyğun olaraq əsaslandırılmış qərardad qəbul edilməlidir. Şərh olunanlara əsasən və MPM-in 263-264, 357-358, 366, 395, 397-400-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Bakı şəhəri Nərimanov rayon İcra və Probasiya şöbəsinin «borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması» barədə təqdimatı üzrə Bakı şəhəri Nərimanov Rayon Rayon Məhkəməsinin xx xxxxxx 2021-ci il tarixli, 8(005)-49/2021 saylı qərardadından Borclu tərəfindən verilmiş şikayət qismən təmin edilsin. Bakı şəhəri Nərimanov Rayon Rayon Məhkəməsinin xx xxxxxx 2021-ci il tarixli, 8(005)-49/2021 qərardadı ləğv edilsin, iş təqdimata yenidən baxılması üçün həmin məhkəməyə göndərilsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir və ondan kassasiya şikayəti verilə bilməz. Sədrlik edən: imza var. Hakimlər: imzalar var. Əsli ilə düzdür: Sədrlik edən Rafael Eyvazov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar