Məhkəmə qərarları › İş №8(103)-11/2024

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №8(103)-11/2024

12.01.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(103)-11/2024 12.01.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər İsgəndərov Akif Əsgər oğlunun sədrliyi və məruzəsilə, Sadıqov Vahid Nəriman oğlundan və X1 ibarət tərkibdə, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 07 noyabr 2023-cü il tarixli qərardadından Borclu tərəfindən verilmiş şikayətə yazılı məhkəmə icraatı qaydasında baxaraq, m ü ə y y ə n e t d i: Bakı Apellyasiya Məhkəməsinin 2(103)- 375/2022-016 saylı, xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən vurulmuş maddi ziyanın əvəzi olaraq 6.885,0 (altı min səkkiz yüz səksən beş manat, 0 qəpik) manat məbləğində pul vəsaiti borclular X2 və Borclu müştərək qaydada tutularaq, Tələbkar ödənilməlidir Həmin icra sənədi icra olunması üçün borclunun yaşayış yeri üzrə Bakı şəhəri Nəsimi Rayon İcra Şöbəsinə göndərilmişdir. Bakı şəhəri Nəsimi Rayon İcra Şöbəsinin icra məmuru təqdimatla məhkəməyə müraciət edərək Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(103)-375/2022- 016 saylı icra sənədi üzrə Borclu əmlakının üzərinə həbs qoyulması barədə qərardad qəbul olunmasını xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, icra vərəqəsində göstərilən tələbi 10 gün müddətində könüllü olaraq təmin etməsi barədə borcluya bildiriş və qərar göndərilməsinə baxmayaraq, tələb borclu tərəfindən könüllü qaydada tam həcmdə təmin edilməmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 07 noyabr 2023-cü il tarixli, 8(006)- 371/2023 saylı qərardadı ilə (hakim V.Musayeva) təqdimat təmin edilmişdir. Borclu şikayət verərək qərardadın ləğv olunmasını xahiş etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 15 dekabr 2023-cü il tarixli qərardadı ilə şikayət təmin edilməyərək, baxılması üçün işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, istehsal ili 2011-ci il olan “VAZ 21074” minik markalı nəqliyyat vasitələrinin satış qiyməti 7000-8500 manat təşkil edir. Belə olan halda hər iki avtomobilin üzərinə həbs qoyulması borclunun tələbkara olan 6.885 manat məbləğindəki borcuna mütənasib deyildir. İcra məmuru tərəfindən borcun tutulması onun pensiyasına yönəldilmişdir. Artıq iki aydır ki, pensiyadan hər ay 163,60 manat olmaqla, ümumilikdə 327,20 manat tələbkarın xeyrinə tutulmuşdur və hal-hazırda da tutulmalar davam etdirilir. Məhkəmə kollegiyası sədrlik edənin məruzəsini, şikayətin dəlillərini müzakirə edərək hesab edir ki, şikayət təmin edilməli, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 07 noyabr 2023-cü il tarixli qərardadı ləğv edilməli və təqdimat rədd olunmalıdır. Məhkəmə kollegiyası bu qənaətə gələrkən aşağıdakıları nəzərə alır. İşdən göründüyü kimi, “AUDİ A4” minik markalı, **-GV-*** dövlət qeydiyyat nişanlı avtomobil Borclu mülkiyyəti kimi qeydiyyata alınmışdır. İş materiallarından həmçinin görünür ki, Bakı şəhəri Nəsimi rayon İcra Şöbəsinin icra məmuru X4 rayon Məhkəməsinə təqdimatla müraciət edərək, Borclu məxsus “VAZ-21074” markalı, 90 KK-417 dövlət qeydiyyat nişanlı və “VAZ-21074” markalı, 99-RN186 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitələrinin üzərinə həbs qoyulmasını xahiş etmişdir. Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 8(006)-103/2023 saylı qərardadı ilə təqdimat qismən təmin edilərək, “VAZ-21074” markalı, 90 KK-417 dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulmuşdur. Məhkəmə təqdimatı qismən təmin edərkən qərardadda qeyd etmişdir ki, “Turbo.az” internet sayıtından görünür ki, istehsal ili 2011-ci il olan “VAZ 21074” minik markalı nəqliyyat vasitələrinin satış qiyməti 7000-8500 manat təşkil edir. Belə olan halda hər iki avtomobilin üzərinə həbs qoyulması borclunun tələbkara olan 6.885 manat məbləğindəki borcuna mütənasib deyildir. Həmin qəradadın məzmunundan o da aydın olur ki, icra məmurunun xx.xx.2021-ci il tarixli qərarı ilə borcluya məxsus digər avtomobillər üzərinə də həbs qoyulmuşdur. İşdən habelə görünür ki, həmin icra sənədinin icrası qaydasında Nəsimi rayon İcra şöbəsinin xx.xx.2023-cü il tarixli qərarı ilə Borclu məxsus “Audi A4” markalı ** GV *** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulmuş, lakin Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı ilə həmin həbs götürülmüşdür. Məhkəmə bu qənaətə gələrkən borcun məbləğinin cəmi 6885 manat təşkil etməsini, başqa bir məhkəmə qərardadına əsasən icra sənədinin icrasını təmin etmək məqsədilə borcluya məxsus “VAZ 21074” minik markalı avtomobilin üzərinə artıq həbs qoyulduğunu, icra sənədinə əsasən borcun təkcə Borclu deyil digər borcludan da tutulmalı olduğunu nəzərə almışdır. Məhkəmə kollegiyası Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 8(006)-103/2023 saylı qərardadını, həmçinin həmin məhkəmə aktı ilə müəyyən edilmiş halları nəzərə alaraq belə qənaətə gəlir ki, borclunun mülkiyyətində olan “Audi A4” markalı, 99 GV-404 dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbsin qoyulması əsassızdır. Belə ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023-cü il və xx.xx.2023-cü il tarixli qərardadları ilə bu məsələyə artıq hüquqi qiymət verilmişdir. Təqdimatda “Audi A4” markalı, 99 GV-404 dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbsin qoyulmasının zəruriliyini şərtləndirən hər hansı yeni əsas göstərilməmişdir. Belə olan halda, avtomobilin üzərinə həbs qoyulması borclunun tələbkara olan 6.885 manat məbləğindəki borcuna mütənasib olmadığından təqdimatın təmin edilməsi üçün əsas da yoxdur. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən hesab edir ki, birinci instansiya məhkəməsinin mövqeyi əsaslı olmamışdır. Belə ki, “İcra haqqında” Azərbaycan Respublikası Qanununa əsasən icraata başlamaq haqqında qərar borcluya təqdim olunduğu gündən ən geci 1 ay müddətində, zəruri hallarda isə qərarın təqdim olunması ilə eyni vaxtda borclunun əmlakı üzərinə həbs qoyulur. Borclunun əmlakı üzərinə həbs qoyulması əmlakın siyahıya alınmasından, həmin əmlak üzərində sərəncam vermək hüququnun məhdudlaşdırılmasından, onun götürülməsindən və ya saxlanmaq üçün verilməsindən ibarətdir. İcra sənədi icraya yönəldilənə qədər borclunun əmlakına həbs qoyulmayıbsa və ya icra sənədinin icrası zamanı tələbin borclunun əmlakına yönəldilməsi hallarında əmlak üzərinə həbs, bir qayda olaraq icra məmurunun əsaslandırılmış təqdimatına əsasən məhkəmənin qərardadı ilə qoyulur (maddə 50.1 və 50.2). Tələb, borclunun əmlakına, o cümlədən nağd, yaxud banklarda və ya digər kredit təşkilatlarında hesablarda və əmanətlərdə, habelə saxlancda olan pul vəsaitlərinə və başqa sərvətlərinə, icra ödənişinin ödənilməsi və icra hərəkətlərinin həyata keçirilməsi üçün çəkilən xərclər də nəzərə alınmaqla, icra sənədinin icrası üçün lazım olan miqdarda və həcmdə yönəldilir (maddə 45.7). Məhkəmə kollegiyası təqdimatı nəzərdən keçirərkən müəyyən etdi ki, icra məmuru icra sənədinin icrasını təmin etmək üçün qüvvədə olan məhkəmə qərardadı ilə üzərinə həbs qoyulmuş “VAZ 21074” markalı minik avtomobilinin, eləcə də digər avtomobilin yetərli olmadığını və borcluya məxsus “Audi A4” markalı, 99 GV-404 dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulmasının zəruruliyini təqdimatda əsaslandırmamışdır. Məhkəmə kollegiyası şərh olunanları nəzərə alaraq hesab edir ki, icra məmurunun “Audi A4” markalı, 99 GV-404 dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulması barədə təqdimatı əsaslı deyil və bu baxımdan birinci instansiya məhkəməsi təqdimatı təmin etməkdə haqlı olmamışdır. Ona görə də qərardad ləğv edilməli və təqdimat rədd olunmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263, 264, 398.0.3, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: Borclu şikayəti təmin olunsun. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 07 noyabr 2023-cü il tarixli qərardadı ləğv edilsin. Borclu məxsus “Audi A4” markalı, 99 GV-404 dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulması barədə icra məmurunun təqdimatı təmin edilməsin. Qərardaddan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar