Məhkəmə qərarları › İş №8(103)-111/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №8(103)-111/2021

03.03.2021 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(103)-111/2021 03.03.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kərimli İlham Əziz oğlu (sədrlik edən və məruzəçi), İsgəndərov Akif Əsgər oğlu və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Dadaşzadə Günay Möhübbət qızının katibliyi, X1 iştirakı ilə, İcra sənədi üzrə icraatın dayandırılmasına dair ərizənin təmin edilməməsi haqqında Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxxxx 2021-ci il tarixli 8(004)-49/2021 saylı qərardadından X2 tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli 2(004)- 1697/2020 saylı icra sənədinə əsasən X2ndan 1410,1 manat məbləğində pul vəsaiti tutularaq “xxxx” ASC-yə ödənilməlidir. X2 ərizə ilə məhkəməyə müraciət edərək həmin icra sənədinin icrasının dayandırılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Borclu ərizəsini onunla əsaslandırmışdır ki, qətnamə ilə ödənilməli olan pul məbləğinin “xxxx” ASC-dən tutulması barədə iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Həmin iddia tələbi ilə bağlı məhkəmə prosesi hələ yekunlaşmamışdır. Buna görə də icra üzrə icraatın dayandırılmasını xahiş edir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxxxx 2021-ci il tarixli 8(004)-49/2021 saylı qərardadı ilə borclunun ərizəsi təmin edilməmişdir. X2 həmin qərardaddan şikayət verərək qərardadın ləğv edilməsini və ərizəsinin təmin edilməsini xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 8(004)-49/2021 saylı qərardadı ilə şikayət təmin edilməmiş və mülki işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyasının iclasında borclu şikayətin təmin edilməsini və qərardadın ləğv edilməsini xahiş etdi. Tələbkar və icra məmuru məhkəmə kollegiyasının iclasına üzrlü səbəblər olmadan gəlmədiklərinə görə məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası aşağıdakı əsaslara görə hesab edir ki, şikayət qismən təmin edilməli, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxxxx 2021-ci il tarixli 8(004)- 49/2021 saylı qərardadı ləğv edilməli, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli 2(004)-1697/2020 saylı icra sənədi üzrə icraatın dayandırılmasına dair borclunun ərizəsi baxılmadan geri qaytarılması üçün rayon məhkəməsinə göndərilməlidir. Belə ki, “İcra haqqında” Qanunun 21.1-ci maddəsinə əsasən bu Qanunun 17-ci maddəsində nəzərdə tutulmuş icraatın dayandırılmasının məcburi olduğu hallarda icra sənədi üzrə icraat icra məmuru tərəfindən dayandırılır. Həmin Qanunun 21.2-ci maddəsinə görə bu Qanunun 18-ci maddəsində nəzərdə tutulmuş icraatın dayandırılmasının mümkün olduğu hallarda icra məmuru tərəfindən icraatın dayandırılması barədə müvafiq məhkəməyə əsaslandırılmış və icra qurumunun rəhbəri tərəfindən təsdiq olunmuş təqdimat verilir. Yuxarıda qeyd edilən normaların məzmunundan da göründüyü kimi icra sənədi üzrə icraatın dayandırılması barədə borclu tərəfin məhkəməyə ərizə ilə müraciət etməsi nəzərdə tutulmamışdır. İcra sənədi üzrə icraatın dayandırılması barədə yalnız icra məmuru məhkəməyə əsaslandırılmış təqdimatla müraciət edə bilər. Buna görə də məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi icra üzrə icraatın dayandırılması barədə borclunun ərizəsinə baxmadan ərizəni geri qaytarmalı idi. Azərbaycan Respublikası MPM-in 398.0.3-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətə baxıb qərardad qəbul etdikdə qərardadı tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll etmək hüququna malikdir. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası MPM-in 395-397, 398.0.3 və 400cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Şikayət qismən təmin olunsun. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxxxx 2021-ci il tarixli 8(004)-49/2021 saylı qərardadı ləğv edilsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli 2(004)- 1697/2020 saylı icra sənədi üzrə icraatın dayandırılması barədə X1 ərizəsinin baxılmadan geri qaytarılmasına dair qərardad qəbul edilməsi üçün mülki iş materialları Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə göndərilsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar