Məhkəmə qərarları › İş №8(103)-112/2025

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №8(103)-112/2025

22.04.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(103)-112/2025 22.04.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Şirinov İkram Sabir oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Kazımov Elşən Cələddin oğlu və Cəfərov Namiq Şamil oğlundan ibarət tərkibdə, Həsənova Şərqi Əlabbas qızının katibliyi, X2, Maraqlı şəxs Bakı şəhəri Nərimanov rayon İcra Hakimiyyətinin nümayəndəsi X22 iştirakları ilə, Xətai Rayon Məhkəməsinin 8(011)-5/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadından tələbkar tərəfindən verilən şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında baxaraq, m ü ə y y ə n e t d i:

1. X4 ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2006-cı il tarixli 2-147/2006 saylı qətnaməsinin icrasının mümkün olmadığı üçün qətnamənin icra üsulunun dəyişdirilməsi, tələbkara verilməli olan 3 otaqlı, sahəsi 41.01 kv.metr olan yaşayış sahəsinin bazar dəyərinin borclu tərəfindən ona pul şəklində ödənilməsi barədə qərardadın çıxarılmasını xahiş etmişdir.

2. Ərizəçi X1 dədiqləşmə barədə ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2006-cı il tarixli 2-147/2006 nömrəli qətnaməsinin qəbul olunduğu vəziyyətdə NİH tərəfindən icrasını yerinə yetirmək imkan xaricində olduğu üçün, tələbkara verilməli olan 3 otaqlı, yaşayış sahəsi 41.01 kv.metr və ümumi sahəsi layihədən asılı olaraq (xruşovka, minsk, leninqrad) 68/73 kv.metr təşkil etdiyi, hal-hazırda Nərimanov rayon ərazisində 2-ci dərəcəli mənzilin (köhnə binalarda) 1 kv.metr bazar qiyməti 2.100-2.300 manat olduğu üçün və həmin mənzilin real bazar qiyməti 150.000 manat təşkil etdiyi üçün qətnamənin icra üsulunun dəyişdirilərək dövlət büdcəsindən qeyd olunan kompensasiya ilə əvəz olunmasına dair qərardadın çıxarılmasını xahiş etmişdir.

3. Xətai Rayon Məhkəməsinin 8(011)-5/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadı (hakim Aynur Abdullayeva) ilə X2nun - Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2006-cı il tarixli 2-147/2006 nömrəli qətnaməsinin icra üsulunun dəyişdirilərək 150.000 (bir yüz min əlli min) manat pulun dövlət büdcəsindən tələbkara ödənilməsi barədə ərizəsi təmin edilməmişdir.

4. Qeyd edilən qərardaddan ərizəçi tərəfindən verilən şikayət rayon məhkəməsinin xx.xx.2025-ci il tarixli qərardadı ilə təmin edilməmiş və şikayət baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir.

5. Hazırkı şikayətə ilkin olaraq Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397.2-ci maddəsinə əsasən yazılı icraat qaydasında baxılması üçün təyin edilmişdir.

6. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərardadı ilə hazırkı işin halları və tərəflərin dinlənilməsinin zəruriliyi nəzərə alınaraq, şikayətə tərəflər dəvət edilməklə məhkəmə iclasında baxılması qərara alınmışdır.

7. Məhkəmə kollegiyasının iclasında tələbkar şikayəti müdafiə edərək bildirdi ki, böyük oğlu müharibə iştirakçısıdır, balaca oğlunu da müalicə etdirir, ev şəraiti bərbaddır, 2006-cı ilin qətnaməsidi, hələ də icra edilmir. Bildirdi ki, bu illər ərzində qətnamənin icrasına nail olmaq üçün çoxsaylı müraciətlər etmiş, lakin onun icrasına nail ola bilməmişdir. Həmçinin onu da bildirdi ki, 2020-ci ildə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2006-cı il tarixli 79/2006 nömrəli iş üzrə xx.xx.2017-ci il tarixli icra vərəqəsinin icra üsulunun dəyişdirilməsinə və ona mənzilin dəyərinin kompensasiyasının verilməsinə dair Nərimanov Rayon İcra Hakimiyyətinin ərizəsi ilə ona görə razı olmamışdır ki, ona ümumi sahəsi 41 kv.m mənzilin dəyərini vermək istəyirlərdi. Bundan sonra onun icra sənədinə izah verilməsi barədə müvafiq müraciətinə əsasən, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 8(011)-453/2022 saylı xx.xx.2022-ci il tarixli qərardadı ilə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2-147/2006 nömrəli xx.xx.2006-cı il tarixli icra sənədinə “X11 Bakı şəhəri Xətai Rayon Məhkəməsi tərəfindən etibarsız hesab edilmiş xx.xx.1993-cü il tarixli 012186 nömrəli orderdə qeyd olunan 3 otaqlı sahəsi 41.01 kv.m olan yaşayış sahəsi ilə təmin etmək vəzifəsinin Bakı şəhəri Nərimanov rayonu İcra Hakimiyyətinin üzərinə qoyulmalıdır” kimi izah verilmişdir. Ona görə də o, hazırkı ica üsulunun dəyişdirilməsinə dair ərizə vermişdir. Odur ki, şikayətin təmin edilməsini xahiş etdi.

8. Məhkəmə kollegiyasının iclasında maraqlı şəxs Bakı şəhəri Nərimanov rayon İcra Hakimiyyətinin nümayəndəsi H.Nuriyev şikayətlə razılaşmayaraq təmin edilməməsini xahiş etdi, bildirdi ki, hazırda onlar mənzil verə bilmirlər.

9. Məhkəmə iclasının yeri və vaxtı barədə qanunla müəyyən edilmiş qaydada xəbərdarlıq edilmələrinə baxmayaraq, digər tərəflər məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir.

10. Belə olan halda Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

11. Məhkəmə kollegiyası tərəflərin izahatını dinləyib, işin materiallarını nəzərdən keçirib, şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət təmin edilməli, qərardad ləğv edilməli və ərizəyə tərəflərin iştirakı ilə, eləcə də icra işi tələb edilməklə yenidən baxılması üçün iş materialları həmin məhkəməyə göndərilməlidir.

12. Hazırkı iş materiallarından məlum olur ki, xx.xx.1993-cü il tarixli 012186 nömrəli orderin surətindən görünür ki, Bakı şəhəri, Neapol küçəsi, 2346-cı məhəllədəki evin 70-ci mənzilinə dair X8 adına order verilmişdir.

13. X8 Azərbaycan Respublikası əmlaklarının idarə olunması və özəlləşdirilməsi Departamentinə qarşı “vurulmuş ziyanın ödənilməsi”; X13 X17 və qeyrilərinə qarşı “sərəncamın və şəhadətnamələrin etibarsız hesab edilməsi, mənzilin qaytarılması və ya kompensasiya ödənilməsi tələbi”; X3 Bakı şəhər İcra Hakimiyyətinə və qeyrilərinə qarşı “sərəncamın ləğv edilməsi və mənzillə təmin olunması”; "xxxx" MTK-nın X20, X7, X12, Səbail Rayon İcra Hakimiyyətinə və Nərimanov Rayon İcra Hakimiyyətinə qarşı “orderlərin ləğv edilməsi” tələbləri üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2-147/2006 saylı, xx.xx.2006cı il tarixli qətnaməsinə əsasən X18, X5, X9 Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyi və qeyrilərinə qarşı şəhadətnamələrin ləğv edilməsi, pozulmuş mənzil hüquqlarının bərpa olunması və mənzillə təmin edilməsinə dair iddiası əsassız hesab olunduğundan rədd edilmişdir. Qarşılıqlı iddia təmin edilmişdir. Bakı şəhəri Nərimanov Rayon İcra Hakimiyyəti Başçısının 1993-cü il 19 oktyabr tarixli 180 №-li, 1994-cü il 5 dekabr tarixli 52 №-li və Səbail Rayon İcra Hakimiyyəti Başçısının 1994- cü il 23 sentyabr tarixli 3059 №-li sərəncamları etibarsız hesab edilmişdir. Bakı şəhəri Nərimanov Rayon İcra Hakimiyyəti Başçısının 1993-cü il 19 oktyabr tarixli 180 №-li, 1994- cü il 5 dekabr tarixli 52 №-li və Səbail Rayon İcra Hakimiyyəti Başçısının 1994-cü il 23 sentyabr tarixli 3059 №-li sərəncamları əsasında Bakı şəhəri, Neapol küçəsi, 2346-cı məhəllədəki evin 70-ci mənzilinə dair X10 adına verilmiş 1993- cü il 19 oktyabr tarixli 012186 №-li evin 4-cü mənzilinə dair X6 adına verilmiş 1994-cü il 5 dekabr tarixli 012815 №-li, 10-cu mənzilinə dair X14 adına verilmiş 1994-cü il 23 sentyabr tarixli 007266 №-li orderlər etibarsız hesab edilmişdir. X19, X7, X12 başqa yaşayış sahəsi ilə təmin etmək vəzifəsi Bakı şəhəri Nərimanov Rayonu İcra Hakimiyyətinin və Səbail Rayon İcra Hakimiyyətinin üzərinə qoyulmuşdur.

14. Azərbaycan Respublikası Apellyasiya Məhkəməsinin 18 may 2006-cı il tarixli, 1mk2441/2006 saylı qətnaməsinin surətindən görünür ki, Bakı şəhəri Xətai rayon Məhkəməsinin iş üzrə xx.xx.2006-cı il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

15. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının xx.xx.2006-cı il tarixli, 6 К 2206/06 saylı qərarının surətindən görünür ki, Azərbaycan Respublikası Apellyasiya Məhkəməsinin MİÜMK-nın bu iş üzrə olan xx.xx.2006-cı il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

16. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 8(005)-655/2019 saylı xx.xx.2019-cu il tarixli qərardadının surətindən görünür ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2- 147/2006 nömrəli xx.xx.2017-ci il tarixli icra vərəqəsinin icrasının təmini məqsədilə borclu Nərimanov rayon İcra Hakimiyyətinə məxsus olan nəqliyyat vasitələrinin üzərinə həbs qoyulması barədə Bakı şəhəri Nərimanov rayon İcra və Probasiya şöbəsinin icra məmuru Sevinc Qurbanovanın təqdimatı təmin edilməmişdir.

17. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 8(005)-619/2019 saylı xx.xx.2019-cu il tarixli qərardadının surətindən görünür ki, Bakı şəhəri Nərimanov rayon İcra və Probasiya şöbəsinin icra məmuru Sevinc Qurbanovanın hərəkətsizliyinin qanunsuz hesab edilməsi və Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2-147/2006 nömrəli xx.xx.2006-cı il tarixli icra vərəqəsinin dərhal icra edilməsi barədə X16 tərəfindən verilmiş şikayətinin təmin edilməməsi, Bakı şəhəri Xətai Rayon Məhkəməsi tərəfindən xx.xx.2017-ci il tarixdə verilmiş 2-147/2006 nömrəli xx.xx.2006-cı il tarixli icra vərəqəsi üzrə icra hərəkətlərinin davam etdirilməsi qərara alınmışdır.

18. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 8(005)-199/2020 saylı xx.xx.2020-ci il tarixli qərardadının surətindən görünür ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2006-cı il tarixli 79/2006 nömrəli iş üzrə xx.xx.2017-ci il tarixli icra vərəqəsinin icra üsulunun- mənzilin əvəzinə pulun verilməsi qaydasında - dəyişdirilməsinə dair borclu Bakı şəhər Nərimanov rayon İcra Hakimiyyəti tərəfindən verilmiş ərizəsi təmin edilməmişdir.

19. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 8(011)-453/2022 saylı xx.xx.2022-ci il tarixli qərardadının surətindən görünür ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2-147/2006 nömrəli xx.xx.2006-cı il tarixli icra sənədinə izah verilməsi, “X11 Bakı şəhəri Xətai Rayon Məhkəməsi tərəfindən etibarsız hesab edilmiş xx.xx.1993-cü il tarixli 012186 nömrəli orderdə qeyd olunan 3 otaqlı 0sahəsi 41.01 km. olan yaşayış sahəsi ilə təmin etmək vəzifəsinin Bakı şəhəri Nərimanov rayonu İcra Hakimiyyətinin üzərinə qoyulmalıdır” kimi izah verilmişdir.

20. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-10014/2023 saylı xx.xx.2023-cü il tarixli qərardadından görünür ki, iddiaçı X8 cavabdeh Bakı şəhəri Nərimanov Rayonu İcra Hakimiyyətinə qarşı – Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2006-cı il tarixli qətnaməsini icra etmədiyi üçün cavabdehdən mənzilin bugünkü real bazar qiyməti olan 150.000 manatın tutularaq ona ödənilməsi barədə iddia mümkün hesab edilməmişdir.

21. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə əsasən, tərəflər icra sənədinin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icrası, yaxud icra sənədinin icrası üsulunun və qaydasının dəyişdirilməsi haqqında işə baxmış məhkəməyə müraciət edə bilərlər.

22. Borclunun əmlak vəziyyətini və digər halları nəzərə alaraq, məhkəmə həmin müraciətlərə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 231-ci maddəsi ilə müəyyən edilmiş qaydada baxır. Azərbaycan Respublikası MPM-nin 231.1-ci maddəsinə əsasən, işə baxmış hakim, işdə iştirak edən şəxslərin ərizəsi üzrə tərəflərin əmlak vəziyyətinə və digər hallara əsasən qətnamənin icrasına möhlət verməyə və ya qətnaməni hissə-hissə icra etdirməyə, habelə onun icra üsulunu və qaydasını dəyişdirməyə haqlıdır.

23. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli qərarının 12-ci və 13-cü bəndlərində qeyd edilən tövsiyyələrə görə, məhkəmələr nəzərə almalıdırlar ki, qətnamənin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icra edilməsi, qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsi müstəsna hal olub, qətnamənin icrası üçün çətinlik törədən və yaxud borclu üçün yaranmış əlverişsiz hallarda tətbiq oluna bilər. Məhkəmələr bu məsələləri həll etdikdə təkcə borclunun deyil, tələbkarın mənafeyini də nəzərə almalıdırlar.

24. Ərizəni təmin etməyən rayon məhkəməsi öz mövqeyini belə əsaslandırmışdır ki, icra sənədindən görünür ki, borcluya tələbkar tərəfindən mənzil verilməlidir. Həmin mənzilin əvəzinə pulun ödənilməsi isə qətnamənin icra üsulunun və qaydasının dəyişilməsi deyil, qətnamənin icra edilməməsi ilə bağlı borcluya qarşı irəli sürülmüş pul tələbidir.

25. Məhkəmə kollegiyası rayon məhkəməsinin həmin mövqeyi ilə razılaşmayaraq aşağıdakıları qeyd edir.

26. İlk növbədə qeyd edilməlidir ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 8(005)-199/2020 saylı xx.xx.2020-ci il tarixli qərardadının surətindən görünür ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2006-cı il tarixli 79/2006 nömrəli iş üzrə xx.xx.2017-ci il tarixli icra vərəqəsinin icra üsulunun tələbkara mənzilin əvəzinə pul kompensasiyası verilməklə dəyişdirilməsinə, yəni dövlət büdcəsindən kompensasiya ilə əvəz edilməsinə dair məhz borclu Bakı şəhər Nərimanov rayon İcra Hakimiyyəti tərəfindən ərizə ilə məhkəməyə müraciət olunmuşdur. Borclunun həmin ərizəsi məhz tələbkarın buna etirazı əsasına görə təmin edilməmişdir.

27. Tələbkar borclunun həmin ərizəsinin təmin edilməməsini xahiş etmiş, hazırkı iclasda isə öz möqeyini belə əsaslandırmışdır ki, ona həmin vaxt ümumi sahəsi 41 kv.m mənzilin kompensasiyasını vermək istədikləri üçün o razı olmamış, halbuki daha sonra müvafiq icra sənədinə izah verilməsi barədə müraciət etmiş, Xətai Rayon Məhkəməsinin 8(011)-453/2022 saylı xx.xx.2022-ci il tarixli qərardadının surətindən görünür ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2-147/2006 nömrəli xx.xx.2006-cı il tarixli icra sənədinə “X11 Bakı şəhəri Xətai Rayon Məhkəməsi tərəfindən etibarsız hesab edilmiş xx.xx.1993-cü il tarixli 012186 nömrəli orderdə qeyd olunan 3 otaqlı sahəsi 41.01 m2 olan yaşayış sahəsi ilə təmin etmək vəzifəsinin Bakı şəhəri Nərimanov rayonu İcra Hakimiyyətinin üzərinə qoyulmalıdır” kimi izah verilmişdir.

28. Bundan sonra isə o, hazırkı ərizə ilə məhkəməyə müraciət etmişdir. Tələbkarın ərizəsinə baxan rayon məhkəməsi iş üçün əhəmiyyətli olan həmin halı, yəni bir müddət əvvəl borclunun özünün tələbkara mənzil əvəzinə pul kompensasiyası verməklə qüvvədə olan məhkəmə qətnaməsinin icrasını təmin etmək istəməsini nəzərdən qaçırmışdır.

29. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsində təsbit olunmuşdur ki, məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir, habelə məhkəmə qərarlarının icra olunmaması qanunla müəyyən olunmuş məsuliyyətə səbəb olur.

30. Bundan başqa, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin bir çox qərarlarında formalaşdırdığı hüquqi mövqeyinə görə Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndində müəyyən olunmuş «məhkəmə araşdırması hüququ» təkcə məhkəməyə müraciəti və yekun məhkəmə aktının qəbulunu deyil, həm də (və mütləq qaydada) məcburi qüvvəyə malik yekun məhkəmə aktının icrasını nəzərdə tutur. Məhkəmə, Burdov Rusiyaya qarşı iş üzrə Qərarında həmçinin qeyd etmşdir ki, məhkəmə qərarının icrasının gecikdirilməsinə xüsusi hallarda haqq qazandırıla bilər, lakin bu gecikdirmə Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi ilə qorunan hüquqların mahiyyətinə xələl gətirməməlidir. (Burdov Rusiyaya qarşı iş üzrə 2002-ci il 7 may tarixli Qərar, § 35).

31. Məhkəmənin mövqeyinə görə Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndində tərəflərə verilən prosessual təminatlar (ədalətli, açıq və vaxtında aparılan məhkəmə araşdırması) məhkəmə qərarının icrası hüququnu müdafiə etməsəydi, bu, anlaşılmaz bir hal olardı. İştirakçı dövlətlərin daxili qanunvericiliyi tərəflərdən birinin ziyanına məhkəmə qərarının icra olunmadan qalmasına imkan versəydi, onda 6-cı maddədə nəzərdə tutulmuş (təminat verilən) məhkəmə araşdırması hüququ xəyali hüquq olardı. Buna görə də hər hansı məhkəmə tərəfindən çıxarılmış qərarın icrasına Konvensiyanın 6-cı maddəsinin məqsədləri üçün «məhkəmə araşdırmasının» ayrılmaz tərkib hissəsi kimi baxılmalıdır (Hornsbi Yunanıstana qarşı iş üzrə 1997-ci il 19 mart tarixli Qərar, § 40).

32. Həmin mövqeyini təkrarlayaraq, Avropa Məhkəməsi Azərbaycana qarşı bir sıra qərarlarında da yekun məhkəmə qərarlarının icra edilməmiş qalmasının Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndinin pozuntusu olduğunu müəyyən etmişdir. (Tarverdiyev Azərbaycana qarşı (şikayət №33343/03) işi üzrə 26 iyul 2007-ci il tarixli Qərar, Əfəndiyeva Azərbaycana qarşı (şikayət №31556/03) iş üzrə 25 oktyabr 2007-ci il tarixli Qərar, Hacıyeva və başqaları Azərbaycana qarşı (şikayətlər № 50766/07, 50786/07, 50871/07 və 50913/07) iş üzrə 08 iyul 2010-cu il tarixli Qərar və s.)

33. Göründüyü kimi, qətnamə xx.xx.2017-ci il tarixdə icraya yönəldilmiş və bu günə kimi icra edilməmişdir. İcra işi üzrə aparılmış çoxsqaylı yazışmalardan da müəyyən olunur ki, borclunun sərəncamında mənzil yoxdur və bu səbəbdən də qətnamənin icrası təmin edilə bilmir. Məhkəmə kollegiyasının iclasında iştirak edən borclu Nərimanov Rayon İcra Hakimiyyətinin nümayəndəsi də onların balansında mənzil olmadığını, bu səbəbdən də qətnamənin icra edilməsinin mümkün olmadığını bildirmişdir.

34. Bu baxımdan, rayon məhkəməsinin qətnamənin icra üsulunun dəyişdirilməsi ilə qətnamənin icrasının təmin olunmasının mümkün olmaması barədə mövqeyi əsaslı hesab edilə bilməz. Rayon məhkəməsi icra sənədi üzrə borclu ilə tələbkarın qətnamənin icrasının təmininə yönəlik eyni, yəni icra üsulunun dəyişdirilməsinə dair istəklərinin olmasına müvafiq qiymət verməmişdir.

35. Rayon məhkəməsi nəzərə almamışdır ki, “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presidentlərinin tətbiqi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 30 mart 2006-cı iltarixli 5 saylı qərarının 6-cı bəndinin 5-ci abzasında qeyd olunur ki,“...İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında Avropa Konvensiyasının 6-cı maddəsinə əsasən məhkəmə qətnaməsinin icrası müddəti məhkəmə baxışının tərkib hissəsi kimi qiymətləndirilir. Məhkəmələr məhkəmə aktlarının icrasına möhlət verilməsi, icranın dayandırılması, icra üsulunun dəyişdirilməsi ilə əlaqədar məsələlərə baxarkən Konvensiyanın məhkəmə qətnamələrinin ağlabatan müddətdə icra olunması tələbini nəzərə almalıdırlar...”

36. Yuxarıda qeyd edilənlərə əsasən, Kollegiya hesab edir ki, şikayət təmin edilməli, qərardad ləğv edilməli, hazırkı ərizəyə birinci instansiya məhkəməsi tərəfindən icra işi tələb edilməklə və tərəflərin iştirakı ilə yenidən baxılması üçün iş materialları həmin məhkəməyə göndərilməlidir.

37. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 398-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə aşağıdakıları etmək hüququ vardır: məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək; qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək; qərardadı tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll etmək.

38. «Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinə dəyişikliklər edilməsi haqqında» (2021-ci il 1 oktyabr tarixdən qüvvəyə minmiş) 09 iyul 2021-ci il tarixli Azərbaycan Respublikasının Qanununa əsasən Məcəllənin 402-ci maddəsinə əsasən Apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən, apellyasiyanın qeyrimümkün hesab edilməsi, kassasiya şikayətinin qaytarılması, habelə iş üzrə icraata xitam verilməsi, bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında qərardadlarından kassasiya şikayəti verilə bilər.

39. Beləliklə müəyyən olunur ki, prosessual qanunverciliyə edilmiş dəyişikliyə görə hazırkı qərardaddan kassasiya şikayəti verilməsi nəzərdə tutulmamışdır.

40. Yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398, 400, 402, maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası,

qərara aldı:

X2 tərəfindən verilmiş şikayət təmin edilsin. Xətai Rayon Məhkəməsinin 8(011)-5/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadı ləğv edilsin və hazırkı ərizəyə birinci instansiya məhkəməsi tərəfindən icra işi tələb edilməklə və tərəflərin iştirakı ilə yenidən baxılması üçün iş materialları həmin məhkəməyə göndərilsin. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir, prosessual qanunvericilikdə bu qərardaddan şikayət verilməsi nəzərdə tutulmamışdır.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar