Məhkəmə qərarları › İş №8(103)-114/2024

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №8(103)-114/2024

05.04.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(103)-114/2024 05.04.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Namiq Cəfərov (sədrlik edən), İkram Şirinov və Elşən Kazımovdan ibarət tərkibdə, icra səndi üzrə tələbkar X2 Xətai Rayon İcra Şöbəsinin və Nərimanov Rayon İcra Şöbəsinin hərəkətsizliyindən şikayətə dair iş üzrə Xətai Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 8(011)-177/2024 nömrəli qərardadından X2 şikayətinə yazılı icraat qaydasında baxaraq müəyyən etdi: Münasibətlər: Hazırkı mübahisə 2 mənzillə bağlıdır: 1) Xətai rayonu, Zığ şossesi, ev № 14A-da yerləşən 19 №-li mənzil; 2) Nərimanov rayonu, A.Neymətulla küçəsi, ev № 23-də yerləşən 57 №-li mənzil. Xətai Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(011)-1160/2023 nömrəli qətnaməsi ilə X3 və X1 hər birinin həmin mənzillərin ½ hissəsinə paylı mülkiyyət hüququ müəyyən edilib. Qətnamə qanuni qüvvəyə minib, icra vərəqəsi verilib, icra vərəqələri mənzillərin yerləşdiyi yerə görə aidiyyəti üzrə Xətai Rayon İcra Şöbəsi və Nərimanov Rayon İcra Şöbəsinə göndərilib. Lakin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi X5 paylı mülkiyyət hüququnu reyestrdə qeydə almaqdan imtina edib. İmtina onunla əsaslandırılıb ki, mənzillərin özgəninkiləşdirilməsi Nərimanov Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-16(005)294/2023 nömrəli qərardadı ilə müvəqqəti təminat tədbiri kimi qadağan olunub. Həmin təminat tədbiri başqa iş – mənzillərdə payların naturada ayrılması barədə iddiaya dair mülki işlə bağlı tətbiq edilib. Nəticədə isə icra vərəqələri icrasız qalıb. Şikayət: İcra sənədi üzrə tələbkar Həsən İmanov xx.xx.2024-cü ildə Xətai Rayon İcra Şöbəsi və Nərimanov Rayon İcra Şöbəsinin icra məmurlarının hərəkətsizliyindən şikayətlə Xətai Rayon Məhkəməsinə müraciət edərək xahiş edib ki, icra sənədinin icrası üçün tədbirlər görülməsi vəzifəsi icra məmurlarının üzərinə qoyulsun. Xətai Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadı ilə qərara alınıb ki, şikayət təmin edilməsin. Həsən İmanov bu qərardaddan şikayət verərək xahiş edib ki, qərardad ləğv edilsin və icra məmurlarının hərəkətsizliyindən verilmiş şikayət təmin edilsin. Qərardadın yoxlanılması: Məhkəmə qərardadından şikayət təmin olunmalı, qərardad ləğv edilməli, icra məmurlarından şikayət təmin olunmalı, icra məmurlarının hərəkətsizliyi qanunsuz hesab edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır: Məhkəmə qətnaməsi ilə Həsən İmanovun həmin mənzillər üzərində paylı mülkiyyət hüququ müəyyən edilib, qətnamə qanuni qüvvəyə minib və dövlət reyestrində qeydiyyat aparılması üçün əsasdır. Belə ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.4-cü maddəsinə görə, qanuni qüvvəyə minmiş məhkəmə qərarları daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsas hesab olunur. Qətnaməyə əsasən mənzillər üzərində Həsən İmanovun paylı mülkiyyət hüququnun qeydə alınması mənzillərin özgəninkiləşdirilməsi hesab olunmur, çünki “özgəninkiləşdirmə” deyiləndə sərəncam əqdi əsasında əmlakın mülkiyyətçisinin dəyişməsi başa düşülür, qətnamə isə sərəncam əqdi deyil. Odur ki, müvəqqəti təminat tədbiri kimi mənzillərin özgəninkiləşdirilməsinin qadağan edilməsi qətnaməyə əsasən dövlət reyestrində paylı mülkiyyət hüququna dair qeydiyyat aparılmasına maneə sayılmır. Qətnaməyə əsasən mənzillər üzərində Həsən İmanovun paylı mülkiyyət hüququnun müəyyən edilməsi həmin hüququn dövlət reyestrində qeydə alınmasını da ehtiva edir, çünki hüququn əmələ gəlməsi məhz reyestrdə qeydiyyat nəticəsində dövlət tərəfindən tanınır. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin 1-ci hissəsinə görə, məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Məhkəmə qərarlarının məcburi icrası isə icra məmurları tərəfindən həyata keçirilir, məhkəmə qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir, icra məmurlarının tələblərini yerinə yetirməyən şəxslər qanunvericiliklə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. Bu qaydalar “İcra haqqında” Qanunun 2.1, 3.1 və 3.2-ci maddələrində müəyyən edilib. Ona görə də icra məmurlarının hərəkətsizliyi qanunsuz sayılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397 və 398-ci maddələrinin göstərişlərini rəhbər tutaraq, məhkəmə qərara aldı: Məhkəmə qərardadından şikayət təmin olunsun. Hazırkı iş üzrə Xətai Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 8(011)-177/2024 nömrəli qərardadı ləğv edilsin. İcra məmurlarının hərəkətsizliyindən şikayət təmin olunsun. Müəyyən edilsin ki, Xətai rayonu, Zığ şossesi, ev № 14A-da yerləşən 19 №-li mənzilin və Nərimanov rayonu, A.Neymətulla küçəsi, ev № 23-də yerləşən 57 №-li mənzilin özgəninkiləşdirilməsinə qoyulmuş qadağa həmin mənzillərin ½ hissəsi üzərində X2 paylı mülkiyyət hüququnun müəyyən edilməsi barədə Xətai Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(011)- 1160/2023 nömrəli qətnaməsinə əsasən daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat aparılmasını qadağan etmir. Xətai Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(011)-1160/2023 nömrəli qətnaməsinə əsasən verilmiş icra sənədinin icrasının təmin edilməsi üçün Xətai Rayon İcra Şöbəsi və Nərimanov Rayon İcra Şöbəsinin icra məmurları tərəfindən qanunvericilikdə müəyyən edilmiş tədbirlər görülsün. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar