Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(103)-115/2023 18.04.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X1 (sədrlik edən və məruzəçi), Sarıyev Xəyal Əjdər oğlundan və X2 ibarət tərkibdə, Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 8(011)-170/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadından Borclu tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-4137/2021 saylı, xx.xx.2021-ci il tarixli icra vərəqəsinə əsasən cavabdeh Borclu 32.274,50 manat pul vəsaiti, habelə dövlət rüsumunun 20 manat hissəsi alınıb iddiaçı Tələbkar ödənilməlidir. Bakı şəhəri Xətai rayon İcra şöbəsinin icra məmuru Qoşqar Həmidov təqdimatla məhkəməyə müraciət edərək, göstərmişdir ki, icra sənədi üzrə icraata xx.xx.2022-ci il tarixdə başlanmış və bu barədə qərardad, tələbin könüllü icrası barədə bildirişlə birlikdə Borclu ünvanına göndərilmiş, icra sənədində olan tələbin könüllü təmin edilməsi üçün 10 gün müddət müəyyən edilmişdir. Lakin bu müddət ərzində icra sənədində olan tələb könüllü olaraq icra edilməmişdir. Bununla bağlı borclunun əmlak vəziyyətinin yoxlanılması üçün aidiyyəti təşkilatlara sorğular göndərilmişdir. Borclunun hazırda 30.294,50 manat borcu var. Göstərilənlərin nəzərə alınması və borclunun olkədən getmək hüququnun Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-4137/2021 saylı, xx.xx.2021-ci il tarixli icra sənədi icra olunanadək məhdudlaşdırılması xahiş edilmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 8(011)-1077/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadı ilə təqdimat təmin edilmiş, xx xxxxxx 1982-ci il tarixdə ünvan 1 ünvanında qeydiyyatda olan Borclu ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmışdır. Həmin qərardaddan Borclu şikayəti Bakı Apellyasiya Məhkəməsinin 8(103)-12/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ilə təmin edilmiş, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 8(011)-1077/2022 saylı qərardadı ləğv edilərək, təqdimata yenidən baxılması üçün iş həmin məhkəməyə göndərilmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsi tərəfindən təqdimata yenidən baxılaraq, qəbul edilmiş 8(011)-170/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadla təqdimat təmin edilmiş, xx xxxxxx 1982-ci il tarixdə ünvan 1 ünvanında qeydiyyatda olan Borclu ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmışdır. Həmin qərardaddan Borclu şikayət verərək, qərardadın ləğv edilməsini və təqdimatın təmin edilməməsini xahiş etmişdir. Borclu şikayətini onunla əsaslandırmışdır ki, o, ikinci qrup əlildir. Ağır xəstəlikdən əziyyət çəkir (infeksion və parazitar xəstəliklərlə təzahür olunan insanın immun çatışmazlıq virus (İİÇV) xəstəliyi, İİV-infeksiyası 3 klinik mərhələ. Kandidoz xəstəliyi ilə təzahür olunan İİÇV xəstəliyi, Oral kandidoz. Generalizə olunmuş limfadenopatiya ilə təzahür olunan İİÇV xəstəliyi). Xəstəliyi ilə bağlı müalicə və müayinə məqsədi ilə hər an ölkə hüdudlarından kənara çıxma ehtimalı vardır. Bundan başqa, əlilliyə görə dövlət tərəfindən ona 817,72 manat pensiya ödənilir. O, icra sənədinin icrasından boyun qaçırmır. Belə ki, bügünədək onun tərəfindən tələbkara 4.000 manat məbləğində ödəniş edilmişdir. Bundan başqa birgə nikahdan doğulmuş uşağın saxlanılması üçün hər ay tələbkara 500 manat məbləğində aliment ödəyir. Bakı şəhəri Xətai rayon İcra şöbəsi Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin tələblərini əsas götürərək, onun barəsində inzibati protokol tərtib etmiş və baxılması üçün məhkəməyə göndərmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 25 iyul 2022-ci il tarixli qərarı ilə o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 500 manat inzibati qaydada cərimə edilmişdir. Həmin qərardan onun şikayəti Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə təmin edilmiş, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin qeyd edilən qərarı ləğv olunmuş və inzibati xəta haqqında iş üzrə icraata xitam verilmişdir. Başqa sözlə, həmin qərarla onun icra məmurunun qanuni tələblərini yerinə yetirməməsi, icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra etməməsi faktı öz təsdiqini tapmamışdır. Bundan sonra o, ərizə ilə Xətai rayon İcra şöbəsinə müraciət edərək, icra sənədi üzə tutmanın onun pensiyasına yönəldilməsini xahiş etmişdir. Lakin onun ərizəsinə münasibət bildirilməmişdir. Bununla belə, hazırki təqdimatla məhkəməyə müraciət etməzdən əvvəl icra məmuru icra sənədinin üzürsüz səbəbdən icra edilməməsi səbəblərini müəyyənləşdirməlidir. Lakin icra məmuru nəinki müəyyənləşdirməmiş, həmçinin tələbin pensiyaya yönəldilməsi barədə ərizəsinə də münasibət bildirməmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 8(011)-170/2023 saylı qərardadı ilə şikayət təmin edilməyərək, mülki işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. İşdə iştirak edən şəxslərə şikayətə yazılı icraat qaydasında baxılması barədə əvvəlcədən məlumat (bildiriş) göndərilmiş, lakin şikayətlə bağlı hər hansı sənəd, habelə işə məhkəmə iclasında baxılması barədə vəsatət daxil olmamışdır. Məhkəmə kollegiyası şikayətin dəlillərini iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, şikayət təmin olunmamalı, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun: 3.1-ci maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir; 84-1.1-ci maddəsinə əsasən məhkəmə qərarları, əmrləri və vergi orqanlarının pul tələblərinin ödənilməsi ilə bağlı inzibati aktları əsasında verilmiş icra sənədləri könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, borclunun ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırıla bilər. Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə icra məmuru tərəfindən dərhal borclunun özünə, tələbkara və müvafiq icra hakimiyyəti orqanına məlumat verilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin xx.xx.2013-cü il tarixli 2-N nömrəli Kollegiya Qərarı ilə təsdiq edilmiş “Şəxsin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasının icra xidməti tərəfindən tətbiqi qaydaları haqqında Təlimat”ın 2.2-ci bəndinə əsasən borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması zərurəti yarandıqda icra məmuru təqdimatla məhkəməyə müraciət etməzdən əvvəl könüllü icra üçün bildirişin borcluya rəsmən təqdim olunmasını təmin edir, icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi səbəblərini müəyyənləşdirir, borcun ödənilməsi tələbinə dair icra sənədlərinin icrası zamanı borclunun əmlakının axtarılması üçün bütün tədbirləri həyata keçirir, o cümlədən onun yaşadığı mənzildə tələbin yönəldilə biləcəyi əmlakların olubolmamasını yoxlayır. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, icra haqqında qanunvericilikdə icra sənədinin icra şöbəsinə daxil olduğu gündən icra məmuru tərəfindən görülməli olan bütün tədbirlər təsbit edilmiş, o cümlədən icra sənədinin icrası “könüllü” və “məcburi” mərhələlərə bölünməklə hər mərhələ üzrə müddətlər və icra məmurlarının səlahiyyətləri dəqiqləşdirilmişdir. Könüllü icra müddətinin axımının da icra sənədi üzrə icraata başlamaq haqqında qərarın, tələbin könüllü icrası haqqında bildirişlə birlikdə borcluya təqdim edilməsi günündən hesablanması müəyyən edilmişdir. İcra sənədinin könüllü icra üçün müəyyən edilmiş müddət ərzində icra edilməməsi məcburi icra tədbirlərinin tətbiqi üçün əsas yaradır və bu tədbirlər çərçivəsində icra məmuru tərəfindən ilk olaraq, borclunun manatla və xarici valyuta ilə, o cümlədən banklarda və digər kredit təşkilatlarında pul vəsaitlərinin və başqa sərvətlərin olub-olmaması araşdırılmalı, bundan sonra onun digər əmlakının axtarılması və gəlirinin müəyyən edilməsi üçün bütün tədbirlər həyata keçirilməlidir. Bu tədbirlər çərçivəsində son hərəkət olaraq borclunun yaşadığı mənzildə tələbin yönəldilə biləcəyi əmlakların olub-olmaması müəyyən edilməlidir. Başqa sözlə, bütün bu tədbirlər bir nəticə vermədikdən sonra borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması ilə bağlı icra məmuru tərəfindən tədbirlər görülə bilər. Hazırki işin halları baxımından məhkəmə kollegiyası vurğulayır ki, qeyd edilən icra sənədi üzrə ümumilikdə 30.294,50 manat məbləğində borc mövcuddur. İcra sənədinin icraya yönəldilməsindən xeyli müddət ötməsinə baxmayaraq, icra sənədi bugünədək icra edilməmişdir. Bu səbəbdən Bakı şəhəri Xətai rayon İcra şöbəsi təqdimatla məhkəməyə müraciət edərək, icra sənədi icra edilənədək borclunun ölkədən getmək hüququnun məhdudlaşdırılmasını xahiş etmişdir. Həmin təqdimatın təmin edilməsindən narazı qalan borclu, birinci instansiya məhkəməsinin bu barədə qərardadını mübahisələndirmişdir. Şikayətə Bakı Apellyasiya Məhkəməsi tərəfindən baxılarkən borclunun mülkiyyətində olan əmlaka tələbin yönəldilməsinin mümkünlüyünün araşdırılmadığı, habelə həmin mənzildə tələbin yönəldilə biləcək əmlakların olub-olmamasının yoxlanılmadığı müəyyən edilmiş və bu səbəbdən birinci instansiya məhkəməsinin qərardadı ləğv edilərək, qeyd edilən məsələlərin həlli baxımından təqdimata yenidən baxılması üçün iş həmin məhkəməyə göndərilmişdir. Təqdimata birinci instansiya məhkəməsi tərəfindən yenidən baxılarkən aparılmış araşdırma zamanı həmin mənzilin onun yeganə yaşayış yeri olduğu müəyyən edilmişdir. Borclu şöbəyə yazdığı izahatında da bu halı təsdiq etmişdir. Həmçinin, icra məmurları tərəfindən həmin mənzilə keçirilmiş baxış zamanı mənzildə tələbin yönəldilə biləcəyi hər hansı qiymətli və yararlı, eyni zamanda mətbəx və ev əşyalarından başqa hər hansı əmlak aşkar edilməmişdir. Birinci instansiya məhkəməsi də qeyd edilən, habelə digər halları nəzərə alıb və bu sahəni tənzimləyən qanunvericiliyin müddəalarını rəhbər tutaraq, təqdimatı təmin etmişdir. Bununla belə, məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, tələbin könüllü icrası təmin edilmədiyindən məcburi icra tədbirlərin həyata keçirilməsi üçün hüquqi əsas yaranmış və bu tədbirlər çərçivəsində borclunun mülkiyyətində tələbin yönəldilməsi mümkün olan hər hansı məbləğdə pul vəsaiti, daşınar və daşınmaz əmlak aşkar edilməmiş, aldığı 817 manat pensiya məbləğindən başqa borclunun hər hansı növ gəlirinin olması müəyyən edilməmişdir. Borclu özü də icra şöbəsinə verdiyi izahatında maddi imkanının olmadığını, əmək fəaliyyəti ilə məşğul olmadığını, səhhətində problemlərin olduğunu, mülkiyyətində olan mənzilin yeganə yaşayış yeri olduğunu, başqa hər hansı əmlaka və gəlirə malik olmadığını göstərmişdir. Nəticə etibarı ilə dövlətin adından çıxarılmış və icrası məcburi olan məhkəmə qətnaməsinin icrası borclu tərəfindən bugünədək üzrsüz səbəbdən təmin edilməmişdir. Göstərilənlər öz növbəsində borclunun ölkədən getmək hüququnun həmin icra sənədi icra olunanadək məhdudlaşdırılması üçün əsas yaradır. Borclu şikayətində ödənilmiş məbləğin 4.000 manat təşkil etdiyini bildirsə də, bu halı təsdiq edən hər hansı sübut təqdim edə bilmir. Eyni zamanda, 2-ci qrup əlil olduğunu və xəstəliyinin müalicəsi ilə əlaqədar xarici ölkələrə getmək məcburiyyətində qaldığını bildirsə də, xəstəliyinin ölkə daxilində müalicəsinin olmamasını və müalicənin yalnız ölkə hüdudlarından kənarda mümkün olmasını təsdiq edən hər hansı sübut təqdim edə bilmir. Digər tərəfdən bu məqsədlə xarici ölkələrə getmək üçün də maddi vəsait tələb edilir. Bu baxımdan borclunun bu dəlilləri ilə onun maddi imkanının olmaması barədə dəlliləri öz növbəsində ziddiyyət təşkil edir. Beləliklə, məhkəmə kollegiyası Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)- 4137/2021 saylı, xx.xx.2021-ci il tarixli icra sənədinin bugünədək tam icra olunmadığını nəzərə alıb hesab edir ki, birinci instansiya məhkəməsi apardığı araşdırmanın nəticəsi üzrə haqlı olaraq təqdimatı təmin etmiş və Borclu ölkədən getmək hüququnu icra sənədi icra olunanadək məhdudlaşdırmışdır. Bu səbəbdən şikayət təmin olunmamalı, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 263-264-cü, 397-402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Borclu tərəfindən verilmiş şikayət təmin edilməsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 8(011)-170/2023 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №8(103)-115/2023
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №8(103)-115/2023
18.04.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver