Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(103)-116/2022 26.04.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X3 Eyvazov (sədrlik edən və məruzəçi), Şərafət Asif qızı Məmmədova və Fuad Fikrət oğlu Babayevdan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının 31 oktyabr 2018-ci il tarixli, 2(103)-9611/2018 saylı icra sənədi üzrə icraata xitam verilməsi barədə borclu X2 ərizəsinin təmin edilməməsi barədə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 28 fevral 2022-ci il tarixli, 8(011)-12/2022 nömrəli qərardadından borclu tərəfindən verilmiş şikayət üzrə işə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının 31 oktyabr 2018-ci il tarixli, 2(103)-9611/2018 saylı icra sənədi üzrə icraata xitam verilməsi barədə borclu X4 ərizə ilə birinci instansiya məhkəməsinə müraciət edərək, həmin icra vərəqəsinin qızıllara aid hissədə icra olunduğuna görə icraata xitam verilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 28 fevral 2022-ci il tarixli, 8(011)-12/2022 nömrəli qərardadı ilə (hakim İlahə Abbasova) ərizəsi təmin olunmamışdır. Borclu həmin qərardaddan şikayət vermiş, şikayət Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 28 mart 2022-ci il tarixli qərardadı ilə təmin edilməyərək, baxılması üçün işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Prosessual məsələlər: İşə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra, MPM) 397.2-ci maddəsinə əsasən yazılı icraat qaydasında baxılmış, bu barədə tərəflərə əvvəlcədən məlumat (bildiriş) göndərilmiş, şikayətə etiraz, həmçinin tərəflərin işə məhkəmə iclasında baxılması barədə vəsatətləri daxil olmamışdır. Hüquqi məsələlər: Məhkəmə kollegiyası, şikayətin dəlililərini iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, şikayət təmin olunmamalı, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının 31 oktyabr 2018-ci il tarixli, 2(103)-9611/2018 saylı icra sənədindən görünür ki, borclu X1 Tələbkar Həmdulla qızının xeyrinə Bakı şəhəri, Xətai rayonu, General Şıxlinski küçəsi, 2 saylı evin, 1 saylı mənzilində qalan qızıl-zinət və digər əşyaların (mebel, məişət, geyim və s əşyalar) qaytarılması qət olunmuşdur. Borclu icra sənədinin qismən, yəni qızıl-zinət əşyaları hissədə icra olunması əsası ilə icraata xitam verilməli olmasını bildirir. Halbuki, “İcra haqqında” Qanunun 20.1 və 20.1.5-ci maddələrinə əsasən icra sənədi tam icra olunduqda icra sənədi üzrə icraata xitam verilir. Həmin Qanunun 20.2-ci maddəsinə əsasən, icra sənədi üzrə icraata xitam verilməsi barədə icra məmuru tərəfindən əsaslandırılmış qərar qəbul edilir. Həmin Qanunun 20.5 və 20.6-cı maddələrinə əsasən, tərəflər və icra sənədini vermiş digər orqan qərarın onlara təqdim olunduğu (onlar tərəfindən alındığı) gündən 10 gün müddətində həmin qərardan müvafiq məhkəməyə şikayət verə bilərlər. Göründüyü kimi, icra sənədi tam icra olunduqda icraata icra məmuru tərəfindən xitam verilə bilər. Borclu isə icra sənədinin tam icra olunması ilə bağlı sübutları təqdim etməmiş, əksinə ərizəsində icra sənədinin qismən (qızıl-zinət əşyalarına aid hissədə) icra olunduğunu qeyd etmişdir. Həmçinin, qeyd edilməlidir ki, məhkəmə qərarının uzun müddət ərzində icra edilməməsi isə daxili qanunvericiliyin tələblərinin pozulması ilə yanaşı, həmçinin, «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Konvensiyanın 6-cı maddəsinə də ziddir. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 6-cı maddəsinin birinci bəndinə görə, hər kəs onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işin ədalətli və açıq araşdırılması hüququna malikdir. Avropa İnsan Hüquqları Məhkəməsinin «Əfəndiyeva Azərbaycana qarşı» (2007) işdə olan hüquqi mövqeyinə görə ki, 6-cı maddənin yalnız məhkəməyə müraciət hüququ ilə və məhkəmə prosesinin həyata keçirilməsi ilə bağlı olan maddə kimi şərh edilməsi iştirakçı dövlətlərin Konvensiyanı ratifikasiya edərkən hörmət etməyi öhdələrinə götürdükləri qanunun aliliyi prinsipinə zidd olan situasiyalara gətirib çıxara bilər. Buna görə də hər hansı məhkəmə tərəfindən çıxarılmış qərarın icrası 6-cı maddənin məqsədləri üçün «məhkəmə araşdırmasının» tərkib hissəsi sayılmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 30 mart 2006-cı il tarixli Qərarında qeyd edilir ki, Avropa Konvensiyasının iştirakçısı olan dövlətin hüquq sistemi qanuni qüvvəyə minmiş və icra edilməli olan qətnamənin tərəflərdən birinə münasibətdə icrasız qalmasına imkan versəydi, onda ədalətli məhkəmə baxışında olan hüquq xəyali xarakter alardı. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin olunmamalı, qərardad dəyişdirilmədən saxlanılmalıdır. MPM-in 398.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Şərh olunanlara əsasən və MPM-in 263-264, 357-358, 366, 395, 397-400-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının 31 oktyabr 2018-ci il tarixli, 2(103)-9611/2018 saylı icra sənədi üzrə icraata xitam verilməsi barədə borclu X2 ərizəsinin təmin edilməməsi barədə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 28 fevral 2022-ci il tarixli, 8(011)-12/2022 nömrəli qərardadından borclu tərəfindən verilmiş şikayət təmin olunmasın. İş üzrə Bakı şəhəri Xətai rayon Məhkəməsinin 28 fevral 2022-ci il tarixli, 8(011)- 12/2022 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir, ondan kassasiya qaydasında şikayət verilə bilməz. Sədrlik edən Rafael Eyvazov Hakimlər Şərafət Məmmədova Fuad Babayev
Məhkəmə qərarları › İş №8(103)-116/2022
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №8(103)-116/2022
26.04.2022 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver