Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(103)-116/2025 07.04.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Tələbkar X4 tərəfindən Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 8(004)-116/2025 nömrəli icra sənədi üzrə Bakı şəhəri Yasamal rayon İcra şöbəsinin hərəkətsizliyindən verilmiş şikayət barədə icraat üzrə (Açar sözlər: şikayət təmin edilməmişdir) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X5 (sədrlik edən və məruzəçi), Sarıyev Xəyal Əjdər oğlu və X2 ibarət tərkibdə, Tələbkar X4 tərəfindən Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 8(004)-116/2025 nömrəli icra sənədi üzrə Bakı şəhəri Yasamal rayon İcra şöbəsinin hərəkətsizliyindən verilmiş şikayət barədə icraat üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 8(004)-116/2025 nömrəli qərardadından tələbkar tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İş üzrə qəbul edilmiş məhkəmə aktları:
1. Tələbkar X4 şikayətlə məhkəməyə müraciət edərək, Bakı şəhəri Yasamal rayon İcra şöbəsinin icra sənədi üzrə hərəkətsizliyinin qanunsuz hesab edilməsi, icra sənədinin icrasına maneələr, o cümlədən miras əmlaka məhkəmə tərəfindən tanınan hüquqların təmin edilməsi, daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatının təmin edilməsini xahiş etmişdir.
2. Şikayət onunla əsaslandırılmışdır ki, Bakı Apellyasiya Məhkəməsinin 25 oktyabr 2023-cü il tarixdə qüvvəyə minmiş xx.xx.2022-ci il tarixli, 2(103)-6279/2022 sayl qətnaməsi icra sənədi olaraq xx.xx.2023-cü il tarixdə verilib və icra vərəqəsinin icrası Bakı şəhəri, Yasamal rayon İcra şöbəsinə həvalə olunub ki, və bu barədə də icra şöbəsinin icra məmuru X1 tərəfindən, 01 dekabr 2023-cü il tarixdə, icra sənədi üzrə icraata başlamaq haqqında qərar imzalanıb. İcra şöbəsi icraatına götürdüyü icra vərəqəsini icra olunması üçün Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə göndərib. 1 saylı Bakı Ərazi İdarəsindən isə xx.xx.2024-cü il tarixli məktubla bildirilmişdir ki, icra vərəqəsinin 5-ci hissəsində qeyd olunan əmlaklar üzərində hüquqlar, daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmadığından, icra vərəqəsinin icrası mümkün deyil. (Halbuki, qeyd olunan həmin əmlaklara hüquqlar məhkəmə tərəfindən tanınıb və daşınmaz əmlakın dövlət reyestri haqqında qanuna görə də (8.0.4) məhkəmə qətnaməsi dövlət reyestrində əmlak üzərində hüququn qeydiyyatı üçün əsas sənəd hesab olunur). İcra şöbəsi isə icra vərəqəsinin icrasından idarəninə əsassız imtinasına münasibətini hərəkəti ilə bildirmək əvəzinə hərəkətsizlik göstərir və onlara bu hərəkətsizliyini onunla izah edir ki, məhkəmə icra vərəqəsində hüquqların qeydiyyata alınmasını, daşınmaz əmlakın dövlət reyestrinə həvalə etməli olduğu halda icra şöbəsinə həvalə edib. “ İcra haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasında məhkəmə və digər orqanların qərarlarının məcburi icrası icra məmurları tərəfindən həyata keçirilir. Demək, icra məmurunun vəzifəsi dövlətin adından çıxarılmış və qanuni qüvəyə minmiş məhkəmə aktının icrasını təmin etməkdir, mübahisələndirmək yaxud təftiş etmək deyil. Yuxarıda qeyd edilən apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ilə miras qalmış əmlaklar üzərində paylar müəyyən edilib və həmin payların payçılarının adına qeydiyyata alınması qaydasına dair daşınmaz əmlakın dövlət kadastrı və reyestri publik hüquqi şəxsin 1 saylı Bakı ərazi idarəsinə məhkəmə göstərişinin olmaması və yaxud ərazi idarəsinin imtinasında qeyd etdiyi hallar icra sənədinin icrasına maneə sayıla bilməz. Belə hal baş veribsə o halda hesab edirlər ki, onların, icra məmurunun qərarını, hərəkətlərini yaxud icra vəqəsinin icrası ilə əlaqədar hərəkətsizliyini mübahisələndirmək hüquqları var və onlar bildirirlər ki, icra vərəqəsinin icrası ilə əlaqədar Yasamal rayon İcra şöbəsinin hərəkətsizliyi qanunsuzdur. Ona görə ki, icra sənədi icra edilərkən icra sənədinin təsviri-əsaslandırıcı hissəsində müəyyən olunmuş göstərişlərin məcburiliyi icra məmuru tərəfindən nəzərə alınmalıdır. Çünki, icra məmuru qanunla ona verilmiş səlahiyyətləri bilməmiş deyil.
3. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 8(004)-116/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadı ilə tələbkar X3 “Bakı şəhəri Yasamal rayon İcra şöbəsinin icra sənədi üzrə hərəkətsizliyinin qanunsuz hesab edilməsi, icra sənədinin icrasına maneələr, o cümlədən miras əmlaka məhkəmə tərəfindən tanınan hüquqların təmin edilməsi, daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatının təmin edilməsi” tələbinə dair şikayət ərizəsinin təmin edilməməsi qərara alınmışdır.
4. Birinci instansiyası məhkəməsi qərardadını onunla əsaslandırmışdır ki, icra sənədinin icrası ilə bağlı icra orqanı tərəfindən bütün mümkün icra tədbirləri həyata keçirilmiş, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinə dəfələrlə müraciət edilmiş, lakin, hüquqların qeydiyyatını təmin edən Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi tərəfindən hüquqların qeydiyyatı əsassız olaraq imtina edilmişdir. Hazırki icra sənədi üzrə icra orqanının hərəkətsizliyi müəyyən edilmir. İcra orqanı tərəfindən Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinə zəruri sorğular verilmişdir. Doğrudur ki, icra vərəqəsi bütün dövlət orqanları, təşkilatlar, fiziki və hüquqi şəxslər üçün məcburidir və icra edilməlidir. Hazırki dövrdə Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin faktiki davranışları (imtina xarakterli hərəkətləri) və həmin inzibati orqana qarşı inzibati məhkəmə icraatı qaydasında baxılan işlər nəzərə alınmaqla hesab edilir ki, həmin icra vərəqəsi üzrə hüquqlarının qeydiyyatı məhz inzibati məhkəmə icraatı qaydasında həll edilməlidir (inzibati məhkəmə icraatı qaydasında da müvafiq inzibati orqanların öz yanlış təcrübələrini düzəltməməsi halları və yeni formada qanunsuz inzibati aktların qəbul edilməsi halları çoxluq təşkil edir). Problemin effektiv aradan qaldırılması üsulu budur. Çünki, təcrübə göstərir ki, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi başqa formada müvafiq qeydiyyatın aparılmasını təmin etmirlər. Oxşar mübahisələr üzrə sözügedən problemləri inzbati məhkəmə qaydasında tam şəkildə həll etmək mümkün olmursa, icra orqanından məhkəmə qərarının icrasının tələb etmək effektiv nəticələrə səbəb olmayacaqdır. Əlavə inzibati məhkəmə icraatı qaydasında mübahisələrin yaranması, hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi mülki icraat qaydasında qəbul edilmiş məhkəmə qətnaməsinin hüquqi qüvvəsini zəiflətməklə “hüquqi müəyyənlik” prinsipinə ziddir, dövlət orqanlarının fəaliyyəti ilə bağlı qarşılıqlı fəaliyyətin təmin edilməsinə uyğun deyildir. Məhkəmənin müvafiq qərarı da, inzibati orqanın müvafiq hərəkətləri də müstəqil olaraq onların öz adından deyil, hakimiyyət subyekti kimi dövlətin funksional vəzifələrindən doğur. Tələbkarlara izah edilir ki, daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatına alınması ilə bağlı Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin müvafiq imtina qərarından və ya hərəkətsizliyindən inzibati məhkəməyə müraciət edilə bilər.
Şikayətin dəlilləri, birinci instansiya məhkəməsinin şikayətə dair gəldiyi nəticə və şikayətə etirazın dəlilləri:
5. Tələbkar X4 tərəfindən Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 8(004)-116/2025 nömrəli qərardadından şikayət verilərək, qərardadın ləğv edilməsi xahiş edilmişdir.
6. Şikayət onunla əsaslandırılmışdır ki, şikayət ərizəsində istinad etdikləri “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsinin tələbi deməyə əsas verir ki, Bakı şəhəri, Yasamal Rayon məhkəməsinin, xx.xx.2025-ci il tarixli, 8(004)-116/2025 №-li qərardadı əsaslı sayıla bilməz. Belə ki, qeyd olunan normanın tələbi belədir ki, ....Azərbaycan Respublikasında məhkəmə və digər orqanların qərarlarının məcburi icrası icra məmurları tərəfindən həyata keçirilir. Demək, icra məmurunun vəzifəsi dövlətin adından çıxarılmış və qanuni qüvəyə minmiş məhkəmə aktının icrasını təmin etməkdir, mübahisələndirmək yaxud təftiş etmək deyil. Hərəkətsizliyindən şikayətçi olduqları icra orqanının icraatına verilmiş icra vərəqəsi ilə....miras qalmış əmlaklar üzərində paylar müəyyən edilib və həmin payların payçılarının adına qeydiyyata alınması qaydasına dair daşınmaz əmlakın dövlət kadastrı və reyestri publik hüquqi şəxsin 1 saylı Bakı ərazi idarəsinə məhkəmə göstərişinin olmaması və yaxud ərazi idarəsinin imtinasında qeyd etdiyi hallar icra sənədinin icrasına maneə sayıla bilməz. Belə hal baş verdiyi halda da necə ki, baş verib, onların, icra məmurunun qərarını, hərəkətlərini yaxud icra vəqəsinin icrası ilə əlaqədar hərəkətsizliyini mübahisələndirmək hüqumuz yaranmış olur. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 87.1-ci maddəsidə məhz icra məmurunun hərəkətlərindən və ya hərəkətsizliyindən verilən şikayətlərə dair məsələni tənzimləyir. Məhkəmə qərarının icrası məhkəmə müdafiəsi hüququnun tərkib hissəsi və davamı kimi qəbul edildiyindən, məhkəmə qərarının icrası ilə bağlı icra məmurunun qərar və hərəkətlərindən (hərəkətsizliyindən) şikayətlərə də məhz icra sənədini vermiş və icraya nəzarət edən məhkəmə tərəfindən baxılmalıdır. Bunlardan əlavə tərəflərindən həm inzibati məhkəməyə müraciətləri ilə əlaqədar həm də icra vərəqəsinə izahın verilməsi tələbləri ilə əlaqədar qəbul edilmiş qərar və qətnamələrdə də Bakı şəhəri, Yasamal rayon məhkəməsinin, xx.xx.2025-ci il tarixli, 8(004)-116/2025 say qərardadı üzrə nəticə təkzib olunur.
7. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 8(004)-116/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadı ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 8(004)- 116/2025 saylı qərardadından tələbkar X4 tərəfindən verilmiş şikayət təmin edilməmiş və şikayətin mülki işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır.
8. Şikayətə Azərbaycan Respublikası MPM-in 10.8-1 və 397.2-ci maddələrinə uyğun olaraq yazılı icraat qaydasında baxılır.
9. Şikayətə qarşı yazılı etiraz daxil olmamışdır.
Tətbiq edilən hüquq normaları:
10. “İcra haqqında” Azərbaycan Respublikasının Qanunu:
Maddə 2.1. Azərbaycan Respublikasında məhkəmə və digər orqanların qərarlarının məcburi icrası icra məmurları tərəfindən həyata keçirilir. Maddə 3.1. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Maddə 8.1. İcra sənədinin icraya yönəldilməsi bilavasitə müvafiq qərarı çıxarmış məhkəmənin və ya digər orqanın vəzifəsidir. İcra sənədi bu Qanunun 7-ci maddəsində nəzərdə tutulan tələblərə uyğundursa, icra məmuru icra sənədini məhkəmədən və ya digər orqandan qəbul etməli və icraata başlamalıdır. Maddə 8.2. İcra məmuru icra sənədini aldığı vaxtdan üç gün müddətində icraata başlamaq haqqında qərar qəbul edir. Maddə 8.5. Tərəflər icraata başlamaq haqqında qərardan, onun surətini aldıqdan sonra 10 gün müddətində məhkəməyə şikayət edə bilərlər.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
11. Məhkəmə kollegiyası şikayətin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.
12. Belə ki, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-6279/2022 nömrəli xx.xx.2022-ci il tarixli icra sənədi üzrə Bakı şəhəri Yasamal rayon İcra Şöbəsinin xx.xx.2023-cü il tarixli icraata başlamaq haqqında qərarına əsasən müəyyən edilir ki, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-6279/2022 nömrəli xx.xx.2022-ci il tarixli icra sənədi əsasında icraat başlanılmışdır.
13. ƏMDX Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin Bakı şəhəri Yasamal rayon İcra Şöbəsinə ünvanladığı xx.xx.2024-cü il tarixli məktubuna əsasən müəyyən edilir ki, Bakı Apellyasiya Məhkəməsinin 2(103)- 6279/2022 nömrəli xx.xx.2022-ci il tarixli icra sənədinin 5-ci hissəsində qeyd olunan əmlaklar üzərində hüquqlar daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmadığından icra sənədinin icrası müvafiq hissədə mümkün olmamışdır. Bununla bağlı Bakı şəhəri Yasamal rayon İcra Şöbəsinə əvvəllər də müvafiq məktublar ünvanlanmışdır.
14. Məhkəmə kollegiyası şikayətinin təmin edilməməsi qənaətinə gələn birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, icra işinin materialları araşdırılarkən müəyyən edilir ki, icra sənədinin icrası ilə bağlı Bakı şəhəri Yasamal rayon İcra Şöbəsinin xx.xx.2023-cü il tarixli icraata başlamaq haqqında qərarı qəbul edilmiş, ƏMDK Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinə 17 may 2024-cü il tarixli, xx/xx- 295555/2-4622 nömrəli, 24 iyun 2025-ci il tarixli, e295555/2023-53-16-004 nömrəli, 01 iyul 2024-cü il tarixli, xx/xx-295555/2-6295 nömrəli, 04 oktyabr 2024-cü il tarixli, e295555/2023-53-16-004 nömrəli məktublar göndərilmişdir. Lakin ƏMDK Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi müxtəlif səbəblərlə icra sənədini icra etməməkdən yayınmışdır.
15. Göründüyü kimi, hazırkı halda icra sənədi üzrə Bakı şəhəri Yasamal rayon İcra Şöbəsinin hər hansı hərəkətsizliyinin olması halı müəyyən edilmir.
16. “İnzibati orqanların Təsnifatı”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli 136 nömrəli qərarına əlavə edilmiş siyahıdan görünür ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında ƏMDX Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsi inzibati orqandır.
17. Qanunvericiliyin tələbinə görə inzibati orqanların hərəkət və hərəkətsizlikləri Azərbaycan Respublikası “İnzibati icraat haqqında” Qanununa əsasən və həmçinin inzibati mühakimə icraatı qaydasında mübahisələndilir. Hazırkı halda ərizəçinin ƏMDX Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin hərəkətsizliyindən inzibati icraat qaydasında şikayət vermək hüququ vardır.
18. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 8(004)-116/2025 nömrəli icra sənədi üzrə Bakı şəhəri Yasamal rayon İcra şöbəsinin hərəkətsizliyindən verilmiş şikayətin rədd edilməsi ilə bağlı düzgün qənaətə gəlmişdir.
19. Mülki Prosessual Məcəllənin 398.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır.
20. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 397, 398, 400-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Q Ə R A R A A L D İ:
Şikayət təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 8(004)-116/2025 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.
Sədrlik edən hakim imza: Günay Axundova Hakimlər imzalar: Xəyal Sarıyev Fərrux Qasımov