Məhkəmə qərarları › İş №8(103)-117/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №8(103)-117/2021

10.03.2021 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(103)-117/2021 10.03.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Babayev Fuad Fikrət oğlunun sədrliyi ilə, Mərdanova Xumar Afət qızı və Həsənov Elnur Məmmədsaat oğlundan ibarət tərkibdə, Musayev Şahəli Calal oğlunun katibliyi ilə, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 8(001)-47/2021 saylı, xx xxxxxx 2021ci il tarixli qərardadından Bakı şəhəri Binəqədi rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Kamran Mirzəyev tərəfindən verilmiş şikayətə əsasən işə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Binəqədi rayon icra və probasiya şöbəsinin icra məmuru Kamran Mirzəyev Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-2040/2018 saylı, xx xxxxxx 2018-ci il tarixli icra sənədinin icrasını təmin etmək məqsədi ilə borclu Məhərrəmov Cavad Yaqub oğlunun birgə nikahda olduğu Parxomenko Nonna Anatolyevnaya məxsus “Nissan Primera” minik markalı, **-FY-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulmasına dair təqdimatla məhkəməyə müraciət etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-2040/2018 saylı, xx xxxxxx 2018-ci il tarixli icra sənədinə əsasən cavabdeh Məhərrəmov Cavad Yaqub oğlundan 239,71 manat pul vəsaiti və 20 manat məbləğində ödənilmiş dövlət rüsumu tutularaq “xxxx” MMC-yə ödənilməlidir. İcra vərəqəsi üzrə icraata başlanılmış və tələbin könüllü icrası barədə borcluya bildiriş verilsə də, tələb təmin edilməmişdir. “Elektron-icra” sistemində borclu Məhərrəmov Cavad Yaqub oğlunun hesablarında pul vəsaitinin olması aşkar edilməsə də, birgə nikada olduğu Parxomenko Nonna Anatolyevnaya məxsus “Nissan Primera” minik markalı, **-FY-*** dövlət qeydiyyat nişanlı avtomobil aşkar edilmişdir. Yaranmış borcun borclunun birgə nikahda olduğu Parxomenko Nonna Anatolyevnaya məxsus “Nissan Primera” minik markalı, 99- FY-325 dövlət qeydiyyat nişanlı avtomobilinə yönəldilməsi məqsədi üzərinə həbs qoyulması məqsədəmüvafiqdir. Göstərilənlərə əsasən təqdimatın təmin edilməsi məhkəmədən xahiş edilmişdir. Həmin qərardaddan Bakı şəhəri Binəqədi rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Kamran Mirzəyevin verdiyi şikayət məhkəmənin xx xxxxxx 2021-ci il tarixli qərardadı ilə təmin edilməyərək baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Şikayət təqdimatın məzmununa uyğun əsaslandırılmışdır. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq icra sənədi üzrə tərəflər, habelə icra şöbəsinin nümayəndəsi məhkəmə iclasına gəlmədiklərindən, MPM-in 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə kollegiyası iş materiallarını və şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət təmin edilmədən, birinci instansiya məhkəməsinin qərardadı isə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarında olan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)- 2040/2018 saylı, xx xxxxxx 2018- ci il tarixli məhkəmə əmrindən görünür ki, xx xxxxxx 1975-ci ildə Quba şəhərində anadan olmuş, ünvan 1 ünvanında qeydiyyatda olan Məhərrəmov Cavad Yaqub oğlundan ünvan 2 ünvanda yerləşən “xxxx” MMC-nin xeyrinə 199,76 manat əsas borc, 39,95 manat cərimə borcu olmaqla, ümumilikdə 239,71 manat və dövlət rüsumu kimi ödənilmiş vəsaitin əvəzi qismində 20 manat məbləğində pul vəsaitinin tutulması əmr edilmişdir. İş materiallarında olan Binəqədi rayon icra və probasiya şöbəsinin icra məmuru Səvxan Abasov tərəfindən qəbul edilən xx xxxxxx 2018-ci il tarixli qərar və bildirişin təsdiq edilmiş surətlərindən görünür ki, Bakı şəhər Binəqədi Rayon Məhkəməsinin 2(001)- 2040/2018 saylı, xx xxxxxx 2018-cı il tarixli icra sənədi üzrə icraat başlanılmış, könüllü icra barədə bildiriş tərəflərə göndərilmişdir. İş materiallarında olan Bakı şəhəri Binəqədi Rayon Qeydiyyat Şöbəsi tərəfindən Binəqədi rayon icra və probasiya şöbəsinin sorğusuna cavab olaraq göndərilən xx xxxxxx 2020-ci il tarixli məktubundan görünür ki, VVAQ avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə əsasən Məhərrəmov Cavad Yaqub oğlunun adına Nərimanov rayon QŞ-də 97 saylı, xx xxxx 2018-ci il tarixli nikah haqqında akt qeydi tərtib edilmişdir. Elektron portalın çıxarışından görünür ki, Məhərrəmov Cavad Yaqub oğlunun həyat yoldaşı Parxomenko Nonna Anatolyevnaya məxsus “Nissan Primera” minik markalı, 99- FY-325 dövlət qeydiyyat nişanlı avtomobil aşkar edilmişdir. “İcra haqqında” Qanunun 43.1.1-ci maddəsinə əsasən borclunun əmlakı üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəldilməsi məcburi icra tədbiridir. Həmin qanunun 45-ci maddəsində isə tələbin borclunun əmlakına yönəldilməsinin bu əmlakın üzərinə həbs qoyulmasından, götürülməsindən və satılmasında ibarət olduğu vurğulanaraq (45.1-ci maddə) bu icra tədbirinin həyata keçirilməsinin ardıcıllığı müəyyənləşdirilmiş, icra sənədləri üzrə tələbin ilk növbədə borclunun manatla və xarici valyuta ilə, o cümlədən banklarda və digər kredit təşkilatlarında olan pul vəsaitlərinə və başqa sərvətlərinə yönəldildiyi (45.2-ci maddə), tələbkarın tələblərinin təmin edilməsi üçün borclunun yetərli pul vəsaitləri olmadıqda, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq tələbin yönəldilə bilmədiyi əmlak istisna olmaqla, tələbin borcluya məxsus olan digər əmlaka yönəldildiyi (45.6-cı maddə) nəzərdə tutulmuşdur. Qanunun mənasına görə, tələbin borclunun hər hansı daşınar, yaxud daşınmaz əmlakına yönəldilməsi onun pul vəsaitlərinin və başqa sərvətlərinin olmamasının müəyyən edilməsindən, eləcə də həmin əmlakların tələbin yönəldilməsi qadağan olunmayan əmlak kateqoriyasına aid olmasından asılıdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32.1-ci maddəsinə əsasən nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. Həmin Məcəllənin 32.2.2-ci maddəsinə əsasən ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit idarələrinə və ya sair kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ər-arvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ər-arvadın qazandığı hər hansı sair əmlak ər-arvadın ümumi birgə mülkiyyətinə daxildir. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən nikaha daxil olanadək onlara məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir (ərarvaddan hər birinin əmlakıdır). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 225.1 və 225.2-ci maddələrinə əsasən ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir. Nikaha girənədək ər-arvaddan hər birinə mənsub olmuş əmlak, habelə onlardan birinin nikah dövründə hədiyyə kimi və ya vərəsəlik qaydasında aldığı əmlak onun mülkiyyətidir. Kollegiya qeyd edir ki, Binəqədi Rayon İcra və Probasiya şöbəsinin icra məmuru Kamran Mirzəyev tərəfindən məhkəməyə göndərilmiş təqdimata, habelə icra işinə üzərinə həbsin qoyulması xahiş olunan “Nissan Primera” minik markalı, **-FY-*** dövlət qeydiyyat nişanlı avtomobilin Parxomenko Nonna Anatolyevna ilə Məhərrəmov Cavad Yaqub oğlunun birgə nikah müddətində əldə edildiyi və həmin avtomobilin onların ümumi birgə mülkiyyəti olmasına, yəni həmin əmlakın nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə edilmədiyinə dair hər hansı sənəd əlavə edilməmişdir. Bundan əlavə, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 45.8-ci maddəsinə əsasən borclunun ümumi mülkiyyətdə əmlakı olduqda, tələb Azərbaycan Respublikasının mülki qanunvericiliyinə uyğun olaraq onun ümumi mülkiyyətdə olan payına yönəldilir. Kollegiya həmçinin qeyd edir ki, üzərinə həbsin qoyulması xahiş edilən avtomobil ümumi birgə mülkiyyəti olsa belə, icra qanunvericiliyinə əsasən tələb borclunun ümumi mülkiyyətdə olan payına yönəldilir. Bunun üçün isə borclunun ümumi mülkiyyətdə ilkin olaraq payı müəyyən edilməlidir ki, tələb həmin paya yönəldilə bilsin. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, şikayətin dəlilləri mübahisələndirilən qərardadın ləğvi üçün əsas təşkil etmir. Mülki Prosessual Məcəllənin 398.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397-398, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: Şikayət təmin edilməsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 8(001)-47/2021 saylı, xx xxxxxx 2021ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Sədrlik edən hakim: Fuad Babayev Hakimlər: Xumar Mərdanova Elnur Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar