Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(103)-117/2023 17.04.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Borcluya məxsus mənzilin üzərinə həbs qoyulması barədə icraat üzrə (Açar sözlər: əmlak üzərinə həbs qoyulması) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X3 (sədrlik edən və məruzəçi), Eyvazov Rafael Əmir oğlu və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Bakı şəhəri Nəsimi Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Ramin Quliyevin “borcluya məxsus mənzilin üzərinə həbs qoyulması” barədə təqdimatının təmin edilməsinə dair Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 8(006)-459/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadından Borclu tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İş üzrə qəbul edilmiş məhkəmə aktları:
1. Bakı şəhəri Nəsimi Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Ramin Quliyev məhkəməyə təqdimatla müraciət edərək Borclu məxsus mənzilin üzərinə həbs qoyulması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. .
2. Təqdimat onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-957/2021-014 saylı, xx.xx.2021-ci il tarixli icra sənədi üzrə Borclu 396000 manat məbləğində pul vəsaiti və dövlət rüsumu tutularaq tələbkar X1 xeyrinə ödənilməlidir. İcra sənədi xx.xx.2021-ci il tarixdə Bakı şəhəri Nəsimi rayon İcra şöbəsinə daxil olmuş və qanuna müvafiq qaydada icraya yönəldilmişdir. İcraata başlamaq haqqında qərar qəbul olunaraq, surəti bildirişlə bərabər icra sənədi üzrə Borclu icra sənədində qeyd olunan ünvanına göndərilmişdir. Borclu könüllü icra müddətində icra sənədi üzrə tələbi təmin etmədiyi üçün borclunun əmlak vəziyyətini yoxlamaq məqsədilə elektron sistem vasitəsilə sorğular edilmişdir. Belə ki, “Elektron icra” informasiya sistemindən əldə olunmuş sorğu məlumatına əsasən müəyyən olunmuşdur ki, Borclu məxsus olan Bakı şəhəri, Nəsimi rayonu, Dilarə Əliyeva küçəsi, ev 235A, mənzil 35 müəyyən edilmişdir. İcra sənədinin icrasını təmin etmək məqsədilə məcburi icra tədbirləri kimi borclunun əmlakının üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəlməsi barədə məcburi icra tədbirləri tətbiq edilməlidir.
3. Bakı şəhəri Nəsimi rayon məhkəməsinin 8(006)-459/2022 saylı, xx.xx.2022-ci il qərardadı ilə təqdimatın təmin edilərək, Borclu mülkiyyətində olan Bakı şəhəri, Nəsimi rayonu, Dilarə Əliyeva küçəsi 235 A saylı evin, 35 nömrəli mənzilin üzərinə həbs qoyulması qərara alınmışdır.
4. Birinci instansiyası məhkəməsi qərardadını onunla əsaslandırmışdır ki, iş materiallarında olan Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-957/2021- 014 saylı, xx.xx.2021-ci il tarixli icra sənədi üzrə Borclu 396000 manat məbləğində pul vəsaiti tutularaq tələbkar X1 xeyrinə ödənilməlidir. xx.xx.2022-ci il tarixdə borclunun əmlakının üzərinə həbs qoyulması barədə qərardan görünür ki, icra sənədi üzrə Borclu mülkiyyətində olan Bakı şəhəri, Nəsimi rayonu, Dilarə Əliyeva küçəsi 235 A saylı evin, 35 nömrəli mənzilinin üzərinə həbs qoyulmalıdır. xx.xx.2022-ci il tarixli məktubdan görünür ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-957/2021-014 saylı, xx.xx.2021-ci il tarixli icra sənədi üzrə borclunun mülkiyyətində olan əmlakın üzərinə həbs qoyulması ilə bağlı icra məmurunun qərarı icra olunması üçün Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə göndərilmişdir. xx.xx.2022-ci il tarixli, xx.xx.2022-ci il tarixli, xx.xx.2022-ci il tarixli Aktlardan görünür ki, Borclu mülkiyyətində olan Bakı şəhəri, Nəsimi rayonu, Dilarə Əliyeva küçəsi 235 A saylı evin, 35 nömrəli mənzildə borclunu tapmaq mümkün olmamışdır. Məhkəmə təqdimatı və iş materiallarını nəzərdən keçirərək hesab etmişdir ki, təqdimat təmin edilməlidir. Şikayətin dəlilləri, birinci instansiya məhkəməsinin şikayətə dair gəldiyi nəticə və şikayətə etirazın dəlilləri:
5. Borclu Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 8(006)- 459/2022 saylı qərardadından şikayət verərək, qərardadın ləğv edilməsini, Bakı şəhəri Nəsimi Rayon İcra və Probasiya Şöbəsinin təqdimatının təmin edilməsini xahiş etmişdir.
6. Şikayət onunla əsaslandırılmışdır ki, Nəsimi Rayon Məhkəməsində heç bir araşdırma aparılmadan qanunsuz və əsassız onun yeganə mülkiyyətində olan evinə həbs qoyulmuşdur. İcra məmuru tərəfindən icra sənədinə o qədər səthi yanaşılmışdır ki, icra sənədinə müştərək və dövlət rüsumunun alınması barədə heç bir göstəriş olmamasına baxmayaraq icra məmuru tərəfindən öz təxəyyülü nəticəsində olmayan sözlər qeyd olunmuşdur. Belə ki, icra məmurunun təqdimatda qeyd etdikləri, guya ki, onun yerini müəyyənləşdirmək mümkün olmaması barədə bildirdikləri cəfəngiyyatdan başqa bir şey deyildir. O, dəfələrlə icra şöbəsində olmuşdur, izahatlar vermişdir və xx.xx.2022-ci il tarixində İcra şöbəsinə rəsmi qaydada müraciət edərək, əmək haqqına yönəlməsi və tərəfindən ödənişlər edilməsi üçün ona tələbkarın hesab nömrəsinin verilməsini xahiş etsə də, üzərindən 10 aya yaxın vaxt keçməsinə baxmayaraq, ona heç bir məlumat verilməmişdir. Eyni zamanda onun mülkiyyətində olan “Volkswagen” Passat” minik markalı, **-HY-*** dövlət qeydiyyat nişanlı avtomobilinin üzərinə Nəsimi Rayon Məhkəməsinin 8(006)-344/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadı ilə həbs qoyulmuş və hərraca çıxarılmışdır. Hazıradək hərracın nəticəsi barədə ona heç bir məlumat verilməmişdir. Nəsimi rayon İcra şöbəsinin icra məmuru Ramin Quliyev tərəfindən qanunvericiliyin tələbinə zidd olaraq onun yaşayışı üçün mülkiyyətində olan yeganə yaşayış yeri olan mənzilinin üzərinə həbs qoyulmuşdur. Həmin qərarı isə ona göndərməmişdir. O, bu barədə məlumatı qərdadı alıb oxuduqdan sonra əldə etmişdir. Daha sonra isə qanunsuzluğunu davam etdirərək onun yaşayışı üçün mülkiyyətində olan yeganə yaşayış yeri olan mənzilinin üzərinə həbs qoyulması ilə bağlı təqdimatla məhkəməyə müraciət etmişdir. Nəsimi Rayon Məhkəməsi tərəfindən heç bir araşdırma aparılmadan qanunsuz və əsassız olaraq onun yaşayışı üçün mülkiyyətində olan yeganə yaşayış yeri olan mənzilinin üzərinə 8(006)-459/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadı ilə həbs qoyulmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2002-ci il 5 iyun tarixli 89 nömrəli qərarının qeyd hissəsinə əsasən Bu Siyahı ev tikmək və ya almaq üçün kredit təşkilatı tərəfindən verilmiş kreditin tutulması hallarına, habelə ipoteka ilə və qanunla müəyyən edilmiş qaydada daşınar əmlakın yüklülüyünün xüsusi növü ilə yüklü edilmiş əmlaka şamil edilmir. Göründüyü kimi onun mülkiyyətimdə olan əmlak ipoteka ilə və qanunla müəyyən edilmiş qaydada daşınar əmlakın yüklülüyünün xüsusi növü ilə yüklü edilməməsinə baxmayaraq qanunvericiliyin tələbinə zidd olaraq onun yaşayışı üçün mülkiyyətində olan yeganə yaşayış yeri olan mənzilinin üzərinə həbs qoyulmuşdur.
7. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 8(006)-459/2022 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 8(006)- 459/2022 saylı qərardadından iş üzrə Borclu tərəfindən verilmiş şikayət təmin edilməmiş və şikayət işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir.
8. Şikayətə Azərbaycan Respublikası MPM-in 10.8-1 və 397.2-ci maddələrinə uyğun olaraq yazılı icraat qaydasında baxılır.
9. Şikayətə qarşı yazılı etiraz daxil olmamışdır.
Tətbiq edilən hüquq normaları:
10. «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 27.2-ci maddəsinə əsasən borclunun əmlakının və ya uşağının axtarılması barədə icra məmuru qərar qəbul edir.
11. Həmin Qanunun 45.1-ci maddəsinə əsasən tələbin borclunun əmlakına yönəldilməsi bu əmlakın üzərinə həbs qoyulmasından, götürülməsindən və satılmasından ibarətdir.
12. Həmin Qanunun 50.2-ci maddəsində qeyd edilir ki,borclunun əmlakı üzərinə həbs qoyulması əmlakın siyahıya alınmasından, həmin əmlak üzərində sərəncam vermək hüququnun qadağan olunmasından, zəruri hallarda isə əmlakdan istifadə hüququnun məhdudlaşdırılmasından, onun götürülməsindən və ya saxlanmaq üçün verilməsindən ibarətdir. İcra sənədi icraya yönəldilənə qədər borclunun əmlakına həbs qoyulmayıbsa və ya icra sənədinin icrası zamanı tələbin borclunun əmlakına yönəldilməsi hallarında əmlak üzərinə həbs, bir qayda olaraq, icra məmurunun əsaslandırılmış təqdimatına əsasən məhkəmənin qərardadı ilə qoyulur. Təxirəsalınmaz hallarda borclu tərəfindən əmlakın məhv edilməsini, zədələnməsini, korlanmasını, gizlədilməsini və ya özgəninkiləşdirilməsini güman etməyə əsas verən dəqiq məlumat olduqda, icra məmuru məhkəmənin qərarı olmadan da əmlakın üzərinə həbs qoya bilər. İcra məmuru 24 saat ərzində bu barədə icra üzrə nəzarəti həyata keçirən məhkəməyə məlumat verməlidir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
13. Məhkəmə kollegiyası şikayətin dəlillərini və icraat materialını araşdıraraq hesab edir ki, şikayət təmin edilməli, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli, borclunun əmlakının üzərinə həbs qoyulması barədə təqdimat rədd edilməlidir.
14. Belə ki, iş materialları ilə müəyyən edilir ki, Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 2(006)-957/2021 saylı, 27 yanvar 2021-ci il tarixli icra sənədinə əsasən cavabdeh Borclu 396.000 manat məbləğində pul alınaraq iddiaçı X2 ödənilməlidir.
15. Bakı şəhəri Nəsimi Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Ramin Quliyevin təqdimatı əsasında birinci instansiya məhkəməsi tərəfindən Borclu mülkiyyətində olan Bakı şəhəri, Nəsimi rayonu, Dilarə Əliyeva küçəsi, ev 235A, 35 saylı mənzilin üzərinə həbs qoyulması qərara alınmışdır.
16. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmır və aşağıdakı göstərilənlərə əsasən hesab edir ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 8(006)-459/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadı ləğv edilməlidir.
17. “Fiziki şəxs barəsində icra sənədi icra olunarkən tələbin yönəldilməsinə yol verilməyən əmlak növlərinin dəqiq Siyahısının təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 05 iyun 2002-ci il tarixli, 89 nömrəli qərarında qeyd edilir ki, fiziki şəxs barəsində icra sənədi icra olunarkən: borclu və onun ailəsinin sanitariya normaları çərçivəsində birgə yaşamalarını təmin edəcək mənzil, ev və ya onun ayrı-ayrı hissələri, həmçinin onların altında olan həyətyanı torpağa (bir ailə üçün bir ev və ya mənzildən çox olmamaq şərti ilə) tələbin yönəldilməsinə yol verilmir. Qərarda həmçinin qeyd edilir ki, bu Siyahı ev tikmək və ya almaq üçün kredit təşkilatı tərəfindən verilmiş kreditin tutulması hallarına, habelə ipoteka ilə və qanunla müəyyən edilmiş qaydada daşınar əmlakın yüklülüyünün xüsusi növü ilə yüklü edilmiş əmlaka şamil edilmir.
18. Göründüyü kimi, borclu və onun ailəsinin sanitariya normaları çərçivəsində birgə yaşamalarını təmin edəcək mənzil üzərinə - bu mənzil ipoteka müqaviləsinə əsasən yüklü edilmədiyi təqdirdə həbs qoyulması qanunvericiliyin tələblərinə ziddir.
19. İş materiallarına əlavə edilmiş “Nəsimi-12” Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyəti tərəfindən verilmiş 18 fevral 2023-cü il tarixli, 23/03-01 nömrəli arayışda qeyd edilir ki, Borclu həqiqətən Bakı şəhəri, Nəsimi rayonu, D.Əliyeva küçəsində yerləşən 235A saylı binanın 35 saylı mənzilində qeydiyyatdadır və həmin ünvanda yaşayır. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, sözügedən əmlak borclunun yaşadığı mənzil olduğu üçün onun üzərinə həbs qoyulması qanunvericiliyin tələblərinə ziddir.
20. Həmçinin iş materiallarından o da müəyyən edilir ki, borclunun müliyyətində olan digər əmlak – “Volkswagen Passat” minik markalı, **-HY-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin üzərinə 2(006)-957/2021 saylı, 27 yanvar 2021-ci il tarixli icra sənədinin icrası ilə bağlı Bakı şəhəri Nəsimi Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Ramin Quliyevin təqdimatına əsasən Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 8(006)-344/2022 saylı, 04 oktyabr 2022-ci il tarixli qərardadı ilə həbs qoyulmuşdur.
21. Buna baxmayaraq İcra məmuru təqdimatında icra tədbiri nəticəsində qalıq borcunun məbləğini qeyd etməmişdir.
22. Digər tərəfdən Borclu şikayətinin dəlili olaraq iş materiallarına əlavə edilmiş, onun tərəfindən Bakı şəhəri Nəsimi rayon İcra Şöbəsinə ünvanlanmış xx.xx.2022-ci il tarixli ərizədən görünür ki, borclu icra sənədinin icrasından yayınmadığını, əmək haqqından X1 hesabına köçürməyə razı olduğunu bildirmiş, hesab nömrəsinin onun təqdim edilməməsi səbəbindən pul ödəyə bilmədiyi qeyd edərək, tələbkar X2 məxsus bank hesabının və yaxud İcra şöbəsinin depozit hesabının ona təqdim edilməsini xahiş etmişdir.
23. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, borcluya məxsus əmlak üzərinə həbs qoyulması kimi məcburi icra tədbiri icra sənədi borclu tərəfindən könüllü icra edilmədiyi halda tətbiq edilir. Borclu tərəfindən icra şöbəsinə ünvanlanmış ərizədən onun icra sənədinin icrasından yayınmadığı, borcun ödənilməsinə çalışdığı müəyyən edilir.
24. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi Bakı şəhəri Nəsimi Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Ramin Quliyevin borcluya məxsus mənzilin üzərinə həbs qoyulmasına dair təqdimatının təmin edilməsi barədə qərardad qəbul etməklə yanlış nəticəyə gəlmişdir.
25. Mülki Prosessual Məcəllənin 398.0.3-cü maddəsinə əsasən apellyasiya instansiya məhkəməsinin qərardadı tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll etmək hüququ vardır.
26. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 397, 398, 400-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Q Ə R A R A A L D İ:
Borclu şikayəti təmin edilsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 8(006)-459/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadı ləğv edilsin. Borclu mülkiyyətində olan Bakı şəhəri, Nəsimi rayonu, Dilarə Əliyeva küçəsi 235 A saylı evin, 35 nömrəli mənzilin üzərinə həbs qoyulması barədə Bakı şəhəri Nəsimi Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Ramin Quliyevin təqdimatı təmin edilməsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.
Sədrlik edən hakim imza: Günay Axundova Hakimlər imzalar: Rafael Eyvazov Fuad Babayev