Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(103)-118/2022 21.04.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Həsənov Rəşad Məhəmməd oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Məmmədov Məmməd Allahverdi oğlundan və Məhərrəmova Şeyda Ədalət qızından ibarət tərkibdə, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 09.02.2022-ci il tarixli, 8(011)-90/2022 saylı qərardadından Borclu tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, Müəyyən etdi: X2 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, Bakı şəhəri Xətai rayon İcra Şöbəsinin icra məmuru X5 11 dekabr 2021-ci il tarixli qərarı ilə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-5439/2018 saylı, 15 noyabr 2018-ci il tarixli icra sənədinin onu vermiş məhkəməyə qaytarılması qərara alınmışdır. O, hesab edir ki, aşağıdakı göstərilən səbəblərə görə Xətai rayon İcra Şöbəsinin icra məmuru X5 11 dekabr 2021-ci il tarixli qərarı ləğv edilməlidir. Sözügedən qərarda göstərilmişdir: “AR Milli Depozit Mərkəzindən əldə olunmuş sorğu məlumatına əsasən müəyyən olunmuşdur ki, "xxxx" ASC üzrə Borclu məxsus olan hər birinin nominal dəyəri 2 manat olan 60975 ədəd səhm aşkar edilmiş və Xətai Rayon Məhkəməsinin 8(011)- 71/2020 saylı 20.02.2020-ci il tarixli Qərardadı ilə həmin səhm üzərinə həbs qoyulmuşdur. Qeyd olunan səhmlər hərracda satılması üçün Əmlak Hərrac Mərkəzinə sifariş verilmişdir. Hərrac qanunvericiliklə nəzərdə tutulmuş qaydada keçirilmiş, lakin həmin səhmlər hərrac vasitəsilə satılmadığından sənədlər geri qaytarılmış və bu barədə tələbkara təklif verilmişdir. Lakin tələbkar təklifi qəbul etməmişdir.” Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 14 noyabr 2018-ci il tarixli qətnaməsi ilə X3 cavabdeh Borclu qarşı “vurulmuş maddi və mənəvi zərərin əvəzinin ödənilməsi tələbinə dair” iddiasını qismən təmin edilərək, cavabdeh Borclu onun xeyrinə maddi zərərə görə 53000 manat, mənəvi zərərə görə 5000 manat məbləğində pul vəsaitinin tutulması qət edilmişdir. Həmin iş üzrə verilmiş apellyasiya və kassasiya şikayətləri təmin edilməmiş, qətnamə qanuni qüvvəsini alaraq icraya yönəldilmişdir. Bundan sonra qərarda qeyd edildiyi kimi borcluya məxsus "xxxx" ASC üzrə 60975 ədəd səhm aşkar edilmiş və həmin səhmlərin üzərinə həbs qoyulmuşdur. Bundan sonra Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011 )-5439/2018 saylı, 15.11.2018-ci il tarixli icra sənədi ilə əlaqədar, Bakı şəhəri Xətai rayon İcra Şöbəsinin 14.09.2021-ci il tarixli Qərarı və 17/74-146200 saylı 30.04.2021-ci il tarixli müraciətinə əsasən "xxxx" ASCnin bazar dəyərinin müəyyən edilməsi məqsədilə qiymətləndirmə işi həyata keçirilmişdir. Qiymətləndirmə hesabatı nəticəsində müəyyən edilmişdir ki, "xxxx" ASC-nin bazar dəyəri 30.000 (otuz min) manat təşkil edir. Qiymətləndirmə hesabatında həmçinin göstərilmişdir ki, Xətai icra şöbəsi tərəfindən göndərilən məktubda "xxxx" ASC-yə məxsus səhmlərin qiymətləndirilməsi göstərilsə də, Səhm sayı 184000 olan obyektin 480 və 10 ədəd səhminin heç bir iqtisadi, ticari və biznes əhəmiyyəti yoxdur. Buna görə də "xxxx" ASC-nin faktiki vəziyyətini öyrənib ona qiymət qoyulması məqsədəmüvafiq sayılmışdır. Sadalanan qanunvericilik normalarının tələblərindən də göründüyü kimi borclunun hər hansı bir əmlakının üzərinə həbs qoyulmasında, eləcə də həmin əmlakın satılmasında məqsəd tələbkarın tələblərinin təmin edilməsidir. Bu isə o halda mümkündür ki, üzərinə həbs qoyulmuş və satılacaq əmlak hər hansı bir dəyərə malik olmalı, onun satışından əldə ediləcək vəsait tələbkarın tələblərinin ödənilməsinə yönəlməlidir. Hazırki halda isə istinad olunan Qiymətləndirmə hesabatından da göründüyü kimi üzərinə həbs qoyulmuş, daha sonra isə ona-tələbkara təklif edilmiş səhmlərin heç bir iqtisadi, ticari və biznes əhəmiyyəti olmadığından, həmçin səhmlərin qiymətinin müəyyən edilməsi də mümkün olmamışdır. Bundan başqa yuxarıda da qeyd etdikləri kimi qiymətləndirmə hesabatından da göründüyü kimi "xxxx" ASC-nin bazar dəyəri 30.000 (otuz min) manat təşkil edir. Eləcə də "xxxx" ASC-nin səhm sayının ümumilikdə 184000 olmasına baxmayaraq, həmin səhmlərin yalnız 60975 ədədi borcluya məxsusdur. Belə olan halda aydın olur ki, borcluya məxsus səhmlər hər hansı bir dəyərə malik olmuş olsaydı belə, həmin səhmlər borclunun məhkəmə qərarı ilə üzərinə qoyulmuş ona qaytarmalı olduğu pul vəsaitinin ödənilməsi üçün heç bir halda yetərli deyildir. O, hesab edir ki, icra məmurunun icra sənədinin onu vermiş məhkəməyə qaytarılması barədə olan qərarı qanunsuz olduğundan ləğv edilməli və Xətai Rayon Məhkəməsinin 2(011)-5439/2018 saylı, 15.11.2018-ci il tarixli icra sənədi icra edilməsi üçün Xətai rayon İcra Şöbəsinə göndərilməlidir. Göstərilənləri nəzərə alaraq, şikayətdə Bakı şəhəri Xətai rayon İcra Şöbəsinin icra məmuru X5 11 dekabr 2021-ci il tarixli qərarının ləğv edilməsinə və Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-5439/2018 saylı, 15.11.2018-ci il tarixli icra sənədinin icra edilməsi üçün Xətai rayon İcra Şöbəsinə göndərilməsinə dair qərardad qəbul edilməsi xahiş edilmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 09.02.2022-ci il tarixli, 8(011)-90/2022 saylı qərardadı ilə şikayət təmin edilmiş, Bakı şəhəri Xətai rayon İcra Şöbəsinin icra məmuru X5 Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-5439/2018 saylı 15 noyabr 2018-ci il tarixli icra sənədinin onu vermiş məhkəməyə qaytarılması ilə bağlı qərarı ləğv edilmiş, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-5439/2018 saylı 15 noyabr 2018-ci il tarixli icra sənədi üzrə məcburi icra hərəkətlərinin davam etdirilməsi vəzifəsi Bakı şəhəri Xətai Rayon İcra Şöbəsinə həvalə edilmişdir. Hazırda Borclu Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 09 fevral 2022-ci il tarixli 8(011)-90/2022 saylı qərardadından şikayət verərək, şikayətində göstərmişdir ki, həmin qərardad ləğv edilməlidir. Belə ki, tələbkar tərəfindən verilmiş şikayətdə qeyd edilir ki, borcluya məxsus "xxxx" ASC üzrə 60.975 ədəd səhm aşkar edilmiş və həmin səhmlərin üzərinə həbs qoyulmuşdur. Bundan sonra Bakı şəhəri Xətai rayon Məhkəməsinin 2(011)- 5439/2018 saylı, 15.11.2018-ci il tarixli icra sənədi ilə əlaqədar Bakı şəhəri Xətai rayon İcra Şöbəsinin 14.09.2021-ci il tarixli Qərarı və 17/74-146200 saylı 30.04.2021-ci il tarixli müraciətinə əsasən "xxxx" ASC-nin bazar dəyərinin müəyyən edilməsi məqsədilə qiymətləndirmə işi həyata keçirilmişdir. Qiymətləndirmə hesabatı nəticəsində müəyyən edilmişdir ki, "xxxx" ASC-nin bazar dəyəri 30.000 (otuz min) manat təşkil edir. Qiymətləndirmə hesabatında həmçinin göstərilmişdir ki, Xətai rayon İcra Şöbəsi tərəfindən göndərilən məktubda "xxxx" ASCyə məxsus səhmlərin qiymətləndirilməsi göstərilsə də, səhm sayı 184.000 olan obyektin 480 və 10 ədəd səhminin heç bir iqtisadi, ticari və biznes əhəmiyyəti yoxdur və bu baxımdan səhmlərin qiymətinin müəyyən edilməsi mümkün olmamışdır. İş üzrə borclu qismində ona məhkəmə iclasının vaxtı barədə rəsmi bildiriş təqdim edilməmiş, məhkəmə baxışının təyin edilməsi barədə məlumatı olmamış və məhkəmə iclasında iştirak etməmiş, "xxxx" MMC-nin qiymətləndirmə hesabatı ilə tanış olmamışdır. İşə baxan hakim işə bir tərəfli qiymət vermiş, şikayət ərizəsində qeyd edilən xüsusatların araşdırılmasını təmin etməmiş, onun tərəfindən məhkəməyə təqdim edilə biləcək sübutlara hüquqi qiymət verilməsinə şərait yaradılmamış və "xxxx" MMC-nin anlaşılmayan qiymətləndirmə hesabatına əsaslanaraq hesab etmişdir ki, şikayət təmin edilməlidir. Məhkəmə şikayəti, şikayətə əlavə olunan sənədləri nəzərdən keçirib hesab etmişdir ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-5439/2018 saylı, 15 noyabr 2018-ci il tarixli icra sənədi üzrə borc məbləği 58.000 manat olduğu halda, qiymətləndirmə hesabatı ilə borcluya məxsus səhmlərin qiyməti 30.000 manat təşkil etmiş, həmin səhmlərin hərracda satılması baş tutmamış, tələbkar tərəfindən də qəbul edilmədiyindən Xətai rayon İcra Şöbəsinin icra məmuru tərəfindən icra sənədinin məhkəməyə qaytarılması barədə qərar qəbul edilmişdir. Məhkəmə icra sənədi üzrə geri qalan borc məbləğinin mövcud olmasını nəzərə alaraq qərarı qanunsuz hesab etmiş və icra sənədi üzrə məcburi icra hərəkətlərinin davam etdirilməsi qərarına gəlmişdir. İcra sənədi ilə əlaqədar şikayət ərizəsində göstərilən tarixdə yox, Xətai rayon İcra Şöbəsinin 27.08.2021ci il tarixli Qərarı və 17/74-1462000/19 saylı məktubu ilə borcluya məxsus səhmlərin (Qazax-Ət ASC) hazırkı bazar qiymətinin müəyyən edilməsi məqsədi ilə qiymətləndirici dəvət edilmişdir. Yəni, həmin qərarda "xxxx" ASC-nin bazar dəyərinin müəyyən edilməsi barədə heç bir göstəriş yoxdur. "xxxx" MMC-nin qiymətləndirmə hesabatına görə "xxxx" ASC-nin bazar dəyəri 30.000 manat müəyyən edilmişdir. Nəzərə alsaq ki, ünvan 1 ünvanda, yəni şəhərin mərkəzində yerləşən "xxxx" ASC-nin yerləşdiyi tək torpaq sahəsi 32096,67 kv.m, o cümlədən ümumi tikilialtı sahə 3788,5 kv.m, açıq torpaq sahəsi 28308,7 kv.m-dir və həmin torpaq sahəsinin bazar qiyməti ilə satışı külli miqdarda vəsait deməkdir, belə olan halda icra sənədi üzrə aidiyyatı olmayan bir obyektin qiymətləndirilmə sənədinin işə nə məqsədlə əlavə edilməsi aydın deyil. “Səhm sayı 184.000 olan obyektin 480 və 10 ədəd səhminin heç bir iqtisadi, ticari və biznes əhəmiyyəti yoxdur və bu baxımdan səhmlərin qiymətinin müəyyən edilməsi mümkün olmamışdır” sözlərinin nə məna və hüquqi nəticə verməsi aydın deyil. Hər bir səhmin nominal qiyməti AR Milli Depozit Mərkəzi tərəfindən 2 manata qiymətləndirilmişdir. Lakin hakim Milli Depozit Mərkəzinin və qiymətləndirmə hesabatının əksinə olaraq heç bir əsas olmadan ona məxsus səhmlərin 30.000 manat olması qənaətinə gəlmişdir. Göstərilənləri nəzərə alaraq, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 09 fevral 2022-ci il tarixli 8(011)-90/2022 saylı qərardadının ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 17.03.2022-ci il tarixli, 8(011)-90/2022 saylı qərardadı ilə şikayət təmin edilməmiş və iş materialları ilə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası iş materiallarını, şikayətin və şikayətə etirazın dəlillərini araşdıraraq hesab edir ki, şikayət təmin edilməməlidir. Belə ki, şikayətə əlavə edilmiş Bakı şəhəri Xətai rayon İcra şöbəsinin icra məmuru X1 tərəfindən qəbul edilmiş 11 dekabr 2021-ci il tarixli “icra sənədinin məhkəməyə qaytarılması” haqqında qərardan görünür ki, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 53-cü maddəsinə əsasən Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)- 5439/2018 saylı, 15.11.2018-ci il tarixli icra sənədinin onu vermiş məhkəməyə qaytarılması qərara alınmışdır. İcra işinin materiallarında olan "xxxx" MMC-nin qiymətləndirmə hesabatından görünür ki, "xxxx" ASC-nin bazar dəyəri 30.000 manat müəyyən edilmişdir. Eyni zamanda hesabatda qeyd edilmişdir ki, "xxxx" ASC-yə məxsus səhm sayı 184000 olan obyektin 480 və 10 ədəd səhminin heç bir iqtisadi, ticari və biznes əhəmiyyəti yoxdur. İcra işinin materiallarında olan "xxxx" MMC tərəfindən verilmiş 10 dekabr 2021-ci il tarixli “Hərracın baş tutmamasına dair” yekun protokoldan məlum olur ki, Bakı şəhəri Xətai rayon icra şöbəsinin 01.10.2021-ci il tarixli, 17/174-146200/19 saylı sifarişi əsasında Borclu məxsus hər birinin nominal dəyəri 2 (iki) manat olan "xxxx" ASC-nin 60.975 ədəd səhminin açıq hərracda satışının keçirilməsi üçün təyin edilmiş hərraclar iştirakçı olmaması səbəbindən baş tutmamışdır. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 53.1-ci maddəsinə görə üzərinə həbs qoyulmuş əmlak, qanunla dövriyyədən çıxarılmış və ya dövriyyəsi məhdudlaşdırılmış əmlak istisna olmaqla, həbsin səbəblərindən, əmlakın növündən və mənsubiyyətindən asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə başqa hal nəzərdə tutulmamışdırsa, tələbkara təklif olunur. Tələbkar imtina etdikdə həmin əmlak tələbkarın imtina etdiyi gündən üç ay müddətində satılmalıdır. 53.2-ci maddəyə görə borclunun əmlakı, Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada əmtəə birjaları nəzdində yaradılan və bu cür əməliyyatlar aparmaq hüququna malik olan ixtisaslaşdırılmış müəssisələr tərəfindən hərrac yolu ilə satılır. Dəyəri 5000 manatdan artıq olmayan daşınar əmlak icra xidmətinin müəyyən etdiyi ticarət şəbəkələrində müvafiq müqavilə əsasında satıla bilər. 53.3-cü maddəyə görə əmlak satılmadıqda, həmin əmlak yenidən tələbkara təklif olunur. Tələbkar əmlakdan imtina etdikdə, əmlak borcluya, icra sənədi isə icra sənədini vermiş məhkəmə və ya digər orqana (notariusun icra qeydi isə tələbkara) qaytarılır. Həmin qanununun 23.1.1-ci maddəsinə əsasən tələbin icra edilmədiyi və ya qismən icra edildiyi icra sənədi tələbkarın ərizəsi əsasında icra sənədini vermiş məhkəməyə və ya digər orqana (notariusun icra qeydi isə tələbkara) qaytarılır. Həmin Qanunun 23.7-ci maddəsinə əsasən icra sənədinin məhkəməyə və ya digər orqana (notariusun icra qeydinin isə tələbkara) qaytarılması, avans ödəməsinin isə tələbkara qaytarılması barədə icra məmuru tərəfindən qərar qəbul edilir və həmin qərar icra qurumunun rəhbəri tərəfindən yoxlanılaraq təsdiq olunur. Tərəflər həmin qərardan onun surətini aldıqdan sonra 30 gün müddətində müvafiq məhkəməyə şikayət verə bilərlər. İş materiallarında olan sübutlarla təsdiq edilir ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-5439/2018 saylı, 15 noyabr 2018-ci il tarixli icra sənədi üzrə borc məbləği 58.000 manat olduğu halda, qiymətləndirmə hesabatı ilə borcluya məxsus səhmlərin qiyməti 30.000 manat təşkil etmiş, həmin səhmlərin hərracda satılması baş tutmamış, tələbkar tərəfindən də qəbul edilmədiyindən Xətai rayon İcra Şöbəsinin icra məmuru X9 tərəfindən icra sənədinin məhkəməyə qaytarılması ilə bağlı qərar qəbul edilmişdir. Birinci instansiya məhkəməsi şikayətin təmin edilərək, icra sənədinin məhkəməyə qaytarılması barədə qərarın ləğv edilməsi və icra sənədi üzrə məcburi icra hərəkətlərinin davam etdirilməsi vəzifəsini Xətai Rayon İcra Şöbəsinə həvalə edərkən haqlı olaraq icra sənədi üzrə geri qalan borc məbləğinin mövcud olmasını nəzərə almış və hesab etmişdir ki, Xətai rayon İcra Şöbəsinin icra məmuru X9 tərəfindən icra sənədinin məhkəməyə qaytarılması ilə bağlı qərarı qanunsuz olduğundan ləğv edilməli, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-5439/2018 saylı, 15 noyabr 2018-ci il tarixli icra sənədi üzrə məcburi icra hərəkətləri davam etdirilməlidir. Göründüyü kimi, hazırda mübahisələndirilən qərar icra sənədi üzrə məcburi icra hərəkətlərinin davam etdirilməsi ilə bağlıdır. Şikayətdə isə borclu şəxs əslində icra məmuru tərəfindən ona məxsus olan və tələbin yönəldilə biləcəyi əmlaka düzgün qiymət qoyulmamasını, ümumiyyətlə qiymətləndirmənin səhv aparıldığını mübahisələndirir. Azərbaycan Respublikası Ali Məhkəməsinin icra icraatı çərçivəsində borclunun əmlakının hərracdan satılması qaydası ilə bağlı qanunvericiliyin tətbiqi üzrə 24.11.2021-ci il tarixli qərardadında müəyyən edilir ki, borclunun ipoteka predmeti olmayan əmlakının, notariusun icra qeydi əsasında tutma yönəldilmiş ipoteka predmeti olan əmlakının, habelə vergi ödəyicisi kimi siyahıya alınmış əmlakının ilkin (başlanğıc) satış qiyməti hərracın keçirilməsinədək olan dövr ərzində icra icraatı çərçivəsində hərracı bu qiymət əsasında sifariş etmiş icra məmurunun hərəkətlərindən verilmiş şikayət qaydasında aidiyyəti məhkəmədə mübahisələndirilir. Hərrac keçirildikdən sonra isə qiymət “Qiymətləndirmə fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə uyğun olaraq iddia icraatı qaydasında mübahisələndirilir. Kollegiya hesab edir ki, borclu şəxsin qərardaddan vermiş olduğu şikayətində qeyd edilən dəlillər Ali Məhkəmənin yuxarıda qeyd edilən qərarında müəyyən edilmiş qaydalara uyğun olaraq müvafiq məhkəmə mübahisəsi çərçivəsində yoxlanılmalıdır. Göstərilənlərə əsasən məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi mübahisələndirilən məsələ üzrə düzgün nəticəyə gəlmişdir və şikayətin dəlilləri məhkəmənin qərarının ləğv edilməsi üçün əsas deyildir. Ona görə də, birinci instansiya məhkəməsinin mübahisələndirilən qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397-398, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Borclu şikayəti təmin edilməsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 09.02.2022-ci il tarixli, 8(011)-90/2022 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №8(103)-118/2022
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №8(103)-118/2022
21.04.2022 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver