Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(103)-12/2023 16.01.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X1 (sədrlik edən və məruzəçi), Sarıyev Xəyal Əjdər oğlundan və X2 ibarət tərkibdə, Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 8(011)-1077/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadından Borclu tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-4137/2021 saylı, xx.xx.2021-ci il tarixli icra vərəqəsinə əsasən cavabdeh Borclu 32.274,50 manat pul vəsaiti, habelə dövlət rüsumunun 20 manat hissəsi alınıb iddiaçı Tələbkar ödənilməlidir. Bakı şəhəri Xətai rayon İcra şöbəsinin icra məmuru Qoşqar Həmidov təqdimatla məhkəməyə müraciət edərək, göstərmişdir ki, icra sənədi üzrə icraata xx.xx.2022-ci il tarixdə başlanmış və bu barədə qərardad, tələbin könüllü icrası barədə bildirişlə birlikdə Borclu ünvanına göndərilmiş, icra sənədində olan tələbin könüllü təmin edilməsi üçün 10 gün müddət müəyyən edilmişdir. Lakin bu müddət ərzində icra sənədində olan tələb könüllü olaraq icra edilməmişdir. Bununla bağlı borclunun əmlak vəziyyətinin yoxlanılması üçün aidiyyəti təşkilatlara sorğular göndərilmişdir. Borclunun hazırda 30.294,50 manat borcu var. Göstərilənlərin nəzərə alınması və borclunun olkədən getmək hüququnun Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-4137/2021 saylı, xx.xx.2021-ci il tarixli icra sənədi icra olunanadək məhdudlaşdırılması xahiş edilmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 8(011)-1077/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadı ilə təqdimat təmin edilmiş, 20 yanvar 1982-ci il tarixdə ünvan 1 ünvanında qeydiyyatda olan Borclu ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmışdır. Həmin qərardaddan Borclu şikayət verərək, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 8(011)-1077/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadının ləğv edilməsini və təqdimatın təmin edilməməsini xahiş etmişdir. Borclu şikayətini onunla əsaslandırmışdır ki, o, ikinci qrup əlildir. Ağır xəstəlikdən əziyyət çəkir (infeksion və parazitar xəstəliklərlə təzahür olunan insanın immun çatışmazlıq virus (İİÇV) xəstəliyi, İİV-infeksiyası 3 klinik mərhələ. Kandidoz xəstəliyi ilə təzahür olunan İİÇV xəstəliyi, Oral kandidoz. Generalizə olunmuş limfadenopatiya ilə təzahür olunan İİÇV xəstəliyi). Xəstəliyi ilə bağlı müalicə və müayinə məqsədi ilə hər an ölkə hüdudlarından kənara çıxma ehtimalı vardır. Bundan başqa, əlilliyə görə dövlət tərəfindən ona 817,72 manat pensiya ödənilir. O, icra sənədinin icrasından boyun qaçırmır. Belə ki, bügünədək onun tərəfindən tələbkara 2.500 manat məbləğində ödəniş edilmişdir. Bundan başqa birgə nikahdan doğulmuş uşağın saxlanılması üçün hər ay tələbkara 500 manat məbləğində aliment ödəyir. Bakı şəhəri Xətai rayon İcra şöbəsi Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin tələblərini əsas götürərək, onun barəsində inzibati protokol tərtib etmiş və baxılması üçün məhkəməyə göndərmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 25 iyul 2022-ci il tarixli qərarı ilə o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 500 manat inzibati qaydada cərimə edilmişdir. Həmin qərardan onun şikayəti Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə təmin edilmiş, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin qeyd edilən qərarı ləğv olunmuş və inzibati xəta haqqında iş üzrə icraata xitam verilmişdir. Başqa sözlə, həmin qərarla onun icra məmurunun qanuni tələblərini yerinə yetirməməsi, icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra etməməsi faktı öz təsdiqini tapmamışdır. Bundan sonra o, ərizə ilə Xətai rayon İcra şöbəsinə müraciət edərək, icra sənədi üzə tutmanın onun pensiyasına yönəldilməsini xahiş etmişdir. Lakin onun ərizəsinə münasibət bildirilməmişdir. Bununla belə, hazıki təqdimatla məhkəməyə müraciət etməzdən əvvəl icra məmuru icra sənədinin üzürsüz səbəbdən icra edilməməsi səbəblərini müəyyənləşdirməlidir. Lakin icra məmuru nəinki müəyyənləşdirməmiş, həmçinin tələbin pensiyaya yönəldilməsi barədə ərizəsinə də mübasibət bildirməmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 8(011)-1077/2022 saylı qərardadı ilə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 8(011)- 1077/2022 saylı qərardadından borclu tərəfindən verilmiş şikayət təmin edilməmiş, şikayət mülki işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. İşdə iştirak edən şəxslərə şikayətə yazılı icraat qaydasında baxılması barədə əvvəlcədən məlumat (bildiriş) göndərilmiş, lakin şikayətlə bağlı hər hansı sənəd, habelə işə məhkəmə iclasında baxılması barədə vəsatət daxil olmamışdır. Məhkəmə kollegiyası şikayətin dəlillərini iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, şikayət təmin edilməli, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin qeyd edilən qərardadı ləğv edilməli, təqdimata yenidən baxılması üçün iş həmin məhkəməyə göndərilməlidir. Belə ki, “İcra Haqqında” Azərbaycan Respublikası Qanununun: 43.1.1-ci maddəsinə əsasən borclunun əmlakı üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəldilməsi məcburi icra tədbiri hesab edilir; 44.1.3-cü maddəsinə əsasən könüllü icra üçün icra məmuru tərəfindən borcluya verilmiş müddətin keçməsi məcburi icra tədbirlərinin tətbiqi üçün əsasdır; 45.1-ci maddəsinə əsasən tələbin borclunun əmlakına yönəldilməsi bu əmlakın üzərinə həbs qoyulmasından, götürülməsindən və satılmasından ibarətdir; 45.6-cı maddəsinə əsasən tələbkarın tələblərinin təmin edilməsi üçün borclunun yetərli pul vəsaitləri olmadıqda, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq tələbin yönəldilə bilmədiyi əmlak istisna olmaqla, tələb borcluya məxsus olan digər əmlaka yönəldilir; 84-1.1-ci maddəsinə görə, məhkəmə qərarları əsasında verilmiş icra sənədləri könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, borclunun ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırıla bilər. Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə icra məmuru tərəfindən dərhal borclunun özünə, tələbkara və müvafiq icra hakimiyyəti orqanına məlumat verilir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin xx.xx.2013-cü il tarixli 2-N nömrəli Kollegiya Qərarı ilə təsdiq edilmiş “Şəxsin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasının icra xidməti tərəfindən tətbiqi qaydaları haqqında Təlimat”ın 2.2-ci bəndinə əsasən borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması zərurəti yarandıqda icra məmuru təqdimatla məhkəməyə müraciət etməzdən əvvəl könüllü icra üçün bildirişin borcluya rəsmən təqdim olunmasını təmin edir, icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi səbəblərini müəyyənləşdirir, borcun ödənilməsi tələbinə dair icra sənədlərinin icrası zamanı borclunun əmlakının axtarılması üçün bütün tədbirləri həyata keçirir, o cümlədən onun yaşadığı mənzildə tələbin yönəldilə biləcəyi əmlakların olub-olmamasını yoxlayır. Mülki Prosessual Məcəllənin 398.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətə baxıb qərardad qəbul etdikdə qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək hüququna malikdir. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, icra haqqında qanunvericilikdə icra sənədinin icra şöbəsinə daxil olduğu gündən icra məmuru tərəfindən görülməli olan bütün tədbirlər təsbit edilmiş, o cümlədən icra sənədinin icrası “könüllü” və “məcburi” mərhələlərə bölünməklə hər mərhələ üzrə müddətlər və icra məmurlarının səlahiyyətləri dəqiqləşdirilmişdir. Könüllü icra müddətinin axımının da icra sənədi üzrə icraata başlamaq haqqında qərarın, tələbin könüllü icrası haqqında bildirişlə birlikdə borcluya təqdim edilməsi günündən hesablanması müəyyən edilmişdir. İcra sənədinin könüllü icra üçün müəyyən edilmiş müddət ərzində icra edilməməsi məcburi icra tədbirlərinin tətbiqi üçün əsas yaradır və bu tədbirlər çərşivəsində icra məmuru tərəfindən ilk olaraq, borclunun manatla və xarici valyuta ilə, o cümlədən banklarda və digər kredit təşkilatlarında pul vəsaitlərinin və başqa sərvətlərin olub-olmaması araşdırılmalı, bundan sonra onun digər əmlakının axtarılması və gəlirinin müəyyən edilməsi üçün bütün tədbirlər həyata keçirilməlidir. Bu tədbirlər çərçivəsində son hərəkət olaraq borclunun yaşadığı mənzildə tələbin yönəldilə biləcəyi əmlakların olub-olmaması müəyyən edilməlidir. Başqa sözlə, bütün bu tədbirlər bir nəticə vermədikdən sonra borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması ilə bağlı icra məmuru tərəfindən tədbirlər görülə bilər. Hazırki işin halları baxımından məhkəmə kollegiyası vurğulayır ki, hazırda qeyd edilən icra sənədi üzrə ümumilikdə 30.294,50 manat məbləğində borc mövcuddur. İcra sənədinin icraya yönəldilməsindən xeyli müddət ötməsinə baxmayaraq, icra sənədi bugünədək icra edilməmişdir. Borclu 2-ci qrup əlildir və əlilliyə görə 817,72 manat məbləğində pensiya alır. Borclu xəstəliyinin müalicəsi ilə əlaqədar xarici ölkələrə getmək məcburiyyətində olduğunu bildirsə də, xəstəliyinin ölkə daxilində müalicəsinin olmamasını və müalicənin yalnız ölkə hüdudlarından kənarda mümkün olmasını təsdiq edən hər hansı sübut təqdim edə bilmir. Digər tərəfdən borclu Bakı şəhəri, Xətai rayonu, Neapol küçəsi, 41 saylı evin, 106 saylı mənzilinin mülkiyyətçisidir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(011)-4137/2021 saylı qərardadı ilə də həmin mənzilin özgəninkiləşdirilməsi qadağa edilmişdir. Lakin icra məmuru tərəfindən icra sənədi üzrə tələbin borclunun mülkiyyətində olan həmin əmlaka yönəldilməsinin mümkün olubolmamasının araşdırılması, habelə həmin mənzildə tələbin yönəldilə biləcəyi əmlakların olub-olmamasının yoxlanılması müəyyən edilmir. Təqdimata baxan birinci instansiya məhkəməsi də bu məsələlərə hər hansı formada münasibət bildirməmişdir. Halbuki, bilavasitə icra məmurunun səlahiyyətlərinə aid olan və icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinin səbəblərinin müəyyən edilməsi baxımından əhəmiyyət kəsb edən bu tədbirlərin görülməsinin müsbət nəticə verməsi, yəni tələbin qeyd edilən əmlaka yönəldilməsi, habelə mənzildə tələbin yönəldilə biləcəyi əmlakların aşkar edilməsi icra sənədi üzrə hazırda mövcud olan borcun tam və ya qismən ödənilməsinə, bununla da borclunun maraqlarının təmin edilməsinə xidmət edir. Eyni zamanda, bu tədbirlərin nəticə etibarı ilə səmərə verməməsi, o cümlədən mənzilin borclunun yeganə yaşayış yeri olması və mənzildə tələbin yönəldilə biləcəyi əmlakların olmaması artıq borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması üçün təqdimatla müraciət edilməsinə real olaraq hüquqi əsas yaradır. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi yuxarıda qeyd edilən halları araşdırmadan təqdimatı təmin etməkdə haqlı olmamışdır. Bu səbəbdən Borclu şikayəti təmin edilməli, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 8(011)-1077/2022 saylı qərardadı ləğv edilməli, təqdimata yenidən baxılması üçün iş həmin məhkəməyə göndərilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 263-264-cü, 397-401-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 8(011)-1077/2022 saylı qərardadından Borclu tərəfindən verilmiş şikayət təmin edilsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 8(011)-1077/2022 saylı qərardadı ləğv edilsin. Təqdimata yenidən baxılması üçün iş həmin məhkəməyə göndərilsin. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Sədrlik edən: Fuad Abdıyev Xəyal Sarıyev Fərrux Qasımov
Məhkəmə qərarları › İş №8(103)-12/2023
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №8(103)-12/2023
16.01.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver