Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(103)-121/2021 16.04.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Həsənov Rəşad Məhəmməd oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Məmmədov Məmməd Allahverdi oğlundan və Məhərrəmova Şeyda Ədalət qızından ibarət tərkibdə, Məhkəmə iclas katibi X14 oğlunun katibliyi ilə, Tələbkar X2 nümayəndəsi və vəkili X11, Borclunun nümayəndəsi və vəkili X4, Yasamal Rayon İcra və Probasiya Şöbəsinin nümayəndəsi X1 iştirakı ilə, MÜƏYYƏN ETDİ : Bakı şəhəri Yasamal rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(004)-2191/2019 nömrəli icra sənədinə əsasən iddiaçı Tələbkar 3 azyaşlı uşağı - xx.xx.2006-cı il təvəllüdlü X9, xx.xx.2011-ci il təvəllüdlü X5 və xx.xx.2014-cü il təvəllüdlü X12 ilə birlikdə Bakı şəhəri Yasamal rayonu İ.Qutqaşınlı küçəsi 30 nömrəli evin 37 nömrəli mənzilinə köçürülməlidir. Qətnamə xx.xx.2020-ci il tarixdə qanuni qüvvəyə minmişdir. İcra vərəqəsi xx.xx.2020-ci il tarixdə verilmiş və xx.xx.2020-ci il tarixdə icra sənədi üzrə icra məmuru tərəfindən icraata başlamaq haqqında qərar qəbul edilmişdir. Bakı şəhəri Yasamal rayon İcra şöbəsinin böyük icra məmuru X3 xx.xx.2020-ci il tarixdə məhkəməyə müraciət edərək, Borclu üzürlü səbəblərdən icra hərəkətlərinin həyata keçirildiyi Azərbaycan Respublikasının hüdudlarından kənarda olduğuna görə “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 18.1.2-ci maddəsinin tələbinə uyğun olaraq Bakı şəhəri Yasamal rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(004)-2191/2019 nömrəli icra sənədi üzrə icraatın dayandırılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Yasamal rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(004)-2191/2019 nömrəli icra sənədi xx.xx.2020-ci il tarixdə onun icraatına daxil olmuşdur/ xx.xx.2020-ci il tarixdə icra sənədi üzrə icraata başlamaq haqqında qərar qəbul edilmiş və Borclu yaşadığı - Bakı şəhəri Yasamal rayonu İ.Qutqaşınlı küçəsi ev 30 mənzil 37 ünvana icraata başlamaq haqqında xx.xx.2020-ci il tarixli qərarın surəti və tələbin könüllü icrası haqqında bildiriş göndərilməklə 10 gün vaxt verilmişdir. Tələbin könüllü icrası təmin edilmədiyi üçün məcburi icra tədbirinin həyata keçirilməsi üçün xx.xx.2020-ci il tarixdə həmin ünvana getmiş və mənzilin qapısını açan olmamış, binanın mühafizəçisi ona məlumat vermişdir ki, Borclu xeyli vaxtdır ki, ünvan 1 ünvana gəlmir. Belə ki, Borclu Azərbaycan Respublikasının İspaniya Krallığında Fövqəladə və Səlahiyyətli səfiri işləyir. Borclu Azərbaycan Respublikasının hüdudlarından kənarda olduğuna görə icra sənədini icra etmək mümkün olmamışdır. Bu barədə xx.xx.2020-ci il tarixdə müvafiq akt tərtib etmişdir. Bundan sonra Borclu nümayəndəsi və vəkili X7 xx.xx.2020-ci il tarixdə ərizə ilə icra şöbəsinə müraciət edərək, Borclu xidməti vəzifələrinin icrası ilə bağlı ölkə hüdudlarından kənarda olduğunu və üzürlü səbəblərdən hazırda ölkəyə gələ bilmədiyini bildirərək, icra sənədinin icrasının dayandırılması barədə məhkəməyə təqdimat verilməsini xahiş etmişdir. İcra sənədini borclunun nümayəndəsi vasitəsilə icra etmək mümkün olmamışdır. Yasamal rayon İcra şöbəsi xx.xx.2021-ci il tarixdə Xarici İşlər Nazirliyinə məktub göndərərək, borclunun icra sənədinin icrasında iştirak etməsinə köməklik göstərilməsi xahiş edilmişdir. Hazırda Borclu Azərbaycan Respublikası Prezidentinin xx.xx.2016-cı il tarixli sərəncamı ilə Azərbaycan Respublikasının İspaniya Krallığında Fövqəladə və Səlahiyyətli səfiri təyin edildiyini, hazırda xidməti vəzifəsinin icrası ilə bağlı üzürlü səbəblərdən Azərbaycan Respublikasının hüdudlarından kənarda olduğunu, bu səbəbdən icra sənədinin icrasının mümkün olmadığını bildirərək, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 18.1.2-ci maddəsinin tələbinə uyğun olaraq Bakı şəhəri Yasamal rayon Məhkəməsinin xx.xx.2019cu il tarixli 2(004)-2191/2019 nömrəli icra sənədi üzrə icraatın dayandırılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Yasamal rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 8(004)-30/2021 nömrəli qərardadı ilə təqdimat təmin edilmiş, Bakı şəhəri Yasamal rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(004)-2191/2019 nömrəli icra sənədi (xx.xx.2020-ci il tarixdə verilmiş və xx.xx.2020-ci il tarixdə icraata başlanılmış) üzrə başlanmış icraat - Borclu (Azərbaycan Respublikası Prezidentinin xx.xx.2016-cı il tarixli sərəncamı ilə Borclu Azərbaycan Respublikasının İspaniya Krallığında Fövqəladə və Səlahiyyətli səfiri təyin edilmişdir) icra hərəkətlərinin həyata keçirildiyi Azərbaycan Respublikasına gəldiyi günə kimi dayandırılmışdır. Tələbkar X2 nümayəndəsi X11 xx.xx.2021-ci il tarixdə şikayət verərək, Bakı şəhəri Yasamal rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 8(004)-30/2021 nömrəli qərardadının ləğv edilməsini, Bakı şəhəri Yasamal rayon İcra şöbəsinin böyük icra məmuru X1 təqdimatının rədd edilməsini xahiş etmişdir. Bakı şəhəri Yasamal rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 8(004)-30/2021 nömrəli qərardadı ilə şikayət təmin edilməmiş, baxılması üçün iş materialları ilə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, məhkəmə qanunsuz təqdimatı təmin edərkən bu hissəyə hüquqi qiymət verməmişdir və borclu səfir kimi vəzifələrinin icrası ilə əlaqədar Azərbaycan Respublikasının hüdudlarından kənarda olduğu üçün icra sənədi üzrə icraatı dayandırmışdır. Məhkəməyə təqdim edilən təqdimatdan görünür ki, icra sənədi üzrə icraata başlamaq haqqında qərar xx.xx.2020-ci il tarixdə qəbul edilmişdir, borcluya göndərilmişdir və tələbin könülllü icrası haqqında bildiriş göndərilməklə 10 gün vaxt verilmişdir. Tələbin könülllü icrası təmin edilmədiyindən məcburi icra tədbirinin həyata keçirilməsi üçün ancaq xx.xx.2020-ci il tarixdə həmin ünvana getmiş və borclunun həmin ünvanda yaşamadığı barədə xx.xx.2020-ci tarixdə akt tərtib etmişdir. Bundan sonra Borclu nümayəndəsi və vəkili X7 xx.xx.2020-ci il tarixdə ərizə ilə icra şöbəsinə müraciət edərək, Borclu xidməti vəzifələrinin icrası ilə bağlı ölkə hüdudlarından kənarda olduğunu və üzürlü səbəblərdən hazırda, ölkəyə gələ bilmədiyini bildirərək, icra sənədinin dayandırılması barədə məhkəməyə təqdimat verilməsini xahiş etmişdir. Beləliklə, təqdimatdan görünür ki, icra məmuru 3 ay müdddətində icra sənədi üzrə heç bır icra hərəkəti görməmiş, bununla da İcra Haqqında Qanunun 12.1-ci maddəsinin tələbini pozmuşdur. Tələbkar X2 nümayəndəsi və vəkili X11 məhkəmə iclasında şikayəti müdafiə edərək təmin olunmasını və rayon məhkəməsinin mübahisələndirilən qərardadının ləğv edilərək icra məmurunun təqdimatının təmin edilməməsini xahiş etmişdir. Əsas kimi nümayəndə işin o halına istinad etmişdir ki, tələbkar M.Y.Eyyubova mübahisəli mənzilin ½ payda mülkiyyətçisi kimi tanınmış və onun azyaşlı uşaqları ilə birlikdə həmin mənzilə köçürülməsi qət edilmiş, lakin borclu şəxs tərəfindən onların mənzilə köçürülməsinə hər vasitə ilə maneələr yaradılmışdır. Hazırda tələbkarın yaşadığı evdə şərait onları qane etmədiyindən, uzun müddət yaşamış olduğu evinə köçmək və orada öyrəşdiyi şəraitdə yaşamaq üçün icra sənədinin qısa müddətdə icra olunmasını istəyir. Hesab edir ki, borclu şəxsin ölkə hüdudlarından kənarda olması icra sənədinin icra edilməsinin dayandırılması üçün əsas ola bilməz. Belə ki, borclu şəxsin Azərbaycana nə vaxt gələcəyi bəlli deyildir. Bu isə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsinin icrasında qeyri-müəyyənlik yaradır. Göstərilənlərə əsasən şikayətlərinin təmin edilməsini xahiş etmişdir. İş üzrə Borclu nümayəndəsi və vəkili X7 qərardaddan verilmiş şikayətin dəlillərinə etiraz etdi və əlavə olaraq göstərdi ki, Borclu 2016-cı ildən hal-hazıra kimi İspaniya Krallığında Azərbaycan Respublikasının Fövqəladə və Səlahiyyətli səfiri kimi fəaliyyət göstərir və vəzifə borcu ondan daimi olaraq həmin ölkədə olmasını tələb edir. Bundan başqa, hazırda dünyada tüğyan edən COVİD-19 pandemiyası ilə əlaqədar yaranmış fövqəladə vəziyyətlə əlaqədar olaraq, həmçinin ölkələr arasında gediş-gəliş imkanları məhdud olduğundan Borclu Azərbaycana gələ bilmir. Bundan başqa bildirir ki, tərəflər birgə nikah dövründə hazırkı mübahisəli evdən başqa, daha iki mənzil əldə etmişlər. Həmin mənzillərdən biri tərəflər arasında paylı mülkiyyət hüququ ilə bölünmüş, tələbkarın adına sənədləşdirilmiş digər 3 otaqlı mənzil isə tamamilə onun öz mülkiyyətində qalmışdır. Belə olan halda, hesab edir ki, hal-hazırda tələbkarın öz yaşayış şəraitini təmin etmək üçün imkanları olduğundan, hazırkı icra sənədinin borclunun iştirakı olmadan dərhal icra edilməsinə zərurət yoxdur. Həmçinin, borclu şəxs fəövqəladə və səlahiyyətli səfir kimi fəaliyyət göstərdiyindən, onun ölkəyə qayıtması üçün dövlət başçısının sərəncamı tələb olunur. Göstərilənlərə əsasən hesab edir ki, birinci instansiya məhkəməsi icra sənədi üzrə icraatı dayandırmaqla düzgün nəticəyə gəlmişdir. Yasamal Rayon İcra və Probasiya Şöbəsinin nümayəndəsi X3 məhkəmə iclasında təqdimatın məzmununa uyğun izahat verərək Yasamal rayon məhkəməsinin qərardadının qüvvədə saxlanmasını xahiş etdi. Məhkəmə kollegiyası iş materiallarını və şikayətin dəlillərini araşdıraraq birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmır. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinə görə məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. “İcra haqqında” Azərbaycan Respublikası Qanunun 3.1-ci maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Həmin Qanununun 84-1.1-ci maddəsinə əsasən məhkəmə qərarları, əmrləri və vergi orqanlarının pul tələblərinin ödənilməsi ilə bağlı inzibati aktları əsasında verilmiş icra sənədləri könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, borclunun ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırıla bilər. Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə icra məmuru tərəfindən dərhal borclunun özünə, tələbkara və müvafiq icra hakimiyyəti orqanına məlumat verilir. İş materiallarından mübahisəsiz olaraq müəyyən olunur ki, Bakı şəhəri Yasamal rayon məhkəməsinin xx.xx.2019-cu il tarixli icra sənədi uzun müddət ərzində borclu tərəfindən icra olunmadan qalmışdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq, qeyd edir ki, məhkəmə qətnaməsinin icrası mərhələsi ədalət mühakiməsinin son və ən vacib mərhələlərindən biridir. Qətnamənin uzun müddət icrasız qalması nəticə etibarı ilə ədalət mühakiməsinin nüfuzuna xələl gətirməklə yanaşı, pozulmuş hüququnun bərpası üçün məhkəməyə müraciət etmiş şəxsdə ədalət mühakiməsinə inam hissini azaldır. Məhkəmə kollegiyası həmçinin, işin o halına da diqqət yetirir ki, Yasamal rayon məhkəməsinin başqa bir qətnaməsi ilə mübahisəli mənzilə tələbkar və borclu şəxslərin ½ payları müəyyən edilməklə, onların paylı mülkiyyəti elan edilmişdir. Beləliklə müəyyən edilir ki, hazırkı icra sənədinin borclu şəxsin ölkə hüdudlarından kənarda olması əsası ilə icrasının dayandırılması borclu M.Y.Eyyubovanın öz mülkiyyətindən sərbəst və maneəsiz istifadə etmək kimi konstitusion hüquqularının da pozulması ilə nəticələnmişdir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ bəndinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Həmin Maddənin İİİ bəndinə əsasən mülkiyyətdən insan və vətəndaş hüquqları və azadlıqları, cəmiyyətin və dövlətin mənafeləri, şəxsiyyətin ləyaqəti əleyhinə istifadə edilə bilməz. AR Konstitusiyasının 33-cü maddəsinin İ bəndinə əsasən hər kəsin mənzil toxunulmazlığı hüququ vardır. Göründüyü kimi, hazırkı iş üzrə icra sənədinin icra edilməsinin hər hansı səbəbdən ləngidilməsi tələbkar M.Y.Eyyubovanın paylı mülkiyyətçisi olduğu mübahisəli əmlakından istifadə etmə hüquqlarını məhdudlaşdırır. Bundan başqa, məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi təqdimatı təmin edərkən «İcra Haqqında» Azərbaycan Respublikası Qanununun 18.1.2-ci maddəsinə istinad etmişdir. Həmin maddənin dispozisiya şərtinə görə, borclu üzrlü səbəblərdən icra hərəkətlərinin həyata keçirildiyi yerin hüdudlarından kənarda olduqda, icra sənədi üzrə icraat dayandırıla bilər. Həmin Qanunun 19.1.2-ci maddəsinə əsasən borclunun və ya tələbkarın üzrlü səbəblərdən icra hərəkətlərinin həyata keçirildiyi yerin hüdudlarından kənarda olduğu halda, onlar icra hərəkətlərinin keçirildiyi yerin hüdudlarına qayıdanadək icraat dayandırılır. Beləliklə, müəyyən edilir ki, icra sənədinin icrası borclunun və ya tələbkarın icra hərəkətlərinin həyata keçirildiyi yerin hüdudlarından kənarda olduğu halda, icraat həmin şəxslərin icra yerinə qayıtmasınadək dayandırıla bilər. Göründüyü kimi, qanunverici qeyd edilən əsasla icraatın dayandırılmasını vəzifə kimi deyil, hüquq kimi müəyyən etmişdir. Hazırkı icra işinin hallarından müəyyən edilir ki, Borclu əmək fəaliyyəti xarici dövlətdə diplomatik xidmətlə əlaqədardır və onun icra sənədinin icrası yerinə, yəni Bakı şəhərinə qayıtması müddəti qeyri-müəyyəndir. Belə olduğu halda, icra məmurunun təqdimatının təmin edilməsi hazırkı iş üzrə icra sənədinin icrasının qeyri-müəyyən müddət ərzində dayandırılmasına, nəticədə tələbkar şəxsin konstitusion hüquqlarının pozulmasına gətirib çıxarmış olacaqdır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qanuni qüvvəyə minmiş məhkəmə aktlarının icrasına dair mövqeyinə görə, son və məcburi qüvvəyə malik olan məhkəmə qərarı tərəflərdən birinin ziyanına olaraq icra edilmədikdə, ədalətli məhkəmə araşdırması xəyali hüquqa çevrilir. Ağılasığmaz haldır ki, tərəflərə verilən ədalətli, açıq və ağlabatan müddətdə məhkəmə araşdırması kimi prosessual təminatları ətraflı təsvir edən “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın (bundan sonra – Konvensiya) 6-cı maddəsi məhkəmə qərarlarının icrasını təmin etməmiş olsun. Həmin maddənin yalnız məhkəməyə müraciət etmək hüququ və məhkəmə iclasının aparılmasına aid edilməsi iştirakçı dövlətlərin Konvensiyaya qoşularkən üzərlərinə götürdükləri öhdəliklərlə bağlı qəbuledilməz vəziyyət yarada bilər. Ona görə də hər hansı məhkəmə tərəfindən çıxarılmış qərarın icrası Konvensiyanın 6-cı maddəsinin mənasına görə “məhkəmə araşdırması”nın ayrılmaz tərkib hissəsi hesab edilməlidir (Hornsbi Yunanıstana qarşı iş üzrə xx xxxx 1997-ci il tarixli Qərar). Beləliklə, Konstitusiya və beynəlxalq hüquq aktlarının tələblərinə görə ədalət mühakiməsi məhkəmə qərarlarının effektiv icrası nəticəsində hüquqların səmərəli şəkildə bərpa olunmasını təmin etməlidir. Kollegiya işin hallarını, şikayətin dəlillərini və qanunvericiliyin tələblərini nəzərə alaraq bu qənaətə gəlir ki, şikayət təmin edilməli, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli, icra məmurunun təqdimatı əsassız olduğundan rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.3-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətə baxıb qərardad qəbul etdikdə, qərardadı tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll etmək hüququna malikdir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 234, 397, 398.0.3, 400-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ : Tələbkar X6 tərəfindən verilmiş şikayət təmin edilsin. Bakı şəhəri Yasamal rayon məhkəməsinin xx xxxxxx 2021-ci il tarixli 8(004)-30/2021 saylı qərardadı ləğv edilsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsi tərəfindən verilmiş 2(004)-2191/2019 saylı, xx.xx.2019-cu il tarixli icra sənədi üzrə icra işinin icratının dayandırılmasına dair Bakı şəhəri Yasamal rayon İcra və Probasiya şöbəsinin icra məmuru X3 tərəfindən verilmiş təqdimat təmin edilməsin. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən: Rəşad Həsənov Hakimlər: Məmməd Məmmədov Şeyda Məhərrəmova
Məhkəmə qərarları › İş №8(103)-121/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №8(103)-121/2021
16.04.2021 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver