Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(103)-123/2021 16.03.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Qürbət Ağa oğlu Əsgərovun sədrliyi və məruzəsilə, İkram Sabir oğlu Şirinov və Vahid Nəriman oğlu Sadıqovdan ibarət tərkibdə, Məhkəmə iclas katibi Qantural İlqar oğlu Mürsəlzadənin katibliyi ilə, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qərardadından Borclu və maraqlarına toxunan şəx X2 tərəfindən verilmiş şikayətə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Bakı şəhəri Nərimanov Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru təqdimatla məhkəməyə müraciət edərək Nərimanov Rayon məhkəməsinin 2(005)-3686/2019 nömrəli, xx.xx.2019-cu il tarixli icra sənədinin icrasını təmin etmək məqsədi ilə Borclu mülkiyyətində olan “Mitsubishi Pajero-İO” minik markalı, **-MN-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin üzərinə həbs qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-3686/2019 nömrəli, xx.xx.2019-cu il tarixli icra sənədinə əsasən Borclu cəmi 1444,16 manat məbləğində pul vəsaiti tutularaq Tələbkar ASC-nin xeyrinə ödənilməlidir. Nərimanov Rayon məhkəməsinin 2(005)- 3686/2019 nömrəli, xx.xx.2019-cu il tarixli icra sənədinin icrası ilə əlaqədar borclunun ünvanına bildiriş göndərilmiş, eyni zamanda, tələbin icra olunması məqsədilə Borclu ilə dəfələrlə əlaqə saxlanılmağa cəhd edilsə də, lakin borclu ilə əlaqə saxlamaq mümkün olmamışdır.İcra sənədinin icrası könüllü olaraq təmin edilmədiyi üçün borclunun əmlak vəziyyəti yoxlanılmış, “Elektron İcra" İnformasiya Sistemindən çıxarışından məlum olmuşdur ki, “Mitsubishi Pajero-İO" minik markalı, 90- MN-936 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi Borclu mülkiyyətindədir. Göstərilənləri nəzərə alaraq, Nərimanov Rayon məhkəməsinin 2(005)-3686/2019 nömrəli, xx.xx.2019-cu il tarixli icra sənədinin icrasını təmin etmək məqsədi ilə Borclu mülkiyyətində olan “Mitsubishi Pajero-İO” minik markalı, **-MN-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin üzərinə həbs qoyulması barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 8(005)- 477/2020 nömrəli qərardadı ilə təqdimat təmin edilərək Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)- 3686/2019 saylı, xx.xx.2019-cu il tarixli icra sənədinin icrasının təmin olunması məqsədi ilə Borclu mülkiyyətində olan "Mitsubishi Pajero-İO” minik markalı, (ban H76W-0200625) **-MN-*** dövlət qeydiyyat nişanlı avtomobilinin üzərinə həbs qoyulması qərara alınmışdır. Həmin qərardaddan narazı qalan Borclu və maraqlarına toxunan şəxs X2 şikayət verərək, qərardadın ləğv olunmasını, avtomobil üzərindən həbsin götürülməsi barədə qərardad qəbul edilməsini xahiş etmişlər. Şikayət onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qərardadı maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edildiyindən ləğv edilməli, avtonəqliyyat vasitəsinin üzərinə qoyulmuş həbs götürülməlidir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxxx 2021-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və şikayət işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyasının iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, tərəflər məhkəmə iclasına gəlməmiş və gəlməmələri barədə məhkəməyə heç bir məlumat verilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş şəxslərin gəlməməsi işə baxılmasına mane olmur. Məhkəmə kollegiyası işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası şikayəti mülki işin materialları ilə birlikdə araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli və Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 45.1-ci maddəsinə görə tələbin borclunun əmlakına yönəldilməsi bu əmlakın üzərinə həbs qoyulmasından, götürülməsindən və satılmasından ibarətdir. Həmin Qanunun 45.6-cı maddəsinə əsasən tələbkarın tələblərinin təmin edilməsi üçün borclunun yetərli pul vəsaitələri olmadıqda, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq tələbin yönəldilə bilmədiyi əmlak istisna olmaqla, tələb borcluya məxsus olan digər əmlaka yönəldilir. Həmin Qanunun 45.7-ci maddəsinə görə tələb, borclunun əmlakına, o cümlədən nağd, yaxud banklarda və ya digər kredit təşkilatlarında hesablarda və əmanətlərdə, habelə saxlancda olan pul vəsaitlərinə və başqa sərvətlərinə, icra ödənişinin ödənilməsi və icra hərəkətlərinin həyata keçirilməsi üçün çəkilən xərclər də nəzərə alınmaqla, icra sənədinin icrası üçün lazım olan miqdarda və həcmdə yönəldilir. Həmin Qanunun 50.2-ci maddəsinə əsasən icra sənədi icraya yönəldilənə qədər borclunun əmlakına həbs qoyulmayıbsa və ya icra sənədinin icrası zamanı tələbin borclunun əmlakına yönəldilməsi hallarında əmlak üzərinə həbs bir qayda olaraq, icra məmurunun əsaslandırılmış təqdimatına əsasən məhkəmənin qərardadı ilə qoyulur. Kollegiya qeyd edir ki, təqdimata əlavə edilmiş “Elektron İcra" İnformasiya Sistemindən çıxarılmış məlumata əsasən, “Mitsubishi Pajero-İO” minik markalı, **-MN-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi Borclu mülkiyyətindədir. Eləcə də iş materiallarından görünür ki, Bakı şəhəri Nərimanov Rayon məhkəməsinin 2(005)-3686/2019 nömrəli, xx.xx.2019-cu il tarixli icra sənədinə əsasən Borclu cəmi 1444,16 manat məbləğində pul vəsaiti tutularaq Tələbkar ASC-nin xeyrinə ödənilməlidir. Azərbaycan Respublikasının Konstitusiyasının 129-cu maddəsinə görə məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Məhkəmə kollegiyası qanunvericiliyin də tələblərini əsas götürərək hesab edir ki, borcluya rəsmi bildiriş göndərilməsinə baxmayaraq icra sənədində göstərilən pul vəsaiti ödənilmədiyindən, bununla da məhkəmə qətnaməsi ilə müəyyən edilmiş pul məbləğinin borcludan alınmasının icrası mümkün olmadığından, qeyd edilən pul vəsaitinin borcludan alınaraq tələbkara ödənilməsi məqsədi ilə borcluya məxsus daşınmaz əmlakın üzərinə həbs qoyulmasına dair təqdimatı təmin etməkdə birinci instansiya məhkəməsi haqlı olmuşdur. Kollegiya eləcə də qeyd edir ki, “Mitsubishi Pajero-İO” minik markalı, **-MN-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin etibarnamə əsasında X1 istifadəsində olması həmin əmlak üzərinə qoyulmuş həbsin götürülməsi üçün əsas yaratmır. Qeyd edilənlərə və apellyasiya baxışı ilə müəyyən edilmiş hallara əsaslanaraq məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin edilməməli və Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.1, 400 və 402-406-cı maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: Borclu və maraqlarına toxunan şəx X2 tərəfindən verilmiş şikayət təmin edilməsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Sədrlik edən Qürbət Əsgərov Hakimlər İkram Şirinov Vahid Sadıqov
Məhkəmə qərarları › İş №8(103)-123/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №8(103)-123/2021
16.03.2021 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver