Məhkəmə qərarları › İş №8(103)-124/2022

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №8(103)-124/2022

25.04.2022 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(103)-124/2022 25.04.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Sadıqov Vahid Nəriman oğlu (məruzəçi), Mərdanova Xumar Afət qızı və Həsənov Elnur Məmmədsaat oğlundan ibarət tərkibdə, X1 “ödənilməli pul məbləğinin indeksasiyası tələbinə dair” ərizəsinə baxılması barədə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 24 fevral 2022-ci il tarixli 8(007)-66/2022 saylı qərardadından ərizəçi tərəfindən verilmiş şikayətə əsasən işə Bakı Apelyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq MÜƏYYƏN ETDİ: X3 ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-2652/2018 saylı mülki iş üzrə 14.12.2018-ci il tarixli qətnaməsi ilə qət edilmiş, Borclu 08.02.2006-cı il tarixdə doğulmuş X4 və 19.10.2007-ci il tarixdə doğulmuş X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər birinə tutulmalı olan 154 manat, cəmi 308 manat sabit pul məbləğində alimentin 01.01.2021-ci il tarixdən başlayaraq indeksasiya edilməsi məqsədilə hər ay hər birinə 175 manat, cəmi 350 manat müəyyən olunması barədə qərardad çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 24 fevral 2022-ci il tarixli 8(007)-66/2022 saylı qərardadı ilə ərizə baxılmadan geri qaytarılmışdır. Ərizəçi həmin qərardaddan şikayət verərək qərardadın ləğv olunması və ərizənin icraata qəbul edilməsini xahiş etmiş, məhkəmənin 29.03.2022-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün işlə birlikdə Bakı Apelyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası iş materiallarını və şikayəti araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 232.1-ci maddəsində göstərilmişdir ki, tərəflərin ərizəsi üzrə işə baxmış məhkəmə qətnamənin icrası zamanı tutulmalı pul məbləğlərinin müvafiq indeksasiyasını həyata keçirə bilər. Göründüyü kimi, məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsinə əsasən, cavabdehdən iddiaçının xeyrinə tutulması qət olunan pul məbləğinin indeksasiyasının həyata keçirilməsi imkanı müəyyənləşdirilmişdir. İndeksasiya dedikdə, məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsinə əsasən, cavabdehdən iddiaçının xeyrinə tutulmalı olan pul məbləğinin qanunla müəyyən edilmiş əsaslarla və qaydada artırılması başa düşülür. Nəzərə almaq lazımdır ki, indekasasiya baş vermiş inflyasiya nəticəsində istehlak qiymətlərinin artması ilə əlaqədar olaraq əhalinin alıcılıq qabiliyyətini qorumaq məqsədilə görülən tədbirlər planından ibarətdir və bunu dövlət əhalinin pul gəlirlərini və əmanətlərini artırmaq yolu ilə həyata keçirir. Qanunverici vətəndaşların qanuni mənafeyinin müdafiəsini yönəlmiş indeksasiya institutunu məhz qanuni qüvvəyə minmiş və icra edilməmiş qətnaməyə münasibətdə tətbiqi şərtini müəyyən etmişdir. Çünki, bu qayda həmin maddədə birbaşa nəzərdə tutulmuşdur. Məhkəmə qeyd olunanlara əsasən belə nəticəyə gəlmişdir ki, ölkənin sosial-iqtisadi inkişafına uyğun olaraq ayrı-ayrı vaxtlarda yaşayış minimumu haqqında normativ-hüquqi aktlar qəbul edilmişdir. Yuxarıdakıları əsas kimi göstərərək, alimentin həcmi ilə razılaşmayan fiziki şəxslər qanunvericiliyin tələblərinə əsasən onun artırılması tələbi ilə məhkəməyə müraciət edə bilərlər. Hazırki halda ərizə geri qaytarılmalıdır. MPM-nin 233.4-cü maddəsinə əsasən cavabdehdən vaxtaşırı ödəmələrin alınmasını qət edən qətnamə qanuni qüvvəyə mindikdən sonra, ödəmələrin miqdarını müəyyənləşdirən və ya onların davam etməsinə təsir edən hallar dəyişərsə, hər bir tərəf yeni iddia vermək yolu ilə ödəmələrin miqdarını və müddətlərini dəyişdirməyi tələb etməyə haqlıdır. Qeyd edilənlərə əsasən kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi ərizəni geri qaytarmaqda haqlı olmuşdur və hazırki şikayətin dəlilləri qərardadın ləğv edilməsi üçün əsas təşkil etmir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 397-398, 402-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası QƏRARA ALDİ: Şikayət təmin edilməsin. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 24 fevral 2022-ci il tarixli 8(007)-66/2022 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar