Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(103)-124/2024 22.04.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, Cəfərov Namiq Şamil oğlu və Şirinov İkram Sabir oğlundan ibarət tərkibdə, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 8(011)-119/2024 saylı, 20 fevral 2024-cü il tarixli qərardadından Bakı şəhəri Xətai rayon İcra şöbəsinin icra məmuru Vüsal Umarov tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, müəyyənetdi: Ərizəçi "xxxx" MMC ərizə ilə Bakı şəhəri Xətai Rayon Məhkəməsinə müraciət edərək, 2(011)-7444/2019 saylı, 29 oktyabr 2019-cu il tarixli icra sənədi və 2(011)- 13452/2016 saylı, 08 dekabr 2016-cı il tarixli icra sənədi üzrə Xətai Rayon İcra Şöbəsinin icra məmuru Vüsal Umarovun hərəkətlərinin qanunsuz hesab olunması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Ərizədə göstərilir ki, 13 noyabr 2023-cü il tarixdə Bakı şəhəri Xətai rayon İcra Şöbəsinin icra məmuru Vüsal Umarov tərəfindən qərar qəbul olunmuşdur. Həmin qərarda icra məmuru Vüsal Umarov icraatında olan Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-13452/2016 saylı, 08 dekabr 2016-cı il tarixli icra sənədi üzrə, borclu qismində olan "xxxx" MTK-nı "xxxx" MMC ilə əvəzləmişdir. Eyni zamanda 15 noyabr 2023-cü il tarixdə də Bakı şəhəri Xətai rayon İcra Şöbəsinin icra məmuru Vüsal Umarov tərəfindən ikinci qərar qəbul olunmuşdur. Həmin qərarda icra məmuru Vüsal Umarov icraatında olan Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-7444/2019 saylı, 29 oktyabr 2019-cu il tarixli icra sənədi üzrə borclu qismində olan "xxxx" MTK-nı "xxxx" MMC ilə əvəzləmişdir. Qeyd olunan qərarlara gələrkən, icra məmuru göstərilən "xxxx" MTK ilə "xxxx" MMC arasında olan 28 avqust 2018-ci il tarixli müqaviləyə istinad etmişdir. Qanun mənasında nəzərdə tutulmuş, tərəflərdən biri sıradan çıxdıqda (fiziki şəxs öldükdə, hüquqi şəxs yenidən təşkil edildikdə, tələb güzəşt edildikdə, borc köçürüldükdə) hissəsi həmin tələblərin təsdiq olunmuş faktı və yaxud da qanuni qüvvəyə minmiş məhkəmə qərarları olduqda, icra məmuruna qeyd olunan qanun normasını tətbiq etməyə imkan verir. Belə ki, qeyd olunan icra vərəqəsi üzrə borclu hüquqi şəxs olduğu üçün, misal olaraq, hüquqi şəxsin yenidən təşkil olunması barədə Ədliyyə Nazirliyinin reyestr məlumatı olduqda, tələbin güzəşt olunması barədə, müvafiq məhkəmənin qərarı olduqda, borcun köçürülməsi barədə icra qeydi yaxud da müvafiq məhkəmnin qanuni qüvvəyə minmiş qərarı, qətnaməsi olduqda. Lakin icra məmuru Vüsal Umarov qeyd etdiyi kimi "xxxx" MMC ilə "xxxx" MTK arasında olan müaqviləyə istinad edir ki, həmin müqavilədə qeyd olunan və istinad olunan icra vərəqəsi üzrə borcun məhz "xxxx" MMC tərəfindən icra olunması öhdəliyi yoxdur. Həmçinin, bununla bağlı heç bir qanuni qüvvəyə minmiş məhkəmə qərarı və onun əsasında verilmiş icra vərəqəsi yoxdur. Həmçinin, icra məmuru Vüsal Umarov qeyd olunan qərarları qəbul edərkən “İcra haqqında” Qanunun 85-ci maddəsinin tələblərini pozaraq, qərarda həmin qərarlardan şikayət vermə qaydasını və müddətini izah etməmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 8(011)-119/2024 saylı, 20 fevral 2024-cü il tarixli qərardadı ilə ərizə təmin edilmiş, Bakı şəhəri Xətai rayon İcra şöbəsinin icra məmuru Vüsal Umarovun hərəkətləri qanunsuz hesab edilmiş; Bakı şəhəri Xətai rayon İcra şöbəsinin icra məmuru Vüsal Umarov tərəfindən Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-13452/2016 saylı, 08 dekabr 2016-cı il tarixli icra sənədi üzrə 13 noyabr 2023-cü il tarixdə və 2(011)-7444/2019 saylı, 29 oktyabr 2019-cu il tarixli icra sənədi üzrə 15 noyabr 2023-cü il tarixdə qəbul edilmiş tərəfin hüquq varisi ilə əvəz edilməsi barədə qərarların ləğv edilməsi qərara alınmışdır. Birinci instansiya məhkəməsi qənaətində göstərir ki, iş materiallarına əlavə edilmiş Bakı şəhəri Xətai rayon İcra şöbəsinin icra məmuru Vüsal Umarov tərəfindən Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)- 7444/2019 saylı, 29 oktyabr 2019-cu il tarixli icra sənədi üzrə 15 noyabr 2023-cü il tarixdə və 2(011)-13452/2016 saylı, 08 dekabr 2016-cı il tarixli icra sənədi üzrə 13 noyabr 2023-cü il tarixdə qəbul edilmiş “tərəfin hüquq varisi ilə əvəz edilməsi” barədə qərarların surətlərindən görünür ki, sözügedən icra sənədləri üzrə borclu "xxxx" MTK "xxxx" MMC ilə əvəz edilmiş və bu əvəz etməyə əsas "xxxx" MTK-nın təsisçisi, qanuni təmsilçisi X2 ilə "xxxx" MMC-nin təsisçisi, qanuni təmsilçisi X13 arasında xx.xx.2018-ci il tarixli, 1S22467 nömrəli barışıq sazişi qeyd olunmuşdur. Eyni zamanda, sözügedən əvəz etməyə əsas olmuş digər səbəb kimi həm icra məmuru tərəfindən qəbul edilmiş qərarlarda və məhkəməyə təqdim olunmuş izahatda istinad edilən Şəki Kommersiya Məhkəməsinin qüvvədə olan xx.xx.2022-ci il tarixli, 2-2(117)-454/2022 saylı qərardadıdır. Belə ki, həmin qərardadın 2-ci səhifəsinin 3-cü abzasında qeyd edilmişdir ki, iddia tələbinin sözügedən hissəsində qeyd olunan öhdəliklər tərəflər arasında bağlanmış xx.xx.2018-ci il tarixli müqavilədən əvvəlki tarixə aid öhdəliklər olduğundan və tərəflər arasında bağlanmış xx.xx.2018-ci il tarixli müqavilə ilə tərəflər debitor və kreditorları ilə bağlı razılığa gəldiyindən, bununla da iddia tələbində göstərilən tələb üzrə münasibətlər icra sənədlərinin icrası qaydasında həllini tapmalı olan məsələlər olduğundan iddia tələbinin bu hissəsi üzrə icraata xitam verilmişdir. Məhkəmə ilkin olaraq qeyd edir ki, Şəki Kommersiya Məhkəməsinin qüvvədə olan xx.xx.2022-ci il tarixli, 2-2(117)-454/2022 saylı qərardadında tələb üzrə münasibətlər icra sənədlərinin icrası qaydasında həllini tapmalı olan məsələlər olduğu kimi qeyd edilsə də bu hal icra məmuruna münasibətdə “tərəfin hüquq varisi ilə əvəz edilməsi” barədə qərar qəbul etməsi kimi öhdəlik yaratmamışdır. Belə ki, Şəki Kommersiya Məhkəməsinin qüvvədə olan xx.xx.2022-ci il tarixli, 2-2(117)-454/2022 saylı qərardadında qeyd edilən “tələb üzrə yaranmış münasibətlərin icra sənədlərinin icrası qaydasında həllini tapmalı məsələlər olması” halı məhz tərəflər arasında bağlanmış xx.xx.2018-ci il tarixli, 1S22467 nömrəli barışıq sazişindən irəli gələn öhdəliklərlə şərtləndirilmişdir. Məhkəmə yuxarıda adı çəkilən xx.xx.2018-ci il tarixli, 1S-22467 nömrəli barışıq sazişini nəzərdən keçirərək qeyd edir ki, sazişin birinci bəndi, yəni mahiyyətində Bakı şəhər İcra Hakimiyyətinin 267 saylı xx.xx.2005-ci il tarixli Sərəncamına əsasən "xxxx" MTK-nın qanuni təmsilçisi X1 Bakı şəhəri, Xocalı prospekti 32 ünvanında inşa etdiyi 21 mərtəbəli A1, A1 və A2 blokları arasında yerləşən 6 mərtəbəli binadan yaşayış, qeyriyaşayış sahələrinin digər vətəndaşlara təkrar satması nəticəsində, aparılan Auditlə müəyyən olunacaq zərər çəkmiş şəxslərin Bakı şəhər İcra Hakimiyyərinin 443 saylı xx.xx.2015-ci il tarixli Sərəncamına əsasən "xxxx" MMC-yə ayrılmış Bakı şəhəri, Xətai rayonu, Xocalı prospekti 1181-ci məhəllədə onun təsisçisi və qanuni təmsilçisi X13 tərəfindən tikilməkdə olan digər bloklardakı sahələrə köçürülməsindən, həmin MTK və MMC-nin Auditinin başa çatdığı tarixə Auditlə müəyyən olunacaq debitor və kreditor borclarının X1 şəriki "xxxx" MMC-nin təsisçisi, qanuni təmsilçisi X6 qəbul etməsindən və Auditin başa çatdırıldığı tarixədək yaranmış, Audit aktında qeyd ediləcək digər müvafiq problemlərin, şikayətlərin onun tərəfindən həll olunması qeyd olunmuşdur. Belə olan təqdirdə, məhkəmə sözügedən barışıq sazişinin mahiyyətinə münasibətdə ilkin olaraq qeyd edir ki, Bakı şəhəri, Xocalı prospekti 32 ünvanında inşa edilmiş 21 mərtəbəli A1, A1 və A2 blokları arasında yerləşən 6 mərtəbəli binadan yaşayış və qeyri-yaşayış sahələrinin digər vətəndaşlara təkrar satılması nəticəsində yaranmış məsələnin həlli ilə bağlı yuxarıda qeyd edilən MTK və MMC-nin Auditinin başa çatdığı tarixə Auditlə müəyyən olunacaq debitor və kreditor borclarının X1 şəriki "xxxx" MMC-nin təsisçisi, qanuni təmsilçisi X6 qəbul etməsindən və Auditin başa çatdırıldığı tarixədək yaranmış, Audit aktında qeyd ediləcək digər müvafiq problemlərin, şikayətlərin onun tərəfindən həll olunması kimi qeyd olunmuş şərtlər icra məmuru tərəfindən bu şərtlərdə nəzərdə tutulan ardıcıllığa riayət edilmədən “tərəfin hüquq varisi ilə əvəz edilməsi” barədə qərarların qəbul edilməsini istisna edir. Belə ki, müqavilənin mahiyyətinin birinci bəndindən irəli gələn şərtlər mühim şərtləridir. Belə olan halda icra məmurunun istinad etdiyi müqavilənin digər bəndləri məhz müqavilənin birinci bəndində qeyd olunmuş ardıcıllıqdan doğan ümumi hala uyğun tətbiq edilməlidir. Mövcud qanunvericiliyə əsasən isə müqavilənin mühüm şərti sırasına müqavilənin predmetinə dair şərtlər, Azərbaycan Respublikası Mülki Məcəlləsinə əsasən həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər daxildir. Belə olan halda məhkəmə müqavilənin birinci bəndini nəzərdən keçirdərək qeyd edir ki, nə qədər ki Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-7444/2019 saylı, 29 oktyabr 2019-cu il tarixli və 2(011)-13452/2016 saylı, 08 dekabr 2016-cı il tarixli icra sənədləri üzrə müəyyən olunmuş pul məbləğlərinin tutulması barədə qeyd, tərəflər arasında olan müqavilədə sözügedən audit rəyi ilə müəyyən edilməmişdir, belə olan təqdirdə icra məmuru tərəfindən həmin icra sənədləri ilə bağlı qəbul olunmuş 13 və 15 noyabr 2023-cü il tarixli “tərəfin hüquq varisi ilə əvəz edilməsi” barədə qərarların heç bir hüquqi əsası yoxdur və ləğv edilməlidir. Məhkəmə eyni zamanda, “prosessual müddətin ötürülmüş hesab edilməsi və ərizənin geri qaytarılması” barədə icra məmurunun vəsatətinə münasibətdə qeyd edir ki, ərizəçi tərəf vəsatətdə qeyd edilmiş prosessual müddəti ötürməmişdir. Belə ki, iş materiallarına əlavə edilmiş iddia ərizələrindən görünür ki, ərizəçi sözügedən 13 və 15 noyabr 2023-cü il tarixli qərarların ləğvi ilə bağlı xx.xx.2023-cü il və xx.xx.2023-cü il tarixlərdə Bakı İnzibati Məhkəməsinə müraciət etmiş və məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə iddia geri götürülmüş hesab edilmişdir. Daha sonra ərizəçinin qanuni təmsilçisi sözügedən 13 və 15 noyabr 2023-cü il tarixli qərarların ləğvi ilə bağlı Bakı şəhəri Xətai Rayon Məhkəməsinə müraciət etmiş və məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə ərizənin qəbulundan imtina edilmişdir. Bundan sonra ərizəçi hazırkı ərizə ilə Bakı şəhər Xətai Rayon Məhkəməsinə yenidən müraciət etmişdir Göründüyü kimi, yuxarıda istinad olunanlara əsasən məhkəmə “prosessual müddətin ötürülmüş hesab edilməsi və ərizənin geri qaytarılması” barədə icra məmurunun vəsatətinə münasibətdə hesab edir ki, ərizəçi tərəfindən qeyd olunan prosessual addımlar ardıcıllıqla həyata keçirilmiş və bu hal icra məmurunun vəsatətində qeyd etdiyi kimi qanunvericilikdə nəzərdə tutulmuş prosessual müddətin ötürülməsi kimi qiymətləndirilə bilməz. Bu səbəbdən də, sözügedən prosessual müddət ötürülmədiyi üçün vəsatət əsassızdır və rədd edilməlidir. Qərardaddan Bakı şəhəri Xətai rayon İcra şöbəsinin icra məmuru X3 tərəfindən verilmiş şikayətdə göstərilir ki, iddiaçının iddia tələbinin sözügedən hissəsi məhz qanuni qüvvəyə minmiş məhkəmə qətnamələri üzrə verilmiş icra sənədlərinə əsasən ödənilməli borc məbləğlərinin cavabdehə aid edilməsi, yəni borcun köçürülməsi ilə bağlıdır. Belə olan halda iddiaçı qanunvericiliyin tələbinə əsasən iş üzrə icraat aparan icra qurumuna xx.xx.2018-ci il tarixli müqaviləni təqdim etməklə müraciət etməli, icra qurumu tərəfindən onun müraciətinin təmin olunmadığı və ya hərəkətsizlik göstərildiyi təqdirdə icra sənədinin icrası ilə bağlı icra məmurunun hərəkət və ya hərəkətsizliyindən icra sənədi üzrə icraata nəzarət edən məhkəməyə müraciət etməlidir. Məhkəmənin sözügedən qərardadını, yuxarıda qeyd olunanları nəzərə alıb “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 31-ci və 85-ci maddələrini rəhbər tutaraq yuxarıda adı çəkilən qərarlar tərəfimdən qəbul edilmişdir. Lakin həmin qərarlar məhkəmə tərəfindən əsassız və qanunsuz olaraq ləğv edilmişdir. Qərardad qanunvericiliyin tələblərinə uyğun olmadığına görə ləğv edilməli və şikayət rədd edilməli, qəbul edilmiş qərarlar öz qüvvəsini saxlamalıdır. İlk öncə məhkəmə ayrı-ayrı icra işləri üzrə qəbul edilmiş qərarları bir şikayətlə mübahisələndirməsinə imkan verməklə qanunvericiliyin tələblərini pozmuşdur. Borclunun mübahisələndirdiyi qərarlar ayrı-ayrı icra sənədləri üzrə açılmış icra icraatı materiallarından ibarətdir. Həmin icra işlərinin bir icra işi altında birləşdirilməsi haqqında tərəfimdən hər hansı qərar qəbul edilməmiş, əksinə hər bir icra işi üzrə ayrılıqda qərar qəbul edilməklə tərəflərə göndərilmişdir. Belə olan halda ayrı-ayrı icra işləri üzrə qəbul edilmiş qərarların bir şikayətlə bir icraat çərçivəsində araşdırılması, müxtəlif işlər üzrə qəbul edilmiş qərarların bir şikayətlə apelyasiya məhkəməsində bir icraat çərçivəsində baxılması nə qədər ağlasığmazdırsa, bir o qədər qanunsuzdur. Birinci instansiya məhkəməsi tərəfindən işlərin bir icraatda birləşdirilməsi həyata keçirilməmişdir. Bunun üçün ilk növbədə ayrı-ayrı icra sənədləri üzrə şikayət olunmalı, məhkəmə həmin şikayətlərə baxaraq məqsədə müvafiq hesab etdiyi təqdirdə həmin şikayətlər üzrə işi bir icraata birləşdirə bilər. Necə ki, qeyd edilən məsələlərlə bağlı hallara Apellyasiya Məhkəməsinin praktikasında dəfələrlə rast gəlinmişdir. İkinci qəbul edilmiş qərarlardan borclunun verdiyi şikayət üzrə müddət ötürülmüşdür. Mülki Prosessual Qanunvericiliyin tələblərinə görə ötürülmüş müddətin üzrlü sayılmasına dair vəsatət edilməli olan prosessual hərəkətlə eyni vaxtda verilməlidir. Şikayət vermiş şəxs prosessual müddəti ötürsə onun üzrlü olması barədə hər hansı ərizə verməmiş, məhkəmə isə bu hala qiymət verməyərək şikayəti geri qaytarılmalı olduğu halda icraata qəbul edərək mahiyyəti üzrə baxmışdır. Üçüncüsü məhkəmə bir halı unudur ki, qeyd edilən qərarların qəbul edilməsi Şəki Kommersiya Məhkəməsinin qərardadında əks olunmuş hüquqi mövqelərlə bağlıdır. Həmin iş üzrə "xxxx" MMC də cavabdeh qismində iştirak etmiş, qeyd edilən qərardad apelyasiya məhkəməsi tərəfindən qüvvədə saxlanılmışdır. Eyni məsələ ilə bağlı fərqli məhkəmə aktlarının qəbul olunması, qanuni qüvvəyə minmiş məhkəmə aktına digər məhkəmələr tərəfindən müdaxilə edilməsi yolverilməz olmaqla hüquqi müəyyənlik prinsiplərinə ziddir. Məhz qərardad da bu kimi məsələlərin icra icraatı çərçivəsində həll edilməsini xüsusilə qeyd etmişdir. Məhkəmə bir tərəfdən müqavilənin digər şərtlərini etibarlı hesab edərək müqavilənin digər bəndlərinin məhz müqavilənin birinci bəndində qeyd olunmuş ardıcıllıqdan doğan ümumi hala uyğun tətbiq edilməli olduğunu qənaətinə gəlir, digər tərəfdən isə tərəflər arasında olan müqavilənin sözügedən audit rəyi ilə müəyyən edilmədiyini qeyd edərək, həmin müqavilənin 3.5-ci bəndinin hüquqi qüvvəsini və Şəki Kommersiya Məhkəməsinin qərardadını şübhə altına alır. Müqavilənin hansı ardıcıllıqda icra olunmasını isə müqavilənin mühüm şərtlərinə istinad edib müəyyən etməklə hüquq elminə “novatorluq” gətirir. Müqavilənin mühüm şərtləri müqavilənin şərtlərinin icra ardıcıllığını təyin edən yox, müqavilənin bağlanıb bağlanmamasını müəyyən edən institutdur. Barışıq sazişində isə hər hansı şərtlərin mühüm, qalanlarının ikinci dərəcəli olması barışıq sazişinin özünün mahiyyətinə ziddir. Çünki barışıq sazişinin baş tutması üçün tərəflər arasında zəruri, problemli hesab edilən bütün şərtlər barəsində razılığa gəlinməlidir. Yoxsa hər hansı bir barışıq razılaşmasından söhbət gedə bilməz. Bir daha hörmətli məhkəmənin diqqətini iş materiallarında olan notarial qaydada təsdiq edilmiş barışıq sazişinin müddəalarına yönəldirəm. Həmin sazişdə həm "xxxx" MMC, həm də X13 şəxsən razılaşmada qeyd olunmuş öhdəlikləri öz üzərinə götürmüşdür. Yəni məhkəmənin bu halla da bağlı mövqeyi təəssüflər olsun ki, işin faktiki hallarına uyğun olmamış, hüquq normaları ilə ziddiyyət təşkil etmiş, maddi və prosessual hüquq normaları pozulmuşdur. Belə ki, Şəki Kommersiya Məhkəməsinin qəbul etdiyi və apellyasiya məhkəməsində qüvvədə qaldığı qərardadın 3-cü səhifəsinin 2-ci abzasında iddiaçıya izah edilir ki, qanunvericiliyin tələbinə əsasən iş üzrə icraat aparan icra qurumuna xx.xx.2018-ci il tarixli müqaviləni təqdim etməklə müraciət etməli, icra qurumu tərəfindən onun müraciətinin təmin olunmadığı və ya hərəkətsizlik göstərildiyi təqdirdə icra sənədinin icrası ilə bağlı icra məmurunun hərəkət və ya hərəkətsizliyindən icra sənədi üzrə icraata nəzarət edən məhkəməyə müraciət etməlidir. Bu göstərişə əsasən icra məmuru qərar qəbul edir və Xətai Rayon Məhkəməsinin hakimi isə icra məmurunun həmin qərarla bağlı hərəkətini qanunsuz hesab etməklə öz çıxartdığı icra vərəqəsinin icrasının mümkünsüzlüyünə münbit şərait yaratmaqla bərabər Şəki Kommersiya Məhkəməsinin qüvvədə olan qərardadının səhv olduğu qənaətinə gəlir. Məlumat üçün bildirir ki, Xətai İcra şöbəsində mövcud olan "xxxx" MTKnın belə öhdəliklərinin böyük əksəriyyəti "xxxx" MMC tərəfindən icra olunmuş və xitam olunmuşdur. Bu icra vərəqələrinin icra olunmaması və məhkəmə tərəfindən icra məmurunun hərəkətinin qanunsuz hesab edilməsi barədə qərardadı avtomatik xx.xx.2018-ci il müqavilə üzrə "xxxx" MMC-nin üzərinə düşən öhdəliklərin hansını icra edəcəyi ilə bağlı seçim hüququ verir. Nümunə olaraq "xxxx" MMC tərəfindən kreditorlardan biri olan X7 ilə 07 iyun 2022-ci il tarixdə bağladığı müqaviləyə də diqqət etdikdə orada qeyd olunur ki, nizamnamə əsasında fəaliyyət göstərən xx.xx.2018-ci il tarixli müqaviləyə əsasən “X22” MTK-nın səlahiyyətlərini icra edən şəxs "xxxx" MMC-nin direktoru X9r. X13 “X22” MTK-nın səlahiyyətlərini icra edir lakin, öhdəliklərini icra etmir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 8(011)-119/2024 saylı, 11 mart 2024-cü il tarixli qərardadı ilə təmin edilməmiş və baxılması üçün iş materialları ilə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. İşdə iştirak edən şəxslərə şikayətə yazılı icraat qaydasında baxılacağı barədə məhkəmə bildirişi göndərilmiş və onlarda olan bütün sübutların, eləcə də şikayətə dair etiraz və ya izahatlarının təqdim edilməsi təklif edilmiş, lakin işdə iştirak edən şəxslər sübutlar, etiraz və ya izahatlarını məhkəməyə təqdim etməmişlər. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Mülki Prosessual Məcəllənin 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. “İcra haqqında” Qanunun 2.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasında məhkəmə və digər orqanların qərarlarının məcburi icrası icra məmurları tərəfindən həyata keçirilir. “İcra haqqında” Qanunun 26-cı maddəsinə əsasən, icra sənədlərinin vaxtında və düzgün icra edilməsinə nəzarət icra qurumunun rəhbəri və məhkəmə tərəfindən öz səlahiyyətləri daxilində həyata keçirilir. “İcra haqqında” Qanunun 31-ci maddəsinə əsasən icraat zamanı tərəflərdən biri sıradan çıxdıqda (fiziki şəxs öldükdə, hüquqi şəxs yenidən təşkil edildikdə, tələb güzəşt edildikdə, borc köçürüldükdə) icra məmuru qərar qəbul edərək, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən olunmuş qaydada həmin tərəfi onun vərəsəsi və ya hüquq varisi ilə əvəz edir. Vərəsə və hüquq varisi icraata daxil olanadək həyata keçirilmiş bütün hərəkətlər, onun əvəz etdiyi şəxs üçün məcburi olduğu kimi, vərəsə və ya hüquq varisi üçün də eyni dərəcədə məcburidir. Əvvəla, icra məmuru tərəfindən mübahisələndirilən qərarların qəbul edilməsi üçün “İcra haqqında” Qanunun 31-ci maddəsində nəzərdə tutulan 4 haldan ən azı biri baş verməlidir. Qərarların məzmundan qismən də olsa bəlli olur ki, icra məmuru tərəflərdən birinin sıradan çıxması kimi borcun köçürülməsi halına istinad edərək qeyd olunan qərarları qəbul etmişdir. Digər əsasların isə hazırki işdə mövcud olması görünmür. İcra məmuru borcun köçürülməsinə əsas kimi "xxxx" MTK-nın təsisçisi, qanuni təmsilçisi X2 (auditor X4, eləcə də "xxxx" MTK-nın təsisçiləri-X14, X15 və tərcüməçi X8 iştirak etməklə) ilə "xxxx" MMC-nin təsisçisi, qanuni təmsilçisi X13 arasında bağlanmış xx.xx.2018-ci il tarixli müqaviləni əsas götürmüşdür. Ancaq qeyd olunan müqavilədə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)- 13452/2016 saylı, 08 dekabr 2016-cı il tarixli və 2(011)-7444/2019 saylı, 29 oktyabr 2019-cu il tarixli icra sənədləri üzrə olan borcun köçürülməsinə dair konkret və aydın şəkildə hər hansı bir müddəa nəzərdə tutulmamışdır. Başqa sözlə, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-13452/2016 saylı, 08 dekabr 2016-cı il tarixli və 2(011)-7444/2019 saylı, 29 oktyabr 2019-cu il tarixli icra sənədləri üzrə borclu "xxxx" MTK-dan müvafiq olaraq 206500 ABŞ dolları və 95760 manat tutularaq tələbkar X5 ödənilməsi qərara alınıb. "xxxx" MMC-nin həmin müqavilədə qeyd olunan icra sənədləri üzrə olan borc məbləğini ödəməyi öhdəsinə götürməsinə dair hər hansı bir şərt nəzərdə tutulmayıb. Müqavilədə göstərilən şərtlər də icra məmurunu mübahisələndirilən qərarları qəbul etməyə məcbur etmirdi. Demək ki, icra məmurunun ilk növbəti vəzifəsi dövlətin adından çıxarılmış məhkəmə aktının icrasını təmin etməkdir, icra sənədinin icrasını təmin etməyə maneə yaradan qərarların qəbul edilməsi isə yolverilməzdir. İcra məmurunun bu cür, yəni tərəfi onun hüquq varisi ilə əvəz edilməsi haqqında qərarlar qəbul edərkən ən azından tələbkarın da məlumatı və razılığı olmalı idi. Lakin tələbkarın bu qərarlardan məlumatlı olması da işdən görünmür. Ona görə də icra sənədləri üzrə real borclu olan şəxsi, borcun həqiqətən köçürüldüyünü qəbul etməsini təsdiq etməyən başqa hüquqi varis ilə əvəz etməkdə icra məmuru haqlı olmamışdır. Apellyasiya instansiyası məhkəməsi xüsusilə vurğulayır ki, məhkəmə aktı icra edilməyəcəydisə, onda niyə çıxarılır. Çıxarılmışdırsa, niyə icra olunmamalıdır. Əlbəttə ki, bu ritorik sual olsa da, qanunla üzərinə icra sənədinin icra etmək vəzifəsi qoyulmuş icra məmuru əsassız dəlillərdən istifadə edərək dövlətin adından çıxarılmış icra sənədinin icra edilməsinə süni əngəllər yaratmamalıdır. Nəticədə məhkəmə hakimiyyətinin nüfuzuna xələl gələcək, şəxslərin bu hakimiyyət növünə inamı və etibarı azalacaqdır. Şərh olunanlara əsasən apellyasiya instansiyası məhkəməsi hesab edir ki, şikayət təmin edilməməli, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 8(011)-119/2024 saylı, 20 fevral 2024-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 398.0.2, 400-cü maddələrini rəhbər tutaraq, apellyasiya instansiya məhkəməsi q ə r a r a a l d ı: Şikayəti təmin edilməsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 8(011)-119/2024 saylı, 20 fevral 2024-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №8(103)-124/2024
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №8(103)-124/2024
22.04.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver