Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(103)-125/2024 17.04.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Babayev Fuad Fikrət oğlunun sədrliyi və məruzəsi ilə, X5 və X3 ibarət tərkibdə, X1 Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)- 7444/2019 saylı, 29 oktyabr 2019-cu il tarixli icra sənədi və 2(011)-13452/2016 saylı, 08 dekabr 2016-cı il tarixli icra sənədi üzrə Xətai Rayon İcra Şöbəsinin icra məmuru Vüsal Umarovun hərəkətlərinin qanunsuz hesab olunması barədə ərizəsinə dair Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 8(011)-120/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadından Xətai rayon İcra şöbəsinin icra məmuru Vüsal Umarov tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: X2 ərizə ilə Bakı şəhəri Xətai Rayon Məhkəməsinə müraciət edərək, 2(011)- 7444/2019 saylı, 29 oktyabr 2019-cu il tarixli icra sənədi və 2(011)-13452/2016 saylı, 08 dekabr 2016-cı il tarixli icra sənədi üzrə Xətai Rayon İcra Şöbəsinin icra məmuru Vüsal Umarovun hərəkətlərinin qanunsuz hesab olunması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, 16 noyabr 2023-cü il tarixdə Bakı şəhəri Xətai rayon İcra Şöbəsinin icra məmuru Vüsal Umarov tərəfindən eyni tarixli 2 qərar qəbul olunmuşdur. Həmin qərarların birində icra məmuru Vüsal Umarov icraatında olan Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-13452/2016 saylı, 08 dekabr 2016-cı il tarixli icra sənədi üzrə, borclu qismində olan "xxxx" MTK-nı ərizəçi ilə əvəzləmişdir. Eyni ilə, eyni tarixli ikinci qərarda da icra məmuru Vüsal Umarov icraatında olan Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-7444/2019 saylı, 29 oktyabr 2019-cu il tarixli icra sənədi üzrə borclu qismində olan "xxxx" MTK-nı ərizəçi ilə əvəzləmişdir. Qeyd olunan qərara gələrkən icra məmuru göstərilən "xxxx" MTK ilə "xxxx" MMC arasında olan 28 avqust 2018-ci il tarixli müqaviləyə istinad etmişdir. Belə ki, qeyd olunan qərarları qəbul edərkən, icra məmuru Vüsal Umarov Azərbaycan Respublikası İcra Haqqında Qanunun 31-ci və 85-ci maddəsinə istinad etmişdir. Lakin icra məmuru Vüsal Umarov "xxxx" MMC ilə "xxxx" MTK arasında olan müqaviləyə istinad edir ki, həmin müqavilədə qeyd olunan və istinad olunan icra vərəqəsi üzrə borcun məhz ərizəçi tərəfindən icra olunması öhdəliyi yoxdur. Həmçinin bununla bağlı heç bir qanunu qüvvəyə minmiş məhkəmə qərarı və onun əsasında verilmiş icra vərəqəsi yoxdur. Həmçinin icra məmuru Vüsal Umarov qeyd olunan qərarları qəbul edərkən Azərbaycan Respublikası İcra Haqqında Qanunun 85-ci maddəsinin tələblərini pozaraq həmin qərarda ərizəçiyə həmin qərarlardan şikayət vermə qaydasını və müddətini izah etməmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 8(011)-120/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadı ilə (hakim Aygün Həsənova) ərizənin təmin edilməsi, Bakı şəhəri Xətai rayon İcra şöbəsinin icra məmuru Vüsal Umarovun hərəkətlərinin qanunsuz hesab edilməsi, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-7444/2019 saylı, 29 oktyabr 2019cu il tarixli və 2(011)-13452/2016 saylı, 08 dekabr 2016-cı il tarixli icra sənədləri üzrə Bakı şəhəri Xətai rayon İcra şöbəsinin icra məmuru Vüsal Umarov tərəfindən 16 noyabr 2023-cü il tarixdə qəbul edilmiş "xxxx" MTK-nın X8 ilə əvəz edilməsi” barədə qərarların ləğv edilməsi qərara alınmışdır. Həmin qərardaddan Xətai rayon İcra şöbəsinin icra məmuru V.Umarov şikayət verərək qərardadın ləğv olunmasını, ərizənin təmin edilməməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Şikayətini belə əsaslandırmışdır ki, qərardad qanunvericiliyin tələblərinə uyğun olmadığına görə ləğv edilməli və şikayət rədd edilməli, qəbul edilmiş qərarlar öz qüvvəsini saxlamalıdır. İlk öncə, məhkəmə ayrı-ayrı icra işləri üzrə qəbul edilmiş qərarların bir şikayətlə mübahisələndirməsinə imkan verməklə qanunvericiliyin tələblərini pozmuşdur. Məhkəmənin diqqətinə çatdırmaq istəyir ki, borclunun mübahisələndirdiyi qərarlar ayrı-ayrı icra sənədləri üzrə açılmış icra icraatı materiallarından ibarətdir. Həmin icra işlərinin bir icra işi altında birləşdirilməsi haqqında onun tərəfindən hər hansı qərar qəbul edilməmiş, əksinə, hər bir icra işi üzrə ayrılıqda qərar qəbul edilməklə tərəflərə göndərilmişdir. Belə olan halda ayrı-ayrı icra işləri üzrə qəbul edilmiş qərarların bir şikayətlə bir icraat çərçivəsində araşdırılması, müxtəlif işlər üzrə qəbul edilmiş qərarların bir şikayətlə apelyasiya məhkəməsində bir icraat çərçivəsində baxılması nə qədər ağlasığmazdırsa, bir o qədər qanunsuzdur. Birinci instansiya məhkəməsi tərəfindən işlərin bir icraatda birləşdirilməsi həyata keçirilməmişdir. Bunun üçün ilk növbədə ayrı-ayrı icra sənədləri üzrə şikayət olunmalı, məhkəmə həmin şikayətlərə baxaraq məqsədə müvafiq hesab etdiyi təqdirdə həmin şikayətlər üzrə işi bir icraata birləşdirə bilərdi. Necə ki, qeyd edilən məsələlərlə bağlı hallara Apellyasiya Məhkəməsinin praktikasında dəfələrlə rast gəlinmişdir. İkincisi, qəbul edilmiş qərarlardan borclunun verdiyi şikayət üzrə müddət ötürülmüşdür. Mülki Prosessual Qanunvericiliyin tələblərinə görə ötürülmüş müddətin üzrlü sayılmasına dair vəsatət verilməli olan prosessual hərəkətlə eyni vaxtda verilməlidir. Şikayət vermiş şəxs prosessual müddəti ötürsə də, onun üzrlü olması barədə hər hansı ərizə verməmiş, məhkəmə isə bu hala qiymət verməyərək şikayəti geri qaytarılmalı olduğu halda icraata qəbul edərək mahiyyəti üzrə baxmışdır. Üçüncüsü, məhkəmə bir halı unudur ki, qeyd edilən qərarların qəbul edilməsi Şəki Kommersiya Məhkəməsinin qərardadında əks olunmuş hüquqi mövqelərlə bağlıdır. Həmin iş üzrə "xxxx" MMC də cavabdeh qismində iştirak etmiş, qeyd edilən qərardad apelyasiya məhkəməsi tərəfindən qüvvədə saxlanılmışdır. Eyni məsələ ilə bağlı fərqli məhkəmə aktlarının qəbul olunması, qanuni qüvvəyə minmiş məhkəmə aktına digər məhkəmələr tərəfindən müdaxilə edilməsi deməkdir ki, bunun özü yolverilməz olmaqla hüquqi müəyyənlik prinsiplərinə ziddir. Məhz qərardadda da bu kimi məsələlərin icra icraatı çərçivəsində həll edilməsini xüsusilə qeyd etmişdir. Və nəhayət, Xətai Rayon Məhkəməsi öz iqərardadında qeyd edir ki, "xxxx" MMCnin təsisçisi və qanuni təmsilçisinin X8 olması işin mübahisəsiz halıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəllənin 52.2-ci maddəsinə əsasən bu məcəllədə və ya hüquqi şəxsin nizamnaməsində nəzərdə tutulan hallar istisna olmaqla, hüquqi şəxsin təsisçisi (iştirakçısı) hüquqi şəxsin öhdəlikləri üçün, hüquqi şəxs isə təsisçinin (iştirakçının) öhdəlikləri üçün cavabdeh deyildir.” Bir daha hörmətli məhkəmənin diqqətini iş materiallarında olan notarial qaydada təsdiq edilmiş barışıq sazişinin müddəalarına yönəldir. Həmin sazişdə X8 nəinki MMC-nin adından, həm də şəxsən razılaşmada qeyd olunmuş öhdəlikləri öz üzərinə götürmüşdür. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin eyni saylı, xx.xx.2024-cü il tarixli qərardadı ilə şikayət təmin olunmayaraq baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. İşdə iştirak edən şəxslərə şikayətə yazılı icraatqaydasında baxılacağı barədə məhk əmə bildirişi göndərilmiş və onlarda olan bütün sübutların, eləcə də şikayətə dair etiraz və ya izahatlarının təqdim edilməsi təklif edilmiş, lakin işdə iştirak edən şəxslər sübutlar, etiraz və ya izahatlarınıməhkəməyə təqdim etməmişlər. Məhkəmə kollegiyası, şikayətin dəlililərini iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, işə prosessual normaların tələblərinin pozulması ilə baxıldığından, şikayət qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli, X1 Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-7444/2019 saylı, 29 oktyabr 2019-cu il tarixli icra sənədi və 2(011)-13452/2016 saylı, 08 dekabr 2016-cı il tarixli icra sənədi üzrə Xətai Rayon İcra Şöbəsinin icra məmuru V.Umarovun hərəkətlərinin qanunsuz hesab olunması barədə ərizəsinə yenidən baxılması üçün iş həmin məhkəməyə göndərilməlidir. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi hazırki nəticəyə gələrkən işin bütün faktiki halları üzrə ətraflı araşdırma aparmamış, iş üzrə tələbkarları cəlb etməmiş, sübutlara və şikayətə hərtərəfli qiymət vermədən qərardad qəbul etmişdir. İş materiallarında olan Bakı şəhəri Xətai rayon İcra şöbəsinin icra məmuru V.Umarov tərəfindən Xətai Rayon Məhkəməsinin 2(011)-7444/2019 saylı, 29 oktyabr 2019-cu il tarixli və 2(011)-13452/2016 saylı, 08 dekabr 2016-cı il tarixli icra sənədləri üzrə 16 noyabr 2023-cü il tarixdə qəbul edilmiş “tərəfin hüquq varisi ilə əvəz edilməsi” barədə qərarların surətlərindən görünür ki, sözügedən icra sənədləri üzrə borclu "xxxx" MTK "xxxx" MMC ilə əvəz edilmiş və bu əvəz etməyə əsas "xxxx" MTK-nın təsisçisi, qanuni təmsilçisi X4 ilə "xxxx" MMC-nin təsisçisi, qanuni təmsilçisi X8 arasında xx.xx.2018-ci il tarixli, 1S-22467 nömrəli barışıq sazişi imzalanmışdır. İlk növbədə şikayətin dəlillərindən asılı olmayaraq kollegiya qeyd edir ki, iş materiallarından da göründüyü kimi ərizəçinin tələbi yuxarıda qeyd edilən hər iki icra vərəqəsi üzrə borclu kimi cəlb edilməsinin mübahisələndirilməsindən ibarət olmuşdur və bu da o deməkdir ki, qeyd edilən məsələlərə baxılması eyni zamanda həmin icra vərəqələri üzrə tələbkarların da maraqlarına toxunan məsələdir. Lakin iş materiallarına baxdıqda həmin tələbkarların hazırki iş üzrə cəlb edilmələri, məhkəmə iclasları barədə məlumatlandırılmaları, o cümlədən məhkəmə aktı çıxarılarkən onların da fikirlərinin alınmasına dair hər hansı qeyd aşkar edilməmişdir. Halbuki onların iştiraklarının təmin edilməsi məhkəmə üçün işin həllində vacib məsələlərdəndir. O cümlədən qeyd edildiyi kimi ərizəçi hazırda iki müxtəlif icra vərəqələri üzrə borclu kimi cəlb edilməsinin qanunsuz olduğunu iddia etmiş və hər iki icra vərəqəsi ilə bağlı vahid bir ərizə ilə Xətai Rayon Məhkəməsinə müraciət etmişdir. Lakin birinci instansiya məhkəməsi həmin icra vərəqələrinin aid olduqları mülki işlərin tamamilə ayrı işlər olmalarına diqqət yetirməmiş, həmin icra vərəqələrinə aid olan icra işlərini tələb etməmiş, onların icra prosesində bir icraatda birləşdirilib-birləşdirilməməsini yoxlamamış, o cümlədən hazırki iş üzrə onlara birlikdə baxılmasının mümkünlüyünə dair hər hansı münasibət bildirməmişdir. Bundan başqa birinci instansiya məhkəməsi icra məmuru tərəfindən təqdim olunmuş izahatda və şikayətdə göstərdiyi digər dəlillərə ümumiyyətlə münasibət bildirməmiş, sadəcə ərizəçinin borclu şirkətin təsisçisi olaraq icra vərəqələri üzrə cəlb edilməməli olduğu qənaətinə gələrək digər dəlillərin araşdırılması ilə bağlı hansısa zəruri addımlar atmamışdır. Beləliklə, məhkəmə kollegiyası qeyd olunanlara əsasən hesab edir ki, işə prosessual normaların tələblərinin pozulması ilə baxıldığından, şikayət qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli, məhkəmənin göstərişləri nəzərə alınmaqla X1 Xətai Rayon Məhkəməsinin 2(011)- 7444/2019 saylı, 29 oktyabr 2019-cu il tarixli icra sənədi və 2(011)-13452/2016 saylı, 08 dekabr 2016-cı il tarixli icra sənədi üzrə Xətai Rayon İcra Şöbəsinin icra məmuru V.Umarovun hərəkətlərinin qanunsuz hesab olunması barədə ərizəsinə yenidən baxılması üçün həmin məhkəməyə göndərilməlidir. Azərbaycan Respublikası MPM-in 398.0 və 398.0.2-ci maddələrinə əsasən, apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək hüququ vardır. Şərh olunanlara əsasən və MPM-in 263-264, 357-358, 366, 395, 397-400-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, Qərara aldı: Şikayət qismən təmin edilsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 8(011)-120/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadı ləğv edilsin və iş X1 Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)- 7444/2019 saylı, 29 oktyabr 2019-cu il tarixli icra sənədi və 2(011)-13452/2016 saylı, 08 dekabr 2016-cı il tarixli icra sənədi üzrə Xətai Rayon İcra Şöbəsinin icra məmuru Vüsal Umarovun hərəkətlərinin qanunsuz hesab olunması barədə ərizəsinə yenidən baxılması üçün həmin məhkəməyə göndərilsin. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən hakim: Fuad Babayev Hakimlər: Cəmilə Musayeva Günay Axundova
Məhkəmə qərarları › İş №8(103)-125/2024
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №8(103)-125/2024
17.04.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver