Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(103)-125/2025 04.04.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), X4 və İmanov Azad Nizam oğlundan ibarət tərkibdə, 8(011)-14/2025 saylı iş üzrə Bakı Şəhəri Xətai Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 08 yanvar 2025-ci il tarixli qərardaddan iş üzrə X1 verdiyi şikayətə yazılı icraat qaydasında baxaraq MÜƏYYƏN ETDİ: X2 ərizə ilə Xətai Rayon Məhkəməsinə müraciət edərək, ondan Tələbkar xeyrinə 11.600 manat məbləğində pulun tutulması barədə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-2532/2023 nömrəli iş üzrə qəbul etdiyi xx.xx.2023-cü il tarixli (əslində xx.xx.2023-cü il tarixli) qətnamə əsasında verilmiş icra sənədi üzrə ödənilməmiş qalan 10.500 manat borcun onun tərəfindən tələbkara hər ay 300 manat ödəməklə, hissəhissə icra edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, qeyd edilən icra vərəqəsinə əsasən ondan tələbkarın xeyrinə qızıl-zinət əşyalarının (korona üzük, sep, sırğa dəsti - 30 qram, dəst sep - 50 qram, sep-qolbaq dəsti - 18 qram, güllü üzük 8 qram, sırğa 15 qram, nişan üzüyü 6 qram, güllü sep 40 qram), əşyalar mövcud olmadıqda isə onların dəyərinin – 11.600 manat məbləğində pulun borcludan alınaraq tələbkara verilməlidir. İcra vərəqəsi icra edilməsi üçün Bakı Şəhəri Nizami Rayon İcra Şöbəsinə göndərilmiş, onun əsasında İcra Şöbəsinin icra məmuru tərəfindən icra işinin icraatı başlanmış və borcludan həmin icra sənədinin icra edilməsi tələb edilmişdir. İcra vərəqəsində göstərilən qızıl-zinət əşyaları borcluda heç vaxt olmamışdır. Bu səbəbdən də, borclu, həmin əşyaları tələbkara naturada qaytara bilmir. Belə olan halda o, həmin icra sənədində qeyd edilən pul vəsaitini tələbkara ödəməlidir. İşləməyən borclunun maddi vəziyyəti ağırdır, nağd və ya bank hesabında pulu, daşınmaz, qiymətli daşınar əmlakı yoxdur. Onun yeganə gəliri sosial sığorta üzrə hər ay aldığı 220 manat məbləğində müavinət alır. Buna baxmayaraq o, ərinin və övladlarının maddi köməkliyi ilə tələbkara hissə-hissə 1.100 manat ödəmişdir. Bundan sonra da tələbkara hər ay 300 manat ödəyə bilər. Ərizəyə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2025-ci il tarixli qərardadla ərizənin təmin edilməməsini qərara almışdır. Borclunun həmin qərardaddan verdiyi şikayətə baxmış Rayon Məhkəməsi, iş üzrə qəbul etdiyi xx.xx.2025-ci il tarixli qərardadla şikayətin təmin edilməməsini və baxılması üçün, şikayətin, mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilməsini qərara almışdır. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası (bundan sonra – Məhkəmə) şikayətin dəlillərini və iş üzrə materialları araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, barəsində şikayət verilmiş qərardad dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə görə, tərəflər icra sənədinin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icrası, yaxud icra sənədinin icrası üsulunun və qaydasının dəyişdirilməsi haqqında işə baxmış məhkəməyə müraciət edə bilərlər. Borclunun əmlak vəziyyətini və digər halları nəzərə alaraq, məhkəmə həmin müraciətlərə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 231-ci maddəsi ilə müəyyən edilmiş qaydada baxır. Mülki Prosessual Məcəllənin 231.1-ci maddəsinə görə, işə baxmış hakim, işdə iştirak edən şəxslərin ərizəsi üzrə tərəflərin əmlak vəziyyətinə və digər hallara əsasən qətnamənin icrasına möhlət verməyə və ya qətnaməni hissə-hissə icra etdirməyə, habelə onun icra üsulunu və qaydasını dəyişdirməyə haqlıdır. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2005-ci il tarixli qərarında təsbit olunmuş hüquqi mövqeyə görə, işə baxan məhkəmə nəzərə almalıdır ki, qətnamənin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icra edilməsi, qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsi müstəsna hal olub, qətnamənin icrası üçün çətinlik törədən və yaxud borclu üçün yaranmış əlverişsiz hallarda tətbiq edilə bilər. Bu məsələ həll edilərkən təkcə borclunun deyil, tələbkarın da mənafeyini nəzərə alınmalıdır. Göründüyü kimi, qətnamənin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icra edilməsi, qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsi müstəsna hal olub, qətnamənin icrası üçün çətinlik törədən və yaxud borclu üçün yaranmış əlverişsiz hallarda tətbiq edilə bilər. Lakin qeyd edilən məsələlər həll edilərkən təkcə borclunun deyil, habelə tələbkarın da mənafeyi nəzərə alınmalıdır. Borclunun ərizəsində qeyd edilmiş təklifdən işin hallarına yanaşdıqda müəyyən edilir ki, borclunun ərizəsi təmin olunarsa tələbkara münasibətdə qətnamə təxminən 36 ay ərzində icra olunacaqdır. Qətnamənin bu qaydada icra edilməsi tələbkarın mənafeyinin pozulması ilə nəticələnəcək, bu isə yolverilməzdir. Qeyd edilənləri nəzərə alan Məhkəmə hesab edir ki, Rayon Məhkəməsi borclunun ərizəsini və qərardaddan verilmiş şikayətini təmin etməməkdə haqlı olmuşdur. Dəlilləri “qətnamənin hissə-hissə icra edilməsi barədə” ərizənin dəlilləri ilə eynilik təşkil edən şikayətin təmin edilməsi, barəsində şikayət verilmiş qərardadın tam və ya qismən ləğv edilməsi, habelə dəyişdirilməsi üçün əsaslar yoxdur. Odur ki, yuxarıda göstərilənlərə əsaslanan və MPM-in 398, 400, 402-ci maddələrinin tələblərini rəhbər tutan Məhkəmə QƏRARA ALDİ: X1 şikayəti təmin edilməsin. Hazırkı iş üzrə Bakı Şəhəri Xətai Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 08 yanvar 2025-ci il tarixli qərardad dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir və ondan şikayət verilmir.
Məhkəmə qərarları › İş №8(103)-125/2025
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №8(103)-125/2025
04.04.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver